3 İyul 2015 16:02
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış incəsənət xadimləri Teleqraf.com-a açıqlamalarında dünya idman tarixində ilk dəfə keçirilən I Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətini, əldə etdiyimiz uğurları dəyərləndirirlər.

"Yeni bir tarix yazdıq"

Avropa Oyunlarının keçirildiyi ərəfələrdə heç boş dayanmayan, "Bakı-2015"-lə əlaqədar ölkəmizə gələn qonaqlara sənəti ilə xidmət göstərən Xalq artisti Mənsum İbrahimov deyir ki, 17 gün ərzində Azərbaycan bayram, böyük ruh yüksəkliyi, çoşqu yaşadı: "Avropa Oyunlarının məşəldarı olmaqla fəxr edirəm və onun açılış, bağlanış mərasimlərinin, bütünlüklə oyunların yüksək peşəkarlıqla həyata keçirilməsinə görə qürurlanıram. Açılış mərasimini ailəmlə birgə stadionda, bağlanışı isə evdən, efir vasitəsilə izlədim. Bizim milli komanda meydandan keçəndə mənim ifamda "Qarabağ şikəstəsi"nin səsləməsini eşidəndə çox sevindim. Başdan-ayağa sürprizlə dolu olan açılışda hər bir şey milli üslubda qurulmuşdu. Mərasimin Alim Qasımovun səsindən başlaması, daha sonra xalça üzərində muğam ifa etməsi, "Sarı gəlin", "Yallı", balabanın ifası, Nizaminin əsərlərində fraqmentlər bir sözlə, açılışda gördüyünüz hər şey milli üslubda idi. Mən fəxr hissi keçirdim ki, stadionda olan əcnəbilər, idmançılar bu açılışla Azərbaycanı gördü, mədəniyyəti ilə tanış oldu, ev sahibliyimizin, qonaqpərvərliyimizin şahidi oldu. Avropa Oyunlarında 56 medal qazanmağımız sübut etdi ki, Azərbaycan hər şeyə qadir bir ölkədir. İstənilən böyük layihənin öhdəsindən gəlməyə layiqdir və qadirdir. Azərbaycan qısa vaxtın içində nələrə nail oldu. Bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dünyanın gözü artıq Azərbaycandadır. Bu bizi istəməyən ölkələrə örnək oldu. Onlar gördülər ki, Azərbaycan belə məsuliyyətli işin öhdəsindən necə bacarıqla gəldi və Avropa Oyunlarında yaşananlar hələ uzun illər danışılacaq. Təbii ki, açılışın davamı kimi bağlanış mərasimi də gözəl oldu. Birmənalı şəkildə Avropa Oyunları kimi böyük layihənin həyata keçirilməsi Azərbaycan üçün çox önəmlidir. Oyunlar keçirilən zaman xalqımızda çox böyük ruh yüksəkliyi var idi. Avropa Oyunları Azərbaycanın birliyinin təntənəsi idi. Dövlət başçısı başda olmaqla hər kəs Avropa Oyunlarının ətrafında birləşdi. Və hər kəs əlindən gələni etdi. Gələn qonaqlar da Azərbaycandan razılıqla getdilər. Bu şəraiti yaratdıqlarına görə ilk növbədə Cənab Prezident İlham Əliyevə, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Daha sonra idmançılara təşəkkür edirəm. Onlar ürəklə yarışıb, Azərbaycanın bayrağını 21 dəfə ən yüksəyə qaldırdılar. Mən bir vətəndaş, bir sənətkar kimi qürur hissi ilə deyirəm ki, Azərbaycan Avropa Oyunları ilə yeni bir tarix yazdı. Hesab edirəm ki, I Avropa Oyunları uzun illər insanların yaddaşından silinməyəcək".

"Azərbaycan qonaqları heyrətləndirdi"

Xalq artisti Arif Babayev deyib ki, Avropa Oyunları ilə dünya Azərbaycanın nəyə qadir olduğunun şahidi olub: "Azərbaycan Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə dünyanı, təşkilatçılığımız və qonaqpərvərliyimizlə isə ölkəmizə gələn qonaqları heyrətləndirdi. Azərbaycan çox qonaqpərvər ölkədir. Bunu yarışlarda iştirak edən idmançılarla yanaşı ölkəmizə gələn turistlər də gördülər. Bir Azərbaycan vətəndaşı kimi qürur hiss keçirirəm ki, mən də belə böyük tədbirin iştirakçısına çevrilmişəm. Xatirinizdədirsə, iyun ayının 7-də mən də məşəldar oldum. Muğama ömrünü vermiş bir insan kimi Mehriban xanım Əliyevanın məşəlini yandırdım. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın məşəlini yandırmaq mənim üçün qürur idi. Avropa Oyunlarının açılış və bağlanış mərasimləri necə gözəl təşkil olunmuşdusa, hər kəs indiyə kimi bundan danışır. Halal olsun, təşkilatçılara. Hələ belə açılış mərasimi görməmişdim. Avropa Oyunlarında milli atributlarımızın təqdim olunması həqiqətən çox gözəl ideya idi. Alim Qasımovun ifası, Nizaminin "Xəmsə"nin nümayişi mərasimə xüsusi gözəllik verirdi. Sevinirəm ki, belə məsuliyyətli bir işin öhdəsindən layiqincə gəldik. İndi bizim bircə dərdimiz var. O gün olsun bu bayraqlarımız Qarabağda sancılsın. Ən ucada...Hamımızın dərdi budur. İnanıram ki, Prezidentimizin gücü, qüvvəsi sayəsində Qarabağımız alınacaq. İnanıram ki, Qarabağa gedəcəyik və bütün dünyaya göstərəcəyik ki, 9 milyonluq əhali görün kimlərdir, hansı gücə qadirdir. Bu möhtəşəm tədbirin burada keçirilməsi ölkəmizin bütün dünyada tanınmasında misilsiz rol oynadı və bundan sonra da oynayacaq. Mən hamını təbrik edirəm və fəxr edirəm ki, azərbaycanlıyam. Azərbaycan daim yaşaşın, var olsun".

