Teleqraf.com-un “Brifinq” layihəsinin budəfəki qonağı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanovdur.
İlhamə Əbülfət: Gülmalı müəllim, bir müddətdir təkcə Azərbaycanda, o cümlədən Bakıda yox, bütün dünyada iqlim anomaliyaları müşahidə edilir, hava kəskin soyuyur və möhkəm isti olur. Əslində nə baş verir?
-Artıq bütün dünya iqlim dəyişikliyi baş verdiyini qəbul edir. Bəzi alimlər deyir, bu, qlobal istiləşmədir, bəziləri deyir, qlobal soyumadır. Məsələn, bizim bir neçə alimlərimiz deyir ki, isti dövrü başa vurmuşuq, bundan sonra qlobal soyuma, kiçik buzlaşma dövrü gəlir. 16-17-ci əsrlərdə də bu hal baş vermişdi. Bəziləri hətta iddia edir ki, ümumiyyətlə şimal yarımkürəsi tamam buz altında qalacaq.
Beynəlxalq Hidrometeorologiya Təşkilatı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə birlikdə İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupu yaradıb. Bu qrup 1998-ci ildən işləyir. 2013-cü ildə qrupun 5-ci hesabatı çapdan çıxdı. Hesabat iqlim dəyişmələri təsirinin yumşaldılması, iqlim dəyişmələrinə uyğunlaşma, su, meşə və sair məsələləri əhatə edən 4 kitabdan ibarətdir. Hesab olunur ki, iqlim dəyişmələrinin əsas səbəb insan fəaliyyətidir.
Hesabatda göstərilir ki, Yerdə 2,29 Vt/ m2 enerji var. Bu enerji Yerdə qeyri-bərabər paylanır. Təbii, yer səthi hamar olmadığı üçün bu enerji bərabər paylana bilməz. Onun üçün böyük səhralarda qar yağa, şimal yarım kürəsinə yağış düşə bilər. Bütün bunların səbəbi enerjinin qeyri-bərabər paylanmasıdır.
Nərgiz Cavadzadə: Nə üçün bu proseslər son vaxtlar daha da güclənib?
-Troposferin üst qatında karbon, metan, hidroflorkarbon qazları var. Karbon qazının qlobal istilik vermə qabiliyyəti 1 səviyyədə qəbul edilir, metanda bu, 21-dir, azot-1oksidində 310, hidroflorkarbonlarda 1000-10000 arası dəyişir. Əgər atmosferə 1 ton hidroflorkarbon atılsa, onun qlobal istilik törətmə qabiliyyəti karbona nisbətən 10 min tona bərabərdir.
Bu qazlar həm də örtük rolunu oynayır. Onlar olmasaydı, Yerdə temperatur indikindən 20-250C aşağı olardı. Hazırda dünyanın hər yerində meşə sahələri qırılır, səhralaşma gedir, məhsuldarlıq azalır. Nəticədə Yerin yaşıl örtüyü zəifləyir. Halbuki Günəşdən gələn və qayıdan enerji bərabər olmalıdır. Yerdə artıq qalan istilik isə həm okeanların qızmasına sərf olunur, həm də Yerin səthini qızdırır. İndi həmin istilik Yerin quru sahələrinə daha çox istilik verir. Meşədə temperatur həmişə meşəlik olmayan əraziyə nisbətə 2 dərəcə aşağı olur. Meşələr qırıldıqca Yerdən atmosferə daha çox istilik ayrılır. Qazların konstrantasiyası daha da artdığı üçün bu istilik şüaları təzədən Yerə qayıdır.
Qurban Yaquboğlu: Bir təzadlı məsələyə münasibət bildirməyinizi istərdim. Neçə illərdir qlobal istiləşmə məsələsi gündəmə gəlib, amma bunun əksi baş verir. Dünya alimlərinin yekdil rəyi necədir: istiləşmə baş verir, yoxsa soyuma?
