Xalq artisti Nurəddin Mehdixanlı "Brifinq"in qonağıdır. Nurəddin müəllim çalışdığı Akademik Milli Dram Teatrında narazı qaldığı repertuarlar, teatrlarımızın mövcud durumu barədə "Gündəlik Teleqraf" qəzetinin əməkdaşlarının suallarını cavablandırdı. O, çoxsaylı müzakirələrə səbəb olan "İlahi məxluq" filmi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdi. N.Mehdixanlı gənc aktyorlar və rejissorlara məsləhətlərini verdi, sənət adamlarının sosial durumuna toxundu.
"Peşəkarlardan daha çox həvəskarlar ortalıqdadır”
Nərgiz Ehlamqızı: Nurəddin müəllim, yay tətili başa çatdı, artıq teatr mövsümünün açılmasına az qalıb. İstirahətinizi necə keçirdiniz?
- Nə ABŞ-da, nə Norveçdə, nə də Antaliyada olmuşam. Bakıda idim, işlərimi görmüşəm. Arada doğulduğum rayona getmişəm. Bakıda nəfəs ala bilməyəndə ora gedirəm. Bu, 2-3 ay mənə kifayət edir.
Nərmin Muradova: Yayda yaradıcı işlər, film çəkilişi oldu?
- Təkliflər oldu, amma imtina elədim. Elə işlər var ki, nə yaşıma, nə də başıma yaraşır. Elə yaşa gəlib çatmışıq ki, hər şeyə "hə" demək olmaz. Ya maddi tərəfi elə böyük olmalıdır ki, səni aldada bilsinlər, ya da material o qədər güclü olmalıdır ki, sən heç maddiyyatı fikirləşməyəsən, sadəcə, gözəl işdir deyə işləyəsən. Açığı, heç biri yox idi deyə qəbul etmədim. Əgər işi görürəmsə, əvəzi var. Əvəzi işimə layiq olmalıdır, olmursa, "sağ olun" deyirəm.
"Böyük Teymuru aşağılamaq üçün "topal" deyirlər"
N.Muradova: Keçən teatr mövsümünü "Əmir Teymur"la yekunlaşdırdınız. Yəqin, bu da yaradıcılığınızda çox mühüm yerdir. Razı qaldınız? Rolun rabitəsini tuta bildiniz?
- Hər aktyora qismət olacaq iş deyil. Tamaşanın əvvəlində bu tamaşada deyildim, müxtəlif aktyorlarla işlədilər, üstündən xeyli keçəndən sonra mənimlə söhbət oldu. Açığı, uzun müddət razı olmadım, hər halda o tamaşada işləyən aktyor mənim sənət yoldaşımdır. Sonra qərara gəlindi ki, işləyim. Hüseyn Cavid Azərbaycan dramaturgiyasında özünəməxsus yeri olan ədibdir. İstədik ki, dünyanın böyük Əmir Teymuru ancaq, Topal Teymur kimi təqdim etməsinə öz münasibətimizi bildirək və tamaşamız "Əmir Teymur" adı ilə getsin. Böyük Teymuru aşağılamaq üçün ona ancaq o şəkildə müraciət edirdilər. Görəcəyim işə hazırlaşmadan heç vaxt razılıq vermirəm, bilmədiyim sahəni öyrənirəm. Aktyor olmaqdan əlavə, tarixlə çox maraqlanıram. Əmir Teymur tarixi şəxsiyyət kimi mənə bəlli idi. Amma təbii ki, bu prosesin özündə rejissordan çox şey öyrəndim. Ola bilər ki, bizim Əmir Teymuru böyük aktyorumuz Hamlet Xanızadənin televiziyadakı Topal Teymuru ilə, yaxud böyük aktyorumuz Yusif Vəliyevin oynadığı Əmir Teymurla müqayisə eləsinlər. Amma bu, Mehriban Ələkbərzadənin və Nurəddin Mehdixanlının təqdim elədiyi Əmir Teymurdur. Biz onu bu cür görürük. Qışqıran, bağıran, nitqlər söyləyən yox, həm də düşünməyi bacaran Əmir Teymur yaratmışıq. 7-8 ciddi kitab oxumuşam, Əmir Teymur ən ciddi məqamlarda belə, şahmat oynayır. Yıldırım Bəyazidi tutub onun hüzuruna gətirirlər, o isə oğlu Şahruxla şahmat oynayır. Əmir Teymur dünya tarixinin ən böyük dövlət xadimidir, o, zalım və qəddar olduğu qədər də kövrək və zərif olub. Nəvəsi öləndə üz-gözünü cırıb, əyin-başını dağıdıb yerdə toza-torpağa bələyən Əmir Teymurdur. Hərbi qabiliyyətinə və dəyanətinə görə düşmənini öldürməyib, məğlub etdikdən sonra sərbəst buraxıb.
"Aktyor özünə səhnədə mizan qura bilməz"
N.Muradova: Mehriban Ələkbərzadə ilə işləmək necə idi? Birinci işiniz idi?
- Mehriban Ələkbərzadə ilə televiziyada tarixi xronikal layihədə "Fətəli Şah"ı, Hüseyn Cavidin "Afət" tamaşasında Ərtoğrulu oynamışam. Mehriban Ələkbərzadə ilə işləmək həm çətindir, həm də çox maraqlıdır. Çünki o xanım nə istədiyini bilir, işinin peşəkarıdır, çox savadlıdır. Aktyor olaraq onu aldatmaq mümkün deyil. O, aktyordan istədiyini almağı bacarandır. Əslində, rejissor-aktyor münasibətləri o şəkildə olmalıdır. Aktyor özünə səhnədə mizan qura, mən belə istəyirəm deyə bilməz.
"Hər yerindən qalxan deyir mən rejissoram"
N.Muradova: Peşəkar olandan sonra çox aktyorlar iddia irəli sürür...
- Aktyor-rejissor işi qarşılıqlı yaradıcılıq prosesidir. Rejissor desə ki, Nurəddin müəllim, siz burada tamaşa boyu 2 saat ayaq üstə dayanıb gözlərinizi yummalısınız və məni buna inandıra bilsə, onu edəcəyəm. İnandıra bilməsə, soruşacağam, bu, nəyə xidmət edir. Niyə edim ki? Rejissor aktyordan 5 qat savadlı, intellektual, peşəkar olmalıdır ki, o, aktyoru inandıra bilsin. Rejissor aktyorla bərabər səviyyəlidirsə, onların problemləri olacaq, normal iş ortalığa qoya bilməyəcəklər. Rejissor sənəti ayrıca elmdir. Çox təəssüf ki, bu gün hər yerindən qalxan deyir ki, mən rejissoram. Hamı serial çəkir, tamaşa qoymaq istəyir. Aktyorluq fakültəsini qurtarıb bu gün rejissor olmaq istəyir. Adil İsgəndərov çox böyük rejissor idi, böyük müəllim idi. "Əhməd haradadır" filmini çəkəndən sonra bir daha film çəkmədi. Kinorejissor kimi fəaliyyətini dayandırdı. Bunu ancaq dahilər edə bilər.
N.Muradova: Ramiz Novruzov da bu il tamaşa hazırlayacaq. Aktyor həmkarlarınız özünü rejissor kimi sınayanda buna necə yanaşırsınız?
- Ramiz Novruzov Azərbaycan teatrının son 35 ildə yetişdirdiyi ən böyük aktyorlardan biridir. O, hələ bundan sonra çox ciddi aktyor işlərinə imza ata bilər. İki halda aktyor rejissorluğa gedir: ya gəlib çatdığı peşəkarlıq səviyyəsi onu rejissorluğa aparır, ya da ki, aktyor kimi tükənir və özünü orada tapmağa və vaxtını keçirməyə çalışır. Düşünmürəm ki, Ramiz Novruzov tükənmiş aktyordur. Bu gün aktyorluq fakültəsini qurtarmış, heç bir təcrübəsi, ciddi işləri, tamaşası ortalıqda olmayan 27-30 yaşında olan insanlara tamaşa verilirsə, nədən 35-40 illik böyük teatr təcrübəsi olan Ramiz Novruz tamaşa qoymasın? O, kifayət qədər ağıllı aktyordur, tamaşanı qoyandan sonra qərar verəcək ki, davam eləsin, yoxsa eləməsin.
N.Muradova: Sizin özünüzdə belə bir istək var?
- Mənim özümdə belə bir istək yoxdur. Çünki hələ aktyor kimi çox işlər görə bilərəm.
N.Muradova: Azərbaycanda aktyorlar üçün şərait var?
- Azərbaycan teatrının və kinosunun ən böyük bəlalarından biri odur ki, peşəkarlardan daha çox həvəskarlar ortalıqdadır. Bu, nəticə etibarilə çox ciddi ziyan vurur.
N.Ehlamqızı: İradınız gənclərin yüksək iddiasınadır?
- Aktyorluq fakültəsini qurtarıb hələ bu sahədə heç bir şey etmədən gəlib aktyorlara müəllim olmağa çalışırlar.
N.Ehlamqızı: Gənclər bəs harada yetişsinlər? Nəzəriyyəni harada tətbiq etsinlər?
- Yetişməkdən ötrü Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsi var.
N.Ehlamqızı: Reallıq budur ki, ali məktəblər ancaq nəzəriyyəni öyrədir, tələbə səhnəni, işığı harada görməlidir?
- Kifayət qədər ciddi peşələrə o qədər qeyri-ciddi yanaşırıq ki, nəticədə ortalığa ciddi məhsullar qoya bilmirik. Ola bilsin ki, bir gəncin ürəyində rejissor olmaq iddiası var. Bu, gözəldir. Amma gedib onun elmini öyrənməlidir. Əvvəl Teatr İnstitutunda rejissorluq fakültəsinə 3 nəfəri qəbul edirdilər. Sonra deyəsən, 5 nəfər oldu, amma ali məktəbi o tələbələrin hamısı qurtara bilmirdi. Diplom işlərini təhvil verirdilər, diplomlarını alandan sonra teatrlara göndərilirdilər. İşə ilk olaraq rejissor assistenti kimi başlayırdılar. Səhnənin enini, uzununu, işığı, məşqə aktyorları necə çağırarlar, aktyorlara qarşı rəftar qaydasını öyrənirdilər, münasibətlər içərisində bişirdilər. Sonra rejissor köməkçisi olurdular, bir az yaxınlaşırdı, bəzən rejissor gecikəndə məşqlərin aparılması ona tapşırılırdı. Sonra ikinci rejissor olurdu. İkinci rejissorun rejissor olmadan belə məşqləri aparmaq imkanı verilirdi. Rejissor imkan yaradırdı ki, mizan qursun, aktyorlarla işləməyi öyrənsin, böyük ustanın yanında təcrübə keçirdi. İki-üç tamaşada ikinci rejissor olmusansa, sənə artıq müstəqil şəkildə tamaşa qoymaq üçün icazə verirdilər. Hər şey bu şəkildə gedirdi.
Dilqəm Əhməd: Yəni Sovet dövründə daha ciddi idi?
- Yox, Sovet dövrü deməzdim. İndi də dünyanın hər yerində bu şəkildədir. Bizə deyirlər ki, eksperiment edək. Bütün eksperimentlər nəhayətdə böyük sənətin yaranmasına xidmət eləməlidir. Eksperiment dağıdıcı olmamalıdır. Aktyor, yaxud rejissor olmaq istəyən gedib onun elmini öyrənməlidir. Bu gün Azərbaycanda bilirsiniz nə qədər şair var? Təpədən dırnağa hamı şairdir. Salam Sarvanın kitabı 50 səhifə, o adamınkı 550 səhifə çıxır. Azərbaycan cəmiyyəti ciddi şeyləri ən gülünc vəziyyətə salmağı bacarır.
D.Əhməd: Gənclərin rejissorluğa axışmasında maddi maraq nə dərəcədə rol oynayır? Bu sahədə pulmu çoxdur, yoxsa şöhrətə görədir?
- Burada daha çox göstəriş vermək istəyi də var. İndi Azərbaycanda rejissor olandan daha çox rejissorluğu oynayanlar var. O, pisdir. Azərbaycan teatrında istedadlı aktyorlar, rejissorlar olacaqsa, teatrımız yaşayacaq. O, yaşayacaqsa, biz yada düşəcəyik. Mən nədən istəməyim ki, Azərbaycan teatr mühitində, kino sənətində elə cavanlar yetişsin ki, gedib Kanndan mükafat gətirsinlər?
N.Muradova: AZDRAMA-nın eksperimentləri dağıdıcıdır, yoxsa sənətə xidmət edir?
- Bu gün AZDRAMA-da eksperiment xarakterli işlərin hansısa inkişafa təkan verdiyini görmürəm. Tamaşalarını biletlə göstərən AZDRAMA bu gün az qala dəvətnaməyə möhtac qalmış vəziyyətə düşüb. Bəlkə, kimsə deyər ki, "əşşi, nəyimə lazımdır, xalq artistiyəm, maaşımı alıram, sağ olsun Prezidentimiz mükafat verir, tamaşalarda varam" və s. Amma bunu mən edə bilmərəm. Yaxud özünə və sənətə dəyər verən adam sakit dayana bilməz. Ömrümü, həyatımı sərf eləmişəm, bu sənəti öyrənmişəm. Gəlib elə mərhələyə çatmışam ki, yaxşı, ciddi işlər görə bilərəm. Nədən o işlər olmasın? İstəyirəm ki, çalışdığım teatra əvvəlki kimi hörmət eləsinlər. İstəyirəm ki, teatrımın zalında tamaşaçı olsun, biletini alıb gəlsin. Arzu edirəm ki, aktyorlar cəmiyyətdə hörmətli insan kimi qəbul olunsun. O da o zaman olur ki, ortalıqda sənət, ciddi iş olur. İnanın ki, yaxşı tamaşanın tamaşaçısı var. Yalan söhbətdir ki, bu gün tamaşaçı teatra gəlmir. Yaxşı tamaşa nə zaman olur? Yaxşı pyes olur, peşəkar rejissor olur və rollar düz bölünür. Bu gün "Mesenat" tamaşası repertuarda yoxdur. Amma bu tamaşa AZDRMA-nın ən çox tamaşaçı gətirən tamaşalarından biri olub. Özü də AZDRAMA-da əsas heyət orada idi. "Mesenat", "Varlı qadın", "Dirilən adam" repertuardan çıxarıldı. "Xəcalət" ancaq işğal günlərində oynanılır. Halbuki, bu tamaşa 3 beynəlxalq mükafat alıb. Ola bilsin ki, hansısa aktyor və ya aktrisa yaşa dolub, onu dəyişmək, əvəz eləmək olar. Amma tamaşa davam eləsin. Çünki tamaşaçı bu tamaşaya bilet alıb gəlir. İndi niyə istəməyim ki, tamaşalara tamaşaçı gəlməsin? Bu, mənim fəxrimdir axı. Tamaşaçı yarıdan durub gedir. AZDRAMA-nın tarixində iki hadisə olub: biri tamaşa zalına heç kim gəlmədiyinə görə tamaşa təxirə düşüb və repertuardan çıxarılıb; ikinci hadisə də o olub ki, tamaşanın sonunda zalda heç kim olmayıb, aktyorlar təzim eləməyə çıxmayıblar. Orada aktyor və ya aktrisa zəifdir? Yox. Həmin aktrisa başqa tamaşada 15 dəqiqə tamaşaçı tərəfindən ayaq üstə alqışlanır. Deməli, nəsə yerində deyil. Teatrın direktoru hörmətli İsrafil İsrafilovla heç bir problemim yoxdur. Allah şahiddir ki, mənim kimlərəsə və ya nəyəsə heç bir iddiam yoxdur. Amma istəyirəm ki, mənim teatrımın repertuarında olan tamaşaya tamaşaçı gəlsin, tamaşanın yarısından durub getməsin. Bu teatrın ünvanına söylənən yaxşı söz də, pis söz də həm də mənim ünvanıma deyilir. 58 yaşım var, bütün həyatımı bura vermişəm. Bundan sonra gedib peşə seçən deyiləm. İstəyirəm ki, AZDRAMA-nın tamaşaçısını teatrdan küsdürməyək. Eksperimentləri edək, gənclər orada yetişsinlər.
N.Ehlamqızı: Mərhum Xanım Qafarova və Gülnar Salmanovanın fonunda gördük ki, aktyor və aktrisalarımızın sosial durumu ürəkaçan deyil. Vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Teatr xadimləri ittifaqı da var..
- İttifaqın adı var, özü yoxdur. Gəlin, hər şeyi adı ilə söyləyək. Xatırlamıram ki, AZDRAMA, yaxud başqa teatrda aktyor xəstələnsin, bu ittifaq hansısa şəkildə ona yardım eləsin.
Sevil Hilalqızı: Həmkarlar Təşkilatına köçürmələr var?
- Aktyor nə boyda maaş alır ki, oradan toplanan həmkarların üzvlük haqqı nə qədər pul edəcək ki, hansısa aktyorun müalicəsinə bəs eləsin. 180 manat maaşın 2 faizi nə qədər? İnanıram ki, o gün gələcək, Azərbaycan aktyorları, bütövlükdə hər bir insan elə yüksək səviyyədə maaş alacaq ki, onun hansısa problemi olanda xahiş etmək vəziyyətində qalmayacaq. Hesab edirəm ki, sağlamlıqla bağlı məcburi sığorta olmalıdır. Bu halda hər hansı problem olanda insan kimdənsə xahiş etmir, müraciət etmir, hesab açmır ki, yardım eləsinlər. Nə yaxşı ki, bu çağırışlara cavab verən insanlar var. Bilirəm ki, Heydər Əliyev Fondu Azərbaycanda xəstəliyi və ya başqa problemi olan sənətçilərimizə yardım edir. Amma bu, təkcə Heydər Əliyev Fondunun işi olmamalıdır. İstərdim ki, mənim teatrımın aktyoru elə səviyyədə maaş alsın ki, onun ev problemi olmasın, rahatlıqla kreditə ev götürə bilsin. Arzu edərdim ki, bank islahatları həyata keçirilsin və Azərbaycan vətəndaşı gedib 30-36 faizə kredit götürməsin, dünyada olduğu kimi, 1-2 faizə kreditə götürsünlər. Hər şeyin həm də maddi tərəfi var. Bu gün bizdə 38-40 yaşında evlənməyən aktyorlar var. Çünki evlənsələr, həyat yoldaşını hara aparacaq? O maaşla gedib kirayədə də qala bilməz.
"Dünən ayaqqabısı cırıq gəzən bu gün 100 min manatlıq maşında gəzir"
Naibə Qurbanova: Son vaxtlar seriallara çəkilirdiniz, onun maddi cəhətdən Sizə xeyri olurdu?
- Əslində, seriallara dövlət tərəfindən pulun ayrılması həm də o deməkdir ki, dolayısı ilə sənət adamlarına bu yolla yardım edilsin. Əminəm ki, dövlətin hədəfi bu idi. Amma çox təəssüf ki, sonradan bütün bu şeylər düzgün anlaşılmadı. Seriala 1-2 peşəkar aktyor çağırılırdı, qalanını dağdan, dərədən, qonşudan, mühafizədə işləyəndən gətirirdilər.
N.Qurbanova: Elə o məqama toxunmaq istəyirəm, Sizə elə gəlmirdimi ki, Sizdən istifadə olunurdu? Ona görə də "Pəncərədə işıq" sonradan yaranmadı...
- Tək əldən səs çıxmaz. Orada əgər komanda yoxdursa, keyfiyyətli iş ortalığa qoya bilməzsən. Niyə peşəkarı çağırmırlar? Çünki peşəkar pul istəyir. Mən deyirəm ki, bu işi görürəm, bunun qiyməti budur. İki nəfəri çağırıb pul verir, qalanlarını ordan-burdan tutub havayı çəkir. Aktyorlar var ki, inandırım sizi, qəpik-quruşa çəkilir. Nəticə etibarilə ortalıqda iş olmur. Ona görə bu gün çəkilən seriallara baxılmır. Bu gün serial çəkənlər tanıyıram ki, toyda operator idilər. Peşəkar aktyorlar və rejissorlar qıraqda qalıb. Yüz faiz əminəm ki, bir gün bunun hesabı sorulacaq. Dünən ayaqqabısı cırıq gəzən bu gün 100 min manatlıq maşında gəzir. Babandan qızıl küpəmi qalmışdı? Yox! Hətta ən ciddi şeyləri o qədər qeyri-ciddi məcraya çatdırdıq ki, adam baxıb deyir ki, bunu da bacardıq. Niyə bizə baxıb rişxənd eləməlidirlər? 10-15 il bundan qabaq Türkiyəyə qastrollara gedirdik. Bizə ağzı açıq baxırdılar. Onların bir rejissoru vardı, "Özümüzü kəsən qılınc" tamaşasına baxandan sonra gəldi ki, "azərilər bizi kahr etdi, bu mövzunu biz qoymalıyıq, bu nə oyun ya!"
"Türkiyəyə getmək şansım olub, amma getməmişəm"
N.Muradova: O vaxt Türkiyəyə getmək şansınız var idi?
- Mənim həmişə Türkiyəyə getmək şansım olub, amma getməmişəm. Hərdən fikirləşib peşmançılıq hissi keçirirəm. Təkcə indi yox, xaricə gedib çalışmaq imkanlarım həmişə olub.
N.Muradova: Ailəyə görə getməmisiniz?
- Yox. Bir çox başqa millətlərdən fərqli olaraq, azərbaycanlılar miqrasiyaya az maraq göstərirlər. 10 gün qastrola gedib qayıdanda tez-tələsik çalışırıq ki, aeroportu çıxaq, Bakının havasını alaq. Bəzən elə şeylər baş verir, deyirsən ki, nədən bu sənəti seçdim? Bu sənətə gələndə yüksək dəyər verilirdi, qeyri-ciddi adamlar çox az faiz idi. "Xaltura", "yola verək" anlayışı yox idi.
N.Ehlamqızı: Teatrda "Qatil" tamaşası və "İlahi məxluq" filmindəki qeyri-ənənəvi səhnələrlə bağlı çoxsaylı müzakirələr getdi. Qınaq və sərt müzakirələrin kökündə Azərbaycan tamaşaçısının o cür səhnələrə hazır olmaması durur? Yoxsa, başqa səbəblər də var?
- Mən filmin müzakirəsini qəbul edə bilərəm. Amma hər bir tamaşaçıya ayrı-ayrılıqda filmin çəkilmə texnikasını, montajını izah etmək məcburiyyətində deyiləm. Hətta bunu izah etmək məcburiyyətində qalıramsa belə, o zaman düşünürəm ki, axı kimlər üçün işləyirəm?! Mənim tamaşaçım baxıb deyirsə ki, ay, bunlar gör nəyi çəkiblər, aktyor nəyə çəkilib, ayıb olsun, milli mentalitet hanı bəs? Deməli, bu adamın kino haqqında anlayışı yoxdur. Anlamazlara necə başa salım ki, o cür səhnələr, onların anladığı, xəstə beyinlərinin başa düşdüyü şəkildə çəkilmir. Filmin həmin səhnəsində Vəfa xanım ayrı çəkilib. Mən ancaq həmin məkana girdiyim ana qədər oradayam. Uşaq da ayrı çəkilib. Qalan proses rejissorun montajıdır. Kəsilir-doğranılır, yapışdırılır, vəssalam, bitdi. Mən bunu hər tamaşaçıya izah etməliyəm? Deməli, bizim müəyyən qisim tamaşaçılarımız kinonun nə olduğunu anlamır. Xarici filmləri tamaşaçı çox rahatlıqla qəbul edir. Bu, riyakarlıq deyil? Hadisələrə yanaşmada qərəzli yanaşma deyil? Mənə elə gəlir ki, o filmdən yazanlar daha çox virtual məkanda klaviatura qəhrəmanlarına çevrilmək istəyənlərdir. Üzünü görmürsən, bir gündə İranı, Turanı birləşdirir, Qarabağı alır, İrəvanı dağıdır, Moskvanı diz çökdürür. Hərdən fikirləşirsən ki, doğrudan da, biz, deyəsən, klaviatura qəhrəmanlarıyıq. Ən ağrılı odur ki, cəmiyyətimizdə başqasını incitməkdən, aşağılamaqdan zövq alanlar bunu özünün gücü kimi hiss edirlər. Bu, artıq ictimai bəlaya çevrilib. Müzakirələrə baxırsan, bir-birini söyüb təhqir edirlər.
N.Muradova: Bütün mənfi auranı necə tənzimləyirsiniz? Necə dincəlirsiniz? Hökmdarların xarakterini evdə hiss elətdirmirsiniz?
- İşdə qayıdanda evdə öz yerimdə otururam (gülür). Çayım, yeməyim gəlir, istirahət edirəm. Oxudun, yazın varsa, yazdın.
N.Muradova: Ailədə mühafizəkarsınız?
- Aktyor oynadığı rolların bir mənada müəllifdir. Çünki rolu öz canı, öz qanı ilə oynayır, materialı ondandır. Aktyor bir rolu oynayanda o roldan nələrsə götürürsə, özü də obraza öz xarakterindən nələrisə verir. Texniki ifa başqadır, bir də var yaşamaq, bu, tamamilə başqa anlamdır.
N.Qurbanova: Bu mənada, deməli, rejissorlar Sizi yaxşı seçiblər...
- Açığı, işlədiyim rejissorlardan heç vaxt narazı olmamışam. Onlar bilirlər ki, kimi seçiblər. Mən də bilmişəm ki, kiminlə işləyirəm. Çalışmışam ki, rejissor məndən narazı qalmasın. Yavər Rzayevlə "İlahi məxluq"u 20 dərəcə şaxtada, Qubada dağın başında (böyür-başımda canavarlar hərlənirdi), 1 metr qarda çəkmişik. Deyirdi ki, 50 metr dağa dırmaşmaq lazımdır. Mən də qayıdırdım "baş üstə". "Sonra atı qayalıqdan ağzı aşağı çapmaq lazımdır", yenə deyirdim "baş üstə", daha sonra deyirdi ki, "indi qayanın qırağı ilə atı yuxarı çapmaq lazımdır". Yenə etiraz etmirdim. Axırda qayıtdı ki, dayan, elə mən nə deyirəm, "baş üstə" deyirsən, sən bir dəfə "yox" deyəcəksən? Dedim, sən bunu məndən tələb edirsən, mən isə bütün ömrüm boyu ona hazırlaşmışam ki, "yox" deməyim.
N.Muradova: Ailəniz hansı tamaşalarınıza gəlib baxır? Ailəliklə kiminsə tamaşasına baxmağa gedirsiniz?
- Təbii gedirik. Mənim iki qızım var: Böyüyünün adı Ayturandır, o biri qızımın adı Alagözdür. Oğlum Ərturan hərbi xidməti qurtardı, gəldi. Böyük qızım bank sahəsində işləyir. Oğlum qiyabi təhsil almaqla yanaşı, işləyir, kiçik qızım isə tələbədir.
N.Ehlamqızı: Vətəndaş Həmrəyliyi Partiyasının üzvüsünüz, partiyaya gedib-gəlirsiniz?
- Yox.
"Ola bilsin, müstəqil şəkildə namizədliyimi irəli sürdüm"
N.Qurbanova: Bir ara siyasi fəaliyyətinizdə çox aktiv idiniz. Sonra nəsə uzaqlaşdınız. Nə zamansa sənətdən uzaqlaşıb siyasətə qayıdarsınız?
- Yox, mənim elə bir fikrim yoxdur. Mənim üçün sənət daha maraqlı gəldi. Öz sözümü, fikrimi sənətimlə deyə bilirəmsə, bu, daha vacibdir.
N.Qurbanova: Bəs parlament seçkilərində iştirak etmək istəyərdiniz?
- Yox, elə fikrim yoxdur. Ola bilsin, müstəqil şəkildə namizədliyimi irəli sürdüm. Vətəndaş Həmrəyliyi Partiyasında gənc nəsil var, işləyirlər. Amma mənim siyasi fəaliyyətim yoxdur və ancaq sənət fəaliyyətimlə məşğulam və hesab edirəm ki, bu, daha doğrudur.
"Tarixlə çox maraqlanıram"
D.Əhməd: Sizi millətçi insan kimi tanıyırıq. Əkrəm Əylislinin "Daş yuxular" əsərinə qarşı televiziyada sərt çıxış etməyiniz vətəndaşlıq, yoxsa millətçi mövqeyiniz idi?
- Mən tarixdən kifayət qədər xəbəri olan adamam. Əkrəm Əylislinin Daş yuxular" əsərini oxumuşdum, ona görə də o əsərə o şəkildə fikir bildirdim. İndi də televiziyada söylədiyim fikirlərin arxasındayam. Türklər tarixin heç bir dönəmində ermənilərə qarşı soyqırımı yapmayıblar. Soyqırımı hadisəsi olubsa da, onu da ermənilər türklərə qarşı ediblər. Biz xristian olmuş olsaydıq, yəqin ki, bu soyqırımı yapmazdılar. Bu gün artıq rənglər kifayət qədər açıq-aşkardır. Dünyada xristian-müsəlman savaşı gedir. Çox zaman deyirdilər ki, güc haqdadır. Amma artıq bugünkü dünya göstərir ki, haqq gücdədir.
N.Qurbanova: Sizin dövrünüzdə Siz, Fəxrəddin Manafov, Rasim Balayev bütün qadınların sevdiyi kişi obrazı idi, xarizma vardı. İllər, yaş özünüzü göstərir. Diqqətin kənarlaşması qadınları depressiyaya salır, bəs kişilərə necə təsir edir?
- O şeylər mənə maraqlı deyil və qətiyyən narahat eləmir. Mən avşaram, Mehdixanlı qolundanam. 7 qardaşıq, bacılarımın sayını deməyəcəyəm, toy filan edəndə özümüz bəs edirik (gülür). Hər dərdimin, sərimin yanında olan ailəm, övladlarım var. Şöhrət gəldi, getdi. Biri yanımdan keçəndə salam verər, çox sağ olsun. Verməzsə də, sağ olsun. Hər aşiqin öz dövranı var. Dövran dəyişir, bizdən sonra gələnləri, bəlkə, daha çox sevəcəklər.
N.Qurbanova: "Hər aşiqin öz dövranı var" deyimi ilə razılaşmısınız?
- Nədən olmasın? Ağıllı adam bilməlidir ki, bir gün gələn, bir gün gedəcək. Bu gün gənc olan sabah orta yaşlı, sora da qoca olacaq. Bəziləri var, əməliyyat elətdirir, saç əkdirir, burnunu kəsdirir. Hətta deyirlər kişilər manikürə də gedirlər, vallah, özləri bilərlər. Bunlar mənə gülünc gəlir. Saçın ağlığından gözəl nə ola bilər ki? Saçın ağlığı, üzünün qırışı yaşadığın həyatdır, tərcümeyi-halındır.
Nərgiz EHLAMQIZI
FOTO: Elnur MUXTAR