Teleqraf.com-un “Brifinq” layihəsinin bu dəfəki qonağı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlidir.
Səxavət Həmid: Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşünün nəticələrini necə qiymətləndirirsiniz?
–Açığı deyim ki, görüşün nəticələri ilə bağlı birmənalı fikir yoxdur. Bu, son zamanlar Prezident Adminstrasasiyası rəhbərinin müavini Novruz Məmmədovun verdiyi bəyanatda da özünü göstərdi. Həmin bəyanata Ermənistan xarici işlər nazirinin verdiyi cavab, həmçinin Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın söylədikləri də onu göstərir ki, tərəflər məsələlərə münasibətdə müəyyən qabağa qaçmalara, yaxud müəyyən özlərinə xeyir edən məqamları qoruyub saxlamağa cəhd edirlər. Mən Novruz Məmmədovun söylədiklərində bir qəbahət görmürəm. Çünki problemin mərhələli həll prinsiplərinə uyğun olaraq həll edilməsi artıq çoxdan müəyyənləşib. Heç kim söyləyə bilməz ki, Dağlıq Qarabağ problemi kimi nəhəng və süni surətdə mürəkkəbləşdirilmiş problemi paket variantı ilə, tutalım bir neçə aylıq danışıqlarla həll etmək mümkün olsun. Söhbət mərhələli həll variantından gedir. Bunu Sergey Lavrov hələ “aprel döyüşləri”ndən sonra Bakıya gələndə də bəyan etdi. Hətta “Kazan prinsipləri”ni də xatırlatdı.
Bunun üzərində Rusiyanın iş apardığını qeyd elədi. Lavrov Bakıda hətta minnət qoyaraq dedi ki, biz 5 rayonun qaytarılmasına erməniləri güclə razı salmışıq. Bütün bunlar onu göstərir ki, mərhələli həll planı ortadadır, sadəcə olaraq Sankt-Peterburqda bunun müzakirəsi getməyib. Azərbaycana Rusiya nümayəndələri çox gəldiyindən və Azərbaycan rəsmiləri ilə bu məsələ çox müzakirə edildiyindən Novruz Məmmədov da bir az qabağa qaçaraq məsələnin mərhələli yolla həll ediləcəyi barədə fikir səsləndirib. Əslində isə Sankt-Peterburqada böyük sülh sazişinə apara biləcək məsələlər müzakirə edilməyib. Ən çox müzakirə edilən məsələ monitorinq sisteminin, yəni atəşkəs rejiminə əməl etmənin prinsipləri ilə bağlı olub. Bir də Vladimir Putin özünəməxsus lovğalıqla bildirib ki, mən monitorinq sisteminin Rusiya variantını işləyib hazırlatdıracam və bu, öz effektini verəcək.
Qurban Yaquboğlu: Monitorinqlərin Rusiya variantında nə nəzəardə tutulur?
–Mənim zənnimcə, monitorinqlərin Rusiya variantı müşahidəşilərin sayının artırılmasından başqa bir şey deyil. Əgər söhbət həqiqi monitorinqdən gedirsə, bu, çox böyük vəsait, texniki qurğular tələb edir. Rusiya variant sadəcə olaraq təbliğat xatirinə səsləndirilmiş və qarşı tərəfə bir növ barmaq silkələmək xarakterli söz yığınından başqa bir şey deyil. Deyək ki, Kaspşikin nümayəndə heyətinin tərkibi üç dəfə artırıldı. Bu, böyük vəsait tələb etmir. Amma məsələ bundadır ki, onlar yenə də təmas xəttinə tam nəzarət etmək imkanlarına malik deyillər. Xüsusilə gecələr. Təmas xəttində əsas proseslər də gecə vaxtı cərəyan edir. Ona görə də Putinin söylədiyi “mən özüm monitorinqin Rusiya variantını yaradacağam” fikri blefdən başqa bir şey deyil.
“ŞÜKÜR, AZƏRBYACANDAN ASILI OLMAYAN PROSESLƏR CƏRƏYAN EDİR”
Səxavət Həmid: “Aprel döyüşləri” özünü danışıqlar prosesində necə göstərir?
–Azərbaycan Prezidenti danışıqlar prosesində özünü kifayət qədər inamlı və hətta mən deyərdim, cəsur apardı. Məsələn, onun birbaşa Putinə “biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik”, “Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələlər yalnız bizimlə razılaşdırıldıqdan sonra qüvvəyə minə biləcək” deməsi və sair məqamlar onu göstərir ki, bəli, “aprel döyüşləri”nin nəticələri hələlik zəif-zəif, amma qalxan xətt üzrə özünü göstərməkdədir. Niyə də göstərməsin?! Rusiya da çox yaxşı bilir ki, Azərbaycanın güclü hərbi potensialı var. Bu potensialla biz çox qısa müddətdə məsələni hərbi yolla həll edə bilərik. Amma bütün dünya siyasi həll variantına getməyimizi təkid edirsə, bu məsələdə də ədalətli, ikili standartlardan uzaq olmaq lazımdır.
