6 May 2014 16:42

Tahir Kərimli: “Müxalifətçilik öz bünövrəsini əyri əsasla qoyub”

Neçə müddətdir ki, Vəhdət Partiyasının sədri Tahir Kərimlidən xəbər-ətər yoxdur. Bu partiyanın hansı istiqamətdə işlədiyi, fəaliyyəti, nələr planlaşdırdığı bəlli deyil. Bu məsələlərlə bağlı partiyanın sədri Tahir Kərimli mövqeyini açıqlayıb. Partiya sədri hakimiyyətə münasibətindən, müxalifət düşərgəsində baş verənlərdən, ictimai-siyasi vəziyyətdən, Müsavatın mitinq qərarından, bələdiyyə seçkilərdən danışıb.

- Tahir bəy, neçə müddətdir ki, mətbuatda Vəhdət Partiyası haqda xəbərə rast gəlinmir. Buna səbəb nədir, fəaliyyət göstərirsinizmi?
- Etiraf etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasını çıxmaq şərti ilə bütün partiyalarda siyasi fəaliyyət hədsiz dərəcədə zəifləyib. Bu faktdır və bunu inkar etmək mümkün deyil. Amma bununla belə, Vəhdət Partiyası özünün Siyasi Şurasının, Sədr Aparatının iclaslarını keçirir, öz qərargahında funksional fəaliyyəti ilə məşğuldur. Biz əvvəllər “Vəhdət” qəzetini nəşr edirdik, lakin imkansızlıq ucbatından qəzetin fəaliyyətini davam etdirə bilmədik. Sonra eyniadlı sayt yaratdıq və məqsədimiz bu yolla fəaliyyət göstərmək, partiya həyatı, gördüyümüz işlər haqda cəmiyyəti məlumatlandırmaq idi. Çox təəssüflər olsun ki, saytda da səmərəli fəaliyyət göstərə bilmirik. Əslində bilirik ki, əsas məsələ mətbuatla işləmək, informasiya məkanında fərqlənməkdir. İndi elə partiyalar var ki, onların bizim Sədr Aparatında çalışanlar qədər üzvləri yoxdur, amma mətbuatla işlədiklərinə görə səsləri kifayət qədər çıxır. Bizdə isə sosial baza, geniş imkanlar olmasına baxmayaraq, mətbuatla işimiz zəif gedir. Amma son həftədə açıqlamalarımız olub, bir sıra məsələlər haqda fikirlərimizi ifadə etmişik. Gücümüz çatan qədər ölkədəki ictimai-siyasi vəziyyət, beynəlxalq durumla bağlı mövqeyimizi açıqlayırıq. Amma bu, arzu etdiyimiz səviyyədə deyil.

- Konkret olaraq Siz hansı partiyalarla müttəfiqlik edirsiniz?
- Bu məsələ də bizim zəif tərəfimizdir. Çünki müttəfiqlik edəndə istər-istəməz partiyanın adı mətbuatda çəkilir və diqqət cəlb edir. Zamanında partiyanın müstəqil şəkildə fəaliyyət göstərməsi, habelə Prezidentin strategiyasını müdafiə etməyimiz haqda qərar qəbul etdik. Biz müstəqil şəkildə müdafiə etdiyimiz üçün müttəfiqlik alınmır. Həm də YAP indiyə qədər seçkilərdə siyasi və ya seçki bloku yaratmayıb, buna maraq da göstərməyib. Hakim partiya özünə güvənir. Əslində haqlı olaraq güvənir, çünki böyük sosial bazası var, seçkilərin öhdəsindən təkbaşına gələ bilir. Odur ki, seçki bloku yaratmağa ehtiyac görmür. Düzdür, bəzən partiya rəhbərləri ilə təmaslarımız olur. Xeyir və ya şər məclislərində iqtidaryönlü və müxalifətyönlü siyasətçilərlə görüşürük. Amma blok şəklində fəaliyyətimiz yoxdur. İndi “Ata” bloku və ora daxil olan partiyalarla əməkdaşlığımız olur.

