“Brifinq” layihəsinin budəfəki qonağı Kitab Evinin sahibi, “Hədəf” Şirkətlər qrupunun baş direktoru, naşir-pedaqoq Şəmil Sadıqovdur.
Dilqəm Əhməd: Bu günlərdə Gəncədə regionun ən böyük kitab mağazasını açdınız. Təşəbbüs kimdən gəldi?
-Təşəbbüs Gəncə Şəhər İcra Hakimiyyətindən gəldi. Onlar regionda kitab mağazasının təşkilini bizə həvalə etdilər. Uzun illərdir rayonlarda kitab mağazalarının açılmasına çalışırıq. Hətta mətbuat vasitəsilə, rəsmi məktub yazmaqla parklarda kitab vitrinlərinin maket layihəsini də onlara göndərmişdik. Nəhayət, Gəncə Şəhər İcra Hakimiyyətindən belə bir təklifin gəlməsi bizi sevindirdi.
Beləcə, İcra Hakimiyyətinin dəstəyi ilə iyun ayının 15-də Gəncədə kitab evini açdıq. Kitab evi mərkəzi parkda yerləşən üç mərtəbəli binadan ibarətdir. 50 minə qədər kitab tutar. İçərisində kitab kafesi, oxu zalı da var. Region üçün çox önəmlidir. Mən gəncəli oxucuları təbrik edirəm və bildirim ki, bu yaxınlarda Azərbaycan yazıçıları ilə Gəncə oxucularının görüşünü təşkil edəcəyik. O görüşdə kimlərin olacağı sürpriz olaraq qalsın.
"KİTAB EVİNİ DOTASİYA İLƏ İŞLƏDİRİK"
Dilqəm Əhməd: Bakıda açdığınız kitab evində arzulanan hədəflərə çatdınızmı?
- Yazar, müəllim, ədəbiyyatçı olaraq hədəfə çatdım. Çünki istənilən ziyalımızla görüş yeri təyin edəcəyim, oturub söhbətləşə biləcəyim yer var. Yaxud xaricdən qonağımız gəlibsə, aparıb gəzdirə, göstərə biləcəyim bir ünvan qurmuşam. O ki qaldı bu işin biznes tərəfinə... Məsələyə bu tərəfdən yanaşsaq, deməliyəm ki, üç ildir kitab evini yaratmışıq, amma gəlir gətirmir. Bu barədə heç yerdə yazmamışam, deməmişəm. Çünki adama deyərlər ki, gəlir gətirmirsə, niyə saxlayırsan...
Fakt odur ki, dotasiya ilə işləyirik. Devalvasiya dövründə bir xeyli sıxıntımız oldu. Ancaq bu layihədən əl çəkmədim. Kitab evi mənim xobbimdir. Uzun illər belə bir kitab evimin olması xəyalı ilə yaşadım. Bunu yaratdım, üç ildir onu saxlayırıq. Və hər il gələn ilə ümid edirik. Etiraf edək ki, bu gün kitab evlərini ayaqda tutan əsas gəlir dərsliklərdən əldə olunan vəsaitdir. Növbəti mövsümə ümidimiz çoxdur.
Kirayə sahibləri kitab satan insanlara güzəşt etmirlər. Bu baxımdan dövlətin dəstəyi önəmlidir. Elə bilirəm, Gəncədən başlayan bu ənənə digər rayonlarımıza da sirayət edəcək. Çünki kitab bir ideologiyadır. Dövlətin dəstəyi olmalıdır ki, bu sektor ideologiyanı mənfi istiqamətə yönləndirənlərin əlinə keçməsin.
Kitab satışı biznesə çevrilmədiyi müddətdə etiraf etməliyik ki, kitab biznesi, yazarı, oxucusu olmayacaq.
Dilqəm Əhməd: Kitab bazarında rəqabət necədir?
-Rəqabət yox dərəcəsindədir... “Əli və Nino” şəbəkə olaraq fəaliyyət göstərir, o da bizə rəqib deyil. Çünki o kitab evi içi mən qarışıq Azərbaycan yazıçılarının kitablarını satmır. Biz isə ən zəif yazardan tutmuş klassik yazıçılara qədər bütün müəlliflərin kitablarını satırıq.
