12 İyul 2014 11:54
6 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə "Brifinq"in qonağı tanınmış müğənni Səyyad Əlizadə oldu. Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla əlaqələrindən danışan S.Əlizadə deputatlıq iddiasında olduğunu söylədi. S.Əlizadə həmçinin onun metropoliten işçilərinə həsr etdiyi klipin məşhur "Gangnam style" mahnısı ilə remiks olunmasına münasibətini bildirdi. Bloqçu Mehman Hüseynovu məhkəməyə verməkdən imtina etməsinin səbəblərinə aydınlıq gətirdi.

Nərgiz Ehlamqızı: Səyyad bəy, indi Ramazan ayıdır, bəzi müğənnilərdən fərqli olaraq oruc tutmusunuz. Dinə bağlısınız?
- 4 ildir oruc tuturam. Bu, Allahın buyruğudur. Deyir namaz özün üçündür, amma oruc mənim üçündür. Əvvəllər düşünürdüm ki, bacarmaram. Amma sonra gördüm ki, tuta bilirəm. İnsanın içərisində elə bir sevinc hissi olur ki, onu sözlə ifadə etmək mümkün deyil, onu yaşamaq lazımdır. Qurani-Kərim o qədər mükəmməl kitabdır ki, bütün ədalət o kitabdadır. Mənim dinə münasibətim çox yaxşıdır.

"Mehmanın o cür tərbiyəsizliyi məni hiddətləndirdi"

Aytən Həsənova: Dinin bütün qaydalarına əməl edirsiniz?
- Namaz qılıram, oruc tuturam. Amma müqəddəs yerlərdə olmamışam. Allah nə vaxt qismət eləsə, gedəcəyəm. Qəlbində Allah xofu, imanı olan insan pislik eləyə bilməz. Hər insan nə edirsə, özünə edir.

Nərmin Muradova: Sizin sənətiniz də çətindir, yəqin, ayağınızdan dartanlar, yolunuzu kəsmək istəyənlər olub. O pisliklərə nə ilə qarşılıq verirsiniz?
- Mən əlimdən gələn qədər yaxşılıq eləməyə çalışmışam. Haqqımda pis danışan barəsində də yaxşı danışmışam. Bu, dəfələrlə olub. Mənim sənətimi bəyənməyən hansısa müğənni olub, onun barəmdə dediyini çatdırıblar, qayıtmışam ki, bu, onun seçimidir, mənsə onu bəyənirəm. Həmişə çalışmışam ki, çirkinlik içərisində gözəllik axtaram.

A.Həsənova: Bloqçu Mehman Hüseynov metropoliten işçilərinə həsr elədiyiniz mahnını "Gangnam style" ilə remiks etmişdi. Onu məhkəməyə verəcəyinizi demişdiniz...
- Məni əsəbləşdirən bilirsiniz, nə idi? Mən Azərbaycan jurnalistlərinin, fotoqraflarının zəhmətinə qiymət verməyi bacarıram və bu, mənim borcumdur. O boyda zəhmətimə Mehmanın o cür tərbiyəsizliyi məni hiddətləndirdi. Heç vaxt özümdən böyüyə hörmətsizlik etmərəm. Mənim vəkilim onu məhkəmə vermək üçün sənədlər hazırladı. Sonra düşündüm ki, bu da bir atanın, ananın övladıdır, yolunu azıb, bəlkə, nə vaxtsa düzələr. O mənada iddia ərizəsini özümdə saxladım. Mən gənclərimizə üz tutub deyirəm ki, heç kimin əziyyətinə hörmətsiz yanaşmayın. Çünki nə tökərsən aşına, o da çıxar qaşığına. Nə vaxtsa sən də yaşlanacaqsan. Səyyad Əlizadə Azərbaycan musiqisində müəyyən izə malik insandır. Sən nəyə görə onun gördüyü işə daş atırsan? Metropoliten işçiləri ən çətin şəraitdə işləyən insanlardır. Mən iki institut bitirmişəm. İxtisasımın biri körpü və tunellər üzrədir. Onların çətin əməyinə o mahnının hədiyyə eləmişəm. O vaxtki rəis Tağı Əhmədovun bundan xəbəri yox idi. Mehmanın klipə o cür yanaşmağına heç nə demirəm, sadəcə bildirmək istəyirəm ki, gərək insan belə tərbiyəsiz olmasın.

"Vəzifədən çıxandan sonra Tağı Əhmədovla daha tez-tez görüşürəm"

N.Ehlamqızı: İndi Tağı Əhmədovla görüşürsünüz?
- O, mənim dostumdur, istər vəzifədə olsun, istərsə də olmasın, gözəl insandır. Tağı Əhmədov əsl Azərbaycan kişisidir. İndi onunla daha tez-tez görüşürəm. Mən vəzifə adamları ilə tez-tez görüşməyi sevmirəm. Çünki düşünə bilərlər ki, nəsə təmənnam var. Mənim elə dostlarım var ki, dostluq edəndə vəzifədə deyildi, təzəlikcə vəzifəyə keçiblər. Münasibətlərim təmənnasız olub.

N.Ehlamqızı: Bəs hazırki rəis Zaur Hüseynovla münasibətləriniz var?
- Yox, şəxsən tanış deyilik. Bu gün o vəzifəyə layiq görülüb, təyin olunubsa, onun işinə hörmətim var. Metropoliten çox çətin sahədir. Orada balaca səhv böyük faciəyə gətirib çıxara bilər. Ona görə də bilirəm ki, Zaur müəllimin gecəsi-gündüzü yoxdur. Ona bu işdə uğurlar arzulayıram. Ölkə başçımız ona etimad göstərib, çox məsul vəzifədədir. Hər halda o da xalqımıza xidmət edir.

N.Muradova: Axırıncı dəfə nə vaxt metroya minmisiniz?
- Klip çəkilişində. İstəyərəm, xalq arasında olum, avtobusa da, metroya da minim. Amma insanların diqqətindən, məni barmaqla göstərmələrindən utanıram.

"Tağı Əhmədov əsl Azərbaycan kişisidir"

N.Muradova: Tanınandan sonra insanlardan uzaqlaşdınız?
- Yox, buna uzaqlaşmaq deməzdim. Bəzi adamlar onu barmaqla göstərəndə xoşuna gəlir. Mənsə bütün diqqət məndə olanda yerişimi də itirirəm, çox sıxılıram.

N.Ehlamqızı: Tağı Əhmədov jurnalistlərlə heç yola getmirdi. Tez-tez qalmaqallar yaşayırdı, amma onunla yaxın münasibəti olan sənət adamları çox tərifləyir...
- Qeyri-professional jurnalistlər məntiqsiz suallar verir, onsuz da işi gərgin işdir, o cür suallardan əsəbləşir. Tağı Əhmədov çox ürəyi təmiz insandır, hər kəsə də böyük hörmətlə yanaşır. Onun yerinə başqa adam olsaydı, mətbuat katibini jurnalistlərin qabağına göndərərdi, nə sualları varsa, cavab verərdi. Amma Tağı Əhmədov jurnalistlərə böyük sayğısından dolayı həmişə media işçilərinin qarşısına özü çıxır. Ona 1 dəqiqədə metrodan neçə nəfərin istifadə etdiyini soruşanda "Dayan orada, say" cavabını verməlidir də. Yaxşı cavabdır.

A.Həsənova: Bu, çox sərt cavab deyil?
- Bəlkə, onun yerinə olsam, mən də belə cavab verərdim (gülür). Vəzifə daşımaq çox çətindir. Mən o ağırlığı hiss edirəm. İcra başçısının da, nazirin də, komitə sədrinin də işi çətindir. Onların nə gecəsi var, nə də gündüzü. Çünki onlardan çox sorğular sorulur. Onlar həmişə gərgindirlər. Düzdür, yerində olmayan vəzifə adamları da var. Amma yavaş-yavaş hər şey öz yerini tapır. Bəli, işləyən adamın səhvi də olur.

N.Muradova: Sizə nə vaxtsa vəzifə təklif ediblər?
- Bilirsiniz, mən yaradıcı adamam. Sənət insanı çərçivəni sevmir.

"Heç vaxt sponsorum olmayıb"

N.Ehlamqızı: Nə işlə məşğulsunuz hazırda? Ramazanda toyların olmaması qazancınıza təsir edirmi?
- Mən qazancım barədə danışmağı xoşlamıram. Çalışıram ki, heç kimə möhtac olmayım. Ramazanda maddi qazancımız yoxdur, amma mənəvi qazancımızın yaradan qarşısında həddi-hüdudu yoxdur. Bu ayda əsasən ibadətimlə məşğulam. Bu ay yeni mahnı üzərində işləyirəm. Ola bilsin 2 klip çəkdik.

N.Muradova: Ayda neçə toyunuz olur?
- Vallah, onu saymamışam.

A.Həsənova: "Bəyaz gecələr" mahnısı yaradıcılığınızın ən hit, yaddaqalan mahnısıdır. Yeni mahnılarınız o səviyyədə olacaqmı?
- O, insana taleyin bəxşişidir. "Bəyaz gecələr" mənim həyatımdır. Orada "görüşdüm yarımla bulaq başında, ulduzlu gecədə ay işığında" misralarını yaşamışam. Sevdiyim qadınla yaşadığımı şeirə çevirmişik. Aylı gecəni bəyaz adlandırmışam. İdeya sırf mənə aiddir. Musiqisi Cabbar Musayevindir. O mahnını üçüncü dərəcəli mahnı kimi alboma saldıq. Albom "Gözlə gələcəyəm" adlanırdı. Kim bilə-bilərdi ki, "Bəyaz gecələr" bu dərəcədə sevilərdi. Aktyorlardan biri mahnı barədə belə analiz vermişdi. Uşaq o mahnıya qulaq asıb gələcəyini görür: Böyüyəcəyəm, mən də bir qız sevəcəyəm, onunla görüşəcəyəm. Gənclər bilavasitə o hissləri yaşayır, yaşlı nəsil isə gəncliyini yada salır. Həqiqətən də, həyatdan götürülmüş mahnı bu qədər sevildi. "Bəyaz gecələr" mahnısını 30-dan çox dünya müğənnisi azərbaycanca oxuyub. Bu, Azərbaycan musiqisinin qələbəsidir.

N.Ehlamqızı: Adətən, bulaq rayon yerlərində olur. Mahnı yazılanda evli idiniz?
- Öz rayonumuzda, Füzuli rayonunun Şıxbaba kəndində elə aylı gecələr olurdu ki. Bədii ədəbiyyatda, nağılda, mahnıda bənzətmə var. Mən onu bəyaz gecə adlandırmışam. Bu iki ifadə də bir-birinə əks şeylərdir, insanlarda maraq yaradıb. Biz 1987-ci ildə ailə qurmuşuq.

N.Muradova: O mahnını neçə yaşında yazmısınız?
- O mahnını 1993-cü ildə yazmışıq. Haradasa 32 yaşım vardı.

N.Muradova: Bəs o qıza nə oldu?
- Qız mənim həyat yoldaşımdır da. O mahnı sanki taleyimə Allahın bir lütfüdür.

N.Muradova: Bütün toylarda o mahnını oxuyursunuz?
- Oxumasam da, istəyirlər. "Bəyaz gecələr" deyən kimi mən yada düşürəm. Bizim bəzi populyar müğənnilər var ki, toyun yarım saatına 10 min manat alır. Amma düşünürsən ki, bu nə yaradıb ki?

"Toy sahibi gəlib tapşırdı ki, "Maral" mahnısını oxumayın"

A.Həsənova: Bəs Nadir Qafarzadənin "Maral" mahnısını eşitmişiniz? Ona münasibətiniz necədir?
- Çox normaldır. Ona əziyyət çəkilib.

N.Ehlamqızı: Sizdən xahiş edəndn o mahnını oxuyursunuz?
- Sözün düzü, mənə o mahnını sifariş etməyiblər. Çünki getdiyim məclisdə mənim mahnılarımı istəyirlər. Təsadüfən yarım saatlıq toya dəvət almışdıq. Toya 4-5 dəqiqə tez getmişdim. Toy sahibi gəlib tapşırdı ki, "Maral" mahnısını oxumayın. Belə şeylər də olur.

N.Muradova: Toylarda bəs öz mahnılarınızdan başqa kimlərin mahnılarını oxuyursunuz?
- Məmmədbğır Bağırzadə, Niyaməddin Musayev, Cabbar Musayev, Hikmət Aslanovun mahnılarını ifa edirəm. "Ay uçan quşlar" mahnısını çox sevdiyim sənətkar Baloğlan Əşrəfov oxuyur. Amma mən o mahnını heç vaxt oxuya bilməmişəm. O mahnı məndə alınmır. Ona görə də oxumuram.

"Səməd Səmədov Qurban Primovu tanımaya bilməz"

A.Həsənova: Səməd Səmədov verilişlərin birində məşhur tarzən Qurban Pirimovu tanımadığını söyləyib. Hətta deyib ki, heç itlərimin adını yadımda saxlaya bilmirəm. Sənətçilərin bu cür açıqlamalarına necə baxırsınız?
- Səməd Səmədov özünəməxsus sənətkardır, Azərbaycanın xalq artistidir. O, Qurban Pirimovu tanımaya bilməz. Məncə, Səmədi qarşı jurnalistlər nəsə qurublar. Qurban Pirimovu kim tanımır ki?

A.Həsənova: Reaksiyasından göründü ki, tanımır...
- Orda olmamışıq axı. Süjeti elə montaj edib, quraşdırırlar ki, elə görünür. Jurnalist qalmaqal yaratmamalıdır. Jurnalist yarada bilər, gərək bizim sənətçilər ona getməsin. İndi efirlər açıqdır, bizə o qədər ölkələrdən baxırlar ki. Bu günlərdə Qədir Qızılsəslə Cavad Rəcəbovun davasını eşitdim. Yaraşmır axı. Hər ikisinə böyük hörmətim var, onlar Azərbaycan musiqisində mövqe tutmuş sənətkarlardır.

N.Ehlamqızı: Onların mübahisəsi "salam" verməyin üstündə olub. Müğənnilər bir-birindən birinci salamlaşmağa görə az qala davaya çıxırlar...
- Mən elə şeyi problem eləmirəm. Mən gəlmişəmsə, "salam" verirəm. İçəri girib salam verməyənlə özüm salamlaşıram, qoy həmin adam utansın.

N.Muradova: Salamlaşmağın üstündə çox qalmaqallar olur. Konsertdə birinci oxumaq və konserti bağlamaq problemi var. Buna necə baxırsınız?
- Məndən böyük sənətkarın yanında danışa bilmərəm. Gərək gənclərdə tərbiyə olsun. Elə olub ki, tələsmişəm, amma Baloğlan Əşrəfov da gəlib. Mən necə deyə bilərəm ki, Baloğlandan tez oxumalıyam? Ayıbdır axı. İlhamə Quliyeva böyük sənətkardır, onun yanında necə demək olar ki, mən birinci oxuyum. O, desə ki oxu, oxuyaram, oxuma desə, oxumaram. Böyük sənətkarın belə şeylərə reaksiya verməsini başa düşmürəm.

N.Muradova: Toyda fonoqramla oxuyanlar da var. Mən toyların birində Səidə Dadaşovanın fonoqram oxuduğunun şahidi oldum. Toyda fonoqram oxumaq doğrudur?
- Səidə Dadaşova yaxşı oxuyandır. O, toya gəlir, musiqiçilərin səviyyəsi bir o qədər yüksək deyil. Onun oxuyacağı mahnıları musiqiçilər yaxşı ifa edə bilmirlər. Bu da gəlib yarım saat oxuyacaq, kamera da çəkir. Toy musiqiçiləri ilə elə biabırçı bir şey alınır ki. Toy kasetinə baxan deyəcək ki, bu qız nə oxuyur belə? Ona görə də məcburdur ki, fonoqram oxusun.

"Toyda fonoqramla oxuyanlara pis baxmıram"

N.Ehlamqızı: Sizin özünüz də toylarda fonoqram oxuyursunuz?
- Mən toya yarım saat oxumaq üçün getmirəm. Mənim 3 mahnıdan ibarət "minus"um var. "Minus"la mahnı oxuyuram, sonra artıq elə ümumi şeylər oxuyuram ki, musiqiçilər bilsin, həm də toya aidiyyatı olsun. Təbii ki, mənim təcrübəm Səidə Dadaşovada yoxdur axı. Amma yenə də deyirəm, fonoqramla oxuyanlara da pis baxmıram. İndi bizim məclislərin dadı-duzu qaçıb. Restoranlar aləmi bir-birinə qatıb. Məsələn, siz toy sahibisiniz, Ağadadaş Ağayevin ifasını istəyirsiniz, amma restoranın yiyəsi qayıdır ki, neynirsən Ağadadaşı, ona verdiyin pula 10 müğənni dəvət edərəm. Amma 10 müğənni Ağadadaşın 1 dırnağına dəymir axı. Ağadadaş Ağayev öz ansamblı ilə gəlib toyu yüksək səviyyədə idarə edər də.

N.Ehlamqızı: Elə restoranlar var ki, qarşısında afişanız var, hər gün oxuyursunuz?
- Elələri var ki, mənim şəklimi qoyduqlarından xəbərim yoxdur. Bir restoran sahibinə iradımı bildirdim. O da qayıtdı ki, biz sizə inandıq ki, bizə heç nə deməyəcəksiniz, sizin afişanız çörəyimizə təsir edir.

N.Muradova: Təşkilatçılarla işləyirsiniz, yoxsa insanlar toy məclislərinə özləri dəvət edirlər?
- Əsasən insanlar özləri məni tapır. Bir də bir-iki dostumun öz restoranı var, toy sahibi gəlib deyəndə ki Səyyad Əlizadəni istəyirəm. Vaxtım olursa, gedirəm.

Cəvahir Səlimqızı: Adınız qalmaqallarda az hallanır. Bunu qoruyub saxlamaq çətindir?
- Həyatda asan nə var ki? Çalışmışam ki, heç kimin bostanına daş atmayım. Mənim bostanıma daş atanlar olub, ona reaksiyam bu olub ki, eybi yox, canı sağ olsun. Zəng ediblər ki, filankəs dalınızca belə danışıb, demişəm ki, "əcəb eləyib deyib". Söz-söhbət yaranmasın deyə belə söyləmişəm.

N.Muradova: Jurnalist bir tərəf söz deyəndə qarşı tərəfin fikrini öyrənməlidir. Sizin mövqeyini öyrənməsə, qərəzlilikdə suçlayacaqsınız...Olubmu özünüz həmin adama zəng edib məsələni aydınlaşdırasınız?
- Yox. Deyib, deyib də. Daha üstünə düşməmişəm.

C.Səlimqızı: Televiziya proqramı olubmu ki, Sizi çağırıblar, amma dəvəti qəbul etməmisiniz...
- Bəli. Televiziyalardakı qonaqlıq verilişlərində özümü görmürəm. Yemək bişirə bilmirəm, bu, mənim işim deyil. Deyirəm, buyurun gedək, at çapaq, güllə ataq. Kişi işləri məni maraqlandırır.

C.Səlimqızı: Ailənizi də efirlərdə görməmişik. Bu, özünüzün birbaşa qadağanızdır?
- Mən evimdə çəkiliş istəmirəm. Qadağa deyil, sadəcə ailəmin efirdə görünməsini istəmirəm. Bəzi proqramlarda bağ evimizi kənardan çəkiblər. Amma mən göstərişləri sevmirəm.

N.Ehlamqızı: Xanımınız evdar qadındır?
- Yox, çalışır, mühasibdir.

"Bəyaz gecələr" xanımımla yaşadığımızı əks etdirir"

N.Muradova: Necə tanış olmusunuz?
- Bu yaxınlarda bir xəbər eşitdim, 14 yaşında bir qız oğlanla qaçıb, bir video da çəkib efirə veriblər. Dəhşətə gəlirəm ki, bunlar sanki heç nə düşünmürlər. Mən institutu qurtardım, məni göndərdilər, Kiyevdə yaşadım. Hətta bir rusla evlənmək istəyirdim, anam dedi ki, "olmaz!" Mən də fikirləşdim ki, anam deyirsə, deməli, olmaz. Sonra anam dedi ki, çıx gəl Bakıya. Mən atamı tez itirmişəm. Anam bizi böyük əzab-əziyyətlə böyüdüb. Çıxdım gəldim bura. Dedi ki, evlənmək lazımdır, bir qız tap, evlən. Fikirləşdim ki, sevməsəm, necə evlənə bilərəm? Dedi, yox, sən filankəsin qızını alarsan. Qız da Naxçıvanda oxuyurdu. Mən də ərköyün olmuşam. Qızlar həmişə arxamca qaçıblar. Orta məktəbdə oxuyanda da, institutda da həmişə səhnədə olmuşam, qızlara o qədər də fikir verməmişəm. Anam qayıtdı ki, qızla telefonla danış. O vaxtlar da indiki kimi deyildi ki, istədiyin adamla danışasan, "pereqavor verirdin, iki-üç gündən sonra teleqram gedirdi. Mən də zəng elədim, qız da soruşdu ki, kimdir? Adımı dedim, məni tanıyırdı, çünki o vaxt efirlərdə olurdum. Bu da bilirdi ki, Əşrəf kişinin oğlu filankəsəm. Dedi ki, siz kimsiniz ki, mənə zəng edirsiniz? Mən də onun bu sözünə çox əsəbləşdim. Naxçıvanlı dostum vardı, əsəbimdən Naxçıvana getdim, onu orada tapdım. Qızı çağırtdırmışam, gəlib, məni gördü, gələcəyimi gözləmirdi axı.
Mən də coşmuşam, başlamışam ki, sən kimsən mənə belə cavab verirsən, mən heç səni tanımıram (gülür). Gəlirsən mənə gəl, gəlmirsən, heç səni tanımıram, anamın xahişi ilə sənə zəng etmişdim. Bu qız başını qaldırıb bir kəlmə demədi. Dostum da qayıtdı ki, sən camaatın qızının üstünə niyə qışqırırsan. Özlüyümdə fikirləşdim ki, bu, yaxşı qızdır. Gözəl, uzun saçlı qız idi. Xəyalımdakı qadın idi. Sonra bir-birimizi sevdik. Atasıgil də onu başqasına vermək istəyirdi.

N.Muradova: "Bəyaz gecələr" kədərdən yazılıb?
- Yox.

C.Səlimqızı: Olmaya xanımınızı götürüb qaçmısınız?
- Mən qızı götürüb qaçmağın əleyhinəyəm. Götürüb qaçmaq qıza da, qızın valideynlərinə də hörmətsizlikdir. Sabah götürüb qaçan da atadır, onun övladını götürüb qaçsalar, necə olar? Qız da atasıgilə dedi ki, filankəslə ailə həyatı qurmaq istəyirəm. Sonra valideynləri razılıq verdilər.

Aygün İlqarqızı: Futbola marağınız var?
- Mənim futboldan birinci dərəcəm var. Sağ kənar hücumçusu olmuşam, 11 nömrə oynamışam.

A.İlqarqızı: Məhəllə futbolunda necə oynamısınız?
- Məhəllə futbolunda da oynamışam, orta məktəbdə bizim komanda rayon birincisi olub. Əsgərlikdə Ukraynada 1-ci dərəcəni veriblər.

A.İlqarqızı: Bəs dünya çempionatına baxırsınız?
- Çempionat məni yuxusuz qoyub.

"Almaniyanın qalib gəlməsini istəyirəm"

A.İlqarqızı: Hansı komandaya azarkeşlik edirsiniz?
- Düşünürəm ki, bizə Avropa ölkələri yaxındır. Almaniyanın qalib gəlməsini istəyirəm. Braziliyanın heç udmasını istəmirdim. Məncə, Argentina Almaniyadan zəifdir, elə Almaniya çempion olacaq.

A.İlqarqızı: Hansı komanda Sizi təəccübləndirdi?
- Kosta-Rika, Meksika komandasının oyunlarını bəyəndim. Meksika, Çilinin qapıçıları çox gözəl oynayırdı.

A.İlqarqızı: Sizinlə bərabər kimsə evdə mundialı izləyir?
- Oğlum Atabəylə birgə baxırıq.

N.Muradova: Nə əcəb Braziliyaya gedib canlı izləmirsiniz?
- Oruc tuturam deyə.

N.Ehlamqızı: Çox müğənni öz övladlarının adına mahnı ifa edir. Buna necə baxırsınız?
- Mənim özüm də övladlarıma mahnı yazmışam. Qızım Şəhla üçün "Bəyaz gecələr" albomunda "Şəhla" mahnısı gedib, ona klip də çəkilib. Oğlum 5 yaşından deyir ki, mənim mahnım hanı? İndi 9 yaşı var, hələ mahnı hazır deyil.

N.Ehlamqızı: Müğənninin ailə üzvlərinin hər birinə mahnı yazması nə dərəcədə doğrudur?
- Övlad o qədər şirindir ki, insan həyatını "uf" demədən verər.

"Deputat olmaq istəyərəm"

A.İlqarqızı: Olubmu oğlunuzla rəqib komandalarının azarkeşi olasınız?
- Yox, o, mənim fikrimlə çox vaxt razılaşır, mən kimə azarkeşlik edirəmsə, o da onun tərəfkeşi olur. Təzəlikcə özü də deyir ki, məni futbola yazdır. Mən özüm idmanı çox sevirəm. Mən ona da deyirəm ki, harada olursan ol, birincilərdən ol.

N.Ehlamqızı: Bəs siyasətlə aranız necədir?
- Siyasəti izləyirəm, amma siyasətə qarışmıram.

N.Ehlamqızı: 2015-ci il parlament seçkiləri ilidir. Özünüz deputatlıq iddiasında ola bilərsiniz?
- Niyə olmuram ki. Öz də mən ədalətli millət vəkili olaram. Amma gərək onda yaradıcılıqdan uzaqlaşasan. Özüm 2 institut qurtarmışam, ixtisaslarıma uyğun da çalışa bilərdim. Amma yaradıcılığa üstünlük verdim. Həyatı bilmək olmaz, gələcəkdə ola bilər ki, deputat oldum. Bizim dünya şöhrətli böyük sənətkarımız Zeynəb xanım Xanlarova neçə ildir deputatdır. Xalqa xidmət edir.

"Bahar Muradova ilə cəbhə bölgəsində əsgərlərlə görüşdə olmuşuq"

N.E: Füzulinin deputatı Bahar Muradovadır. Təmasınız olubmu?
- Mənim Bahar xanımla şəxsi münasibətim var. Öz işini çox ədalətlə görən insandır. Deputatların da həyatı çox gərgindir. Bu yaxınlarda Bakıda beynəlxalq forumlar keçirildi. Bahar xanımla cəbhə bölgəsində əsgərlərlə görüşdə olmuşuq. Deputatlarımız işləyir, çünki ölkə rəhbərimiz gərgin işləyir. O da nəzarət edir. Düzdür, yerində olmayan adamlar var, bunlar aydın məsələdir. Bunun düzəlməsi zaman tələb edir.

N.E: Müxalifət liderlərindən kimi tanıyırsınız?
- Qəzetlərdən, saytlardan siz necə tanıyırsınız, mən də elə tanıyıram. Elə bir situasiya olmayıb ki, onlarla görüşəm. Mən siyasətə qarışan adam deyiləm. Bu gün Azərbaycandakı durum məni qane edir. İraq, Suriya, İranda, Türkiyədə gedən prosesləri izləyirik. Türkiyədən bir qonağım vardı. Məndən soruşdu ki, gecə saat 12-də küçəyə çıxa bilərəm? Dedim, başa düşmədim, nəsə olub? Qayıtdı ki, heç nə olmaz ki? Deyir, bizdə saat 23.00-dan sonra sən müəyyən yerlər var ki, orada küçəyə çıxa bilməzsən. Dedim, qardaş, sən 24 saat hara istəyirsən, get. Bu, özü böyük xoşbəxtlikdir.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif: