“Brifinq”in qonağı Aşıq Zülfiyyədir. Bu yaxınlarda oğlu Babəkə toy edən Zülfiyyə xanım son vaxtlar toydakı israfçılığa qarşı başladılan kampaniyaya münasibət bildirdi, Aşıqlar Birliyi haqda fikirlərini bölüşdü. O, İctimai Televiziyada aparıcısı olduğu “Ozan” verilişindən uzaqlaşma səbəbinə aydınlıq gətirdi. Aşıq sənətinə gəlişindən bəhs edən Aşıq Zülfiyyə ailəsindən də danışdı.
Nərgiz Ehlamqızı: Son vaxtlar toylardakı israfçılıq müzakirə mövzusudur. Bu yaxınlarda Siz də övladınıza toy elədiniz. İsrafçılığa qarşı mübarizə kampaniyasına münasibətiniz necədir?
- Bir məsəl var: “Palaza bürün el ilə sürün”. Biz toyu başqa cür etsəydik, onda deyəcəkdilər ki, Zülfiyyənin bir övladı var, gör toyunu necə elədi, stolun üstündə heç nə yox idi. Bu cür söz-söhbətlər yaranacaqdı. Ona görə də camaat necə toy edirsə, mən də övladıma o cür toy eləməyə məcbur oldum. Mənim yerimdə kim olsa, belə addım atardı.
Naibə Qurbanova: Bəs özünüzün bu məsələdə fikriniz necədir?
- Doğrudan da, masaya yersiz şeylər çox düzülür. Stola elə şey qoyurlar ki, bilmirsən adı nədir. Yəqin stolun zəngin görünməyi üçün edirlər. İsrafçılığın əvvəldən qarşısı alınmalı idi. İndi nə etsələr də, qarşını almaq mümkün olmayacaq.
N.Ehlamqızı: Bu məsələdə daha çox restoran sahibləri qınanılır.
- Qınaq restoran sahibinin də, ev sahibinin də payına düşür. Məsələn, restoran sahibi deyir ki, menyum budur, tək siz deyilsiniz, istəmirsiniz başqa restoranda edin. Toya 500 qonaq gəlirsə, toya gələnlər deməyəcək Zülfiyyənin oğlunun toyu belə oldu, deyəcəklər ki, filan restoranda bir qəpiklik qulluq yox idi, stolların üstü nə gündə idi. Restoran sahibi özünü düşünür. Mən də istər-istəməz özümü düşünməliyəm. Çünki qonağım deyəcək ki, bir övladı var, niyə belə toy elədi?
N.Qurbanova: Hiss olunur ki, ictimai qınağı nəzərə alan adamsınız, ictimai qınaq həyatınızda həmişə Sizə təsir edib?
- Əlbəttə. Elə insanlar var ki, gəlib toy edir, toydan sonra o yazıq 2 il borc ödəyir. Biz bunları da görmüşük. Türkiyədən bir qonağımız gəlmişdi, dedi sizdə dəhşətdir, masaya barmaq basmaq olmur, stolunuz zəngindir, amma çox israfçılıqdır, hərənin bir qarnı var. Biz də zarafatla dedik ki, siz də şirə ilə ayaq üstə camaatın başını aldadırsınız (gülür). O da dedi ki, vallah bizdə yaxşıdır, yığılan nəmərlə bəylə gəlinə ev, maşın alırıq. Sizdə isə ev sahibi toya qara saçla girir, ağ saçla çıxır. Görürəm ki, dediyində həqiqət var.
Taleh Şahsuvarlı: Nə qədər qonorar qarşılığında toya gedirsiniz?
- İnanın, elə toy olub ki, oraya təmənnasız getmişəm. Əgər toy sahibi toyu 100 manatlıq menyulu restoranda edirsə, gəlinlik paltarının 5 saatlıq kirayəsinə 5 min manat pul verirsə, kimlərisə toyda ansambla 15 min manatla oturdursa, mən niyə yarım saatlıq ifa üçün 1500 manat istəməyim? Artıq bütün restoranların menyusunun qiymətini təxmini bilirik. Toy sahibindən restoranın adını soruşanda, yaxud yerli musiqiçilərin ifa edəcəyini biləndə artıq anlayıram ki, imkanı olsa, başqasını gətirərdi, onda özüm soruşuram ki, nə qədər qonorar verməyə imkanın çatır? Razılaşıram, etiraz etmirəm.
T.Şahsuvarlı: Yadıma bir jurnal gəlir, birinci dəfə Sizi 20 il əvvəl o jurnalın üz qabığında görmüşəm.
- “Azərbaycan qadını” jurnalında. O jurnalı həyat yoldaşım saxlayıb. Özümə qalsa, bəlkə də itib-batmışdı.
T.Şahsuvarlı: Belə çıxır ki, populyarlaşmağınızda medianın rolu olub.
- Əlbəttə, olub. Media işçilərinə həddən artıq hörmətlə yanaşıram. Oğlum da bu sənətə gəlir. Həyat yoldaşım da, mən də gecə-gündüz onu başa salmağa çalışırıq ki, bu sənətə gəlirsənsə, media işçilərilə dost olmalısan, onlara səmimi yanaşmalısan. O, ağır təbiətlidir. Yəqin get-gedə düzələr. Xasiyyətinin sərtliyini idmanda görürəm. Ərköyün böyütməmişəm, əllə döyməsək də, sözlə döymüşük. Onun bir mənfi hərəkəti bizi sındıra, həyatdan yox edə bilər.
Cəvahir Səlimqızı: Övladınıza hansısa yasaq qoymusunuz?
- Oğlumun qarşısında onu yasaq edə bilərəm ki, içkidən, qumardan, nəşədən uzaq olsun. Əslində, 4 şeydən deyərdim. Onun da biri qadındır. Sadəcə, onun qabağını ala bilmərəm. Şükür edirəm ki, 3 şeyin üzünü belə görməyib.
C.Səlimqızı: Çevrəsi Sizi maraqlandırıb?
- Yüz faiz. Oğlum aşağı düşəndə yoldaşım o biri liftlə düşür ki, görüm hara gedəcək, kimlə görüşəcək?
“Oğlum atasına siqareti tərgitdirdi”
N.Ehlamqızı: İndiki zamanda oğlan uşağını çərçivədə saxlamaq olar? Bu, belə asandır?
- İnanın çərçivədə saxlamırıq. Sadəcə, çevrəsindən qorxuruq. Həmişə ağsaqqal sözünə qulaq asırıq. Onu başa salırıq ki, 3 nəfər dostsunuz, dördüncü adam gəlib sizə qoşulanda ola bilsin bu gün hesabınızı verəcək, səhəri gün çayınızı alacaq, amma o biri gün stolun altına nəsə yapışdıracaq. Polis qrup şəklində aparanda heç kəsə sübut edə bilməyəcəksən ki, bunun tamını belə bilmirəm. Mən kimə sübut edim ki, uşağımın əli yoxdur, sudan təmizdir? Görürəm ağlına batır, deyir düz deyirsiniz. Eşitmişik ki, bizim uşaq çevrəsindəki çox uşağa siqareti tərgitdirib. Hətta bir ara atasına da tərgitdirmişdi. Deyirlər ata siqaret çəkirsə, oğluna deyə bilməz ki, sən siqaret çəkmə. Deyəcək pisdirsə, sən niyə çəkirsən? Bizdə isə əksinə oldu.
N.Qurbanova: İlin günün bu vaxtında tərbiyəli övlad böyütmək məsuliyyətlidir. İşləyən qadın üçün övlad tərbiyə etmək çətindir. Siz artıq çətin mərhələni keçmiş sayılırsınız. Evləndirəndə qayğılar azalır.
- Əksinə, qayğılar çoxalır. Valideynin ölənə qədər övlada borcu bitmir. İndinin özündə hara gedirəmsə, övladım da, yoldaşım da yanımda olur. Övladım baxıb görüb-götürür. Deyirdim ki, camaatın mənə qarşı münasibətinə bax. Bir dəfə sual verdilər ki, sərxoş insanlar yaxınlaşanda nə edirsiniz? Bizim qarmon çalan Habil Şınıxlı qayıtdı ki, icazə verin o suala mən cavab verim, Allaha and olsun, neçə ildir Zülfiyyə xanımla bir yerdə işləyirik, sərxoş adam onun yanına çatanda 5 metr məsafədə ayılır, sözünü normal şəkildə deyib çıxıb gedir.
N.Qurbanova: Toylarda o cür xoşagəlməz vəziyyətlər çox olur?
- Yox, xoşagəlməz vəziyyətlə az-az rastlaşıram. Bəlkə də, təbiətimdən irəli gəlir ki, çoxları yaxınlaşıb gəvəzəlik edə bilmir.
T.Şahsuvarlı: Qadın həmkarlarınızla münasibətiniz necədir?
- Mən kiminsə pis hərəkətini görsəm belə pisləmərəm. Heç kimə qarşı mənfi düşünmək istəmirəm. Hətta mənfi xüsusiyyətini görəndə belə istəyirəm ki, onda müsbət nə isə tapım.
"Gec-tez Dədə Qorqudun qarğışına gələcəklər"
T.Şahsuvarlı: Aşıq Ədalət demişdi ki, Telli Borçalı bar sazəndəsidir. Siz onda Aşıq Ədalətdən yana oldunuz, yoxsa Telli Borçalıdan?
- Heç birindən yana olmadım. Saz sənəti bizə Dədə Qorqudun miras qoyub getdiyi sənətdir. Dədə Ədalət də, Telli xanım da, mən də saza qiymət verməliyik. Elə bilirəm ki, sazın arxasında başqa yollara gedən insanlar gec-tez Dədə Qorqudun qarğışına gələcək. Çox vaxt bunu görmüşəm də. Baxıram ki, ailə yoxdur, dağılıb. Bundan pis nə olacaq ki? Saza müqəddəs alət kimi baxıram. Elə bilirəm ki, sazın qarğışına gəlib.
N.Qurbanova: Bir ara qadın sazçalanların geyimi və davranışı ilə bağlı müzakirələr gedirdi. Ümumiyyətlə, saz ifa edən qadının geyim qaydası, çərçivəsi varmı? Aşıq Namiq deyirdi ki, Telli Borçalı ağ şalvarda saz çalır, bu, qəbulolunmazdır...
- Məncə, geyimi getdiyi məkan və ya televiziya verilişinin aurasına uyğunlaşdırmalısan. Şalvar geyməyə pis baxmıram. Amma səhnəyə çıxanda şalvar geyməyin əleyhinəyəm.
T.Şahsuvarlı: Sazla tanışlığınız nə zamandan və haradan başlayıb, Tovuzdan?
- Bizim ana tərəfdən nəslimizə aşıqlı nəsil deyirlər. Sazla tanışlığım 14 yaşından başlayıb.
N.Qurbanova: Tanınanda çox gənc idiniz, efirlərə də çox tez çıxdınız.
- 14-15 yaşımdan efirə çıxdım. 15 yaşında Respublika sarayında konsertdə ifa etmişəm.
“Əvvəl sazdan xoşum gəlmirdi”
C.Səlimqızı: Ailədən dəstək vardı?
- Ailəm həmişə mənə dəstək olub. Anamda qorxu vardı, düşünürdü ki, qız uşağı Bakıya necə gedəcək. Düzdür, dayılarım Bakıda yaşayırdı, tədbirlərə onlar aparıb-gətirirdi. Amma istər-istəməz qızı üçün narahat olurdu. Atam isə deyirdi ki, mən elə uşaq böyütmüşəm ki, bir ordunun da içinə buraxaram, bilirəm təbiyəli uşaqdır, narahat olmaram. Atam sazı mənə borc pulla alıb. O, mənə deyirdi ki, lazım olsa, Bakıya çağıranda yol pulun olmasa, borc tapıb göndərəcəyəm, əyninin paltarı olmasa, borc alıb əyninə paltar alacağam. 8 uşağa baxmaq asan məsələ deyil. Dedi bunları edəcəyəm, amma sabah Allah sənə bir qapı açsa, imkanın olsa, tanınsan, şöhrət sahibi olsan, səhnənin işıqları gözünü qamaşdıracaqsa, xarakterin dəyişəcəksə, sən adlı qızım yoxdur, sabah mənim başımı aşağı edəcək hərəkətin qulağıma çatacaqsa, bu sənətə getmə. Bizim qonşumuzda gitara satırdılar, 8 manata idi. Bacıma yalvarırdım ki, nə olar, mənə pul ver, alım. Biz də ailədə 10 nəfər olmuşuq. 2 otaqlı evimiz vardı, amma mal-qaramız çox idi, gələn qonağa atam həmişə quzu kəsib. Bacım mənə gitaranı aldı. Valda həmişə aşıq mahnılarına qulaq asırdım, xoşuma gəlirdi. Əkbəri, Mahmudu, Əlixanı dinləyirdim. Rəhmətlik dayım bizə gələndə həmişə çalıb oxuyurdu. Əvvəllər sazdan xoşum gəlmirdi. Mən oyun oynamaq istəyirdim, dayım da saz çalanda deyinirdim ki, dayım başladı saz çalmağa. Amma bilməzdim ki, saza bu qədər vurulacam, elə biləcəyəm bir parçamdı. Məhləmizin həyətində biçin vardı, atam traktorçu yoldaşı Məhərrəm dayı ilə evə gəldi, gördü ki, gitara çalıram. Özü də həmişə solaxay tuturdum. Atam da deyirdi ki, gitaranı düz tutmasan, qıracağam. Mən də qorxumdan düz tutmağa başladım. Məhərrəm kişi qayıtdı ki, nə yaxşı aşıq mahnıları çalır. Dedi buna bir saz alsana. Atam da söylədi ki, bilsəm, saz çala bilər, alaram. Dedi məndə saz var, gətirim məşğul olsun, öyrənsə, saz al. Əlimə oxlov, süpürgə də alsam, öz aləmimdə saz kimi çalıb oxuyurdum. Kişi sazını gətirdi mənə, 1-2 həftə çaldım, gördülər ki, çalıram. Kökləməyi bilmirdim, qonşu Müslüm kişidən, dayım oğlundan kökləməyi öyrəndim.
T.Şahsuvarlı: Hərədən bir az öyrənmisiniz?
- Hə, hərədən bir az öyrəndim. Mənim müəllimim olmayıb.
N.Ehlamqızı: Musiqi təhsili olmadan çalmaq mümkündür?
- Qulaq asıb əzbərləyirdim. Mən cəmi ustadları özümə ustad hesab edirəm. Çünki mən ustadlardan bəhrələnmişəm, qulaq asıb götürmüşəm. Öz kirvəmizin qızının toyunda balaca uşaq idim, hamı dedi ki, qoy Zülfiyyə oxusun. Nisə Qasımova “İvanko” mahnısını təzə oxumuşdu, mən də ondan götürüb oxuyurdum, hətta arada fit də çalırdım. Onda 9-10 yaşım olardı. Məclisi də rəhmətlik Aşıq Əvəz Safıyev aparırdı. Mən oxuyanda Əvəz dayı qayıtdı ki, bu uşağın yaxşı musiqi duyumu var, öz də o qədər diqqətlə qulaq asır ki, icazə verin hərdən qohum toylarına aparım. Atam da dedi ki, yaxşı apar, bəlkə nəsə öyrəndi. Bir dəfə bizə gələndə gördü ki, sazım var, soruşdu çala bilirsən? Çaldım, söylədi ki, əməlli-başlı öyrənmisən ki. Dedim ki, Əvəz dayı, sizə də qulaq asıb öyrənirdim, amma utanırdım deməyə ki, verin toyda mən də saz çalım. Qayıtdı ki, toyda sazı verəcəyəm görüm çala biləcəksənmi? Mən toyda saz çalıb oxuyanda camaat ayaq üstdə qulaq asırdı. Özü də boyum çatmırdı, masanın üstünə çıxarırdılar, orda oxuyurdum.
C.Səlimqızı: Aşıq Pəri Məclisinə necə gəldiniz?
- Tovuz rayonunda Məhsul bayramı keçirilirdi. Eşitdim ki, Mikayıl Azaflı da ordadır. Adını eşitmişdim, üzünü görməmişdim, gəldim, görüşdüm, dedim ki, Mikayıl baba, mən də saz çala bilirəm. Başımı sığalladı söylədi ki, saz çalacaqsan? Dedim öz də Sizin “Ağarma, saçlarım” mahnısını oxuyacağam. Gördü ki, sərbəst çalıb-oxudum. Gəldi üzümdən öpdü, soruşdu ki, bu uşaq harada yaşayır, kim öyrədib? Atam da dedi ki, vallah hərədən bir şey öyrənib. Qayıtdı ki, bu uşaqdan muğayat olun, gələcəyi var. O vaxt da bizim rayonun icra başçısı Aslan Nəsibov idi. O soruşdu ki, kim idi saz çalan? Mən də sanki müəllimə deyirmiş kimi qayıtdım ki, mən idim. Soruşdu ki, bayaq saz çalan bu uşaq idi? Məni qucaqlayıb öpdü, soruşdu ki, məktəb direktoru haradadır? Vidadi müəllimə tapşırdı ki, bu uşağın aydan-aya əynini təzələmək sizin boynunuza. Dedi bu uşağı rayon tədbirlərinə salın. Narınc xatın qızları axtaranda gəlib Azaflı Mikayılgilə çıxıb. Mikayıl baba qayıdıb ki, vallah bu yaxınlarda Məhsul bayramında uşaq gördüm, sizin qızların hamısından yaxşı çalırdı (gülür).
T.Şahsuvarlı: Narınc xatının bu ənənələrin qorunmasında çox böyük rolu olub...
- Əlbəttə. Narınc xatının, Hüseyn Arifin, Aydın Çobanoğlunun böyük rolu olub. Rəhmətlik Hüseyn Arif mənə “saz balam” deyirdi. Bakıya gələn kimi məni Aşıqlar Birliyinə yarımştat işə götürdü. Biz tədbir üçün Bakıya gələndə yol pulumuzu verirdilər. Hüseyn Arif “Koroğluya qayıdaq” adlı böyük tədbir təşkil etmişdi, bütün rayonlardan aşıqlar gəlmişdi. Gözümün qabağında hamısı gəlib imza atıb pullarını alırdılar. Mən belə şeylər görmüşdüm.
T.Şahsuvarlı: İndiki Aşıqlar Birliyində vəziyyət necədir?
- Bir dəfə o sualı verdilər, əfsuslar olsun ki, sözüm başqa cür səsləndi. Dedilər ki, Aşıqlar Birliyini ittiham edir.
“İndi Aşıqlar Birliyindən qonorar görmürük”
N.Ehlamqızı: Belə söhbətlər də vardı ki, Zəlimxan Yaqubu ittiham edirsiniz.
- Allah eləməsin, mənim Zəlimxan müəllimə böyük hörmətim var. Sadəcə, demişdim ki, Zəlimxan müəllim səhhəti ilə bağlı, ola bilsin, yetərincə ilgilənə bilmir. Deyir aşıq gördüyünü çağırar. Mən gördüyümü çağırıram. Hüseyn Arifin dövründə rayondan gələn aşıqların hər biri qonorar alırdı. Aşıqların özlərinin dediyinə görə, indi elə bir şey yoxdur. Mən, sadəcə, bunu demişəm. Ola bilsin, indi yetərincə büdcə yoxdur. Mən qətiyyən Aşıqlar Birliyini pisləmək niyyətində deyiləm. Şəxsən özüm o vaxt konsertlərdən həmişə qonorar almışam. İndi qonorar nədir, bilmirəm. Sadəcə bunu demişəm.
“Bəzi kişi aşıqları özünü aparmağı bilmir”
T.Şahsuvarlı: Aşıqlar Birliyinin sonrakı fəaliyyətini necə görürsünüz?
- Bəlkə bizim aşıqlarda da günah var. Bilirsiniz, insan istəsə, özünü şəxsiyyəti ilə qaldıra da, endirə də bilər. İnsan birinci növbədə özü-özünə hörmət qoymalıdır. Mənim kişi aşıqları barədə sözüm də yanlış anlaşılmışdı. Yenə sözümün üstündəyəm, hamısına şamil etmirəm, amma bəzi kişi aşıqları özünü aparmağı bilmir. Onda kişi aşıqlarından mənə zənglər çox gəldi. Məni ittiham edirdilər ki, sən belə deyibsən, elə deyibsən. Birinə dedim ki, sən toyda artıq-əksik hərəkət etmisənmi? Söylədi yox, dedim niyə göynəyirsən bəs, səni narahat edən nədir, demək, sənə aid deyil də. Birdən deyirlər ki, filankəs Aşıq Pərinin qızları haqda belə-belə sözlər dedi. Mən gülürəm, soruşurlar niyə gülürsən, belə dedi axı. Deyirəm ki, vallah sən çomağı əlinə götür suçlu suçunu bildirəcək, mənim günahım yoxdursa, niyə narahat olum ki?
C.Səlimqızı: Zülfiyyə xanım, Sizə bacı, ana kimi şeirlər çox vəsf olunur. Həyat yoldaşınız qısqanır?
- Əvvəllər qısqanırdı, indi elə də yox.
“Nişanı qaytardım, o da götürüb qaçdı”
Nərmin Muradova: Neçə yaşında ailə qurmusunuz?
- 18 yaşında. 16 yaşında nişanlanmışam. Dedilər ki, səni oxumağa qoymayacaq. Mən də nişanı qaytardım, o da götürüb qaçdı (gülür).
N.Muradova: Sonra sənətlə məşğul olmağa icazə verdi?
- Gördüm ki, yalan söhbət imiş. Qaynım da, rəhmətlik qayınatam da gözəl saz çalırdı.
C.Səlimqızı: Şayiələrə münasibətiniz necədir?
- İnanın ki, əvvəllər o qədər ağlayırdım, yemək belə yemirdim ki, niyə haqqımda belə danışırlar? Axırda həyat yoldaşım dedi ki, bu sənətin içində olan adamlar haqda istər-istəməz danışacaqlar, əhəmiyyət verməsən yaxşı olacaq. Yoldaşım məni buna hazırladı. Məni hansı səviyyədə görürsünüzsə, onun 50 faizini yoldaşıma borcluyam. Hara getmişəm yanımda olub, elə redaksiyanıza da o gətirib.
N.Muradova: Bir ara boşandığınız barədə xəbərlər yayılmışdı..
- Qayınanam bizim uşağın ad gününə gəlirdi, avtobusda da mənim mahnımı qoşublar, qayınanamın yanında əyləşən qadın da deyib ki, bu yazıq qız da boşandı. Qayınanam da soruşub ki, oxuyan Zülfiyyə deyilmi? Qadın deyib “hə”, qayınanam da zarafatcıldı, o qadını danışdırmağa başlayıb, deyib sən Allah eləmi, bilmirsən nəyin üstündə boşanıb? Qadın da deyib vallah bilmirəm, deyəsən, yoldaşı deyib çalıb-oxumayacaqsan, o da deyib “yox”, sən kimsən, uşağı da əlindən alıblar. Qayınanam bu qadını kənddən Bakıya kimi danışdırıb, düşəndə də deyib ki, onu deyən qələt edir, başını da daşa döyür, Zülfiyyə mənim gəlinimdir, boşanmayıb, boş söhbətdir. Qadın da qayıdıb ki, sən necə arvadsan, oradan bura məni danışdıra-danışdıra gəldin. Bir dəfə də saytlardan biri sənətçilərin həyat yoldaşlarından müsahibə alırdı. Yoldaşım əvvəl istəmirdi, dedim ki, jurnalistlərin işidir də. Çünki başqa müğənni istəmirmiş, araşdırıblar ki, gerçək həyat yoldaşı olmadığından müsahibədən imtina edib. Yoldaşım da razılaşdı, müsahibə verdi, başlığa belə yazdılar ki, “Anama demişdilər ki, Aşıq Zülfiyyənin ailəsi dağıldı”. Eşidən oxumadan zəng edib soruşurdu ki, nə məsələdir.
N.Muradova: Yoldaşınız nə işlə məşğuldur?
- Məni tədbirlərə, toylara aparıb-gətirir, bir də toyda səs sistemini çox yaxşı qurur. Həm mənim yoldaşımdı, həm prodüserimdir, evimizin ağası, uşağımın atası, gəlinimin qayınatasıdır.
T.Şahsuvarlı: Sazınızı niyə gətirməmisiniz?
- Həmişə yanımda, maşının baqajında olur, soyuqlar düşəndə simlərdə gərilmə olmasın deyə evə qoymuşuq. Desəydiniz, mütləq gətirərdim.
“Sazımın birinin 5 min manat qiyməti var”
C.Səlimqızı: Neçə sazınız var?
- 2 sazım var. Biri hədiyyədir, Tehranda bir dostumuz hədiyyə edib, həm də bahalı sazdır, təxminən 5 min manat qiyməti var.
C.Səlimqızı: İctimai Televiziyada “Ozan” verilişiniz vardı, Sizdən sonra o verilişə baxmıram...
- Çox adam o sözü deyir. Hətta eşitmişəm ki, Təbrizdən, Tehrandan nə qədər məktublar gəlib, neçə min azərbaycanlı adından yazırlar ki, daha o verilişə baxmırlar. Amma məncə, yenə də baxımlı verilişdir.
N.Muraova: Sizi niyə o verilişdən uzaqlaşdırdılar?
- Orada rəhbərlik, musiqi redaktoru, prodüserlər dəyişdi.
C.Səlimqızı: İmicin kifayət qədər yaxşıdır. Məncə, yeni rəhbərliyə yaxınlaşsaydınız, bu məsələ öz müsbət həllini tapardı.
- Həmin ərəfədə hamı yeni rəhbəri təbrik etməyə gedirdi. Mən dedim ki, Allah haqqı utanıram. Özlüyümdə fikirləşdim ki, birdən deyər, yəqin verilişinə görə gəlib. Hətta məndən bir nəfər soruşdu ki, Sizi yenidən verilişə qaytarmaq istəyirlər, istəyirsənmi? Mən də dedim ki, əvvəlki rəhbərliklə razılaşdığımız kimi olacaqmı? Çünki rayon toyumuz olanda razılaşmışdıq ki, çəkilişi növbəti gün edək. Deyirdilər ki, xeyirinizdən qalmayın. Amma eşitmişdim ki, burada başqa cürdür, çəkiliş bu günə təyin edilibsə, mütləq bu gün olmalıdır. Mən də fikirləşirəm ki, rayon toyunda xeyrim varsa, niyə xeyrimin dalınca getməyim?
N.Muraova: Verilişdən qonorar verilirdi?
- Bəli, 400 manat alırdıq. Amma onun 10 qatını başqa yerdən alıramsa, getməməliydim ki?
“Ali savadım yoxdur”
N.Muraova: Belə söhbətlər yayılmışdı ki, İTV-dən ayrılmağınıza səbəblərdən biri də Aşıqlar Birliyi ilə bağlı tənqidi fikirləriniz olub.
- Mənim özümə də bu barədə xəbərlər çatdı. Hətta Zəlimxan müəllimin adı ilə də bağladılar. Mən inanmadım. O qədər sadəlövh insanam ki, nə desələr inanmıram. Amma o da ola bilər. Heç nə deyə bilmərəm. İndi verilişin aparıcıları alicənab və savadlı oğlanlardır. Mənim ali savadım yoxdur, özümü də savadlı, yaxud çoxbilmiş hesab etmirəm. Azdan-çoxdan saz çalıb oxumağı bacarıram.
N.Muradova: Müğənnilər çox vaxt deyir ki, biz külfət saxlayırıq. Ailənizin qayğısına yəqin qalırsınız.
- Anamgilin nə problemi varsa, hamısı mənim boynumdadır. Bir qardaşım 26 yaşında dünyasını dəyişdi, onun 2 balası var, onun uşaqlarının nə problemi varsa mənlikdir. Anamgilə dəbdəbəli olmasa da, kürsülü, şəraitli ev tikib təhvil verdim. Yaşlı adamdır, qorxuram çölə çıxar, yıxılar. Həmişə atam da, anam da məndən pul alanda utana-utana alırdılar.
“Elə olur, toyda aşıq mahnısı sifariş etmirlər”
N.Muradova: Olub ki, toya gedəsiniz, aşıq mahnısı sifariş etməsinlər?
- Vallah olub. Çünki mənim xanəndə kimi ifamı bilənlər var. Hətta tanınmış müğənnilərlə rayonlarda toya düşmüşəm, mahnı sifariş ediblər. Onlar deyib bilmirəm, durub oxumuşam. Ev sahibi dedi ki, sənə aşıq deyənə nə deyək, professional xanəndəsən (gülür). Aşıq sənətində də elələri var oxuduğu kökü bilmir.
N.Muradova: Çox vaxt deyirlər ki, indiki gənc aşıqlar dastanı bilmirlər, ona görə də heç danışmırlar.
- Əvvəl toylarımız 40 gün 40 gecə keçirdi, sonra 7 gün 7 gecə, sonra isə 3 gün 3 gecə olurdu, indisə bir neçə saatdır. Aşıq dastan danışanda elə olurmuş ki, bir dastanı 1 həftəyə bitirirmiş. Hətta qulaq asanlar elə aludə olurmuş ki, bir nəfər çölə çıxanda görüb ki, qar dizdəndir, heç kəsin qarın yağmasından xəbəri olmayıb. Görün nə qədər maraqla aşıq sənətinə qulaq asıblar. O vaxtın aşıqları bilirdi ki, bunlardan dastan tələb edəcəklər. Yarım saatlıq toya gedirəmsə, orada hansı dastanı danışa bilərəm? Sırf aşıq sənətini bilənləri də toya dəvət etmirlər.
- Tovuzun deputatı Qənirə Paşayeva ilə münasibətləriniz necədir?
- Qənirə xanımla münasibətlərimiz çox yaxşıdır, tədbirlərdə tez-tez görüşürük.
Nərgiz EHLAMQIZI
Foto: Elnur MUXTAR