"Bakı hər zaman xatırlanacaq"

Xalq artisti, tanınmış xanəndə Ağaxan Abdullayev Azərbaycanın ev sahibliyi etdiyi yarışların əmin-amanlıqla, uğurla başa çatması münasibəti ilə hər kəsi təbrik edib: "İlk növbədə Cənab Prezidentimizi, xanımı Mehriban Əliyevanı təbrik edirəm, onlara Allahdan can sağlığı arzulayıram. İdmançılarımızı alqışlayıram. Onlar qazandıqları medallarla bizləri sevindirdilər. I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində ölkəmizin yüksək səviyyədə təmsil olunması hər kəs kimi məni də heyrətləndirdi. Sevinirəm ki, belə möhtəşəm bayramın, mərasimin məşəlini daşımaq mənə də qismət olub. Avropa Oyunlarının məşəlini sevinə-sevinə, qürurla, fəxrlə daşıdım. Və bir də ona sevinirəm ki, belə bir tədbirin ilki məhz burda - Bakıda keçirildi. Çünki hər zaman Avropa Oyunları deyəndə Azərbaycan, Bakı yada düşəcək. Hesab edirəm ki, Avropa Oyunları Azərbaycanın dünyada daha da tanınmasına şərait yaratdı. Fikrimcə, biz Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi əhəmiyyətini sonralar da hiss edəcəyik".

"Bu yaşıma kimi belə açılış mərasimi görməmişdim"

Xalq artisti Mübariz Tağıyev indiyə kimi belə açılış mərasimi görmədiyini deyib: "İnanın, səmiyyətimə, bu yaşıma kimi çox böyük tədbirlərin açılış mərasimini görmüşəm, amma beləsinin hələ şahidi olmamışdım. Orada hər şey var idi: Azərbaycanın tarixi, adət-ənənələri, hansı dinə mənsub olduğumuz, müasirliklə necə həmahəng yaşadığımız sərgiləndi. Çox incəliklə işlənən həm açılış, həm də bağlanış mərasimlərinin belə möhtəşəm keçməsində İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın əməyi, zövqü danılmazdır. Açılışda daha çox tarixilik ön planda idisə, bağlanışda elektronika, müasirlik, gəncləri bir araya toplayan diskoteka ab-havası insanı valeh edirdi. Distotekanın olması çox gözəl addım idi. Belə ki, Avropada bu, çox dəbdədir. Orada belə böyük, mühüm tədbirlərin sonunda belə mərasimlər keçirilir ki, bu da insanların bir araya gəlməsinə, həmrəy olmasına şərait yaratmış olur. Bir sözlə, idman yarışlarının həm açılışı, həm də bağlanışı çox yüksək səviyyədə, xırda detallarına qədər işlənərək hazırlanmışdı. Bunu dostum Alim Qasımovun ifasından tutmuş diskoteka hissəsi də daxil olmaqla hər şeydə görmək mümkün idi. Sözsüz ki, Avropa Oyunlarında idmançılarımızın çıxışının uğurlu olacağına inanırdıq. Amma onlar əməllli-başlı bizi heyrətləndirdilər. Sözün açığı, mən idmançılarımızdan beş-altı qızı medal gözləyirdim. Amma 21 qızıl medal qazanıb, ümumi hesabda 56 medalla siyahıda ikinci yerdə qərarlaşmağımız çox böyük uğurdur. Görün, Cənab Prezidentin ailəsi ilə birgə yarışlarda iştirak etməsi idmançılarımıza necə qüvvə, cəsarət verdi. Həqiqətən, Avropa Oyunlarının ölkəmizdə keçirilməsi tarixi hadisə idi. Və bu məsuliyyətdən üzü ağ çıxdıq. Cənab Prezidentimiz, onun xanım Mehriban Əliyeva çox sağ olsunlar. Avropa Oyunlarının belə gözəl, möhtəşəm keçməsi üçün onlar əllərindən gələni etdilər".

Nərmin


Müəllif: