8 Noyabr 2014 12:57
4 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, muğam ifaçısı Nuriyyə Hüseynova “Brifinq”in qonağıdır. “Gündəlik Teleqraf” qəzetinin əməkdaşlarının suallarını cavablandıran Nuriyyə xanım muğam sənətinə gəlişindən, yetirmələrindən danışdı. O, toy məclislərindəki israfçılıq barədə fikirlərini bölüşdü, rəfiqəsi olan deputat xanımın adını açıqladı.

“Yetirmələrim çox müsabiqələrin qalibləri olublar”

Nərgiz Ehlamqızı: Nuriyyə xanım, redaksiyamıza dərsdən çıxıb gəldiyinizi söylədiniz. Tələbələrlə fərdi məşğul olursunuz, yoxsa?..
- Yox, fərdi məşğul olmuram. Çünki buna vaxtım yoxdur. Mədəniyyət və İncəsənət Universitetində və Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deyirəm. Bülbül adına məktəb mənim üçün çox doğmadır, çünki özüm orada təhsil almışam, sonra Milli Konservatoriyanı bitirmişəm. İncəsənət Universitetində artıq 15 ildir müəllim işləyirəm. Muğam kafedrasında çalışıram, gözəl tələbələrim var. Yetirmələrim çox müsabiqələrin qalibləri olublar. Ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsində üçüncü yerin qalibi Gülnar Qüdrətli mənim tələbəmdir. Müğənnilər Ramal, onun qardaşı Salmanov Tural, Elton tələbələrim olub. Bacardığımızı onlara öyrədirik. Bu gün incəsənətə axın çoxdur. Axın çox olsa da, çalışırıq ki, bu sənətdə layiqli olan qalsın.

Nərmin Muradova: Azərbaycan Milli Konservatoriyasında dərs demirsiniz?
- Yox, Konservatoriyada dərs demirəm. Bu günə qədər orada dərs deməyə cəhd göstərməmişəm. Çünki Mədəniyyət və İncəsənət Universitetində işləyirəmsə, mənə bəs eləyir. Heç dəvət də etməyiblər. Arif müəllim Babayev orada kafedra müdiridir, mən də onun tələbəsi olmuşam. Mənim orada işləməyimə etiraz etməzlər, məmnuniyyətlə istəyərlər də. Amma elə vaxtım olmur ki, əlavə olaraq orada da işləyim. Əslində bir yerdə çalışsam da kifayət edərdi.

Səxavət Həmidli: AMİU-da nə vaxtdan müəllim kimi çalışırsınız?
- 2000-ci ildə solo-oxu kafedrası yaranan gündən orada çalışıram. Gözəl tarzənimiz Vamiq Məmmədəliyev və xalq artisti Canəli Əkbərov zəng edib məni kafedraya dəvət etdilər. Elə o vaxtdan bu günədək İncəsənət Universitetində işləyirəm. Ümumiyyətlə, 1992-ci ildə Konservatoriyanı bitirəndən müəllim kimi fəaliyyətdəyəm.

S.Həmidli: Universitetin rəhbəri də dəyişdi. Əvvəlki rəhbərliklə Fərəh Əliyevanın fəaliyyətində fərq nədədir? Yeni rektor təyinatı ilə hansı dəyişikliklər baş verdi?
- Fərəh xanımı çoxdan tanıyıram, Konservatoriyada mənə dərs deyib, gözəl insandır. Şəxsən özümə sənətkar kimi gözəl münasibəti olub. Yadımdadır ki, Konservatoriyada tələbə olanda dərsə uşaqla gedirdim, elə məqamlar olurdu ki, uşağı qoymağa yer tapmırdım, oğlum balaca idi, çox vaxt güzəşt edirdi. Ailəli olduğumu həmişə nəzərə alırdı. Tələbəlik illərindən Fərəh xanımı tanıyıram, bu gün də elə bir problemim yoxdur. Hazırda da işləyirəm, müəllimlərə şərait yaradır. Təzəlikcə, aramızda söhbət oldu, dedi ki, Bülbül adına məktəbdə yaxşı tələbələriniz varsa, qoyun gəlsinlər burada oxusunlar, onlar üçün şərait yaranır, öz bilikləri, istedadları ilə gəlib oxuya bilərlər. Əvvəlki müdiriyyətin də mənə münasibəti heç vaxt pis olmayıb. Məni tanıyanlar bilir ki, işimi sevən və çox məsuliyyətli insanam. Hər zaman da doğrunun yanındayam. Bilirsiniz, Bülbül adına musiqi məktəbində də rəhbərlik dəyişdi, əvvəl Nigar xanım idi, sonra Teymur Göyçəyev gəldi. Orada da bir problemim olmadı. Bir çox müəllimlər oradan getdi, amma mənim tələbələrim müdiriyyətə dedi ki, Nuriyyə müəllimə gedərsə, biz də gedərik. Hər zaman tələbələrimlə münasibəti elə qurmuşam ki, müəllim-tələbədən daha çox səmimi dost olaq.

“Onlar üçün Qurban Primovu tanımamaq eyib deyil”

S.Həmidli: Musiqidən çoxlu pul qazanan dırnaqarası sənətkarlarımız Qurban Primovu tanımırlar, himnimizin söz və musiqisinin müəlliflərini bilmirlər...
- Onlar ömrü boyu bilməyəcəklər də. Bunu həmin adamlardan gözləməyin. Elə insanlar var ki, sənətə sırf sənət naminə, onu öyrənmək və yaşatmaq üçün gəlirlər. Elələri də var ki, məhz qazanc məqsədi güdürlər. Dediyiniz “sənətçilər” üçün Qurban Primovun, Vamiq Məmmədəliyevin, Keçəçioğlu Məhəmmədin, Xan Şuşinskinin kimliyi və varlığı maraqlı deyil. Kütləni ələ almaqdan ötrü öz dilləri ilə desək, əyləndirici musiqilərlə gündəmə gələn, ailə mövzularını ortaya qoyan, qadın olaraq öz nüfuzunu ayaqlar altına salıb gündəmdə qalmağı düşünən insanlar heç vaxt utanmırlar. Onlar üçün Qurban Primovu tanımamaq eyib deyil. Mən bu sənətdə heç vaxt düşünmədim ki, bu mahnını üzə çıxaracağam, mahnı məşhur olacaq, mən də toya gedib pul qazanacağam. “Mahnı sənətimə, savadıma yaraşmayan şəkildədir, amma mənə küllü miqdarda pul qazandıracaq” deyib bu işin dalınca gedən adam deyiləm. Nə qədər maddi cəhətdən aşağı səviyyədə yaşasam da, imkanlarım çox məhdud olsa da, bunu heç vaxt eləmərəm. Amma edənlər edir. Mən sırf Azərbaycan xalq və klassik musiqisinə xidmət etmək üçün bu sənətə gəldim. Səsim vardı, təhsilim də oldu. Bir kafedə, restoranda oxumadım, yaxud hansısa sponsor əlimdən tutmayıb, kimlərsə məni sənətə zorla yönləndirməyib. İllərim, zəhmətim gedib. 5 il Konservatoriyada, 7 il Bülbül adına musiqi məktəbində təhsil aldım.

N.Muradova: Nə vaxt xanəndə olmaq qərarına gəldiniz?
- Sənət belə bir şeydir, fikirləşmirsən ki, müğənni olum. Müğənnilik barədə qərara gələnlər Qurban Primovun kimliyini bilməyənlərdir, oturub fikirləşir ki, qazanc yolu yoxdur nə edim? Mən uşaq ikən son zəngdə mahnı oxudum. Nəğmə müəlliməm direktorumuza dedi ki, Nuriyyənin çox gözəl səsi var, mahnıları yaxşı oxuyur. Onda uşaq ağlımla müğənnilik nədir bilmirdim. Məktəbin direktoru qarmon çalırdı. Mən Ordubad rayonunda böyümüşəm, Dırnıs kəndində direktorumuz Əmiraslan müəllim qarmonda “Qəşəngdir” mahnısını çaldı, mən də kortəbii surətdə oxudum. Səsimin avazı onlara xoş gəlirdi. Məktəbdə oxuyandan sonra rayon müsabiqələrinə dəvət elədilər. Orada da hər zaman qalib olurdum. 7 yaşlı uşaq nə bilərdi oxumaq, səhnə nədir. Həftədə bir dəfə rayon mərkəzindən, mədəniyyət evindən arxamca maşın göndərirdilər, deyirdilər bu gün Məhsul bayramıdır, rayonda konsert var, gəlsin o balaca qız “Sarı bülbüllər” mahnısını oxusun. Kənd mədəniyyət evində Kürsüm xala vardı, mənim yanımda oturdurdular. Zaman keçdi, beləcə Bakıya, jüri qarşısına gəlib çıxdım. Münsiflər heyətində Maestro Niyazi, Vasif Adıgözəlov, Şövkət xanım Ələkbərova, İslam Rzayev, Arif Babayev oturmuşdu. Bu insanların qarşısında oxudum və uğur qazandım. İnsanın təfəkkür tərzi mükəmməl formalaşanda, həyatı az-çox dərk edəndə hiss edir ki, gözəl səsim varmış, musiqiçi imişəm. Bunları uşaq ikən heç vaxt hiss edə bilməzsən. Gərək zaman səni yetişdirə.

N.Ehlamqızı: Kələkidə olmusunuz?
- Bəli, qonşu kənddir, olmuşam.

“Elçibəy kimliyimi bilmədən dünyadan köçdü”

N.Ehlamqızı: Kələki deyəndə ağla mərhum Prezident Əbülfəz Elçibəy gəlir. Onunla görüşünüz, yaxud şəxsi tanışlığınız olubmu?
- Əbülfəz Elçibəylə heç bir görüşümüz, yaxud şəxsi tanışlığımız olmayıb. Heç o bilməyib ki, Ordubadda qonşu kənddə Nuriyyə Hüseynova adlı bir oxuyan var. Mən ailə qurmuşdum, bu sənətdən uzaqlaşmışdım, efirə də çıxmırdım, görünmürdüm. İndi xasiyyətimdə bir az dəyişiklik olub. Zaman məni dəyişdirdi. Artıq bu, mənim haqqımdır, istedadımdır, hansısa sözü kiməsə deməyi bacarıram. O dövrdə həm yaşım az idi, xarakterim də fərqli idi deyə kiməsə yaxınlaşıb bir söz deməyə ehtiyat edirdim, utanırdım, düşünürdüm ki, başqa cür başa düşülə bilər. Konservatoriyanı bitirdim, Asəf Zeynallı adına musiqi kollecində müəllim kimi fəaliyyətə başladım. O dövrdə ordubadlı bir insan, Elçibəy hakimiyyətdə idi. Bundan istifadə edib işimin qabağa getməsi üçün çalışmaq mənim əqidəmə qətiyyən uyğun deyildi. Xarakterimdə bu yoxdur. Elə bir şərait, situasiya da olmamışdı ki, üz-üzə oturaq, söhbət edək. Mənə elə gəlir ki, mənim kimliyimi bilmədi, dünyadan köçdü. Allah rəhmət eləsin. Hər zaman ona böyük sayğım və sevgim olub. Çünki millətini sevən, dəyər verən insanları mən də çox sevirəm.

Nemət Orucov: Ordubadlılar adətən, dindar olur, Sizin dinə münasibətiniz necədir?
- Mən dindar deyiləm, Allahı sevirəm, İslam dininə böyük hörmət edirəm. Dinin doğru və düzgün tərəfləri var. İnsanın dünyaya gəldiyi andan necə formalaşmalı olduğu, düzgünlüyə, saflığa, böyüklüyə, elmə, savada nə cür xidmət etməli olduqları barədə Quranda ayrı-ayrılıqda geniş izahatlar var. Gəlin baxaq görək biz necə xidmət edə bilirik? Zərrə qədər də xidmət edə bilmirik. Savadlı insanlardan danışmıram, elə cahil insanlar var ki, şüursuz surətdə dinə qurşanırlar, sonda da məğlubiyyətə uğrayırlar. Hər bir insanın, millətin dini-imanı olmalıdır. O insanın ki, dini-imanı yoxdur, ondan hər şey gözləmək olar. Mən gecə-gündüz ziyarətgahları gəzməmişəm. Yalandan deyə bilmirəm. Amma məsələn, Naxçıvana getdimsə, Əshabi-Kəhfi ziyarət etməliyəm. Normal düşüncəli insanlar müqəddəs günlərə, məkanlara sayğı duymursa, demək, bu dünyanın sonu gəlib.

N.Muradova: Sosial şəbəkədə aktivsiniz. Onlardan intensiv istifadə edirsiniz?
- Facebook-da profilim var. Əvvəl səhifəmi qızım işlədirdi. O, məni Azərbaycandan kənarda çox tanıtdırdı. Gələn oxucu məktubları əsasında bunu deyirəm. Bir çox televiziya proqramlarında lentə alınmış mahnılarım vardı ki, onları “Youtube”-a yerləşdirdi. Sosial şəbəkələr tanıtım üçün çox gözəl işdir. Orada qəlbimə, ruhuma yaxın gözəl dostlarım da var.

N.Muradova: Bəzən insanlar Facebook-da hisslərini ifadə edirlər. Bəs Siz necə?
- Yox, mən hər hissimi, içimdən keçəni orada paylaşmağı sevmirəm. İnsan avtomatlaşmış sistem deyil, insan haldan-hala düşə bilir. Elə məqam olur ki, əsəblər tarıma çəkilib, onda Facebook-da yüngül nə isə paylaşa bilərəm. Amma özüm və ailəmlə bağlı nə isə paylaşmağı xoşlamıram.

“Elə bilirdilər subayam, Facebook-da həyat yoldaşımın şəklini paylaşdım”

N.Muradova: Bu yaxınlarda həyat yoldaşınızın doğum günündən fotolar paylaşmışdınız. Maraqlı da qarşılanmışdı.
- Həyat yoldaşım həmişə söyləyir ki, tanınmış adam deyiləm. Eləcə də, qızım və oğlum onlar barədə nə isə paylaşmağı sevmirlər. Bir çox insanlar var ki, elə bilirlər evli deyiləm, subay insanam, oğlum, qızım yoxdur. Mən özüm yoldaşımın fotosunu paylaşdım ki, görsünlər ki, evli, ailəli adamam, yoldaşım, oğlum, qızım, 2 nəvəm var, məni çox yormasınlar. O da bir siyasətdir (gülür).

İlhamə Əbülfət: Verilişlərin birində bir fikriniz vardı: Hər qadın mənim qədər zəhmətkeş ola bilməz. Həm çalışıb həm də ailəsinə vaxt ayıran xanımlar çoxdur.
- Doğrudan da elədir. Elə sənət adamları var ki, çox zəhmətə qatlaşmırlar, tez usanırlar. Bir də gördün xırda gileylərdən ailədə söz-söhbət yaranır. Xırda qüsurları böyük problemə çevirmək doğru deyil. Hər evdə problem yaşanır. Mən çox zəhmətkeş olmuşam. 5 il Konservatoriyada oxumuşam, 2 uşağımı səhər bağçaya qoymuşam, dərsdən qayıdanda onları götürmüşəm, əlimdə də iki yekə zənbil, bir övladım qucağımda, birinin əlindən tutub evə gəlmişəm. Yoldaşımın atası, anası, qardaşı yanımda olublar, təhsil alıblar, burada qalıb işləyiblər, onlara xidmət etmək, münasibət qurmaq lazım idi. Ümumilikdə bizim evimiz qohumlar üçün ata ocağı kimi olub. Sənət adamı həmişə formada, geyimi, saçı, dırnağı qaydasında olmalıdır. Uşaq saxlayırsan, dərsə gedib-gəlirsən, yemək bişirirsən. İndi hər şey başqalaşıb, rahatlaşıb. O vaxt evinə köməkçi çağırıb işlətməyə cürət etmirdin. İslam Rzayevin sinfində təhsil alırdım. Bir gün İslam müəllim dedi ki, bir söz soruşum, yoldaşın sənə yaxşı baxmır? Dedim yox, İslam müəllim, yaxşı baxır, niyə soruşdunuz? Dedi bəs niyə belə olmusan. Bülbül adına məktəbdə oxuyanda da İslam müəllim mənə dərs demişdi. Onda tamam fərqli idim. Ailə qurandan sonra çox zəifləmişdim, kim məni görürdü tanımırdı, düşünürdülər ki, yəqin ailə həyatım, yaşam tərzim çox pis haldadır. Amma əyani oxuduğumu, 2 körpə uşağa baxdığımı, evimdə qonaq-qara olduğunu düşünmürdülər. Zəhmətlərin hamısına qatlaşdım, övladlarımı sağlam böyütmək, onlara təhsil vermək, evləndirmək, özünə də, uşaqlarına da, həyat yoldaşlarına da xüsusi diqqət ayırmaq, ər qohumlarımla, öz qohumlarımla münasibət həm zəhmət, həm diqqət tələb edir.

N.Muradova: Tez ailə həyatı qurmusunuz?
- 19 yaşında ailə həyatı qurmuşam. Hələ ailə əziyyətlərini kənara qoyuram. 1982-ci ildən Bülbül adına orta ixtisas məktəbində təhsil aldım. 6-cı sinifdən sənədlərimi götürüb Bakıya gəldim. Ata-ananı, doğma evi tərk etdim, paytaxtda dayımın evində qalıb oxudum. Dərsdən çıxıb evə gəlirsən, hər kəs istəyir ki, onun qarşısına yeməyini anası gətirib qoysun, paltarını ana yuyub ütüləsin.

“Məktub gəldi ki, Heydər Əliyevin xüsusi tapşırığı var”

N.Ehlamqızı: Adətən, rayonda yaşayan insanların gözündə Bakı təhlükəli şəhər kimi canlanır. Nə əcəb valideynləriniz Sizin xüsusilə musiqi dalınca Bakıya gəlməyinizə izn verdi?
- Valideynlərim məni Bakıya buraxmırdılar. 1980-ci ildə Bakıya festivala gəldim, jüri qarşısında çıxış edib uğur qazandım, geri qayıtdım. Sonradan bizə bir məktub gəldi. Festivalda Aybəniz Haşımova və mən qalib gəldik. Yadımdadır ki, o vaxt dövlət tərəfindən qərar verildi ki, bu uşaqlar mütləq təhsil almalıdırlar. Həmkarlar İttifaqı Şurasının sədri Lidiya Rəsulova evimizə məktub yazdı ki, Heydər Əliyevin xüsusi tapşırığı var, seçmə uşaqlar, ələlxüsus da Naxçıvandan gələn qız Bakıya gəlib oxumalıdır. Dayılarım, böyüklərimiz, atam, anam oturub birlikdə söhbət elədilər, qərara gəldilər ki, dövlətin himayəsi varsa, artıq gedib oxumalıdır. Anam çox nigaran idi, düşünürdü ki, uşaqdır, maşın vura bilər, başına hadisə gələr, kimsə yoldan çıxarar. Kəndə gedəndə beynimi o qədər doldururdular ki, hətta kimsə mənə eşq elan edəndə onun yanından sürətlə getməliydim ki, haqqımda kimsə pis fikrə düşməsin.

Nemət Orucov: Bu gün televiziyalarda intellekt baxımından kasad olan sənətçilər evlərimizə soxulur, uşaqlara örnək göstərilir. Bir vaxtlar televiziyaya düşmək çox çətin idi, amma indi kimin pulu varsa, asanlıqla verilişlərə qonaq çağırılır, reklamı gedir. Bu hallarla bağlı fikriniz necədir?
- Bunlar nə qədər çoxdursa, ona görə narahat olmayın. Hamı tənqid etməyə başlayır. Amma mən söyləyirəm ki, qoy onlar çox olsun. Mən bir torpaq sahəsində istədiyim gülü əkmişəm, atmışam torpağa. Mənə lazım olan odur, ətrafı alaq otu tutub. O parlayırsa, alaq otunu təmizləyib onun inkişafına kömək edəcəyəm. Çünki mən ondan ötrü əziyyət çəkirəm. Bu gün nə qədər bəyənmədiyimiz səviyyəsiz musiqi olsa da, onların da öz tamaşaçısı var. Gəlin, etiraf edək. İnsanın düşüncə tərzi necədirsə, o cür də musiqi dinləyir. Toydursa, orada təbii ki, o musiqilər səslənəcək, çünki camaat əylənməyə gəlib. İnsan əylənəndə də onu hiss etməlidir. Bu gün hər kəs toyda ortalıqdadır, hamının qolu tərpənir. Eləsi var heç ritmi duymur, onu dərk etməyərək oynayır. Təəssüflər olsun ki, çoxu bəhsə girir, bu, şüuraltı vərdişdir. Qadınlar bəhsləşir: filankəsin gələn ay toyudur, paltar almısan, qızıl almısan, saçını harda düzəltdirəcəksən?

N.Orucov: Son vaxtlar toy məclislərində israfçılıqla bağlı geniş müzakirələr gedir. Toylarla bağlı nə düşünürsünüz? Xalqı bir tərəfdən restoranlar soyur, digər tərəfdən toydan 10 min manat qazanan müğənnilər heç vergi də vermirlər.
- Mən də musiqiçiyəm, gəlin bu tərəfindən də danışaq. Şou adamı deyiləm, şou proqramlara getmirəm. Toya dəvət edəndə gedirəm. Hər gün də toy olmur, ayda 2-3 dəfə ola bilər. Get-gedə bunun sayı da azalır. Əvvəllər tanınmırdım, bu qədər məşhur deyildim, onda daha çox dəvət alırdım, indi bir az azalıb. Çünki camaat artıq pul xərcləmək istəmir. Əvvəl bir toya gedirdin, görürdün 10 müğənni var, indi isə 1-2 müğənni ola, ya yox. Dünyanın hər yerində böyük sənət sahibləri işi, məşğuliyyəti ilə milyonerdirlər, uşaq evlərini himayədarlığa götürürlər, bizim ölkəmizdə isə musiqiçilərə kimsə kömək edir. Məsələn, mən muğam dəsgahlarını lentə yazıb arxivə qoymaq istəyirəm, bunları yazmaq üçün küllü miqdarda pul lazımdır. Onu haradan almalıyam? Yolumu aza bilmərəm, oğru, əyri, əxlaqsız deyiləm, bunu necə etməliyəm? Adamın dadına toy çatır. Toy da əvvəlki kimi deyil. İndi o qədər məsrəfim var ki, pul oradan gəlməmiş buradan yoxa çıxır. Toy biznesi isə başqadır. Onlar qarşılarına böyük sənət göstərib Azərbaycan mədəniyyətini yaşatmaq məqsədini qoymayıblar. Düzdür, onların işinə də normal baxıram, öz biznesləridir, onunla dolanırlar.

“20 manatlıq kofta geyinəndə narahatlıq keçirmirəm”

N.Orucov: İsrafçılıq barədə fikriniz necədir?
- İsrafçılığı kim edir? Dövlət sənə demir ki, süfrəyə 10 cür yemək düz. Qoyma! Dövlət konkret qərar versə, heç bir restoran hansısa tələb də irəli sürməz. Dünyanın hər yerində bizim süfrəni müzakirə edirlər. Türkiyədə dostlarım var, deyirlər ki, sizin ən kasıbınızın etdiyi toyu bizim cümhurbaşqanı ancaq edə bilər. Yaslara gəlincə, yenə toy belədir ki, deyirsən, gülürsən, şənlənirsən. Allah xalqımıza hər zaman toy nəsib eləsin. Amma yas yerinə gedirsən, bayaqdan ağlaşma, ürəyi gedən, başını yolan, elə aura var ki, dünyanın sonudur. 10 dəqiqədən sonra qaşıqların səsindən qulaq çatlayır. Bura yas yeridir, biz yeməyə gəlməmişik, dostumuzun, əzizimizin dərdinə şərik olmağa gəlmişik. Demirəm, ehsan verilməsin. Birinin doğması ölür, kasıb adamdır. Bunun dərdi, qəmi bir tərəfdə qalır, o biri yandan baş sındırır ki, kimdən borc edim sabah ehsanımı verim. Xalqın içində yaşayırıq. Bunların hamısını görürük. Mənə görə insan gərək xətir üçün xəstə yatmasın. Biz özümüz üçün yaşamırıq. İndi xatırladım, Facebook-da toydan qayıdandan sonra belə bir status yazmışdım: Sən demə, biz illərdir özümüz üçün yox, görüntü üçün yaşamışıq. Bir də görürsən dərsdən çıxdım, adi formada hansısa tədbirə, yaxud toya gedirəm. Soruşurlar niyə saçını düzəltməmisən, evə gedib başqa paltar geyinməmisən. İzah edə bilmirəm ki, mənə belə rahatdır, səliqəli, təmiz olsun yetər. Nə olsun ki, müğənniyəm, mən də insanam, rahat olmaq istəyirəm. Gündəlik həyatda heç vaxt makiyaj etmirəm. Çox adam kim olduğumu bilmir. O qədər sadə formada küçəyə çıxıram ki, heç kəs tanımır. Elə paltar olur çox bahadır, amma xoşuma gəlir deyə alıram. Olub ki, koftanın qiyməti 20 manatdır, onu da alıb geyinirəm. Mən 20 manatlıq koftanı geyinəndə narahatlıq keçirmirəm. Amma onu satan gedib qohum-əqrəbaya danışır ki, filankəs gəlmişdi, o boyda müğənni məndən 20 manatlıq kofta aldı. Hələ biz bu təfəkkürün sahibiyik.

N.Ehlamqızı: Xanəndələrin əksəriyyətini Leyli obrazında görmüşük. Siz o obrazı canlandırmamısınız?
- Yox, heç vaxt oynamamışam. Uşaq vaxtı tələbə yoldaşlarımla konsertlərdə çıxışımız olub. Sonra özüm cəhd etməmişəm. Dəvət də almamışam. Bəlkə dəvət alsaydım, cəhd edərdim, o haqda düşünərdim. 19-20 yaşlarında, gənclik illərimdə ailəli, uşaqlı olmuşam. Leyli obrazı heç yadıma da düşməyib. Ondan sonra bir başqa dövr gəlib. İndi isə o haqda düşünmək maraqlı deyil, heç o yaş da deyil.

“Leylini oynamamışam, peşman da deyiləm”

N.Ehlamqızı: Çox zaman deyirlər ki, iki aşiq gənc olub. Amma səhnəmizin Leyliləri, Məcnunları çox yaşlıdır.
- Bir dəfə bu barədə danışmışdım. Sənət adamlarının bir çoxu məndən incimişdi. Üzümə deməsələr də, hiss elədim ki, inciyiblər. Hər bir insanın həyat tərzi öz istəklərinə bağlıdır. Məncə, gənclər oynasa, daha yaxşı olar. Çünki Azərbaycan səhnəsində kifayət qədər gənc, cavan oğlanlarımız, gözəl səsli qızlarımız var. Düzdür, bəlkə də onların duyumu, hissiyyatı o deyil, oynasalar o obrazı tam təfərrüatı ilə verə bilməzlər. Çünki sevgini insan yaşa dolduqca daha çox anlayır. Gənclikdə ötəri hiss ola bilər. Məni tanıyanlar deyir ki, sənin boyun, biçimin, üz quruluşun, cizgilərin Leyliyə uyğundur, heç də düşünmə ki, artıq Leyliyə uyğun deyilsən. Hələ mən Bülbül adına orta məktəbdə oxuyanda Niyazi deyirdi ki, artıq bizim Leylimiz hazırdır. Məni həmişə Leyli kimi görmək istəyirdi. Amma hər şey qismətdir. Mən Leyli oynamadım, peşman da deyiləm.

“Hər kəs opera müğənnisi ola bilməz”

N.Ehlamqızı: İçinizdə heç vaxt istək olmayıb?
- Mən oynamadığıma görə təəssüf hissi keçirmirəm. Azərbaycan mədəniyyətinə o qədər dəyərli xidmətlərim var ki. Hər kəs opera müğənnisi ola bilməz. Bizdə dəb halını alıb, müğənnisənsə mütləq gedib Leyli oynamalısan. Hamının Leylini oynaması mütləq deyil.

N.Muradova: Kimin ifasında Leyliyə baxmısınız?
- Heç birinə baxmamışam. Zeynəb Xanlarova-Arif Babayevin ifası yadımdadır. Bir dəfə də Gülüstan Əliyeva məni dəvət edib, Gülüstan xanım Mənsum müəllimlə oynayırdı, hər ikisi obraz baxımından gözəl oynayırdı. Ümumi bəyənmişəm, amma yaş və görünüş etibarilə xoşlayaram ki, bu rolları gənclər ifa etsin. Cavanların da obraz məsələsi var, gərək bu sənətdə bişsinlər ki, tam təfərrüatı ilə obrazı tamaşaçıya təqdim edə bilsinlər.

N.Ehlamqızı: Bir fikrinizi oxumuşdum, orda sanki giley vardı ki, Niyazi məni Leyliyə bənzədib, amma bu rola heç vaxt təklif almadım...
- Çox adam deyirdi ki, sən niyə Leyli oynamırsan, bu söhbətlərdən yoruldum. Mənim də xarakterimdə o yoxdur ki, kiminsə qapısını döyüm, deyim ki, Leylini oynamağa gəlmişəm, mənə şərait yaradın. Bunu heç vaxt edə bilmərəm. Deyirdilər ki, Opera və Balet Teatrına müraciət elə, mən isə onu heç vaxt edə bilmərəm. Onlar məsləhət bilsəydilər, çağırardılar. Orada bir o qədər solistlər var, təbii ki, o toplumun, o çoxluğun içində onların yadına düşə bilməzdim. Bəlkə də Leylini oynasaydım, Leylilərin ən gözəli olacaqdı. Duyduğum, hiss etdiyim Leyli obrazını çox mükəmməl ifa edərdim. Amma olmadı, bitdi. Bundan sonra da Leylini oynamağım eyib olar.

N.Muradova: İctimai-siyasi hadisələri izləyirsiniz?
- Dünyada, ölkəmizdə olan xəbərləri izləyirəm. Çox vaxt Facebook səhifəsinə girib maraqlı xəbərləri oradan da oxuyuram.

“Çox adam məni deputat kimi görür”

N.Ehlamqızı: Siyasi xəbərlərlə aranız necədir?
- Bizim gündəlik həyat tərzimiz özü bir siyasətdir. Mədəniyyət insanıyam, hər yerə gedirik, siyasi savadım da az-çox olmalıdır. Çünki dünyanın ən ünlü insanları ilə üz-üzə gəlirəm, televiziyalar müsahibə alırlar, ölkəm haqqında soruşurlar, təbii ki, hazırcavab olmağım önəmlidir. Bunun öhdəsindən gələ bilirəm.

“Ən yaxın rəfiqəm Qənirə Paşayevadır”

N.Ehlamqızı: Amaliya Pənahova, Zeynəb Xanlarovanın timsalında sənət adamlarının siyasətçi olduğunu görmüşük. Gələn il Milli Məclisə seçkilərdir. Bəs Siz öz şansınızı sınamaq istəməzsiniz?
- Bu sözü mənə deyənlər çoxdur. Təsəvvür edin ki, məni çox adam deputat kimi görür. Deyirlər ki, yaxşı deputat olarsınız, bu işin öhdəsindən gələrsiniz. Amma heç vaxt qəlbimdən keçməyib. Sənətim əbədidir. Ola bilsin seçilərəm, 5 ildən sonra seçilmərəm. Birinə yaxşılığı edə bilərəm, birinə bacarmaram, olaram pis adam. Mənim ən yaxın rəfiqəm Qənirə Paşayevadır. Sənət münasibətlərimiz bizi yaxın edib. Mən görürəm ki, Qənirə xanım bacardığı qədər hamıya kömək etməyə çalışır, çox işləyir, hətta sağlığını qurban verir, canından pay verir. Qənirə xanıma sonsuz hörmətim var, Azərbaycanın ziyalı xanımıdır, xalqı üçün milləti üçün canı yanan insandır.

N.Ehlamqızı: Bayaq söylədiniz ki, ünlü insanlarla görüşürsünüz. Kiminlə görüşünüz Sizin üçün əlçatmaz olub?
- Mənim üçün əlçatmaz insan yoxdur. Bu, özündən razılıq deyil. Amma elə insanlar var ki, onların sənətini, şəxsiyyətini sevirəm və onlarla görüşmək, həyat tərzi ilə tanış olmaq çox maraqlıdır. Mənim üçün ölkəmizin birinci xanımı Mehriban xanım fədakar xanımdır. Gözəl ailə başçısıdır, işini bilən xanımdır. Mehriban xanımın həyat tərzi mənim üçün çox maraqlıdır. Düzdür, tədbirlərdə, konsertlərdə görüşmüşük, bizi təbrik edib. Mən hər zaman insanlarda kübarlıq, alicənablıq axtarıram. Şəxsiyyətli insanların yaşam tərzini görüb götürmək istəyirəm.

Nərgiz EHLAMQIZI

FOTO: Elçin MURAD


Müəllif: