2 İyul 2015 11:21
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asim Mollazadə: "Avropa Oyunları Azərbaycan gəncliyi üçün gözəl məktəb oldu"

Əhməd Oruc: "Bu Oyunlar Azərbaycanı ictimai rəydə bir pillə də yüksəyə qaldırdı"

Avropa qitəsində ilk dəfə Bakıda keçirilən və bundan sonrakı tədbirlər üçün standart yaradan I Avropa Oyunları artıq başa çatıb. Bakıda keçirilən bu tədbirə müxtəlif sahələrdə çalışan vətəndaşlarla yanaşı, ölkənin siyasi səhnəsində tanınan mühüm fiqurlar da dəstək oldu. Millət vəkilləri, siyasətçilər Oyunları arenalardan izlədi, sosial şəbəkələr vasitəsilə hisslərini bölüşdülər. 17 gün ərzində Azərbaycan üçün mühüm olan bu tədbirə müxalifət nümayəndələri də dəstək oldular.

Müxalifət partiyalarının liderləri Oyunların nəticələrindən razı qalıblar.

Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, Bakıda keçirilən I Avropa Oyunları çox yüksək səviyyədə, dünya standartlarına uyğun şəkildə baş tutub. Onun sözlərinə görə, bu Oyunlarda minlərlə idmançının, xarici dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin iştirakı göstərir ki, Azərbaycan beynəlxalq kütləvi tədbirlərə ev sahibliyi edə biləcək qədər təşkilatçılıq və maliyyə resurslarına malik ölkədir: "Bu Oyunlar Azərbaycanı dünyanın ictimai rəyində bir pillə də yüksəyə qaldırdı. Bəzi Avropa dövlətləri I Avropa Oyunlarının Bakıda keçirilməsindən istifadə edərək Azərbaycanın üzərinə gəlsə də, Oyunlara kölgə sala bilmədilər. Onların anti-Azərbaycan fəaliyyətlərinin heç bir nəticəsi olmadı. Hətta bu fəaliyyətlərin böyük əksəriyyətinin məqsədli və qərəzli şəkildə edildiyi ortaya çıxdı. Məsələn, eyni vaxtda ABŞ, Avropa Parlamenti, Almaniya Bundestaqı Oyunlar ərəfəsində insan haqları məsələsini bəhanə edərək Azərbaycana qarşı qətnamələr qəbul etdi. Bunun özü göstərdi ki, Qərb mərkəzləri Azərbaycanın siyasətindən razı deyil, Azərbaycanı öz yanlarında görmək arzusundadır və bu məqsədlə də addımlar atırlar. Ancaq indi fərqli durumdur, həmin mərkəzlər belə bir imkana sahib deyil".

Ə.Oruc qeyd edib ki, I Avropa Oyunları zamanı müxalifət də bu mühüm tədbirə dəvət edilmişdi: "Bu, çox müsbət haldır. Azərbaycanın milli maraqları olan yerdə tərəflər eyni mövqedən çıxış etməlidir. Amma daxili siyasətdə fərqli mövqelər, fikir ayrılıqları ola, tərəflər bir-birini tənqid edə bilərlər. Biz bu proseduranı hər zaman arzu etmişik. Hakimiyyət müxalifətlə ölkənin istənilən məsələsini müzakirə etməyə hazır olduğunu nümayiş etdirir. Eyni zamanda, hakimiyyətin bu yanaşması Azərbaycan dövlətinə olan təzyiqlər ərəfəsində dövlətin daha güclü olmasına vəsilə olur. Biz də doğru bildiyimiz prosedurları dəstəklədik, I Avropa Oyunlarının açılış və bağlanış mərasimində iştirak etdik. Hesab edirəm ki, idman tədbiri də yüksək səviyyədə baş tutdu. Bundan sonra da bəzi məsələlər iqtidar-müxalifət dialoqunda qaldırılacaq. Bu prosedur 20 il ərzində olan iqtidar-müxalifət münasibətlərinə alternativdir və ölkənin maraqlarına uyğundur".
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə deyib ki, Bakıda keçirilən I Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib və bu, hər kəsin gözü önündə olub: "Mənə elə gəlir ki, gələcəkdə hansısa ölkə cəhd göstərsə də, Avropa Oyunlarını Azərbaycandakı kimi keçirə bilməyəcək. Azərbaycan Avropa Oyunlarını keçirməklə hər şeydən əvvəl ölkədə idman infrastrukturunun inkişafı ilə bağlı böyük işlər gördü. Azərbaycan çoxsaylı xarici qonaqlara öz mədəniyyətini nümayiş etdirdi. Ölkəmizdə olan idmançılar, nümayəndə heyətləri Azərbaycanın xaricdə tanınması üçün aparılan təbliğatın bir parçası oldular. Onlar ölkələrinə qayıtdıqdan sonra Azərbaycanla bağlı təəssüratlarını bölüşəcəklər. Azərbaycan çoxlu dost qazandı. Avropa Oyunları Azərbaycan gəncliyi üçün gözəl məktəb oldu. Onlar bu prosesdə yaxşı təcrübə qazandılar. Azərbaycan idmançıları ölkəmizi layiqincə təmsil etdilər və Olimpiya Oyunlarına vəsiqə qazandılar. Ümumiyyətlə, bu mötəbər idman yarışının Azərbaycan üçün əhəmiyyəti böyük oldu".

A.Mollazadə xüsusilə qeyd edib ki, I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniya heç bir nəticə verməyib: "Əksinə, biz bu məkrli kampaniyanı ifşa etdik. Biz bu kampaniyanın arxasında kimlərin durduğunu aşkarladıq və ictimaiyyətə təqdim etdik. Bu mənada hesab edirik ki, həmin qüvvələrin əziyyətləri boşa çıxdı və onlar məqsədlərinə çata bilmədilər".

NEMƏT


Müəllif:

Oxşar xəbərlər