Səxavət Həmid: Siz, münaqişənin həlli yolunu necə görürsünüz?
–Belə bir söz var; ölünü öz xoşuna qoysan kəfəni yırtıb qaçar. Məncə, Ermənistanın Rusiyanın müəyyən maddi, mənəvi, siyasi dəstəyi sayəsində bu tonda danışması ilə problemi həll etmək çətin olacaq. O zaman nə etmək lazımdır? Azərbaycan güclənməkdə davam etməlidir. Yəni, ordunun hərbi potensialı durmadan artırılmalıdır. İqtisadiyyatın sürətlə inkişaf etdirilməsinı çalışılmalıdır. Cəmiyyət sözün əsl mənasında təkmilləşdirilməlidir. Ölkənin neftdən asılılığına son qoyulmalıdır. Qeyri-neft sektoru, xüsusilə də aqrar sektor konseptual əsasda inkişaf etdirilməlidir. Biz çox danışırıq, çox sözlər səpyləyirik, amma bunu reallaşdırmaqda bəzən çətinliklərə düçar oluruq, bəzən də gecikirik. Kiminsə gəlib bizə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli sülh variant təqdim edəcəyinə inam çox da böyük deyil. Hələ nəzərə almalıyıq ki, qonşuluqda Rusiya kimi güclü, ermənipərəst və qeyri-sivil bir ölkə var.
Belə olan təqdirdə Azərbaycan normal cəmiyyət quruculuğunu inkişaf etdirməlidir. İnsan amilinə, insana qayğı amilinə ciddi diqqət yetirilməlidir. Bütün bunların hamısı küll halında cəmiyyətin ruhi-psixoloji ovqatına təsir edən məqamlardandır. Yəni, biz cəmiyyəti elə bir hala gətirməliyik ki, insanlar ölkədə hər şeyin qaydasında olduğuna, hər şeyin məhz onların arzularına uyğun cərəyan etdiyinə və hər şeyin qüdrətli və güclü, öz torpaqlarına, teleyinə sahib çıxan Azərbaycana gətirdiyə inanmalıdır. Mən Azərbaycan Prezidentində belə bir siyasi iradəni görürəm. Biz tədricən, hər şeyi ölçüb-biçərək hədəflərimizi müəyyənləşdirib inadla o hədəflərə doğru getməliyik. Bu hədəfləri müəyyən edən nüansları da mən söylədim. Biz cəmiyyəti təkmilləşdirə-təkmilləşdirə, insanlarımızda cəmiyyətimizə möhkəm inam oyada-oyada, cəmiyyətdə siyasi həmrəyliyi möhkəmlədə-möhkəmlədə dünyada gedən qlobal prosesləri də izləməklə tarixin bizə verəcəyi fürsəti gözləməliyik. Söhbət Ermənistanı ciddi himayədən məhrum etməkdən gedir. Bu prosesdə Azərbaycan da müəyyən rol oynayacaq. Amma elə proseslər var ki, çox şükürlər olsun Azərbaycandan asılı olmadan cərəyan edir. Həmin proseslər çox da uzaq olmayan bir vaxtda elə bir məqamın gələb çatmasına çıxaracaq ki, Ermənisatn dümək olar təkbaşına qalacaq.
Qurban Yaquboğlu: Maraqlıdır, nəyi nəzərdə tutursunuz?
–Biz Rusiya ilə yaxın qonşuluq münasibətlərinin tərəfdarıyıq. Amma biz Rusiya ilə heç zaman strateji müttəfiqlik səviyyəsində əlaqələr qura bilməyəcəyik. Rusiya heç zaman Ermənistanı qoyub bizi strateji müttəfiq seçməyəcək. Mən dünyada gedən qlobal proseslərdən bəhs edərkən Rusiyadakı prosesləri ön plana çəkirəm. Rusiya bu saat böyük qısqac altındadır. Onun ətrafında NATO-nun ciddi çəmbəri var və çəmbər getdikcə daralır. Üstəlik, Rusiyaya qarşı tətbiq edilən sankisiyalar daha da genişləndirilir və bunlar Rusiya iqtisadiyyatında və əhalisinin əhval-ruhiyyəsində çox ciddi izlər buraxmaqdadır. Bəziləri Rusiyanın çökməsindən danışanlara ironiya ilə yanaşırlar. Biz Rusiyanın bir dövlət kimi çökməsindən danışmırıq. Rusiyanın regional güc kimi də mövcud olmayacağı dövrdən danışırıq.