- Son prezident seçkilərində Sizin partiya olaraq fəaliyyətiniz olubmu?
- Biz son prezident seçkilərində Baş Məclisimizin qərarı əsasında prezident İlham Əliyevin namizədliyini dəstəklədik. Bu səbəbdən də namizəd irəli sürmədik. Yerlərdə seçki prosesi zamanı müşahidəçilik, məşvərətçi səs hüququ və digər məsələlərdə iqtidaryönlü partiyalarla fəaliyyətimiz oldu. Yəni bu proses əməkdaşlıq şəraitində keçdi. Onu da qeyd edim ki, seçki prosesi zamanı bizim üzvlərimiz bir sıra beynəlxalq təşkilatlarla da əməkdaşlıq edirdilər. Amma biz bunun qarşısını vaxtında aldıq. Məsələn, Gəncə, Şamaxı və digər yerlərdə üzvlərimizə istiqamət verdik ki, doğru yöndə fəaliyyətdə olsunlar. Çünki onlar fəaliyyət göstərdikləri və əməkdaşlıq etdikləri beynəlxalq qurumların istiqamətlərindən məlumatsız idilər. Biz onlarla işləyəndən sonra hamısı Prezidentin təbliğatı ilə məşğul oldular.

- Qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı mövqeyiniz nədən ibarətdir?
- Bələdiyyə seçkilərində hakim partiya ilə məsləhətləşmələrə ehtiyacımız var. Biz təcrübəyə əsasən bunu vacib sayırıq. Məsələn, 2005-ci il parlament seçkilərində 46 namizəd irəli sürdük. 2010-cu il seçkilərində isə bir neçə namizədlə çıxış etdik. Amma heç birində uğur əldə edə bilmədik. Ona görə də, seçkilərdə hansı taktikanı seçməyimiz bizim üçün çətindir. Biz əvvəlki bələdiyyə seçkiləri zamanı Bakı kəndlərinin hamısından namizəd irəli sürmüşdük. Bilirsiniz ki, bizim əsas sosial bazamız Bakı və Kəndlilər Birliyinin sosial bazasıdır. Bizim partiya bu qurumun əsasında yaranıb və şəbəkələşib. Ancaq buna baxmayaraq uğurumuz az oldu. Hesab edirəm ki, iqtidarla əməkdaşlıq şəraitində uğur qazanmaq olar.

- Müxalifət düşərgəsində baş verənləri necə qiymətləndirirsiniz?
- Müxalifət düşərgəsində deqradasiya məntiqi olaraq davam edir. Çünki bu müxalifətçilik öz bünövrəsini əyri əsasla qoyub. Əyri bünövrə əsasında da əyri bina ucalar. İndi müxalifətin binası da buna bənzəyir. Son illər yaradılan Milli Şura isə ənənəvi müxalifətin sonu demək idi. Təsəvvür edin ki, özünü milli müxalifət hesab edən liderlər heç vaxt müxalifətdə olmayan, əksinə, müxalifətə yuxarıdan aşağı baxan İbrahimbəyovu özünə sədr seçdi. Bu görünməmiş məsələ, öz-özünün gücsüzlüyünün etirafı idi. Və yaxud Rusiyada yaradılan “Milyarderlər İttifaqı”na mesaj, ondan yararlanmaq cəhdi idi. Bu da seçkidə amansızcasına məğlubiyyətə gətirdi. İndi isə KXCP üzvləri Milli Şuranı tərk edir. Görünən budur ki, məğlubiyyətdən heç kim pay almaq istəmir. Məsələn, “Azadlıq” qəzetində Qənimət Zahid etiraf edir ki, artıq müxalifət yoxdur, arada xalq və hakimiyyət var. Yəni müxalifət bir partiya və ya partiyaların birliyi kimi yoxdur. Biz bu fəaliyyəti görmürük. Ancaq qəzetlərdə müxalif fikirlərlə tanış oluruq ki, bu da köşə yazarları və təhlili yazılarda özünü göstərir. Bu isə siyasi və təşkilatçı müxalifətçilik deyil, media müxalifətçiliyidir. Başqa sözlə, təşkilat müxalifətçiliyi yoxdur. Bu onu göstərir ki, artıq müxalifət özünün sonunu çatdırıb. Təsəvvür edin ki, son aylarda ana müxalifətin lideri kimi qəbul edilən İsa Qəmbər cəmi bir dəfə müsahibə verib. Bu da müxalifətçiliyin güzgüsüdür. Əslində isə müxalifətçilik yox dərəcəsindədir. Müxalifətin əriməsi, təşkilat kimi ortada olmaması və hətta “Düşüncə Mərkəzi” adında beyin mərkəzinin yaradılması cəhdi bu yolun sonunu göstərir. Mən prosesi belə yozuram.

- Müsavatın mitinq keçirmək qərarını necə qiymətləndirirsiniz?
- Mitinq olmayacaq. Çünki onlar yaxşı bilirlər ki, mitinq üçün sosial bazaları yoxdur. Milli Şurada bir yerdə olduqları zaman mitinqə bir neçə min insan toplaya bilmirdilər. İndi parçalanmış formada hansı hesabla mitinq keçirə bilərlər? Əslində bu populist addımdır, mən də varam və mövcudam ifadəsidir. Həm də məhkəmə prosesindən və hansısa sosial problemlərdən narazı qalan insanları cəlb etməklə mitinqə can atmaq istəyirlər. Amma başa düşdülər ki, onların kütləvi dəstəyi yoxdur. Odur ki, mitinqi təxirə salmağa məcbur oldular. Mitinqin alınmayacağını, gücsüzlüyünü bildikləri halda populist addım atdılar və həm də xaricə göstərdilər ki, biz yaşayırıq, varıq. Bizi müdafiə etməklə, bizim vasitəmizlə hakimiyyətə təzyiq etmək olar.

- Kommunistlərin və solçuların fəallaşdığı haqda iddialar səsləndirilir. Siz bunu hiss edirsinizmi?
- Bu fəallıq daxili səbəblərdən deyil, zahiri səbəblərlə bağlıdır. Ukraynada Rusiyanın demarşını görürük. Rusiya bu demarşdan sonra 1 may zəhmətkeşlərin aksiyasını qeyd etdi. Bu prosesdə 2 milyondan çox insan çıxdı. Bütün bunlar solçuları müəyyən qədər həvəsləndirib. Amma Azərbaycandakı solçular sol ideyaların daşıyıcılarıdımı, bu ideyanı cəmiyyətə yüksək səviyyədə təqdim edə biliblərmi? Mən görürəm ki, kommunist partiyalardan tutmuş sol partiyalara kimi əslində sağ və sol ideyalar arasında tərəddüddə qalıblar. Əslində, onlar ciddi ideoloji iş aparsaydılar, Azərbaycanda kifayət qədər sosial baza toplaya bilərdilər. Ancaq onlar sol ideyaların daşıyıcıları olmadığından zəhmətkeşlərin qarşısında özlərini təqdim edə bilmir və siyasi klub formatında fəaliyyət göstərirlər. Odur ki, indi müşahidə olunan fəallıq əslində nominal fəallıqdır. Həm də bir başqa fəallıq onların bir-birini ittiham etməsi ilə bağlıdır. Mətbuatda görürük ki, öz gücsüzlüklərini bir-birində axtarır və qarşılıqlı ittiham baş verir. Əslində, bu prosesin əhaliyə və sol kəsimə üstünlük verən insanlara dəxli yoxdur. Yəni bu sosial bazası olmayan, aşağıların iştirak etmədiyi aktivlikdir. Sol partiyaların gücü aşağılardadır. Biz bunu mayın 1-də Türkiyədə Cümhuriyyət Xalq Partiyasının təşkil etdiyi mitinq zamanı gördük. Taksim meydanında 1 may nümayişi oldu, bir sıra hadisələr baş verdi, fəallıq müşahidə olundu.

Nemət Hüseynli


Müəllif:
Загрузка...