-Atmosferdə hava axınları istiqamətini, sürətini dəyişib. Elə bir proses baş verir ki, o, stabil deyil. Stasionar proses olanda onu modelləşdirmək də asan olur. Yoxsa nə baş verdiyi bilinmir. Ona görə, nə qlobal istiləşmə, nə qlobal soyuma var. Sadəcə Yerdə qalan artıq enerjinin qeyri-bərabər paylanması baş verir. Bu da okeanların qızmasına gətirir, buzlaqlar əriyir, Yerdən daha çox karbon qazı atmosferə qalxır. Yerin səthi daha quru olanda, daha çox istilik troposferə qalxır və qazların konsentrasiyası artdığı üçün bu istilik yenidən Yerə dönür və qeyri-bərabər paylanır. Nəticədə bir yerdə soyuq, başqa bir yerdə isti olur. Soyuq ərazilər daha soyuq, isti daha isti olur.
Əvvəllər isti və soyuq axın bir nöqtədə birləşəndə küləklər əmələ gəlirdi. Amma indi soyuq axınlar daha soyuq olur və daha isti axınlarla rastlaşır ki, bu da daha güclü küləklərin əsməsinə səbəb olur. Məsələn, Abşeron yarmadasını götürsən son illər küləkli günlərin sayı azalıb, Lənkəran zonasında isə əksinə, daha güclü küləklər müşahidə olunur. Rayonlarda küləklər istiqamətini daha çox dəyişir. Yəni indi hər bir şey dəyişir.
Bu baxımdan deyə bilmərik, biz qlobal istiləşməyə, yoxsa qlobal soyumaya gedirik. Biz qeyri-stasionar proseslərin dövründəyik. Biz enerjinin qeyri-bərabər paylandığı Yer kürəsindəyik. Yəni, burda nə desəniz baş verər...
Qurban Yaquboğlu: Alimlər iqlim dəyişmələrində antropogen amili mühüm hesab edir. Axı, insan amili heç də bu boyda qlobal vəziyyət yarada bilməz...
-Dolu bir vedrə su götürürsən, onu fırlatmağa başlayırsan. Doludursa onun içindən yerə heç nə tökülməyəcək, amma onun üzərinə damcı-damcı su əlavə olunsa, vedrə dolacaq və su qırağa töküləcək. Hər saniyədə 1 damcı su tökülsə günün sonunda o suyun yarısı yerdə olacaq. Çünki o vedrə artıq suyu tutmur.
Yerin də özünün bioloji, kütlə, enerji tutumu var. Enerji balansı odur ki, Günəşdən nə qədər enerji gəlirsə, Yerdən o qədər enerji qayıtmalıdır. Kütlə Yerdə nə qədərdirsə, həmin kütlə o qədər qalmalıdır. Yəni kütlə balansının qorunması vacibdir. Qorunmasa yerin firlanma dövrü azala bilər. İnsan fəaliyyəti isə bu balansın pozulmasına səbəb olur.
Qurban Yaquboğlu: Bu yaxınlarda AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı demişdi ki, Günəşdə də ləkələr azalıb. Yalnız işıq verir, istilik vermir...
-Qeyd elədyim kimi, 2,29 Vt/ m2 enerji Yerdə qalır. Günəşin aktivliyi hesabına artıq enerji 0, 05 Vt/ m2 edir. Ümumi təsirin beşdən bir hissəsi təbii amillərdir. Heç kim təbii amilləri inkar etmir. Onlar həmişə olub və var. Yer kürəsi qlobal buzlaşma və istiləşmə dövrlərindən keçib. Amma bir şey var: 1 dərəcə temperaturun artmasına bəzən min illər lazım olur.
Kiçik buzlaşma dövrləri olur. 16-17 əsrlərdə şimal yarımkürəsində müəyyən buzlaşma dövrü getdi. Günəş sistemi özü də sabit durmur. Məsələn, indi Günəş sistemi dolça bürcü ərazisinə keçir. O ərazilərin özünün də müəyyən təsiri var.
İqlimə kosmik təsirlər var, Günəşin təsiri var, okeanlar daha çox karbon qazı ayırır. Pinatubo vulkanı püskürəndə Günəş şüalarının qabağının kəsilməsi nəticəsində 2 il Yerdə ümumiyyətlə güclü soyuma getdi. Amma bir şey var ki, təbii proseslər dövrüdür. Bu proses Yerə imkan verir ki, o öz əvvəlki vəziyyətinə qayıda bilsin. Amma insan fəaliyyətinin təsiri hər an, hər saniyə, həm də davamlı ola bilər.
Düşünməliyik ki, biz insan olaraq Yer üçün nə edə bilərik? Öncə tökdüyümüz zibilləri yığışdırmalıyıq. Birincisi, təbiətə, Yerin özünə güclü təsir etmək iqtidarımız yoxdur və məlum deyil ki, Yerin ona cavabı nə olacaq. 1960-ci illərdə SSRİ-də belə bir fikir vardı ki, gəlin süni günəş yaradaq, qoyaq SSRİ-nin başı üzərinə, gecə-gündüz işıq olsun, məhsuldarlıq artsın. Bu ideya ilə ciddi şəkildə məşğul oldular. Proyektlər yazıldı, çoxlu pullar ayrıldı. Ancaq sonra gördülər ki, bu ideyanın hansı fəsadları olacaq, onu hesablamaq mümkün deyil.
Yaxud 1970-ci illərdə Xəzər dənizinin suyu azalmağa başladı. Alimlər dedilər ki, gəlin şimaldan çayları Xəzərə göndərək. Təsəvvür edin, o çayların ağzını dənizə döndərsəydlər, dənizin səviyyəsi qalxıb necə olacaqdı, nələr baş verərdi?.. Yəni təbiət hadisəsi olanda yer öz stasionar vəziyyətini qoruyub saxlaya bilir, amma ona əlavə müdaxilə edəndə qeyri-müəyyənlik ortaya çıxır. 65 milyon il bundan əvvəl indikindən 4 dəfə artıq Yerdə karbon qazı olub və o vaxt Yerdə yaşıl kütlə 10-20 dəfə indikindən artıq idi. Amma balans qorunub və Yerdə olan canlı orqanizmlər ona uyğunlaşa biliblər. Elə əsas məsələ uyğunlaşmadır.
İndi isə insanlar buna uyğunlaşa bilmir. Bunun səbəb havanın bir gün isti, bir gün soyuq olmasıdır. 10-15 dərəcə temperatur fərqləri əmələ gəlir. Əvvəllər belə şeylər yox idi. 2-3 ay isti olardı, sonra yavaş-yavaş soyumaya gedərdi və yaxud əksinə olardı. İnsanlar buna öyrəşirdi, proseslərdə məlum idi. Modellər də qurulurdu. Bilinirdi ki, hava mövsüm üzrə necə olacaq... İllik proqnoz vermək mümkün idi. Həmin proqnozlar doğrulurdu. İndi aylıq proqnoz 60-70 faizdən artıq özünü doğrulda bilmir.
Rəqsanə Həsənova: İqlim dəyişikliyi insan psixologiyasına necə təsir edir?
-Psixologiya tək iqlim dəyişikliyi təsir etmir. Ümumiyyətlə, gözlənilməz, təhlükəli, bədbəxt hadisələr insan psixologiyasına necə təsir edirsə, iqlim dəyişmələri də o cür təsir edir. Dünyada müxtəlif tip insanlar var. Məsələn, bu gün hava pis oldu, tufan baş verdi və sair bu kimi sözlər insanlarda qorxu hissi yaradır. Onların şüurunda dünyanın sonu çatdığı fikri oyanır. 2012-ci ilin 21 dekabr ilə bağlı kütləvi xof yaranmışdı. Eləcə iqlim dəyişməsi məsələsi də dünyanın axırı ilə bağlı təsəvvürləri aktivləşdirir.
Bəzi alimlər deyir ki, Yer günəşə yaxınlaşır, bir müddət sonra Yerdə həyat olmayacaq. Bu kimi fikirlər, rəylər çox güclü psixoloji təsirə malikdir. Onun da əks-effekti odur ki, son zamanlar xərçəng, ürək xəstəlikləri və intihar hadisələri artıb. Demək istədiyim odur ki, iqlimin dəyişəcəyini düşünən insanın psixologiyasında müəyyən dəyişikliklər yarana bilər.
Qurban Yaquboğlu: Gülmalı müəllim, bəs iqlim dəyişikliklərinin tektonik proseslərə təsiri varmı?
-İqlim dəyişikliyi ilə tektonik proseslərin birbaşa əlaqəsi yoxdur. Bir şey var ki, Günəş sistemində baş verən proseslər ümumi və vahid proseslərdir. Məsələn, Günəşin aktivliyi ilə Yerin nüvəsinin aktivliyi arasında müəyyən əlaqənin olduğu dəqiqdir. Fizikanın qanunlarına görə, bu iki nüvə arasında müəyyən əlaqələr var. Günəşin aktivliyi Yerin də aktivliyinə gətirib çıxara bilər. Nüvənin aktivliyi isə Yerdə zəlzələ ocaqlarının,vulkanların oyanmasına, eləcə də iqlim dəyişiklərinə müəyyən qədər təsir edir, əks-təsir isə baş vermir.
Bizim hesablamımıza görə, iqlim dəyişikliklərinə troposferin üst qatındakı istixana effektli qazlar təsir göstərir. O qazlar Yerin nüvəsinə heç cür təsir edə bilməz. Yerin nüvəsinin özünün birbaşa Günəşdən asılılığı var. Hətta deyirlər ki, gələcəkdə ikinci Günəş yarana bilər. Bütün Günəş sistemləri ikili sistemdir. Sadəcə olaraq bizim Günəş sistemdə təkdir. Onun üçün ikinci Günəşin olması fərziyyəsi ortaya çıxır. Yupiter planeti həmişə enerjini udur, qaytarmır. Ona görə də, gələcəkdə atomlar hərəkətə gələndə ikinci Günəş kimi planetləri öz ətrafında yığa bilər.
Ruslan Xəlil: Dində qiyamət günü ilə bağlı fikirlər var. Elmdə də Günəşin öz funksiyasını nə vaxtsa başa çatdıracağı və bununla da Yer kürəsində həyatın məhv olacağına dair fikirlər. Günəş öz funksiyasını nə zaman başa çatdıra bilər?
-3-4 milyard il sonra... İnsanlar qiyamət anlayışını düzgün başa düşmürlər. İnsanların məhvi hələ dünyanın məhvi deyil. Hər üç dini kitabda – Tövratda, İncildə, Quranda qiyamət təxminən eyni cür təsvir olunur. Orada yazılan sözləri birbaşa qəbul etmək olmaz.
Qurban Yaquboğlu: Dini mənbələrdə qiyamət, dünyanın axırı daha çox tektonik proses kimi nəzərə çarpır. Bu sual məni həmişə düşündürür: Quranda tektonik proseslərlə bağlı xəbərdarlıq olsa da, soyuqlaşma ilə bağlı heç bir xəbərdarlıq yoxdur. Bunun izahı varmı?
-Bəli, izahı var. Hər şey göründüyü kimi deyil, olduğu kimidir. Bu vaxta kimi bizə tarixin müəyyən hissəsini başa salıblar, izah ediblər. Tarixdə elə faktlar var ki, onlar gizlədilir və çalışırlar ki, heç kimə göstərməsinlər. Məsələn, sivilizasiyaların məhvi, yenidən yaranması, indiki kəşflərin, ixtiraların əvvəldən mövcud olması... Dini kitablarda Yer kürəsini suyun basması, daşqınlar təsvir olunub. Uzağa getməyək, 13 min 500 il bundan əvvəl yaranan sivilizasiya nədən diqqətdən kənarda qalsın.
Elmdə də müxtəlif fikirlər var. Deyilirlər ki, 65 milyon il bundan əvvəl körfəzlərin birində dalğa qalxıb, bütün okeanların suyu Yerin üzərinə gəlib, başqa nəzəriyyə görə isə Yer indikindən 304 dəfə daha sürətlə fırlanırmış və sair.
Dəqiq bildiyimiz odur ki, Yer kürəsində 2100-cü ilə qədər temperatur artımı davam edəcək. İngiltərədə İqlim mərkəzi var, onlar da bildirirlər ki, Qafqaz ərazisində orta temperatur 2 dərəcə qalxsa, Şimal Buzlu okean tərəfdə temperatur 6-7 dərəcəyə kimi arta bilər. Bu halda buzlaqlar əriyəcək, okean səviyyəsinin 1 metrə kimi qalxacaq. Ona görə də bütün dünya ölkələri razılaşıblar ki, Yerdə temperatur yüksəlişi 2 dərəcəni aşmasın. Çünki bu dərəcəni aşandan sonra artıq geriyə dönüş çox çətindir. Daha sonra elə bir qlobal soyuma gələ bilər ki, bütün canlılar məhv olar.
Rəqsanə Həsənova: İqlim dəyişikliyinin Azərbaycan üçün gələcək təhlükələri nələrdir?
-Azərbaycan coğrafi mövqeyi və yerləşdiyi ərazi elədir ki, burda qlobal proseslərlə müqayisədə lokal proseslər daha güclüdür. Burda həm Xəzər dənizi var, həm də Böyük və Kiçik Qafqaz sıra dağları... Böyük Qafqaz sıra dağları çox güclü şəkildə şimal axınlarının qarsısın alır. Xəzər dənizi də böyük bir su hövzəsidir, balaca bir Azərbaycanın ərazisindəki temperaturunu zəiflətmə qabiliyyətinə malikdir. Xəzər bir növ temperaturu tənzimləyir. Belə bir əlverişli coğrafi mühitin nəticəsidir ki, qədimlərdən bu ərazilərdə daim məskunlaşma olub.
Okean sahili ölkələrdə baş verə biləcək tufanların, çovğunların, sunamilərin bizim ölkəyə heç bir təsiri yoxdur. Kiçik ada dövlətləri suyun altında qalsa, Xəzər dənizin səviyyəsi qalxsa, onun su basdığı ərazi ancaq Kür-Araz ovalığı ola bilər.
Qədim xətirlərdə də göstərilir ki, Beşbarmaq dağının ətəyinə qədər ərazi vaxtilə suyun altında olub və bu, yenə təkrarlana bilir. Digər ərazilər heç cür suyun altına düşmür. Bir daha deyim ki, Azərbaycan ərazisini su basma təhlükəsi yoxdur. İqlim dəyişmələrinin Azərbaycan təsiri nəticəsində sadəcə qışda hava soyuqdursa daha soyuq, yayda əksinə olacaq. Yəni, proseslər intensivləşəcək. Əvvəllər Bakıda havanın temperaturu 42-45 dərəcədə 2-3 gün davam edirdisə, indi ola bilər bu temperatur 5 gün davam etsin. Abşeronda havanın maksimal temperaturu 42 dərəcədirsə, 43 ola bilər. Minimum temperatur 5-dirsə, 6-7 dərəcə ola bilər, külək rejimin dəyişir və bu gələcəkdə də davam edə bilər. Yağıntı normalarının da artması ehtimalı var.
Rəqsanə Həsənova: Bəzən olur ki, televiziya kanalları hidrometeoroloqların məlumatlarını tamaşaçıya səhv çatdırırlar. Bunun səbəbi nədir?
-Bir çox televiziya kanallarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ilə müqaviləsi yoxdur. Onlar Türkiyənin, Rusiyanın, Avropanın saytlarında qlobal şəkildə verilən məlumatı götürür, televiziyada yayırlar.
Azərbaycanda Hidrometeorologiya Departamentinin 66 məlumat stansiyası var. Türkiyə, Rusiya, Avropa hidrometeoroloqlarından metoqramlar alınıb. Hər saat hər ərazidə hansı hadisələr olacağı ölçülür, sonra məlumat verilir. Məlumat birinci dövlət orqanlarına çatdırılır, sonra kimin müqaviləsi varsa, onlara məlumat verilir.
Ruslan Xəlil: Ötən il dekabrın 4-də Xəzər dənizindəki güclü külək nəticəsində Günəşli neft yatağında yanğın baş verdi, SOCAR-ın işçiləri öldü. Hidrometeoroloqlar onlara xəbərdarlıq etmişdimi?
-Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ikin gün əvvəl qurumlara xəbərdarlıq göndərilmişdir. BP öz işçilərini dənizdən göndərmədi və onlarda heç bir problem baş vermədi. SOCAR isə xəbərdarlığa biganə yanaşdı. Düşündü ki, fəlakət keçib gedəcək. Keçdi getdi, amma insan ölümü ilə nəticələnməklə...
Qurban Yaquboğlu: NASA məlumat yaydı ki, bu il qış çox sərt keçəcək. Nə dərəcə düzgün məlumatdır?
-Bu il qış Amerika və Avropa üçün sərt keçə bilər. Bizim ölkəyə heç bir aidiyyəti yoxdur. Mən vaxtilə “Mir” kosmik stansiyasında Sankt-Peterburqda onlarla birgə seminar keçirdik. Deyirdilər ki, siz bizi azı 5 il qabaqlayırsız. Yəni onların səviyyəsinə bələdəm... NASA-nın proqnozun a o qədər də inanmaq lazım deyil. İndi bu cür proqnozların çoxu ya reklam xətrinə, ya məqsədli şəkildə verilir. NASA da əvvəlki NASA deyil.
Qurban Yaquboğlu: İqlim tarixi məlumdurmu? İqlim tarixi deyilən bir şey yazılırmı?
-İqlim tarixi yoxdur, amma Amerikada qlobal məlumatlar bazası var. Gündəlik stansiyaların məlumatları, kosmosdan ölçülər yığılır. Bir də palio-iqlim məsələsi var. Neçə il bundan əvvəl alimlər Antraktida buz parçalarını götürdülər və hər 100 illik üzrə karbon qazının miqdarı hesabına Yerdə temperaturun səviyyəsi ölçüldü.
Azərbaycan ərazisində il boyu hansı təhlükəli hadisə, anomal temperaturlar, güclü yağışlar olub, bu barədə bülleten dərc edilir. İqlim müşahidələri çox qədim dövrdən aparılmayıb. Müşahidələr 19-cu əsrin sonlarından başlayıb. Azərbaycanda 1861-90-cı illərdə Lənkəranda müşahidə stansiyası quraşdırılıb. Yəni qilim müşahidələrinin tarixi qədim deyil. Azərbaycanda ötən əsrin 70-ci illərindən bəri iqlim müşahidələri bir bazada birləşdirilib. Amma biz müqayisə üçün 1981-2010-cu illəri baza kimi götürürük.
İlhamə Əbülfət: Bəzən deyirlər ki, yaz və payız fəsilləri sıradan çıxacaq. Bu, mümkündürmü?
-Mümkün ola bilər, amma 2-10 mini bundan sonra. 2100-cü ilə kimi əlimizdə modellər, iqlimin dəyişmə ssenariləri var, cəmi 70 modeldir. Dünyanın iqtisadi inkişafı, quruluşu, siyasi dəyişmələr müxtəlif variantlarda hesablanıb və həmin modellərə daxil edilib. Orada belə bir ssenari yoxdur. Yer kürəsində iqlim qurşaqları var. Bir az onların sərhədləri dəyişə bilər. Ola bilsin ki, Azərbaycan gələcəkdə tropik və ya subtropik iqlim zonasında olsun. Təxminən, Lənkəran-Astara zonası kimi. Fəsillərin həmişəlik itməsi söhbəti yoxdur.
İlhamə Əbülfət: Dediniz ki, 2100-cü ilə kimi modellər hazırlanıb. Bəs o modellərdə hansı dəyişikliklər ola biləcəyi qeyd olunub?
-Orada 70 model, 150 ssenari var. Dünyanın aparıcı iqlim mərkəzləri hazırlayıb. Hər ssenari və modelə görə müxtəlif hadisələr gözlənir. Hər ölkə 2030-cu ilə qədər Paris razılaşmasını yerinə yetirərsə, 2050-ci ildə Yerdə temperatur 2 dərəcə yox, 3 dərəcəyə kimi arta bilər. Yerinə yetirməsə temperatur 3,5-4,5 dərəcəyə kimi qalxa bilər. Qərar qəbul olunub ki, Paris razılaşmasına qoşulan insanlar yenidən öz öhdəliklərinə baxsınlar və tullantıları azaltsınlar. Temperatur 2 dərəcəni aşmasa havanın dərəcəsində 10 dərəcə, yox 15 dərəcə fərq yarada bilər.
İnsanlara əsas təsir edən havanın kəskin dəyişmələrdir. Ola bilər, 1 il hansısa ərazidə bulaqlar qurusun, dağlarda buzlaqlar ərisin, çaylar yoxa çıxsın. Məsələn, Şamaxıda Ceyrankeçməz çayı var. Yəqin orada çay olub, amma indi çay adlı bir şey yoxdur.
Ümumiyyətlə, dünyanın ağıllı alimlərinin fikri odur ki, Yer kürəsinin təbii proseslərinə aşırı müdaxilə olunmasın. Çünki Yerin əks-reaksiyası daha güclü ola bilir və insan ona hazır deyil. Gələcəkdə bəlkə texnologiya o dərəcədə inkişaf edəcək ki, insan Yeri öz istədiyi formaya sala biləcək... İndi Yeri idarə eləmək qətiyyən mümkün deyil. Yerin öz gücü və təsiri var. Hər bir fiziki cisim tarazlıq vəziyyətindən çıxarılandan sonra öz əvvəlki vəziyyətinə qayıtmalıdır. Qayıda bilmədikdə təzə bir tarazlıq vəziyyəti yaradır və orda qalır. Yer hansı tarazlıq düşəcək və nələr baş verəcək, bunu bir Allah bilir.
Qurban Yaquboğlu: 30 ilə yaxındır Bakıda yaşayıram. Bakının təbiəti çox dəyişdirilib, yaşıllıqlar azalıb...
- Düzdür, Bakı o Bakı deyil. Ancaq köhnə Bakının ruhu hələ qalıb. Şəhərin genişləndirilməsi barədə model qurub onu daha gözəl etmək olardı. Amma vaxtilə Abşeron zonasında neft gölləri vardı, iydən boğulurduq. İndi onlar yoxdur. Gərək bunu da deyəsən... Vaxt gələcək Abşeron subtropik zona olacaq. Mən həmişə demişəm ki, bir iş görmədən əvvəl onun modelini qurmaq gərəkdir.
Abşeron quru səhra iqlimi idi, indi olacaq subtropik zona. Onda nə baş verəcək, hansı xəstəliklər əmələ gələcək? Bunları düşünmək lazımdır. Müəyyən ssenarilər qurulmalı, hesablanmalı və iş görülməlidir.
Abşeronda indi əkilən ağaclar böyüdükdə dənizin rütubətini udacaq və hava daha yumşaq olacaq, külək azalacaq. Bunu mütəxəssislər müxtəlif modellər qurub, həyata keçirməlidirlər.
İlhamə ƏBÜLFƏT
Foto Elçin MURAD