“Əldə etdiyimiz uğur təkcə mənim yox, dövlətimizin, idmançılarımızın uğurudur. Ümid edirəm ki, hazırkı yerimizi qoruya biləcəyik”.
Teleqraf.com-un xəbərinə görə, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva deyib.
MOK rəsmisi bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı qazanılan medalların sayından məmnun qaldığını deyib: “Biz çox yüksək nəticə gözləyirdik və bu nəticə də hamımızı sevindirir”.
Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri söyləyib ki, nümayəndə heyəti tam təkibdə Atletlər Kəndindədi: “Bir neçə Olimpiadada iştirak etmişəm. Müəyyən təcrübəm var. Bu oyunlar Olimpiya standartlarından heç də geri qalmır. Hətta bəzi məqamlarda üstələyir”.
Könül Nurullayeva MOK-un hadisələrdən kənarda qalması ilə bağlı sualı belə cavablandırıb: “MOK gündəlik olaraq, mətbuat konfransı təşkil edir, qalib gələn idmançılarla görüş təşkil edir. Mətbuat da bunu geniş işıqlandırır. Yəni MOK bu məsələlərdən kənarda deyil”.
Nurullayeva boksçumuz Məhəmmədrəsul Məcidovun hazırkı durumunun yaxşı olduğunu deyib: “Dünən bir az problemi var idi. Amma indi hər şey yaxşıdı. Tezliklə məşqlərə başlaya biləcək. Həmçinin digər idmançılarımızın da hamısının vəziyyəti yaxşıdı. Yarışlar da davam edir. Ümid edirəm ki, medallarımızın sayı artacaq”.
Şöbə müdiri bu Oyunların idmançılar üçün Olimpiadaya yaxşı hazırlıq olduğunu deyib: “Avropa Oyunları 12 idman növündə Rio Olimpiadasına lisenziya verir. Bu da bizim nümayəndənin gələcəkdə Olimpiadada daha geniş tərkibdə çıxışına təkan verir. Nümayəndə heyəti güclü tərkibdə bu yarışda iştirak edib. Onların içində dünya, Avropa, Olimpiya çempionları var. İnanıram ki, bu, Rio Olimpiadasında komandamıza kömək olacaq”.
Könül Nurullayeva Azərbaycanın 2016 və 2020-ci il Yay Olimpiya Oyunları üçün namizədliyinin qəbul olunmamasına da aydınlıq gətirib: “Biz 2016 və 2020 Olimpiadası üçün namizədliyimizi irəli sürmüşdük. Təəssüf ki, namizədliyimiz qəbul edilmədi. Bilirsiniz ki, bunun üçün böyük məkanlar tələb olunur. Biz də çatışmayan cəhətlərimizi gördük. Amma Avropa Oyunlarında hər şey yüksək səviyyədə təşkil olunub. Bütün ölkə nümayəndələri burdan məmnun ayrılırlar. Gələcəkdə yenidən Olimpiada üçün namizədliyimizi irəli sürüb-sürməyəcəyimizi indi deyə bilmərəm. Bu Oyunlardan sonra yəqin ki, məsələ müzakirə olunar”.
İlhamə