25 Aprel 2014 11:23
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mehman Cavadoğlu: “ADP siyasi kursunda dəyişikliklər etsə, əməkdaşlıq mümkün ola bilər”

“Sərdar Cəlaloğlunun dedikləri qeyri-ciddidir”

Suallarımızı Müsavat Partiyasının başqanının ictimaiyyətlə əlaqələr üzrə müavini Mehman Cavadoğlu cavablandırıb. O, əsasən müxalifət daxili münasibətlərdən, ADP sədri Sərdar Cəlaloğlunun AXCP və Müsavata qarşı irəli sürdüyü ittihamlara, Ümid Partiyasının müxalifət haqqında dediyi fikirlərə münasibət bildirib. Eləcə də, müxalifətin toparlanması, bələdiyyə seçkilərində iştirak, Milli Şura ilə münasibətlərin qurulması və digər mövzularda danışıb.

- Mehman bəy, Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra müxalifətdə olan partiyalarla münasibətləriniz niyə gərgin olaraq qalır?

- Partiyamızın Milli Şuradan getməsi normal siyasi proses idi. Nəzərə alın ki, Milli Şura seçkidən əvvəl yaranmışdı və seçkiyə hesablanmışdı. Seçki bitdikdən sonra da belə olmalı idi. Əslində seçki öncəsi siyasi qüvvələrin birləşərək prosesə qatılması və seçkidən sonra ayrılması bütün dünyada normal siyasi proses hesab olunur. İndiki mərhələ yenidir və təbii ki, biz müxalifət düşərgəsində yeni əməkdaşlığın formaları istiqamətində siyasi partiyalarla məsləhətləşmələr aparırıq. Şübhəsiz ki, zamanı çatanda bu məsləhətləşmələrin nəticəsi bəlli olacaq.

- Yeni mərhələ nədən ibarətdir?

- Prezident seçkiləri artıq başa çatıb və seçkidən sonrakı mərhələ yeni siyasi mərhələdir. İndi partiyalar tədbirlər keçirir. Qarşıdan bələdiyyə, daha sonra parlament seçkiləri gəlir. Fikrimcə, hədəf olaraq bu seçkiləri götürüb, müəyyən qüvvələrlə məsləhətləşmələr və müzakirələr aparılacaq. Ancaq bunun hansı səviyyədə baş tutacağını zaman göstərəcək.

- Milli Şurada olan siyasi partiyalarla Müsavatın əməkdaşlığı mümkündürmü?

- Hər şey mümkündür. Siyasətdə müəyyən dövrlərdə birliklər və aralanmalar ola bilir. Milli Şurada təmsil olunan qüvvələr müxtəlif zamanlarda əməkdaşlıq ediblər, sonradan bu əməkdaşlıq dayanıb və müəyyən müddətdən sonra bu əməkdaşlığın yeni formatları tapılaraq davam etdirilib. Odur ki, mən Milli Şurada olan qüvvələrlə əməkdaşlığı mümkün variant hesab edirəm.

- İqbal Ağazadə deyir ki, AXCP və Müsavatın bələdiyyə seçkilərində namizədliyini irəli sürəcək adamı yoxdur. Onun fikrincə, bu partiyalar birlikdə parlament seçkilərində 125 namizəd tapa bilirlər, amma bələdiyyə seçkilərində 17 min namizəd irəli sürməyə yox...

- İqbal bəy siyasi gerçəkləri müəyyən mənada təhrif edir. Çünki Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirak etmək üçün kifayət qədər resursu və potensialı mövcuddur. Ötən seçkilərdə də Müsavat Partiyası kifayət qədər namizəd irəli sürmüşdü. Amma bu namizədlərin bir qismi qeydə alınmadı, bir qismi isə bəlli səbəblərdən sonda namizədliklərini geri götürməyə məcbur oldu. Bu haqda həm mətbuatda məlumat verilib, həm də seçkilərlə bağlı bizim yekun rəyimizdə qeyd olunub.

- İqbal Ağazadə bildirir ki, son bələdiyyə seçkilərində Müsavat 900, AXCP 153, Ümid Partiyası isə 3154 namizəd irəli sürüb. Bu rəqəmlərə istinad edərək belə nəticəyə gəlmək olarmı ki, ən böyük təşkilat Ümid Partiyasıdır?

- Əslində bu suala cavab verdim. Qeyd etdim ki, bizim namizədlərin bir qismi qeydə alınmayıb. Ümid Partiyasına belə situasiyalarda yaşıl işıq yandırılır. Başqa sözlə, onların bu tip problemləri olmur.

- ADP sədri Sərdar Cəlaloğlu deyir ki, müxalifəti bir araya gətirərək Ukrayna hadisələrini, Azərbaycanda demokratikləşmə mövzusunu müzakirə etməyə cəhdlər ediblər, amma müxalifət qüvvələri bir araya gələ bilmir. Sizcə, səbəb nədir?

- Əgər onun fikirləri son vaxtlara aiddirsə, hesab edirəm ki, Milli Şuradan sonra bir qədər zamana ehtiyac var idi. Başqa dövrləri nəzərdə tutursa, qeyd edim ki, Azərbaycan müxalifəti kifayət qədər birlik nümayiş etdirib və bu dəfələrlə ortaya qoyulub. Yəni müxalifətin siyasi arsenalında birlik nümunələri kifayət qədər çox olub. Gələcək də bu kimi birliklər olacaq. Ancaq ola bilsin ki, indi müəyyən problemlər mövcuddur və zamanla bu da həll ediləcək.

- Sərdar Cəlaloğlunun təklifini müxalifətin sadəcə rədd etməsi ehtimalı ola bilərmi?

- Hər bir təklifin səmərəliyinə görə onu qiymətləndiririk. Əgər zərurət yaranarsa və ümumilikdə demokratiyaya töhfə verən təklif olarsa, bu zaman Müsavat həmin təklifi müzakirə edə bilər.

- ADP ilə münasibətləriniz hansı səviyyədədir?

- Hələlik arzuolunan səviyyədə deyil. Ola bilsin gələcək də ADP siyasi kursunda müəyyən yeniliklər və dəyişikliklərə gedərsə, belə bir əməkdaşlıq mümkün ola bilər.

- ADP-nin siyasi kursu sizi razı salmır?

- Strateji və taktiki məsələlərdə ciddi fikir ayrılıqları var. Əgər bu məsələlər yoluna qoyularsa, o zaman əməkdaşlıq mümkün ola bilər.

- Sərdar Cəlaloğlu iddia edir ki, AXCP və Müsavat xarici təşkilatlara onun haqqında donos yazır...

- Mən bunu qeyri-ciddi söhbət hesab edirəm. Hər halda Azərbaycan siyasi dairələrinə belə fakt məlum deyil.

- Cəlaloğluna bunu ATƏT-in seçkiləri müşahidə missiyasının üzvləri deyib...

- Ümumiyyətlə, bir sıra siyasi partiya var ki, hakimiyyətin siyasi kursunu yerinə yetirirlər və bu kursu yerinə yetirən partiyaları bəzən öz adı ilə çağırmağa ehtiyac yaranır.

- ADP-ni belə partiyalara aid edirsiniz?

- Bu partiyanın son dövrlər yeritdiyi siyasi kursa diqqət edəndə şübhələrə əsas üçün səbəb olur.

- ADP sədri iddia edir ki, xarici diplomatlarla görüşlər zamanı qrant almaq kimi mövzular da olur və bu səbəbdən AXCP ilə Müsavat digər partiyaların xarici şəxslərlə görüşünün qarşısını almaq üçün donos yazırlar...

- Sərdar Cəlaloğlu terminologiya məsələlərində bir qədər korrekt etsə, daha yaxşı olardı. Müsavat Partiyası istər xarici diplomatlarla, istərsə də əhali ilə təmaslarda məsələləri siyasi gerçəkliyə uyğun olaraq şərh edir. Daha donos verir, nə verir... Hər hansı bir partiyanın, xüsusilə, müttəfiq olmaq, əməkdaşlıq etmək istədiyi təşkilatların ünvanına belə ittihamlarla danışmamalıdır. İkincisi, Sərdar Cəlaloğlu bilməlidir ki, Bakıya gələn xarici diplomatlar və ya beynəlxalq qurumların təmsilçiləri kimlərlə görüşəcəyini özləri müəyyən edir. Bunun üçün ilk olaraq onlar siyasi partiyaların göstərdiyi fəaliyyəti, hansı elektoratı təmsil etdiklərini, siyasi mübarizədə mövqeyinə uyğun müəyyənləşdirirlər. Azərbaycanda isə müxalifət elektoratının mövqeyini müdafiə edən təşkilatlar AXCP və Müsavat Partiyasıdır. Xarici diplomatlar da alternativ fikrin təmsilçiləri ilə görüşüb müzakirələr aparmaqda daha çox maraqlıdır. Sərdar Cəlaloğlu bilməlidir ki, xaricdən gələn diplomatlar kimlə görüşməyin lazım olduğunu bilirlər, özləri araşdırıb siyasi qüvvələrin kimliyini bilir və alternativ mövqedə duranların fikirlərini öyrənməyə çalışırlar. Azərbaycan siyasi palitrasında isə alternativ fikrin daşıyıcısı AXCP və Müsavatdır. Odur ki, gələnlərin daha çox bu partiyalarla görüşməsi təbiidir. Bu mənada Sərdar Cəlaloğlunun dedikləri qeyri-ciddidir.

- Ötən həftənin cümə günü İsa Qəmbərin təşəbbüsü əsasında Müsavat Partiyasının qərargahında bir toplantı keçirilib. Bu Müsavatın öz ətrafında müəyyən qüvvələrin toparlaması cəhdidir?

- Həmin vaxt səhhətimlə bağlı burada olmamışam. Ancaq siz dediyiniz toplantı haqqında məlumatlıyam. Təbii ki, bu müzakirələri toparlanmanın bir mərhələsi kimi də qiymətləndirmək olar.

- Müsavat Partiyası bələdiyyə seçkilərinə qatılacaq, yoxsa seçkini boykot edəcək?

- Məclisimizin seçkilərdə iştirak etmək haqda qərarı var. Demək seçkilərdə iştirak olunacaq. Amma əvvəlki mərhələdə olduğu kimi, Seçki Məcəlləsinin pozitiv istiqamətdə dəyişdirilməsi istiqaməti də tərkib hissə olacaq.

- Milli Şura üzvü Vidadi Mirkamal deyir ki, müxalifət bələdiyyə seçkilərində iştirakla düşdüyü apatiya vəziyyətdən çıxa bilər. Siz də belə düşünürsünüz?

- Seçkidə iştirak edən siyasi qüvvə seçkilərdə yer qazanmaq, seçkini udmaq haqqında düşünür. Bu normal prosesdir. Partiyalar da bu səbəbdən parlament və bələdiyyə seçkilərində iştirak edir və yer tutmaq istəyirlər. Seçkilərdə iştirakı başqa yerə yozmaq lazım deyil. Təbii ki, bu seçki prosesi cəmiyyətdə canlanma yaradır və bu da pozitiv prosesdir.

- Mehman bəy, Müsavat Partiyasının qurultayında kimi müdafiə edəcəksiniz?

- Qurultay keçiriləndə mövqeyimi ifadə edəcəyəm.

- Tural Abbaslı deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti bu dəfə də müraciətə müsbət cavab verməsə, qurultayı qeyri-müəyyən vaxta qədər təxirə salacağıq...

- Təbii ki, yer verilməsə, qurultayı keçirmək üçün şərait olmasa, tədbirin təxirə salınması məcburi addım olacaq.

- İsa Qəmbərin müşaviri Səxavət Əlisoy deyir ki, partiyalarda nə qədər ki, qərarları kollegial deyil, bir nəfər qəbul edir siyasi uğur əldə edilməyəcək. Müşavir həm də deyib ki, Elçibəy hökumətində nazir və komitə sədrləri postu tutanlar siyasətdən çəkilərək memuar yazmaqla məşğul olmalıdır...

- Müsavat Partiyasında qərarlar kollegial şəkildə qəbul edilir. Kimin memuar yazacağını və siyasətlə məşğul olmasını özü müəyyən edir. Belə şeyləri kimsə kənardan müəyyən edə bilməz.

- Ancaq Müsavat funksioneri deyir ki, partiyalarda qərarları populizm girdabında boğulanlar qəbul edir və siyasi təşkilatlarda Beyin Mərkəzləri yoxdur. Bunu Müsavata şamil etmək olarmı?

- Müsavatın seçkili orqanları var və qərarları da bu orqanlar qəbul edir. Bu qurumlarda kollegial təsisatlardır. İndiyə qədər Müsavatda qərarlar bir nəfərin göstərişi ilə qəbul edilməyib. Onu da vurğulayım ki, Müsavatda Beyin Mərkəzi var.


Müəllif:

Oxşar xəbərlər