Rusiya SSRİ-nin vaxtında supergüc idi. SSRİ dağılandan sonra regional güc oldu. Gürcüstana hücum, Ukraynada baş verənlər və Suriyadakı əməliyyatlar və sair supergücə can atmaq idi. Amma potensial yetmədi. Üç gün əvvəl Rusiya prezidentinin dünyanın bir nömrəli dövlətinin ABŞ olduğunu və bunu qəbul etdiklərini bəyan etməsi Putin kimi ambisiyalı və həm də ambisiyadan çox başqa cəhətlərin bol olduğu bir adamdan gözlənilən deyildi. Rusiyanın Cənubi Qafqazda təsiri zəifləyəcək. Mən demirəm ki, Rusiya özünün arxa bağçasından – yəni, Cənubi Qafqazdan çıxacaq. Amma onun təsiri minimuma enə, yalnız Ermənistanla məhdudlaşa bilər. Azərbaycan başının üzərində Rusiyanın “Domokl qılıncı” ola-ola çəkinmədən, qorxmadan NATO ilə əlaqələri genişləndirir. ABŞ birmənalı qaydada Azərbaycanı Rusiyanın təhdid və təzyiqlərindən qorumaqla bağlı qərar qəbul edib.
Mən bunları nəzərdə tutaraq deyirm ki, Azərbaycan üçün qlobal dünyada baş verən pozitiv dəyişikliklər çox da uzaq olmayan günlərin birində gözəl bir fürsət yaradacaq.
Qurban Yaquboğlu: Putinin qeyd etdiyiniz bütün mənfi xüsusiyyətləri ilə bərabər aprel hadisələri zamanı çox səbrlə susdu. Demək olar, heç bir münasibət bildirmədi. Halbuki o özü şəxsən münasibət bildirə, nəsə deyə bilərdi. Bu da bir müəmma oldu…
–Mən burda bir müəmma görmürəm. Əvvəla, Azərbaycan Ordusu hücuma keçməmişdi. Amma Azərbaycan Ordusu hücuma keçmək barədə fikirləşirdi. Rusiya kəşfiyyatı bu məsləni öyrəndi və erməni tərəfə ötürdü. Erməni tərəfi də Azərbaycanı qabaqlamaq üçün Talış dağları istiqamətində hücuma keçdi. Özü də ruslar ermənilərin qarşısında dəqiq hədəflər qoymuşdular. Mən o bölgədə – Tərtərin Seydimli kəndində doğulduğuma görə oraları yaxşı tanıyıram. Hündürlükdən üzüaşağı Tərtərə şəhərinə, Tərtərin bəzi kəndlərinə düşürsən, ordan hücuma keçirsən, təşviş yaradırsan, Bərdəyə, Bərdədən Yevlaxa keçirsən. Vəssəlam, Azərbaycan ikiyə bölündü.
Tapılan kağızlar, müxtəlif broşüralar təsdiq edir ki, ermənilər strateji hədəf kimi Yevlaxa çıxmağı və Azərabycanı ikiyə bölməyi qarşılarına məqsəd qoymuşdular. Amma Azərbaycan Ordusunda da əks-kəşfiyyat materialları var idi və ordumuz ciddi surətdə hazırlaşırdı. Mən hərbçi kimi danışmaq istəmirəm. Amma deməliyəm ki, Azərbaycan Ordusunda heç Rusiyada olmayan İsraildən alınan silahlar var idi. Azərbaycan Ordusu elit hissələri və həmin silahları işə salaraq qısa müddətdə ermənilərin hücum taktikasını pozdu.
Putin niyə susdu?! Putin bunu gözləmirdi. Putin Azərbaycan Ordusunun bu dərəcədə təkmil və hücuma meyilli olduğunu bilmirdi. Rus kəşfiyyatı Azərbaycan xüsusi təyinatlılarının potensialı haqqında heç bir məlumata malik deyildi. Putin İsraildən göndərilən silahların tam siyahısını da bilmirdi. Məsələn, bizim kamikadze-dronlar haqqında heç bir məlumatı yox idi. Müharibənin ilk günü erməni ordusunun hücumu dayandırıldı və ermənilər pərən-pərən salındı, qovhaqov başladı. Amma ermənilər bu haqda Putinə məlumat vermirdilər və ya erməni kəşfiyyatı hələ hadisələrin ümumi mənzərəsini yarada bilmədi.
Putin ayıldı. gördü ki, Dağlıq Qarabağ da gedir və erməni ordusu da panika içərisində Ermənistana tərəf qaçır. Belədə Putin hərbi əməliyyatları dayandırdı. Bizim qarşımızda duran əsas məsələlərdən biri Sərsəng su anbarını, su anbarının hidrotrubiinlərinin qoyulduğu Madagiz Su-Elektrik Stansiyasını götürmək və beləliklə, həm Dağlıq Qarabağın elektrik təchizatını kəsmək, həm də aran Qarabağın su təchizatını həyata keçirmək idi. Ora ciddi qorunurdu, onların xüsusi təyinatlıları da orda idi və hərbi əməliyyatların dayandırılması Sərsəng su anbarını və Madagiz SES-i mühasirəyə alıb ələ keçirməyə imkan vermədi. Oranı ələ keçirmək Dağlıq Qarabağı ələ keçirmək kimi bir şey olardı. Bax, bunu Putin qoymadı.
İlhamə Əbülfət: Ələ keçirə bilərdilərmi?
–Talış kəndi ələ keçirildi, mülki əhaliyə toxunulmadı, “köçün” komandası verildi. Madagizdən isə qaçdılar. Çünki orda mülki əhali yox idi. Orda hərbçilər idi. Onlar da qaçdılar. Bəzi məlumatlara görə, bizim xüsusi təyinatlılarımız hətta Xankəndinədək gedib qayıtmışdılar. Ağdərəyə də girmişdilər… Yalnız Ağdərənin çıxışında bir neçə tank və BTR var idi ki, onu da vurub dağıtmışdılar. Əhali-zad yoxdu... Demək, Mdagiz SES-i və Sərsəng su anbarını mühasirəyə alacaqdılar, Sərsəng də böyük ərazi deyil. Mingəçevir SES kimi dəniz deyil. Balaca göldü. Təxminən eni 5, uzunluğu 10 kilometr olar. Bizim ordu da Madagizi keçib getmişdi. Yəni, onların əsas komanda məntəqəsi Madagizdə idi. Birinci Madagizdəki komanda məntəqəsi kamikadze-dronla vuruldu. Orda bəlkə də onların bir neçə generalı, polkovniki həlak oldu. Ondan sonra panika içərisində ordu qərargahı bütünlüklə qaçıb getdi. Putinin əmri də təxminən o gecənin səhərinə təsadüf etdi. Oranı ələ keçirmək çətin deyildi.
Beləliklə, Sərsəng su anbarı və Madagiz SES bizdə olacaqdı. Bəlkə də deyəsəksiniz ki, Qabil bəy yaman asanlıqla danışır, amma ciddi “panika” yaranmışdı. Erməni tərəfdə it yiyəsini tanımırdı. Bizimkilər çox böyük ruh yüksəkliyi içərisində idilər. İlk dəfə idi ki, Azərbaycan Ordusunda bütün komandirlər əsgərdən öndə gedirdi.
Madagiz SES heç, Sərsəng su anbarı azad olunsaydı… Ağdamın azad olunan hissəsi, Bərdənin xeyli hissəsi suvarılmır, Tərtər tamamilə susuzdur, Goranboy, Yevlaxın az qala yarısı susuzdur. Bu hissələri suyla təmin edəcəkdik, ondan sonra süfrəmiz nemətlərlə dolub daşacaqdı. Aran Qarabağ Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 60 faizini verirdi. Hamısı məhsuldar qara torpaqlardır. Ermənilər indi suvarma üçün istifadə ediləcək suyu qış vaxtı, gecələr açıb buraxırlar. Su Tərtəri və kənardakı kəndləri yuyub aparır, yay vaxtı isə bir damcı su buraxmırlar. Oralar od tutub yanır…
Səxavət Həmid: Ermənistan tərəfi hücuma keçməklə hansı hədəflərə nail olmaq istəyirdi?
–Ola bilsin, Azərbaycan Ordusunun hazırlığı barədə məlumatlar almışdı. Rusiya kəşfiyyatı da müəyyən dərəcədə məlumatlı idi. Amma yetərincə yox… Eyni zamanda Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra Azərbaycan Ordusu mütəmadi təlimlər keçirir, yeni ordu hissələri üçün kazarmalar açılır. Rusiyadan da 5 milyard dollarlıq döyüş texnikası alındı. Bütün strateji yüksəkliklər ermənilərin əlində idi. Hələ hərbi əməliyyatlar başlamazdan öncə ermənilər 3,5 min metr hündürlüyü olan Talış dağından atəş açanda Bərdənin Daşkənd kəndinin mərkəzinə düşmüşdü. Yəni, mərminin uçuş trayektoriyası çox uzanırdı. Ermənilər hücum planı hazırlayırdılar.
Rusiya gözləyirdi ki, ermənilər hücum edib Yevlaxa çıxacaqlar. Ondan sonra qarşı tərəf Azərbaycana istənilən şərti diqtə edəcək. Putin gözünü açanda, ona çatan informasiyaların doğruluğu təsdiqlənəndə gördü ki, erməni ordusu darmadağın edilib və Azərbaycan Ordusu 21 kilometr irəliləyib.
Talış yüksəkliyi Naftalanadək davam edir. Ordan daim kəndlərimizi atəşə tuturdular. Kəndlərdə qorxu başlayırdı. İndi o təhlükə demək olar, 95-96 dərəcə sovuşub. Yəni, Ağdamın müəyyən kəndləri, Tərtərin böyük hissəsi, Goranboyun böyük ərazisi, o cümlədən Tapqaraqoyunlu kəndi təhlükəsiz zonaya çevrilib. Füzuli istiqamətində isə Lələtəpədə Horadiz üçün təhlükə aradan qaldırılıb. Cəbrayılın düz girişinədək bizim ordu gedib çıxmışdı. Düzdür, Füzulinin Cəbrayıla qədər olan kəndlərinin hamısı bizdədidr. Amma Füzulinin içərilərinə doğru olan kəndlər ermənilərdədir.
Qurban Yaquboğlu: Qabil bəy, sizcə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması bizə və digər ölkələrə nə vəd edir?
–Böyük Britaniya böyük bir yanlışlığa imza atdı. Elə ilk gündəcə funt-sterlinqin dəyəri 30 faiz aşağı düşdü. Avropa İttifaqından çıxış rəsmiləşdiriləcəksə, viza sistemi tətbiq ediləcəksə Britaniya Avropadakı bazarlarını da itirəcək. Bu, Britaniya üçün bumeranq effekti verəcək. Avropa İttifaqındakı aparıcı ölkələri itirmək elmi-texniki tərəqqinin nailiyyətlərindən məhrum olmaq deməkdir.
Bu prosesi alqışlayan bir dövlət görmədim. Hətta Çin də Britaniyanın bu addımını pislədi. Bu işi Mühafizəkarlar Partiyası təşkil etdi və miqrant axınını əsas götürdülər. Onsuz da İngiltərə 1918-ci ilədək dünyanın az qala yarısını müstəmləkə halına salmışdı. Ən böyük metropol idi. İndi həmin müstəmləkələrə azadlıq verib, amma onları Millətlər Biriliyinin üzvləri-dominion kimi öz təsir dairəsində saxlayır. Bu birliyin sədri kraliçadır. Təsəvvür edin, Kanadanın, Avstraliyanın general-qubernatorunun təyinatında kraliça II Yelizaveta iştirak edir.
Millətlər Birliyinə 53 dövlət daxildir. 53 dövlətin başında dayana bilirsən, yeri gələndə onlardan siyasi kömək, dividend əldə edə bilirsən, necə ola bilir, vaxtilə sənin müstəmləkən olan Hindistandan, Pakistandan, Banqladeşdən gələn miqrantları qəbul etmək istəmirsən?! Mən demirəm ki, miqrant axını yaxşı şeydir və bu, alqışlanmalıdır. Dünya siyasətinə çəki-düzən verin, onu bir qaydaya salın, dünyada aclığa, səfalətə töhfə verin miqrasiya problemi də minimum ensin. Ona görə də mən düşünürəm ki, dünyanın siyasi-iqtisadi inteqrasiyaya getdiyi bir vaxtda özünü qapatmaq, dünya ilə bütün qapıları bağlayıb, dünyadan təcrid olunmaq XX əsrin məntiqinə uyğun gəlmir. Bu dünyada gedən qlobal proseslərlə də qətiyyən uzlaşmır.
“SİYASİ ELMLƏRƏ ZƏRRƏCƏ HƏVƏSİM YOX İDİ...”
Qurban Yaquboğlu: Qabil bəy, tez-tez müsahibələr, açıqlamalar verirsiniz. Məni həmişə belə bir sual düşündürür; Azərbaycan politoloqlarınının məlumat mənbəyi varmı? Hardan məlumat alırsınız?
–Sözsüz, sahib olduğum baza, aldığın təhsil bu bu məsələdə böyük rol oynayır. AzTV-də siyasi verilişlər aparanda mənim 28 yaşım var idi. O zamandan siyasi biliklərə meyillənmişəm.
Qurban Yaquboğlu: Harda oxumuşunuz?
–Pedaqoji İnstitutun tarix fakültəsini bitirmişəm. Amma sonra fəlsəfə üzrə əyani aspiranturada oxumuşam. O zaman dialektik və tarixi materializm fəlsəfəsi adlanırdı. Həm namizədlik, həm də doktorluq üzrə fəlsəfədən müdafiə etmişəm. Professorluğum da fəlsəfədəndir. Politexnik İnstitutunda Fəlsəfə kafedrasının müdiri olmuşam. Ordan da bildiyiniz kimi dövlət müşaviri vəzifəsinə irəli çəkilmişəm.
Orta məktəbi qızıl medalla bitirmişəm. İnanın, mənim siyasi elmlərə zərrə qədər marağım olmayıb. Hüquq fakültəsinə imtahan vermişəm, bir “beş” almışam, amma bizi götürməyiblər. Çünki o zaman hər kateqoriya üçün yer ayrılırdı. Məsələn, iki “dörd”, iki “üç” qiymət alan girdi – çünki əsgərlikdən gəlmişdi – amma mən və mənim kimi qızıl medalla bitirmiş 8 nəfər girə bilmədi. Bizi də itirmədilər. Universitetin rektoru Faiq Bağırzadə Bakı ləhcəsi ilə dedi ki, alə, tapança atan olmaq istəyirsiz? Gedin coğrafiya, mexanika riyaziyyat fakültəsində oxuyun. Mən sizi yerləşdiririm, nə istəyirsiniz?
Dedik universitetin tarixinə yerləşdirə bilərsiz? Dedi yox, APİ-nin tarixinə yerləşdirə, ya da hamınızı universitetin hüquq fakültəsinin qiyabisinə yerləşdirə bilərəm. Ona da əsgərlik məsələsinə görə heç kim razı olmadı (gülür). Beləliklə, APİ-nin tarixinə getdim. Bundan sonra hər şeyi tale müəyyənləşdirdi. Siyasi elmləri seçdim. Mən institutda oxuyanda 3-cü kursdan Lenin təqaüdü almışam. Azərbaycanda ilk tələbəyəm ki, həm Azərbaycan komsomolunun 29-cu qurultayına, həm də ümumittifaq komsomolunun 27-ci qurultayına nümayəndə seçilmişəm. Həm də Moskvada Komsomolun Mərkəzi Komitəsinə üzv olmuşam. Təsəvvür edin, sonradan Azərbaycan DTK-sının şefi olan Vaqif Hüseynov da Mərkəzi Komitənin üzvü idi, mən də.
Qurban Yaquboğlu: Vaqif Hüseynovla şəxsi tanışlığınız oldu?
–Əlbəttə. Bakıdan gedəndə bir vaqonda getmişik, gələndə bir təyyarədə qayıtmışıq. Soyadlarımıza uyğun olaraq yerlər bölünürdü. Mehmanxanada bizim otaqlarımız üz-üzə idi. Hər gün görüşürdük., hal-əhval tuturduq. Mədəni bir insan idi. Axşamlar diskoteka təşkil edirdi. 10 gün Moskvada qaldıq.
Qurultay mənim taleyimdə həlledici rol oynadı. 1973-cü il idi. Fərhad Bədəlbəyli də o zaman konservatoriyanı bitirmişdi. Lissabonda keçirilən musiqi festivalında birinci yeri tutmuşdu. O da Azərbaycan komsomolunun qurultayında iştirak edirdi. Yenə deyirəm, qurultay mənim həyatımda mühüm rol oynadı. Qurultaydan qayıdıb gələndən sonra 12 institutdan Lenin təqaüdçülərini komsomolun mərkəzi komitəsinə çağırmışdılar. Orda üçüncü katib Lalə adlı xanım hamıdan məlumatları soruşdu. Bizim məlumatlarımız da onun masasının üzərində idi. Hamını yoxlayandan sonra mənə dedi ki, “Qabil Hüseynov sən qal, qalanları gedə bilər”. Bu da məncə telidir, bəxti gətirməkdir.
Mən demirəm ki, o birilərdən artıq idim. Amma bilmirəm, nə məsələdir. Məni apardı Vaqif Hüseynovun yanına. Başladılar rusca danışmağa. Mən də o zaman ruscanı yaxşı bilirdim. Yarım semestr ərzində biz rus dilini əməlli-başlı öyrənmişdik. Yoxsa oxumaq mümkün deyildi. Müəllimlər demişdi ki, yarım semestrə əgər rusca kitabdan oxumasanız “5” ala bilməyəcəksiz. Lalə xanım Vaqif Hüseynova rusca dedi ki, mən hamının məlumatlarını yoxlamışam, məncə, bu, daha çox uyğun gəlir. Vaqif Hüseynov da qayıtdı ki, uyğun gəlir, lap yaxşı. Moskvaya göndərəcəyimiz sənədləri hazırlayın. Çox diqqətli olun. Lalə xanım məni təbrik elədi, amma bilmirdim, nəyə görə təbrik edir.
Çölə çıxmışam, müəmma içərisindəyəm. Xanım da hələ demir, nə məsələdir. Dedi, siz bir sənəd dolduracaqsız, amma çox diqqətlə doldurmaq lazımdır. Sənədi oxudum, gördüm birində Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının qurultayının nümayəndə heyətinin üzvü yazılıb. Başqa bir sənəddə isə yazılıb ki, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin üzvü. Baş düşdüm ki, bunlar məni həm qurultay nümayəndəsi, həm də Mərkəzi Komitəsinin üzvü seçirlər. Qadın dedi, başa düşdün ki, səni hara seçirlər? Dedim, hə, başa düşdüm və minnətdarlığımı bildirirəm. Dedi, sən birinci tələbəsən ki, Moskvaya seçilirsən, qurultay nümayəndəsi bəlkə o qədər də vacib deyil, sən Mərkəzi Komitəyə üzv seçilirsən. Bizim ikinci katib Gennadi Orlov Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olacaq, amma sən üzv olursan.
Mən də cavan uşaq, 22 yaşım var, üçüncü kursda oxuyuram. Amma yenə də bu mənə çatmır. Nə isə, getdim qurultaya. Qurultay çox möhtəşəm keçdi. Kremlin sütunlu salonunda düzəldilmiş xüsusi yerdə Brejnevlə, Politbüronun digər üzvləri ilə şəkillər çəkdirmək...
Bakıya qayıdandan sonra institut komsomol komitəsininn katibi yanıma gəlib deyir ki, “Qabil müəllim, sabah Bakı Trikotaj Fabrikində çıxış edəcəksiniz”. Bir aylıq qrafik tutublar, o biri gün Bakı Maşənqayırma Zavodunda çıxış edəcəksiz. Qalmışam belə. Mən nəyəm, nə çıxış edəcəm. Deyir, qurultaydan, SSRİ-nin inkişafından-filandan... Mənim siyasi analitikliyimin, şərhlərlə çıxış etməyimin fundamenti o zamandan qoyuldu.
1975-ci ildə institutu bitirdkdən sonra əyani aspiranturaya girdim, amma buna baxmayaraq vəziyyətim pis oldu. Tələbə vaxtı 110 manat təqaüd alırdım. Onun 15 manatını evə veriridim, qalan hamısı cibimdə qalırdı. Hətta anama da pul göndərirdim. Birdən-birə aspiranturaya girdim, daha 70 manat alacaqdım. Onu da nə vaxt verəcəkləri bəlli deyil. İnstitutdan aldığım pullar qurtarmaq üzrədir. Evdən də bir qəpik pul göndərmək söhbəti yoxdur. Çox çətinliklə üzləşdim, birdən beynimə gəldi ki, gedirəm əsgərliyə. Yəni, çətinliklərdən canımı qurtarmaq üçün əsgərliyə getməyi qərara aldım. Fikirləşdim ki, hərbi komissarlıqdan desələr ki, əyani aspiranturada oxuyursan, əyanini qiyabiyə çevirəcəm. Pul yoxdu, acından ölməyəcəm ha. Cəmi 17 manatım vardı.
Getdim hərbi komissarlığa. Polkovnik rütbəli komissar mənə dedi ki, oğlum, sənin girdiyin aspiranturaya mənim oğlum 4 ildi çalışır, girəmmir. Girmisən, tale sənə yar olub, əsgərlikdə nə isin var? Dedim, bəs məninm ev tutmağa, yemək almağa pulum yoxdur. Dedi, mən 3 il ayda sənə 30 manat pul versəm, sənə bəs edər? Dedim bəs edər, amma mən onu almaram. Dedi, niyə? Dedim ona görə ki, mən indi başa düşdüm, Bakıda yaşamaq, müəyyən karyera qurmaq, özünü kişi kimi hiss etmək üçün mütləq evin olmalıdır. Mən Bakıda ev əldə etməyin yolunu hərbi xidmət keçməkdə görürəm. Zabit kimi gedib, işləyib qazanıb gətirib “naxalstroy”da da olsa, özümə ev alacam. Getdim hərbi xidmətə. Komissar məni inşaat balayonuna yazdı. Əsgərlikdən iki “naxalstroy”un pulunu gətirdim...
“HƏRBİ XİDMƏT ZAMANI ANLADIM Kİ, SOVET HÖKÜMƏTİ ÇÖKƏCƏK”
Qurban Yaquboğlu: Yəqin hərbi komissar sizi elə yerə göndərib ki, pul qazanasınız...
–Hərbi komissar köməkçisini çağırdı. Soruşdu, bizə hardan sifariş gəlib? Köməkçi dedi, Minskdən desant qoşunları üçün sifariş gəlib. Mən dərhal dedim gedirəm. Komissar qayıtdı ki, adə, hara gedirsən, birdən paraşüt açılmadı, gəldin kəlləmayallaq yerə. Nə isə, məni “stroybat”a göndərdi. Göndərdilər Vladivostoka. Bir ay Xabarovskda oxudum, leytenant rütbəsi aldım.
Bizim batalyonda rus millətçisi, mayor rütbəli bir qərargah rəisi var idi. Azərbaycanlılarla danışanda dərhal bağırırdı ki, Hüseynov, onlarla Azərbaycan dilində danışma. Rusca danış, qoy həmyerlilərin də rus dilini öyrənsinlər. Bir dəfə beynim qızdı, partiya iclasında bunun əleyhinə çıxış etdim. Dedim ki, azərbaycanlılar çirkli işlərdə işlədilir, bu sovet ordusudu, yoxsa çar ordusu?! Dedim bu mayor əsl millətçidir. Batalyon komandirinin sən demə anası rus, atası çeçenmiş. Çölə çıxanda qərarrgah rəsi dedi, yaxşı Hüseynov, mən sənə göstərərəm. Bunu batalyon komandiri eşitdi. Məni yanına çağırdı, qucaqlayıb öpdü. Dedi, sən ki, o əsl millətçinin cavabını verdin, mən sənlə fəxr edirəm. Halal olsun, amma sən bundan sonra burda qala bilməyəcəksən. Səni öldürə bilərlər, bunun adamları var.
Batalyon komandiri dedii, mən səni bunların əlindən qurtarmaq üçün bizim bir hərbi hissə var, ora ezamiyyətə göndərəcəm. Mən də getdim ora. 15 gün rahat işlədim. 15 gündən sonra telefonoqramma gəldi ki, partiya iclası keçiriləcək. Halbuki partiya iclasları ayda bir dəfə keçirilməlidir. Getdim iclasa. Bu qərargah rəisi millətçi mayor həm də batalyon üzrə partiya təşkilatının katibidir. Cari məsələnin müzakirəsi zamanı dedi ki, bizim Kamçatka vilayətindəki hərbi hissədə çox pis şərait yaranıb, kvalifikasiya olunmuş zabit çatışmır. Bizdən tələb olunur ki, həmin hərbi hissəyə kömək edək. Heç olmasa bir zabiti Kamçatka vilayətinə ezamiyyətə göndərməliyik. Orda da 57 dərəcdə şaxtadı. 3 gün də gəmi ilə dənizdə üzürsən. “Yoldaşlar, kimi məsləhət görüürsünüz” sualına dərhal bir nəfər yerdən məni ələ salaraq, istehza ilə cavab verdi ki, yoldaş Serevanov, bizim ən yaxşı, ən təcrübəli zabitimiz Hüseynovdur. Nəhayət, məsələ həll olundu, məni Kamçatka vilayətindəki Sakit Okean Donanmasına göndərdilər.
Amma ora getməyim yaxşı oldu. Çünki Vladivostokda olduğu kimi orda da maaşa əmsal hesablanırdı. Zabitin maaşı 430 rubl idi. Vladivostokda maaşın 30 faizi əmsal hesablanırdı. Yəni, 430-un 30 faizi həcmində üstünə pul gəlirdi. Kamçatkada isə əmsal 80 faiz idi. Mənə də pul lazım idi. Maaş oldu 600 rubla yaxın. Qazancla gəlib çıxdım Vətənə. Ev aldım, aspiranturanı bəra elədəm və oxudum.
Qurban Yaquboğlu: İndi hər gün oxuyursunuz?
–Mən xəstəliyə tutulmuşam... Evə gələn kimi yemək yemədən birinci kompüteri qoşmalıyam. Elə olur, kompüter açılanadək bir stəkan çay işməyə macal tapıram. Birinci Azərbaycanın əsas saytlarına baxıram. Sonra keçirəm Rusiya mətbuatına. Sonra sıra Türkiyə mətbuatına gəlir. Beləliklə, bəzən gecə saat 1-dək kompüterin arxasından qalxmıram. İnformasiya toplamasam şərh verə bilmərəm.
Düzdür, müəyyən baza var, 30 ildən çox televiziyada veriliş aparmışam. Həmin verilişi aparanda Sov.İKP-nin buraxdığı məxfi materiallar məcmuəsi olan “Qlobus”u Kirov adına Siyasi Maarif Evində oxumağa siyasi icmalçı kimi mənə icazə verirdilər. “Qlobus”u və bir də “DSP” deyilən – “Dlya Slujebnoqo Polzvaniya” materiaları oxuyurdum. Orda yazılan şeylər qəzetə çıxmırdı. Daha sonra hərbi xidmətdə olarkən xeyli məlumat, bilik yığdım. Məni Sakit Okean Donanmasının kitabxanasına buraxırdılar. O kitabxanada mən ilk dəfə internetin nə olduğunu öyrəndim. O zaman internet tək-tük yerlərdə var idi. Tele-tayp vasitəsilə Moskvada Siyasi Büronun iclaslarının məxfi stenoqramları daxil olurdu ki, onları oxuyurdum.
Sakit Okean Donanmasının yeni tikilən qərargahını gəzməyə də mənə icazə verirdilər. “Villis” ayırmışdılar, oranı bütünlüklə gəzdim, nələr inşa olunduğunu öz gözlərimlə gördüm. SSRİ-nin hərbi xərcləri barədə ən düzgün məlumatı o kitabxanadan aldım. Getdim oranı gördüm, tikintiyə çəkilən xərcərin miqdarı haqqında bir polkovnikdən məlumat aldım. Məni dəhşət bürüdü. Sonra SSRİ-nin sərhədləri necə qorunur, o barədə məlumat verdi. Belə gördüm ki, SSRİ-nin çökməsinin birinci səbəbi militaristləşmədir. SSRİ-nin milli gəlirlərinin 60 faizindən çoxu hərbə gedirdi... Anladım ki, bu hökumət çox davam gətirməyəcək.
Söhbəti yazdı: Səxavət HƏMİD