Bundan başqa, “Əli və Nino” mərkəzi ticarət mərkəzlərində, biz isə kitabın topdansatış məkanı olan “28 May” metrosunun həndəvərində yerləşirik. Qiymət baxımından ucuzluqda bazarda liderik. Bunu əminliklə deyə bilərəm. Asanlıqda bizim qiymətləri onlayn satış və kitab satış mərkəzlərinin qiymətləri ilə müqayisə edib, fərqi görərsiniz.
Ümumilikdə Azərbaycan kitab bazarında ciddi rəqabət yoxdur. Türkduilli kitablarının satışında hansısa qruplaşmalar, sosial şəbəkələrdən satışlar mövcuddur. Amma yenə deyirəm, yerli kitab satışında ciddi rəqabət hiss eləmirik. Bazarda da rəqabət olmayanda vəziyyət dəyişmir.
Nərmin Muradova: Belə çıxır kitab bazarında hər halda iki əsas qüvvə var.
-Müasir kitab satış bazarı prizmasından baxanda elədir. Amma tək “28 May” ərazisində 20-yə yaxın kitab mağazası fəaliyyət göstərir. Biz Kitab Evim.az-ı açana qədər o məkanda yerləşən kitab evləri bərbad vəziyyətdə idi. Bizdən sonra bir neçə kitab mağazası yerini dəyişdi, ərazisini genişləndirdi. Amma nə onlar bizim, nə də biz onların rəqibləriyik. Onlar yalnız dərslik satırlar.
Qurban Yaquboğlu: Kitab evi olaraq dotasiya ilə işləməyiniz adamda məyusluq doğurur. Bu vəziyyətdən bir çıxış yolu olmalıdır. Bildiyim qədər, Azərbaycanda satılan kitabların qiyməti elə də ucuz deyil. Ümumiyyətlə, xarici ölkə praktikasında bu məsələ necə qurulur?
-Bu, özəl sektordur. Bu sektorun öz tələbləri, öz şərtləri var. Mənim yüksək tirajla satılan iki kitabım var: “Ədəbiyyat” və “Azərbaycan dili” dərslikləri. O kitablardan gələn gəliri Kitab Evim.az-ın yaşamasına yönləndirirəm. Dövlətdən gözlənti o demək deyil ki, bizə pul versinlər. Müəyyən güzəştlərin olmasını arzulayırıq. Məsələn, kredit götürmək lazım olur, banklar imtina edir. Yaxud bina kirayəsi çox bahadır.
İcra qurumları kitab və nəşriyyatlara dəstək verməlidirlər. Hər mərkəzi parkda kitaba yer ayırsalar, kirayəhaqqı istəməsələr, desələr ki, gedin kitab satın, bu özü də böyük dəstəkdir.
Azərbaycanda kitab ticarətinin marketoloq tərəfi çox zəifdir. Kitab evi olaraq bizim də, rəqibimizin də, yazarların da, naşirlərin də ən böyük problem budur. Fikrimcə, kitab satışının marketinq tərəfi qurulandan sonra irəli getmək mümkün olacaq.
İndi bizim ən yaxşı kitabımız uzağı 1000 tirajla satılır. Deməli, oxucu problemimiz də var. Bəs oxucu hardan gəlir? Uşaq bağçasından, orta məktəbdən, universitetdən... Oxucunu yetişdirmək lazımdır. Məktəblər, universitetlər bu prosesə normal qoşulsalar, problem həllini tapar. Əslində bizim milləti başqa ölkələrdə oxuyan xalq kimi qəbul edirlər.
Türkiyədə kitab biznesi öz axarına düşüb. Biz onlara deyəndə ki, sizin kitablarınızı tərcümə edib 500 tirajla nəşr edəcəyik, gülürlər, elə bilirlər mən naşir olaraq onları aldadıram. “Ceviz qabığı” verilişinin aparıcısı Hülki Cevizoğlunun türk tarixi ilə bağlı kitablarını nəşr etmək istəyirdim. Onunla razılaşdıq. Son mərhələdə məndən tirajı soruşub cavabında 500 rəqəmini eşidəndən sonra yazdı ki, ondan nə qazanacaqsınız ki, məni ora dəvət edib, qonorar verəcəksiniz... Bununla söhbət birdəfəlik bağlandı.
Mən Mirzə Cəlilin nəvəsiyəm. Mirzə Cəlil eşşəyin üzərində kitab satdı, Şahtaxtinski hansı əziyyəti çəkdi, Faiq Nemanzadə nələr elədi... Bütün bunları düşünəndə fikirləşirsən ki, geri çəkilməməlisən. Biz az da dözməlisən, bir az da fədakar olmalısan. Amma “Molla Nəsrəddin”in populyarlığını və aylıq tirajını bu gün satışda olan bütün jurnalların tirajından qat-qat çox olduğunu görəndə məyus olursan.
Biz “Ustad” jurnalını 500 tirajla nəşr edirik. 100-200 jurnal hədiyyə olunur, 50 jurnalı da sataq, ya satmayaq... Yüz il bundan qabaqki proses bundan daha canlı idi. İstər mətbuat sahəsində, istərsə də ədəbiyyatda...
Onu da deyim ki, Azərbaycanda kitabın qiyməti baha deyil. Azərbaycana ən ucuz kitab Rusiyadan gəlir. Amma necə kitab?.. Ordan gələn nəşrlərin keyfiyyətini bizim oxucular qəbul eləmir. Keyfiyyət aşağıdır və ona görə də ucuzdur. Çingiz Abdullayevin əsərlərini burda 2 manata satırlar. Halbuki o kitabın Azərbaycan üçün maya dəyəri 2-3 manatdır. Satışa gələndə də qiyməti 4-5 manat olur. Rusiya və İranla müqayisədə bizdə kitab baha ola bilər. Amma Türkiyə və Avropada ölkələri ilə müqayisədə baha deyil.
"TƏRCÜMƏ MƏRKƏZİNDƏN İNCİYƏM"
Qurban Yaquboğlu: Xarici ölkələrlə əlaqələriniz necədir? Hansı ölkədən kitab sifariş edə və sifariş ala bilirsiniz?
-Bizim tələbatımız daha çox türk, rus, ingilis dilli ədəbiyyatadır. Ən çox türk və rus dilli ədəbiyyata... Çox adam fikirləşir ki, türk dilindən tərcüməni oxumaqdansa elə əsəri öz orijinal dilində oxuyaram. Hərçənd xarici ədəbiyyat da türk dilinə tərcümə olunur. Bəzən bizdə fərqinə varmırlar, türk dili deyəndə elə bilirlər ən yaxşı tərcümə onlardadır. Halbuki elə əsərlər var, Türkiyədə onu bir nəşriyyat yox, on nəşriyyat tərcümə edir. Hətta seçim etməyi bacaranlar hansı nəşriyyatın tərcüməsinin yaxşı olub-olmadığını araşdırır.
Bizdə isə bir tərcümə maksimum üç nəşriyyatda çıxır. Hansısa nəşriyyat digər nəşriyyatın tərcüməsini bəyənməsə, kitabı yenidən tərcümə edib bazara çıxara bilər.
Dilqəm Əhməd: Amma siz deyən faktda məsələ fərqlidir, eyni tərcüməni üç nəşriyyat çap etmişdi...
-Bizim “Xatirə ədəbiyyatı” adlı bir layihəmiz var. O layihə çərçivəsində qarşıma səviyyəli xatirə, memuar ədəbiyyatı çıxan kimi çap etməyə çalışıram. “Fərəh Pəhləvi” adlı əsərin illər əvvəl başqa nəşriyyatda çapdan çıxdığını bilirdim. Amma layihəyə əlavə etmək adına Müşfiq Xana dedim ki, araşdır, müəllifini tap, icazə alandan sonra seriyaya əlavə edək. Kitabın tərcüməçisi Nəriman Əbdülrəhmanlıyla şəxsi tanışlığım yoxdur, amma ziyalı olaraq bir-birimizə böyük hörmətimiz var. Kitabın çap olunması ilə bağlı ondan razılıq aldıq.
Biz bir az yubandıq, o müddətdə “Kitab Klubu” onu çap etdi. Səbəbi soruşanda Nəriman müəllim məndən incidiyinə görə kitabı başqa nəşriyyata verdiyini deyib. Üçüncü nəşriyyat da necə çap edib, onu artıq bilmirəm. Həm seriyaya daxil etdiyimizə, həm də reklamını apardığımıza görə kitabı biz də çap etdik. Sözsüz, Nəriman müəllimin icazəsi ilə...
Nəşriyyatların eyni əsəri fərqli tərcümədə çap etməsi düzgündür, amma eyni tərcüməni bir neçə nəşriyyatın çap eləməsi yaxşı hal deyil. Belə məsələlərdə ən azından etik normalar gözlənilməlidir. Biz öz payımıza gözləməyə çalışırıq... Salam Qədirzadənin bütün kitablarının müəllif hüququnu almışıq, bir-bir kitablarını çap edirik. “46 bənövşə” povestinin çapına hazırlaşan ərəfədə “Qanun” nəşriyyatı onu nəşr elədi. Çap hüququnun bizdə olması barədə onlara məlumat verdik. Amma artıq gec idi. Təsəvvür edin, mən hələ də “46 bənövşə”ni çap etməmişəm...
Qurban Yaquboğlu: Görünür, nəşriyyatların koordinasiya qurumu yaradılmalıdır.
-Təəssüf ki, belə bir qurum yoxdur. Bir neçə ay əvvəl “Qatardakı qız” kitabını çap etmişdik, ardınca başqa nəşriyyat da əsəri çapa verdi. Bilirsiniz, yerli müəllifin kitabının icazəsini alırıq, amma xarici müəlliflərlə əlaqə yaradılması baxımından problemlər yaşayırıq.
Məncə, xırda məsələlərdə biri-birimizi incitməməliyik. Bayaq dediyim kimi, elə proseslər var biz etik normaları gözləyirik.
Sizin xarici ölkələrə çıxışla bağlı sualınıza qayıtmaq istəyirəm. Mən bu məsələdə Tərcümə Mərkəzindən inciyəm. Çünki Tərcümə Mərkəzi yarananda birinci işi Azərbaycan kitablarının xarici dillərə tərcüməsi və kitabların sərhədlərdən kənarda tanınması olmalı idi. Özəl sektor xarici tərcüməni pis-yaxşı, gücü çatdığı qədər bizim dilə, Tərcümə Mərkəzi isə bizim kitabları xarici dillərə tərcümə etsəydi daha uğurlu, faydalı olardı.
Qəbul etməliyik ki, buğun bizim xaricə satılacaq kitabımız yoxdur. İndiyə qədər Frankfurt, London, İstanbul kitab sərgilərində iştirak etmişik, bilirəm ki, mənim kimi digər həmkarlarım da eyni problemi yaşayırıq. Bizim avropalı oxucuya göstərə biləcəyimiz bir ingilis dilli kitabımız yoxdur.
Xarici sərgilərə gedəndə birinci fikrimiz odur ki, orda yaşayan azərbaycanlıları kitabla təmin edək. Birinci dərdimiz budur. Doğrudur, deyəcəksiniz ki, o da auditoriyadır. Amma o auditoriya çox zəifdir. Keçən il Rusiyanın bir kitab şirkəti ilə əlaqə yaratdıq, bir-birimizə kitab sifarişi verəcəyimizə dair müqavilə bağladıq, amma o vaxtdan nə o məndən kitab istəyib, nə də mən ona kitab göndərmişəm.
Dilqəm Əhməd: Ən çox satılan kitablarınız hansılardır?
-Son vaxtlar satılan kitabların istiqaməti fərdi inkişaf, psixoloji durum, NLP ilə bağlıdır. “Bədən dili”, “Müharibə qadın simalı deyil”, Salam Qədirzadənin kitablarını ən çox satılan kitablar arasındadır.
Dilqəm Əhməd: Sizin nəşriyyatda hansı müəlliflərin çap olunub-olunmaması ilə bağlı çərçivə varmı? Yoxsa kim pulunu verirsə, çap edirsiniz?
-Əlbəttə, “Hədəf” nəşrlərinin bir imici var və mən o imici gücüm çatdığı qədər qoruyuram. Bu məsələdə pul yox, türklər demiş mənəvi rüşvət ola bilər. Məsələn, tələbəm deyir şeir yazmışam, kitab çıxarmaq istəyirəm. Baxıram ki, yazdığı şeir deyil, amma çox istəyir kitab çıxsın. Mən o uşağa necə başa salım ki, sənin şeirini çap etsəm mənim nüfuzum aşağı düşə bilər. Belə halda güzəştə gedə bilirik. Və daha çox kitabı çap edib veririk, amma “Hədəf” in loqosunu vurmuruq.
Siyasi və dini tərəfdən seçim edirəm. Mən milli ideologiyaya xidmət edə biləcək kitabın nəşrinə çalışıram.
Nəşriyyatçılıqda iki istiqamət var: biri odur ki, aktual kitabları çap edirsən. Biri də var ideoloji kitabların nəşri ilə məşğulsan. Biz nəşriyyat olaraq bazara işləyən kitabların çapına üstünlük vermirik. Mirzə Kazımbəyin seçilmiş əsərlərini, Oljas Süleymanovun “Az-Ya”, Nihal Atsızın “Bozqurdlar” romanlarını çap etmişik. Əlbəttə, oxucu marağı ilə tam üst-üstə düşən kitablarımız da olur. Amma ümumilikdə mən bazara müəyyən istiqamət verən, dövlətçiliyə, maarifçiliyə xidmət edən kitabları çap etmək istəyirəm. Bilsəm ki, filan kitabdan külli miqdarda pul qazanacam, amma o kitab əxlaq baxımından problemlidir, onu çap etmirəm.
"O KİTABLARDAN QONORAR VERMƏMƏK VİCDANSIZLIQDIR"
Qurban Yaquboğlu: Qonorar məsələsinə də toxunaq. Müəlliflərə qonorar verə bilirsiniz?
-Kitab gəlir gətirirsə müəllifinə qonorar verilməməyi vicdansızlıq hesab edirəm. Mən kitab bazarına, elmə, təhsilə, müəllimliyə kitabla gəlmişəm. Hətta evimi də ədəbiyyat vəsaitimdən əldə etdiyim pulla tikmişəm. Bugünkü şirkətimin qurulmasında yazdığım dərs və metodik vəsaitlərimin çox böyük xidməti var. Otağımda həyatımı dəyişən kitabımın fotosunu asmışam. Bu baxımdan kitab yazan müəllifə qonorar verilməsini vicdan borcu hesab edirəm. Amma baxır nəyə?.. Dərsliklərimizə qonorar veririk, hətta müəlliflərimiz var ki, yeddi-səkkiz ildir bizdən qonorar alırlar.
Bədii ədəbiyyata qonorar veririkmi? Verə bilmirik... Amma qonorar vermək istərdim. Yazıçı Varislə müqavilə bağlayıb, kitablarının müəlliflik hüququnu almışıq. Son “Əzilmiş fotoşəkillər” adlı kitabını öz xahişi ilə 1000 tirajla nəşr etdik. Müqaviləyə əsasən gəlirin 50 faizi müəllifə getməlidir. Kitab bir ilə yaxındır çap olunub, amma istədiyimiz nəticəni ala bilməmişik. Varis də bunu bilir. O kitabı çap etmək üçün mən kredit götürmüşəm, işçiyə maaş vermişəm. Müəllif başa düşməlidir ki, 500, yaxud 1000 tirajlı kitaba qoyulan vəsait üç ilə geri qayıdırsa, qonorar istəmək ayıbdır. Üstəlik, müəllifin özü də kitabını reklam etmir. Mən nəşriyyat olaraq kitabını çap edib, reklam edirəm, amma müəllifin vecinə deyil.
Dilqəm Əhməd: Şəmil bəy, sizin öz kitabınız Almaniyada çap olundu. Bilirəm ki, rus dilində də çap olunursunuz. Belə başa düşdüm ki, reklamınız üzərində işləyirsiniz.
-Müəllif özü-özünü düşünməlidir. Həmişə deyirəm ki, əgər imkanın varsa niyə yalnız öz kitabını çap etdirəsən, bir dəfə də başqalarına kömək elə. Amma hamı öncə özünü fikirləşir... Mən konkret strategiya üzrə hərəkət etmirəm ki, kitablarım mütləq xaricdə çap olunmalıdır. Dostların təklif əsnasında belə fikir yaranır və gerçəkləşir. Türkmənistanda bir hekayəm jurnalda çıxmışdı. Ən çox ona sevinmişdim. Amma əlbəttə, bu, sözün əsil mənasında dünyaya çıxış deyil. 1000-5000 tirajlı kitabla dünya bazarına çıxmaq olmur. Bir fakt var ki, mən cibimdən pul verib xaricdə kitab çap etməmişəm, qonorar da almamışam. Bu tanışlıqlardan ortaya çıxan prosesdir. Biz hələ kitabımızı dünyaya təqdim edəcək duruma gəlməmişik.
"HƏLƏLİK LİSEY, SONRA UNİVERSİTET OLACAQ"
Dilqəm Əhməd: Siz həm də abituriyent, magistr hazırlığı ilə məşğul olan “Hədəf” kurslarının rəhbərisiniz. Gələcəkdə hazırlıq kurslarını böyüdüb universitetə çevirmək fikriniz yoxdur ki?
-Bayaqdan kitabdan danışırıq, amma onu deyim ki, mən daxilən və ruhən özümü daha çox müəllim hiss edirəm. Kursun son həddi universitetdir. Ən böyük arzum da budur. Amma universitetə gedən yolda tramplinlər - liseylər, özəl məktəblər var. Biz hazırda bunun üzərində işləyirik. Bu ilə çatdıra bilmədik, amma gələn sentyabr ayına “Hədəf” liseyini və uşaq bağçasını açmağı düşünürük. Fərqli bir konsepti var. Əminəm ki, təhsil sistemində ilk olacaq.
Nərmin Muradova: Abituriyentləriniz arasında ən çox nə qədər bal toplayan olub?
-O məsələdə bəxtimiz gətirmir. Ən çox balımız 687-dir. Reklam üçün effektli rəqəm deyil. Nə qədər 687 desən də, cəmiyyət onu qəbul edə bilmir, amma bir dəfə 700 deyib məsələni həll edirsən...
Keçən il 50-dən çox şagirdimiz 600-dən çox bal toplamışdı. Ortalama qəbul faizi 50 faizi keçirsə bu, normaldır. Bizdə yalançı yarışmalar da az deyil. Biri yazır 99 faiz, biri yazır 100, o biri yazır 92 faiz. Bizim magistrlərdə qəbul faizi 90-dan yuxarı olub, amma abituriyentlər arasında bu rəqəm 70-80 faizdir.
Dilqəm Əhməd: Abituriyentlər qəbul olmayanda valideynlərin ittihamları ilə qarşılaşmırsınız ki?
-Əvvəllər olurdu... Biz hər il yanvar ayında valideynə məcburi izahat yazdırırıq. Belə ki, sentyabrdan yanvara qədər imtahanların nəticələri mütəmadi valideynlərə göndərilir. Onlar nəticələrlə tanış olur, uşaqlarının ali məktəbə qəbul şansını təxmin edirlər. Biz durumu öncədən valideynlərə bildiririk. Buna görə nəticələrə görə məsuliyyət daşımırıq. Amma qəbul olmayan məzunları kənarlaşdırmırıq, endirimlərlə yenidən oxuduruq. İmkansız olanını pulsuz təhsil veririk.
Diləqm Əhməd: Doktorluq müdafiəniz nə yerdədir? Elm haqqında qəbul olunmuş yeni qanunla tanışsınızmı?
-Doktorluq işim “Müstəqil dövr Azərbaycan romanında tarixilik və müasirlik” mövzusundadır. 1990-2015-ci illər arasında yazılan romanları əhatə edir. Birinci il kitabları yığmaqla məşğul oldum. İndiyə qədər 500-ə yaxın kitab yığmışam. Mövzu çox genişdir. Əvvəl fikirləşirdim ki, bu dövrdə yazılan bütün tarixi romanları oxuyub, nəticəyə gəlib, sonra yazmalıyam. Amma son vaxtlar baxıram ki, elə mən beş-on nəfəri oxumalıyam. Çünki elə primitiv yazılan tarixi romanlara rast gəlirəm ki... Oxumağa çətinlik çəkirəm. Yunus Oğuzun “Alp Arslan” adlı kitabını oxumağa çalışdım. Bu necə dil, üslub, ümumiyyətlə, necə tarixi roman yazmaqdır, başa düşmürəm...
Elm haqqında qanunla təfsilatlı tanış deyiləm. Amma belə bir qanunun olması vacib idi. Hamı kimi orda məni də çox sevindirən məqam hərbi xidmətlə bağlı olan hissəsidir. Eləcə də elmi biznesin formalaşması ilə bağlı müddəaların qəbulu təqdirəlayiqdir.
Nərmin Muradova
Fotolar Samir İsayev