1 İyul 2015 11:51
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa qitəsində ilk dəfə Bakıda keçirilən və bundan sonrakı tədbirlər üçün standart yaradan I Avropa Oyunları artıq başa çatıb. Bakıda keçirilən bu tədbirə müxtəlif sahələrdə çalışan vətəndaşlarla yanaşı, ölkənin siyasi səhnəsində tanınan mühüm fiqurlar da dəstək oldu. Millət vəkilləri, siyasətçilər Oyunları arenalardan izlədi, sosial şəbəkələr vasitəsilə hisslərini bölüşdülər. 17 gün ərzində Azərbaycan üçün mühüm olan bu tədbirə müxalifət nümayəndələri də dəstək oldular.

Geridə qoyduğumuz bu möhtəşəm idman bayramı ilə bağlı müxalif siyasi liderlər fikirlərini bölüşdülər.

Sərdar Cəlaloğlu: "Azərbaycan dünyaya müsbət mesajlar verdi"

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, I Avropa Oyunları yüksək səviyyədə keçdi. Onun sözlərinə görə, bu, Avropa qitəsi üçün mühüm tədbir oldu: "Avropa Oyunları dərin iz buraxacaq. Hökumət idman yarışlarında qalibləri yüksək səviyyədə qiymətləndirdi, mükafatlar verdi. Ancaq idmançılarımız mükafat haqqında düşünməməlidir. Onlar öz sahələrində işlərini görməlidirlər. Mükafat isə özü gəlib onları tapacaq. Yəni, mükafat əsasında fəaliyyəti təmin etmək barədə düşünmək olmaz. Fikrimcə, bu Oyunlar həm də gənclərin idmana meylini artıracaq. Daha böyük idmançılar yetişəcək. Həm də ümid edirəm ki, gələcəkdə milli komandamızın tərkibində yerli idmançılarımız daha çox üstünlük təşkil edəcək".

Sərdar Cəlaloğlu qeyd etdi ki, Oyunlar xalqımıza və dövlətimizə xidmət edən prosesdir: "Konkret olaraq bu Oyunların müsbət tərəfi odur ki, nə qədər xərc çəkilməsindən asılı olmayaraq təşkilatçılıq baxımından yüksək səviyyədə hazırlanmışdı. Şübhəsiz ki, bu Oyunların Bakıda keçirilməsindən ustalıqla istifadə olunaraq Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi, ədəbiyyatı və incəsənəti dünyaya təqdim edildi, ciddi təbliğat işi aparıldı. Oyunların belə yüksək səviyyədə hazırlanması ilə Azərbaycan həm də dünyaya müsbət mesajlar verdi ki, iri və kütləvi beynəlxalq tədbirləri keçirməyə qadirdir. Yəni, böyük dövlətlər kimi nəhəng tədbirlər təşkil edə bilərik. Bu mesaj dünyaya verildi. Biz avropalılara demək istəyirik ki, idman oyunlarını sizin kimi, hətta sizdən də yüksək səviyyədə təşkil edə bilirik".

"Müxalifət rəsmi protokola salındı"

Sərdar Cəlaloğlu əlavə etdi ki, müxalifət rəsmi protokola uyğun olaraq həm açılış, həm də bağlanış mərasiminə dəvət edilmişdi: "Açılış və bağlanış mərasimində parlamentin deputatları ilə birgə oturmuşduq. Şübhəsiz ki, bunu müsbət qiymətləndirmək lazımdır. Həm də bunu iqtidar-müxalifət arasında gedən dialoqun nəticələrindən biri kimi qiymətləndirmək olar. Çünki müxalifətin protokola salınması və tədbirə dəvət edilməsini dialoq zamanı müzakirəyə çıxarmışdıq. Hökumət də bunu müzakirə etdi və bildirdi ki, belə bir addım məqsədəmüvafiq olar. İndi bəziləri deyirlər ki, dialoqun nə əhəmiyyəti var. Faktiki olaraq dialoqda iştirak edən partiyalar rəsmi dövlət protokoluna salınmışdı. Bu da bir nəticədir. Ümid edirəm ki, dialoq davam edəcək, siyasi mədəniyyətimizə yeni-yeni çalarlar gətirəcək".

Əli Əliyev: "Ən böyük rəsmi tədbirimiz məhz I Avropa Oyunları oldu"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirdi ki, I Avropa Oyunları Azərbaycanın müstəqillik tarixində ölkəmizdə keçirilən ən irimiqyaslı tədbir hesab olunmalıdır. Onun fikrincə, indiyə qədər respublikada müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirilib: "Lakin profilindən, ixtisaslaşmasından, təmsilçilik baxımından ən böyük rəsmi tədbir məhz I Avropa Oyunları oldu. Avropa dövlətlərinin rəsmiləri, idmançılar, turistlər, mətbuat nümayəndələri ilk qitə oyunlarına hədsiz marağın göstəricisi idi. Mənə elə gəlir ki, bu, ilk növbədə Azərbaycanın təbliğatı üçün faydalı olan tədbir idi. Həm açılış, həm də bağlanış mərasimlərində Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, coğrafiyası, ənənələri, tətbiqi xalq sənətkarlığı nümayəndələri və digər dəyərlərimizi, milli sərvətlərimizi dünyaya təqdim etdik. Hər iki tədbiri ayrı-ayrılıqda bir milyarda yaxın insan izləyirdi".

"Ermənistan hər vəchlə bu Oyunları gözdən salmağa çalışdı"

VİP sədri qeyd etdi ki, bütün bunlar Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə müsbət rəyin formalaşmasına səbəb oldu: "Düşmən ölkə Ermənistan hər vəchlə bu Oyunları gözdən salmağa çalışdı. Habelə, bəzi xarici qüvvələr anti-Azərbaycan kampaniyasına başladılar. Daxildə də buna qarşı çıxanlar vardı. Tərəflərin hamısı bu tədbirə öz maraqlarına uyğun şəkildə yanaşırdı. Lakin paytaxt əhalisinin mütəşəkkilliyi, könüllülərin təmənnasız fəaliyyəti, müvafiq qurumların yüksək təşkilatçılıq qabiliyyəti, ölkəmizin ictimai fəal çevrəsinin bu prosesə göstərdiyi layiqli mövqe çox mühüm idi. Bütün bunlar ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına, keçirilməsinə əlverişli şərait yaratdı. Sadalananlar Azərbaycan cəmiyyətinin yetkinliyindən xəbər verir. Bu cür vahid mövqe Oyunların təşkilində, bütün işlərin uğurla nəticələnməsində həlledici amillərdəndir. Bir sıra mətbu orqanları Oyunların ikinci yarısında artıq susmuşdu. Bu, cəmiyyətin layiqli mövqe nümayişinin nəticəsi idi. Bu, həm də gələcəkdə Qarabağ probleminin həlli üçün çox böyük addım idi".

Pənah Hüseyn: "Xeyli insan bir anlıq da olsa, özünü bayramda hiss elədi"

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də I Avropa Oyunlarının yekunları barədə fikirlərini açıqlayıb. Sabiq baş nazir bildirib ki, Oyunlardan Azərbaycana müasir idman infrastrukturu, irimiqyaslı beynəlxalq tədbirlərin təşkili və keçirilməsi təcrübəsi, dünya idman tarixinə ölkəmiz adına bir səhifə və nəhayət, əlbəttə ki, bayrağımız altında çıxış edən idmançıların medalları qaldı: "Xeyli insan bir anlıq da olsa,, özünü bayramda hiss elədi, bayram yaşadı. Qaliblərin maddi mükafatlandırılması da uşaqlar, gənclər, valideynlər arasında idmana meylin artmasına əlavə təkan verəcək. Son illərdə ilk dəfə olaraq siyasi partiyalar dövlət protokolunda iştirak etdilər. Bu müddət ərzində Azərbaycan mövzusu beynəlxalq informasiya məkanında əsas gündəm mövzularından biri oldu. Dünyanın və cəmiyyətin diqqəti daha həssas və geniş şəkildə Azərbaycana, onun tarixinə, mədəniyyətinə, Qarabağ məsələsinə, demokratiya və tərəqqi, ölkənin qeosiysi seçimi kimi məsələlərə cəlb edildi".

Sabir Rüstəmxanlı: "İdmançılardan maksimum 20-dək medal gözləyirdim"

Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP), millət vəkili Sabir Rüstəmxanlı bildirdi ki, Azərbaycan belə bir mötəbər yarışın bünövrəsini qoymaqla tarixdə çox böyük beynəlxalq əhəmiyyətə malik hadisəyə imza atmış oldu: "Dünyanın müxtəlif qitələrinin özünəməxsus oyunları olsa da, Avropa qitəsinin belə bir idman oyunu yox idi. Nə yaxşı ki, belə bir oyunun keçirilməsinə Azərbaycan təşəbbüs etdi və keçirdi. Oyun əvvəldən axıradək çox yüksək səviyyədə keçdi. Oyun həm təşkilatçılıq, həm təhlükəsizlik, həm də idmançılarımızın uğurlu çıxışı baxımından yüksək səviyyədə idi. Ona görə də mən burada iştirak edən bütün insanlardan, könüllülərdən, xidmətdən çox razı qaldım. Açılış və bağlanış mərasimi möhtəşəm idi."

Sabir Rüstəmxanlı əlavə etdi ki, idman yarışları zamanı ümumilikdə Azərbaycan idmançılarından maksimum 20-dək medal gözləyib: "Ancaq idmançılarımız daha yüksək nəticə göstərməklə gözləntimdən də artıq medal qazandılar. Bu idmana verilən dəyərin göstəricisi və nəticəsi idi. Çətinliklərə baxmayaraq Azərbaycan gəncliyi uğurlu çıxışı və qələbələri ilə öz mübarizliyini nümayiş etdirdi. Təkcə mübarizliyinin deyil, eyni zamanda, intellektual səviyyəsinin, ağlının nümayişi oldu".

Yusif Bağırzadə: "Himnimizin səslənməsindən, bayrağımızın yüksəlməsindən yaxşı nə ola bilər?"

AMİP sədri Yusif Bağırzadə qeyd etdi ki, Avropa Oyunlarının həm açılış, həm bağlanış mərasimi yüksək səviyyədə təşkil olunub. Onun sözlərinə görə, açılış və bağlanış milli koloritə əsaslanaraq hazırlanıb: "Təşkilatçılıq və təhlükəsizlik, xidmət yüksək səviyyədə təşkil olunmuşdu. Bu Oyunlarla Azərbaycan bir daha özünün dünyaya necə yüksək səviyyəli mədəniyyətə malik olduğunu nümayiş etdirmiş oldu. Baxmayaraq ki, bədxah qonşularımızın, işğalçı Ermənistanın idmançıları bu yarışlarda iştirak edirdi, Azərbaycan xalqı öz mədəniyyəti ilə dünyaya bir daha sülhsevər xalq olduğunu göstərdi və onların bu yarışlarda iştirakına normal yanaşdı. İdmançılarımızın uğurlu çıxışları bizi çox sevindirdi və onların bu göstəriciləri cəmiyyətimiz üçün bir sürpriz oldu. Dəfələrlə himnimizin səslənməsindən, bayrağımızın yüksəlməsindən yaxşı nə ola bilərdi ki? Bir siyasətçi üçün bundan böyük mükafat varmı?! İdmançılarımız bizə bu sevinci yaşatdılar və xalqımızın başını uca etdilər".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər