4 Oktyabr 2014 13:41
7 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brifinq"də bu dəfə tanınmış meyxanaçı Kərim qonaq oldu. "Gündəlik Teleqraf"ın əməkdaşlarının suallarını cavablandıran Kərim bəy qəzetimizlə bağlı fikirlərini meyxana ilə dilə gətirdi. O, şəxsi biznesindən tutmuş meyxananın indiki durumu, bu sənətin tarixi və ustadları barədə fikirlərini bölüşdü. Azərbaycan futbolunu izləmədiyini söyləyən meyxanaçı Berti Foqtsun baş məşqçiliyini də şərh elədi.

Taleh Şahsuvarlı: Kərim bəy, Sizinlə bağlı ilk təəssüratım belədir: sanki yuxusuzsunuz...
- İki saat olar ki, yuxudan durmuşam.

T.Şahsuvarlı: Dedim, bəlkə axşam toyda olmusunuz.
- Toyda olmuşam, amma gecə saat 3-4-də gəlmirsən ki, yuxudan gec də durasan.

Nərgiz Ehlamqızı: Ümumiyyətlə, iş rejiminiz necədir?
- Hamı bilir ki, dolanışığımız el şənliklərindəndir. Bir yerdən məvacib almırıq. Toya gedirik, növbəmiz çatanda oxuyub qonorarımızı alırıq, sonra evə gəlib balalarımızın yanında vaxtımızı keçiririk. Əgər növbəti gün də toy olacaqsa, yenə gedəcəyik. Olmasa, bir az təsərrüfatla məşğul olub, bir az da televiziyaya baxıb günü bitirəcəyik.

Dilqəm Əhməd: Hansı təsərrüfatla məşğul olursunuz?
- Gül əkirəm.

T.Şahsuvarlı: Əvvəllər Bakı kəndlərində yaxşı gül ticarəti vardı. Gülü özünüz üçün əkirsiniz, yoxsa həm də satışını təşkil edirsiniz?
- Özümə 5 dənə gül lazım olur, satışı ilə məşğul oluram. İnsan gərək bildiyi işdən yapışsın. Mənim başqa sənətim yoxdur. Bilmədiyin işdən yapışanda iş düz getmir. Bu, hər sahədə belədir. Mən də gül becərməyi bacarıram, bundan yapışmışam.

T.Şahsuvarlı: Biznesinizdə problem yoxdur?
- Allaha şükür, problem yoxdur. Topdansatış mərkəzləri qapıdan gəlib aparırlar, deyəsən, bazarda satırlar.

N. Ehlamqızı: Hansı gülləri becərirsiniz?
- Qərənfil və çobanyastığı, ağ güllərdən də əkirik.

Nərmin Muradova: Gül əkirsiniz, məsələn, bayramlarda, 8 Martda gül hədiyyə etməyi bacarırsınız?
- Vallah heç xoşuma gəlmir. Ömrümdə 3-4 dəfə yaxın dostlarımın, müğənni xanımların konsertlərinə gül aparmışam. Onu da həyətdən dərib aparmamışam, dükandan sifariş verib, konserti olan adama uyğun buket bağlatdırmışam.

İsrail Musayev: Maddi baxımdan daha çox karınıza gül, yoxsa toylar gəlir?
- İkisi də karıma bərabər səviyyədə çatır. Çünki qış vaxtı, orucluq, məhərrəmlik aylarında toy az olur, onda təsərrüfatla məşğul oluruq.

T.Şahsuvarlı: Toylarda meyxanaya maraq harada daha böyükdür? Qabaq areal ancaq Bakı ətrafında idi. İndi cənub, hətta aran zonasına keçib. Naxçıvanda və yaxud başqa yerlərdə varmı? Rusiyada meyxana bazarının vəziyyəti necədir?
- Naxçıvanda 1995-1996-cı illərdə toyda olmuşam. Ordubadda meyxanaya xüsusən maraq çoxdur, orada dəfələrlə olmuşam. Cənub bölgəsində Salyandan tutmuş Astarayadək insanlar çox həvəskardırlar. Bir də Bakı kəndlərində belədir. İndi dəvət edirlər, gedirsən, toy Bakıdadır, görürsən ki, Naxçıvan, ya Masallı, Astara toyunun ənənələridir. Hamı Bakıya yığışıb. İnsanları birləşdirən işdir. Bölgələrdən Bakıya iş qurmağa gəlir, yavaş-yavaş ətrafını da gətirir. Müəyyən təbəqə yaranır, yanında qonşu da var axı, onun da ətrafında yerliləridir, toya gəlirsən, görürsən sırf Bakı, Tovuz, Qazax sözü yoxdur, hər təbəqədən adam var.

T.Şahsuvarlı: Bakılılarda rayondan gələnlərlə bağlı əvvəllər qıcıq vardı. Sizdə elə qıcıq olub?
- Heç vaxt. Novruz bayramında xonçada bir şirniyyat növü olsa necə görünər? Qarışıqlıq olmalıdır da. Elə şeylər var ki, bilmədiyimi rayon əhlindən öyrənmişəm. Bilmirdim ki, limon necə əkilir, onun torpağı necə olmalıdır, cənublu qardaşlarım olmasaydı, onu haradan öyrənəcəkdim?

"Meyxananın 200 illik tarixi var"

D.Əhməd: Meyxananın tarixini neçənci əsrdən hesablayırsınız?
- Dəqiq mənbə yoxdur. Biz meyxananın tarixini eşitdiyimiz meyxana deyənlərin dövründən götürürük. XVIII əsrin axırı, XIX əsrin əvvəllərində meyxanaçı Mirpaşa, Mirbağır olub. Mirpaşa yazıçı Seyid Hüseynin qardaşıdır. Ağa Hüseyn olub, bizim kənddən, Maştağadandır, 1922-ci ildə vəfat edib. Meyxananın haradasa 200 illik tarixi var.

D.Əhməd: Meyxananın sənət olub-olmadığı barədə müzakirələr gedir. Sizin mövqeyiniz necədir?
- Bədahətən şeir deyən qəzəl yazan şairlər də olub. Amma onlar bu janra qoşulmayıblar, çox populyar ola bilməyiblər. Rəhmətlik Hacı Mail deyirdi ki, hər bir dövrdə qəzəl şairləri öz təblərini iti saxlamaq, passivləşməmək üçün meyxana şeirinə müraciət ediblər. Demirəm, el şənliklərinə çıxıblar, sadəcə, öz aralarında bir-biri ilə deyişiblər, bədahətən şeir deyiblər ki, təbləri ölməsin.

D.Əhməd: Məşhur üçlük var: Ağa Səlim, Ağamirzə və Siz. O vaxt meyxana daha populyar idi, "Meyxanalar" və "Abşeron meyxanaları" adlı kitab çıxmışdı. İndiki meyxanalar kitaba düşəcək səviyyədə deyil deyə kitablar çıxmır? Ya səbəb başqadır?
- Meyxana şeiri iki cürdür. Bir var yazıya gələn, bir də var yazıya uyğun olmayan. O kitabların üzərində redaktorlar işləyiblər. Amma bilmirəm, vaxtları olmayıb deyə zəif işləyiblər, yoxsa bacardıqları bu olub. Meyxana şeiri belədir ki, necə danışırıq, elə də deyirik. Bizim kəndin ləhcəsində hərdən "ə" səsi, "e" kimi tələffüz olunur. Məsələn, soruşanda deyirlər "Kend uşağısan?" Axı kitaba bu formada düşə bilməz. Bölgələrdən olan uşaqlar "yeyəcəyəm" sözünü "yecəm" kimi qısaldıb deyirlər. Kitaba belə salınmaz axı.

N.Ehlamqızı: Musiqili meyxana ifaçıları da var. O tip meyxanalara necə baxırsınız?
- Bacaranlara yaxşı, bacarmayanlara çox pis baxıram.

Nərmin Muradova: Bacarmayanlar kimlərdir?
- Çoxdur, 80 faizi bacarmır. Amma Vüqar Maştağalı, Namiq Qaraçuxurlu bacarır. Bunun ən kulminasiya nöqtəsini bu iki meyxanaçı göstərə bilib.

N.Muradova: Bəs Namiq Məna?
- Onda bir o qədər musiqili meyxana görməmişəm.

Kəramət Böyükçöl: Meyxanının bu qədər təbliğinə ehtiyac var? Bütün efirlərə baxırsan meyxanadır, Youtube-da ən çox izlənən videolar meyxanalardır...
- Ehtiyac yoxdursa, niyə çağırırlar? Sual belə olmalıdır ki, efirə çağırılan meyxanaçının özünə görəsən ehtiyac var, yoxsa başqasını, daha səviyyəlisini, savadlısını çağırmaq lazım idi?

"Meyxananın səviyyəsi olmasaydı, bir nömrəli tədbirə gedib çıxmazdı"

T.Şahsuvarlı: Meyxana aşağılarda yaranıb, onu yuxarı qaldıranda sanki naturası pozulur...
- Yox. Gör neçə illərdir meyxana dövlət tədbirlərində var. Dövlət başçısının iştirak etdiyi bir nömrəli tədbirlərdə meyxana deyilir. Meyxananın janr və folklor kimi səviyyəsi olmasaydı, bir nömrəli tədbirə gedib çıxmazdı.

İ.Musayev: Rusların bartı gitara ilə oxunsa da, xalq arasında çox güclü effekt yaradırdı. Azərbaycanda meyxana bu rolu oynaya bilir?
- Yox.

İ.Musayev: Deməli, bizdə meyxanalar ictimai rol oynaya bilmir...
- Sizinlə razıyam.

İ.Musayev: Meyxanada sosial və siyasi məsələlərə toxuna bilərsiniz. Hələ bunu görməmişəm. Bir-birinə söz atanda yüksək səviyyədə olmur...
- "Meyxanalar" kitabında digərləri, o cümlədən mən sözümüzü demişik. Deyirsiniz ki, müəyyən çatışmazlıqları biz də öz sənətimiz və sözümüzlə çıxış etməliyik və fikrimizi bildirməliyik. Siz jurnalistsiniz, yazınızla ofisinizin qabağındakı yollardakı palçığı yığışdıra bilirsiniz?

İ.Musayev: Bu, tamam ayrı mövzudur. Sualdan yayınırsınız...
- Cəlil Məmmədquluzadə deyirdi ki, sözünü o kəslərə de ki, onlar səni eşitmirlər. Mən 11-ci sinfi qurtarsam da, intellektliyəm. Allah Hacı Mailə rəhmət eləsin. 1993-94-cü illərdə Nardaran kəndində vəziyyət çox pis idi, işıq-qaz yox idi. Kənd camaatı yığılıb onun yanına gəlir ki, sən bizim savadlı alimimizsən, get nazirlərin, dövlət başçısının yanına, de ki, Nardaran kəndi pis gündədir, camaatın dolanışığı yoxdur. Deyir gedərəm, ola bilər ki, məni qəbul edərlər, sualıma sualla cavab verərlər. Soruşarlar ki, harada işləyirsən, deyəcəyəm ki, Əlyazmalar İnstitutunda. Neçə övladın var? - Dörd oğlum var. Onlar harada işləyirlər? - Böyük oğlum Zabratda yanacaqdoldurma məntəqəsində, Mustafa oğlum yanımda, o biri oğlum dükanda. Beləcə hamısını sayır. Adamdan sual edərlər hansı oğlun Qarabağda vuruşub? - Deyərəm ki, heç biri. Qayıdar ki, niyə gəlmisən, sənin işin dümdüzdür də. İndi mənim hər işim dümdüzdür. Allaha şükür, ailəm pis dolanmır, işimiz-gücümüz, azdan-çoxdan şəraitimiz var. Mən nədən şikayətlənməliyəm? O kəslər dilə gəlib desin ki, mən acam, şəraitim yoxdur. Mənim bunları deməyə haqqım yoxdur.

İ.Musayev: Siz məni səhv başa düşdünüz...
- Yaxşı başa düşürəm. Vaxt vardı, bizim kəndimizdə işıq, qaz problemi vardı. Mən camaatı yığıb mitinq eləmişəm.

İ.Musayev: Onlar xırda problemlərdir. Millətin mayasında Sizin rolunuz nədir? Meyxanada qan yaddaşımıza təsir edən bir şey varmı?
- Var. Biz dəfələrlə Qarabağ münaqişəsi başlayandan bu günə kimi sözümüzü deyib məsələni gündəmə gətirmişik.

İ.Musayev: Onu bilirəm.
- Bax bilirəm deyirsiniz, bəs nəticə?

İ.Musayev: Elə bilirsiniz ki, nəticə o dəqiqə olmalıdır?
- Mən futbolla bərk maraqlanıram. İki cür tamaşaçı var: biri futbol tamaşasına baxır, biri nəticəni gözləyir. Bunu tərəzinin gözünə qoyanda nəticəni gözləyən tamaşaya baxandan üstün gəlir. Çünki axırda qalib elan olunanda nəticə ilə elan olunur, tamaşaçı sayı ilə yox.

"İnternet narkomaniyanın bir növüdür"

İ.Musayev: Azərbaycan futbolu haqda fikirləriniz necədir?
- Azərbaycan futboluna baxmıram.

N.Ehlamqızı: "Qarabağ" komandasının qalibiyyətlərinin şahidi oluruq, bu komandanın oyunlarını da izləmirsiniz?
- Yox izləmirəm, hələ baxaq görək axırı necə olacaq.

İ.Musayev: Azərbaycan futbolunu necə inkişaf etdirmək olar? Məsələn, mən təklif edirəm ki, kəndlərdə pulsuz meydançalar olsun, uşaqlar özləri oynasınlar.
- Yaralı yerimə toxundunuz. Bu məsələdə fikrimiz eynidir. Maştağada 5-6 orta məktəb var. İkisinin həyətində stadion vardı. Dərs vaxtı bitəndən sonra saat 18.00-dan 22.00-dək həvəskar uşaqlar yığılıb futbol oynayırdılar, bizim kənddən 2-3 nəfər Sovet vaxtından "Neftçi"nin əvəzedici heyətinə qədər gedib çıxmışdı. Məhəllə futbolundan çıxan uşaqlar idilər. Bu gün o yoxdur. İndiki uşaqların internetdən başqa məşğuliyyəti yoxdur. Oğlum da o gündədir. Onu üzgüçülüyə, güləşə qoydum, hərəsinə 2 il, musiqi dərsinə isə 3 il getdi. İstəmirəm musiqiçi olsun, sadəcə, musiqi çalınanda başa düşsün ki, orada nə çalırlar, "Şahnaz" nədir, "Segah" nədir. Bu internet narkomaniyanın bir növüdür, vaxt gələcək bunu təsdiq edəcəklər, narkoloji xəstəlik kimi şeydir. Futbol da o səbəbdən yoxdur. Bu gün 10 yaşlı uşağın əlində telefon, evində kompüter var, bəziləri qoltuğunda gəzdirir. O uşaq bunu futboldan əziz tutur.

"Berti Foqtsu Azərbaycandan didərgin salsalar, bəlkə yığmamız bir gün gördü"

İ.Musayev: İspaniyada da internetlə işləyirlər, amma əjdaha futbolçular yetişir.
- Orada uşaq futbol məktəbləri var. Hollandiyada da belədir. Bizim yığmamızda bir bəla var, Berti Foqtsu Azərbaycandan nə zaman didərgin salsalar, uzaqlaşdırsalar bəlkə yığmamız bir gün gördü.

İ.Musayev: Foqts neyləsin, oyunçu lazımdır...
- Oyunçunu da oynatmaq, ona şərait yaratmaq lazımdır.

T.Şahsuvarlı: Siyasətlə aranız necədir?
- Siyasət məndən çox uzaqdır. Qoy siyasətlə siyasətçilər məşğul olsun. Milli Məclisdə siyasətçilər, hüquqşünaslar, iqtisadçılar oturmalıdır. Meyxanaçının Milli Məclisdə nə işi var?

N.Ehlamqızı: Zeynəb Xanlarova illərdir parlament üzvüdür, iclasların birində nardaranlıların şikayətini tribunadan çatdırdı...
- Mənim Zeynəb xanımla işim yoxdur. Ümumən danışıram, bir yerdə ki qanun yaradılır, orada işi bilən oturmalıdır.

T.Şahsuvarlı: Müsavat Partiyasında təzəlikcə qurultay oldu, İsa Qəmbər başqanlıqdan getdi, Arif Hacılı başqan seçildi. Bunları izləyirsinizmi?
- Televiziyada gördüm, onlar bizi izləyirlər ki, biz onları izləyək?

T.Şahsuvarlı: Sizcə, İsa Qəmbər, Arif Hacılı sizi izləmir?
- Bilmirəm, vallah. Bəlkə də baxırlar. "Siyasət" sözü var ha, o sözü heç xoşlamıram, tamam uzağam.

N.Ehlamqızı: Tələbə yetişdirirsiniz və onları hansı meyarla seçirsiniz?
- Üç tələbəm vardı. Onlardan ikisi yaxşı öyrəndi, biri isə sənəti öyrəndi, adamlığı yox. Canında olmasa, onun üçün nə isə edə bilmərəm. Gərək istedadı olsun ki, bacardığımdan onu rəndələyim, cilalayım.

T.Şahsuvarlı: Meyxana demək vərdişdir, yoxsa qəlib? Sanki müəyyən dövrdən sonra vərdişə çevrilir, şablonlaşır. Sizdə o proses necə alınır?
- Məndə dədə-babadan qalma prosesdir. Gərək həvəsin, təbin, səni maraqlandıran bir şey olsun ki, nəyəsə bir söz qoşa biləsən. Mən cavan olanda bu qədər şərait, efir yox idi. İndi adi telefonu açırlar, kiminsə toyunda deyilən meyxanaya baxırlar, oradan bəhrələnirlər. Öz də adını maraqsız qoyurlar, filankəsin toyu.

İ.Musayev: Hələ Rusiyaya gedən bir meyxana da vardı: "Tı kto takoy, davay, do svidaniya".
- Deyəsən, Astara rayonunda idi, toyda deyilmişdi, sonra Youtube-yə qoyulmuşdu. Rusiyada prezident seçkiləri ərəfəsində müxalifətçilərdən kimsə Putinə qarşı bu ifadədən istifadə etmişdi "davay, do svidaniya". Avropa çempionatında Portuqaliya Hollandiya ilə oynayacaqdı, orada da portuqallar öz dillərində Hollandiyaya "Davay, do svidaniya" şüarı yazmışdılar. Bu ifadə başqa-başqa ölkələrin dilində Avropaya getdi çıxdı.

"Şirvaniyə dahi deyim, yoxsa meyxanaçıya?"

İ.Musayev: Mütaliəniz necədir?
- Azdan-çoxdan bədii əsərlər oxuyuram. Şərq klassik poeziyası ilə daha çox maraqlanıram, Füzulinin də, Nizaminin də yaradıcılığını oxumuşam, amma mənim sevimlim Seyid Əzim Şirvanidir. Seyid Əzim dahidir. Bəzi meyxanaçılar adını dahi qoyub. Mən Şirvaniyə dahi deyim, yoxsa meyxanaçıya? Dilim yanmaz? Mən belə şeyləri götürmürəm. Özünə elə təxəllüs götürüb: "Fateh". Dünyada 3-4 fateh olub. Çingiz xan, Teymurləng, Sultan Mehmetdir, hələ Stalinə də bu adı vermək istəyirdilər, vermədilər. Bu insanlar ölkələr fəth edib imperiyalar saxlayıblar. Sən kimsən? Götürdüyün ad gərək səni doğrultsun.

T.Şahsuvarlı: Tacikistanda hər yerdə meyxana oxuduqlarının şahidi oldum. Meyxana Sizcə, bizdən taciklərə gedib çıxıb?
- Bunu ilk dəfədir eşidirəm. Farsdilli xalqdırlar, fars dili əruz vəzninə çox yaxındır, şirindir, şeir dilidir. Türk dili hünər dilidir, əmr şəklində danışırlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan adi söhbət edir, amma əmrlə danışır.

"Həmişə efirdən qaçan adam olmuşam"

N.Muradova: Bayaq iş rejiminizdən danışdınız. Efirlər, çəkilişlər o rejimin hansı hissəsində yer tutur?
- Mənə çox irad edirlər ki, efirdə az görünürük. Deyirəm, nə olar, bayram da tez-tez olmur ki, 3 aydan bir bayram düşür. Mən həmişə efirdən qaçan adam olmuşam. Elə bir efir məkanı yoxdur ki, gedim onun qapısını döyüm, deyim ki, mən gəlmişəm. Bir az özümü bunlara qarşı ağır saxlamışam. Bir dəfə çağırıblar "yox" demişəm ki, görüm ikinci dəfə çağıracaqlarmı, həqiqətən, onlara lazımam, yoxsa dəvət xətrinə dəvət etmişdilər.

T.Şahsuvarlı: Bir mərsiyə oxumuşdunuz. Bu nə ilə bağlı idi? İqtisadi tərəfi vardı, yoxsa içinizdən gələn bir şey idi?
- İqtisadi tərəfdən söhbət gedə bilməz. Səsi mənə Allah verib, hökmdür ki, bu səsi ancaq meyxanaya sərf edim?

İ.Musayev: Muğamatı necə bilirsiniz?
- Az da olsa bilirəm. Ən xoşuma gələn muğam "Segah"dır.

İ.Musayev: "Segah"ı kimin ifasında bəyənirsiniz?
- İslam, Ağabala. Bu günlərdə Bərdədən tanımadığım bir şəxs, adı Sərdar Əvəzoğlu idi, "Segah" oxudu, televiziyanın qabağında elə oturmuşdum ki. Yaxın dostuma zəng etdim ki, ay Fazil bir Mədəniyyət kanalını aç, gör nə görəcəksən?

İ.Musayev: Mərsiyəni hansı muğamın ladında oxuyursunuz?
- Çox vaxt "Segah" üstündə. Öz də mən hər şeiri oxumuram, gərək o şeir məni tutsun, ağlatsın. Seyid Əzim, Sabir, Racinin yaradıcılığında dini şeirlər çoxdur.

Vüsal Tağızadə: "Şur" muğamının ladında mərsiyə alınır?
- Niyə alınmasın ki?

D.Əhməd: İbadət edirsiniz?
- Bəli, ziyarətdə də olmuşam. Raci bir mərsiyə şeirində deyir ki, "ya Hüseyn, kim sən kimi öz xanimanindən keçər, (malından-mülkündən), Kim sənin tək həqq yolunda başi-canindən keçər?" Orada bir sual verir "Əsğərin xaliq məgər məşhərdə qanından keçər?" Əsğərini, imam Hüseynin 6 aylıq övladını oxla vurub öldürüblər. Ola bilər ki, Əli Əkbərin, Hüseynin qatilini məşhər günü Allah bağışlayar, səndən, məndən soruşur, Allah 6 aylıq körpənin qanından keçər? Racidə belə mərsiyələr çoxdur.

"Kaş Allah hamımızı ədalətilə yox, mərhəməti ilə mühakimə edəydi"

İ.Musayev: Belə bir məna çıxır ki, xaliq qandan keçməyəcək...
- Kaş Allah-təala bizim hamımızı ədaləti ilə yox, mərhəməti ilə mühakimə eləsin. Ədaləti ilə mühakimə eləsə, vay bizim halımıza.

Amil Hacıyev: Kərim bəy, bugünkü mahnılar kimi meyxanalar da bayağıdır...
- Bugünkü bəstəkarların 90 faizi 3 günlük mahnı yazır. Müğənniyə toy deyilir, söyləyirlər ki, 3 aydan sonra filankəsin oğlunun, ya qızının toyudur, yetərincə qonorar verilir və bəyin yaxud gəlinin adına mahnı istəyirlər. Müğənni də sifarişlə mahnı istəyəndə bəstəkarın da, şairin də xərcini ödəməlidir. Mahnı astronomik qiymətə, toyun xərcinə bərabər vəsaitə başa gəlir, amma üç gün yaşanır. O toyda oxunur, qohum əqrəbanın 5 gün yadında qalır. Meyxanaya gəlincə, elə meyxana var ki, iki meyxanaçı bir-biri ilə deyişir, bu gün də camaatın dilindədir. 22 il əvvəl mənim toyumda Məşədi Baba ilə Ağamirzə meyxana deyib, sifarişi də mən vermişəm, qafiyəsi də belə idi "məclis əcəb zövqü səfasındadır". Elə deyişmə olub ki, sual verilib, cavab verilib, sözlər bir-birinə zəncir kimi bağlı deyilib. Ağa Mirzə meyxanada sevgilisindən danışır: "Gözəlliyini Məşədi Baba anlamır, gözəlliyi gözünün qarasındadır". Məşədi Baba cavab verir ki, "Gözəllikçün istəməyin, gözəli, gözəlliyi onun vəfasındadır". Bunu 10-15 saniyə ərzində tapmaq bilirsiz nədir? Elə dahilikdir.

A.Hacıyev: Bəzi meyxanaçıların məşhur meyxanalarının çoxunu deyilənlərə görə, ustadlar yazıb, maddi sıxıntılara görə satıblar. Məşədi Səyyarın çox meyxanaçılar üçün yazdığını söyləyirlər.
- Yazdığını təsdiq eləsəm, günah olar, dəqiq bilmirəm. Amma ustad kimi Məşədi Səyyar cavanlara çox kömək edib.

A.Hacıyev: Namiq Qaraçuxurlunun "Anam həccə gedir"i Məşədi Səyyarın yazdığı deyilir...
- Bilmirəm vallah.

V.Tağızadə: 3-5 günlük mahnılardan danışdınız, toylara meyxanaçılardan Rəşad Dağlı, Pərviz Bülbülə çox dəvət olunur. "Şinanay", "Maral" mahnıları ilə musiqili meyxana deyiblər. Bunları 3 günlük meyxana saymaq olar?
- O tip meyxanaların hamısı 3-5 günlükdür. Yaşlı nəslə Aydın Xırdalanlının meyxanası lazımdır. Deyir ki, "Əvvəl-əvvəl vətən işğalına imkan veririk, sonra atəşkəsə, sakitliyə fərman veririk". 25 il bundan qabaq qoşa nağara ritmini bu gün çala bilən yoxdur. Bunu tam məsuliyyətlə deyirəm. Tarın əvəzini nə verir? Ritmi də heç nə verə bilmir. Ritmi qaydasında saxlaya bilmirlər. Sintezatora niyə ehtiyacımız var? Hesabı dəqiq qoşanda sən düz sayıb oxuyursan, amma indi nağara, qoşa nağara çalanlar 40 il əvvəl eşitdiyimiz ritmi tuta bilmirlər.

V.Tağızadə: Nizami Rəmzi meyxananı efirə kostyum, qalstukda bəy əfəndi kimi çıxarıb. O da sintezatorda efirə çıxıb.
- Mən bilmirəm rəhmətlik niyə sintezatora müraciət edib, amma mən deyirəm ki, nağara və qoşa nağarada olan effekt sintezatorda yoxdur. Sintezatorda çox şey var, amma mən deyən effekt yoxdur.

A.Hacıyev: Meyxana Nizami Rəmzi ilə efirə çıxdı, ardınca da Siz gəldiniz, bir səviyyə aldı. 2005-ci ildə bir dövr gəldi meyxanaçılar çoxaldı, amma bir fon yarandı ki, narkotiksiz meyxana alınmır. Bir çox məşhurların adı hallandı.
- O məşhurların içində mən yoxam?

A.Hacıyev: Yox, Sizin, Ağamirzə, Mehman Əhmədlinin adı hallanmadı. Açığı, bu günün özündə də meyxanaçıların narkotikdən istifadə etdiyi efirdə də görünür. Hətta bunu təmizləmək üçün birlik də yaratdınız, amma parçalanmadan qaça bilmədiniz...
- Parçalanma qaçılmazdır, həmişə var. Bizdə meyxanaçılar sağlam idilər, günbəgün narkotikaya tələbatları varsa, deməli, xəstədirlər. Mən bu barədə çox söhbət eləmişəm, istifadə edənlər deyirlər ki, üç dəfə istifadə edənə qədər ondan istifadə ləzzət edir. 3 dəfədən sonra onun aludəçisinə çevrilirsən, artıq ağrıları kəsmək üçün vururlar. Bu yolda tətil, yəni fasilə var, amma tövbə yoxdur.

N.Ehlamqızı: Estrada musiqisinə, caza qulaq asırsınızmı?
- Cazla aram yoxdur. Hüseynağa Hadıyev, Akif İslamzadənin səsini bəyənirəm. Müəyyən adamlar var, onlar hər şeyi oxuya bilirlər, Allah Elçin Cəlilova rəhmət eləsin. Onun ifasında "Sənsiz"ə qulaq asmışam, bu gün onu oxuyan yoxdur.

"Türkiyəni Turqut Özal ayağa qaldırdı"

N.Ehlamqızı: Ailəniz barədə danışardınız, istərdinizmi oğlunuz bu sənətdə olsun?
- Heç vaxt istəmərəm ki, oğlum mənim keçdiyim yolu keçsin. Onu daha yuxarılarda görmək istəyirəm. Sərbəst ingilis dilində danışmasını arzu edirəm. Çox istəyirəm ki, musiqini 30 faiz olsa da başa düşsün. Mahnının janrlarını seçə bilsin. Özü deyir ki, iqtisadçı olacağam.

İ.Musayev: Neçə yaşı var?
-16 yaşı var. Deyirəm ki, gərək elə iqtisadçı olasan, iqtisadiyyata nəsə gətirəsən ki, tanınasan. Soruşur ki, ata nə? Deyirəm Turqut Özal elə bir proqram hazırlamışdı ki, o proqramla Türkiyəni ayağa qaldırdı. Sən də heç olmazsa, iqtisadiyyatı 10 faizə qədər biləsən. Bir söz deyim, ölməyib sağ qalsam, tez evləndirəcəyəm onu.

İ.Musayev: Niyə?
- İndi insanlar nə qədər yaşayır? Mənim 50 yaşım var, uşağınsa 16 yaşı var. İstəmərəm, mənim də nəvəm olsun, qucağımda gəzdirim?

İ.Musayev: Deməli, 16 yaşlı oğlanın hüquqlarını indidən pozmaq fikrindəsiniz, həyat onunkudur. Nəvə görmək üçün onu 20 yaşında evləndirəcəksiniz?
- Bəlkə də 18 yaşında evləndirəcəyəm. Özüm 34 yaşımda evlənmişəm, düz eləməmişəm. Mənim taylarımın artıq nəvələri var.

İ.Musayev: Hər halda bu fikir çox mühafizəkar fikirdir.
- Sözsüz.

"Gündəlik Teleqraf"ın yoxdur tayı-bərabəri,
Partladır bomba kimi Feysbuk-da hər xəbəri".

N.Ehlamqızı: Əməkdaşımız Vasif Həsənli bir qafiyə göndərib: "Gündəlik Teleqraf"ın yoxdur tayı-bərabəri, Partlayır bomba kimi Feysbukda hər xəbəri". Bunu davam etdirə bilərsiniz?
- "Gündəlik Teleqraf"ın səhifələri varaqlanır,
Nə xəbər var orada, millət onla maraqlanır,
Yaxşısı yaxşı kimi, pisi də pis soraqlanır,
Eləsi var populyar xəbər, eləsi var ötəri
"Gündəlik Teleqraf"ın yoxdur tayı-bərabəri,
Partlayır bomba kimi Feysbuk-da hər xəbəri.

Nərgiz EHLAMQIZI

FOTO: ELÇİN MURAD


Müəllif: