7 May 2014 09:47
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gülağa Aslanlı: “El Hərəkatı ilə əməkdaşlıq haqda saziş imzalanacaq”

Suallarımıza Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı cavab verib. Müsahibimiz partiyanın bu ay üçün keçirmək istədiyi qurultayından, buna hazırlıq prosesindən, Bakı meriyasını məhkəməyə vermələrindən, nəzərdə tutduqları mitinqdən, Milli Şura ilə münasibətlərindən, “El” Hərəkatı ilə saziş imzalamalarından və solçuların fəallaşması haqda danışıb və Tahir Kərimlinin ittihamlarına reaksiya verib.

- Gülağa bəy, Müsavatın gecikən qurultayı ilə bağlı ötən gün Divanın toplantısı keçirilib, hansı məsələlər müzakirə olunub, nə yeniliklər var?
- Qurultayla bağlı məsələ yubanır. Bildiyiniz kimi, qurultayımızı keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciəti etmişik. Amma Bakı Şəhər İcra Hakimiyyəti müraciətimizə cavab verməyib. Bu səbəbdən Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldırmışıq. Məlumat üçün bildirim ki, etdiyimiz şikayətə məhkəmə baxışı hələ münasibətini bildirməyib. Çünki birinci iclasda Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri gəlməmişdi. Bu səbəbdən də növbəti məhkəmə prosesi mayın 12-si, saat 15.00-da olacaq. Təbii ki, biz məhkəmənin qərarını gözləməyi vacib hesab edirik. Onu da qeyd edim ki, müxtəlif variantlarla bağlı da müzakirələr aparırıq. Hələlik bu müzakirələr yekunlaşmadığı üçün bu haqda bir söz deməyim də doğru çıxmazdı.

- Müzakirə etdiyiniz variantlar nə ilə bağlıdır?
- Bütün variantlar qurultayın keçirilməsi ilə bağlıdır. Qurultayın keçirilməsi vacibdir və qurultayımızı keçirmək niyyətindəyik. Bu başqa cür də ola bilməz.

- Siz qurultayı mayın sonlarında keçirməyi nəzərdə tuturdunuz. İndi bunu çatdırmaq mümkündürmü?
- Ola bilsin ki, mayın sonlarına baş tutmaya bilər. Ancaq ola bilər ki, qurultay elə təyin edildiyi gündə keçirilsin. Bununla bağlı indi birmənalı fikir yürütməyi düzgün hesab etmirəm. Əsas odur ki, biz qurultayın keçirilməsinə çalışırıq.

- Ancaq Arif Hacılı deyir ki, ən azından qurultayın keçiriləcəyi məkan üç həftə əvvəl bəlli olmalıdır ki, müəyyən texniki problemləri yoluna qoyaq...
- Bu məsələlər müzakirə olunur. Maksimum qısa müddətdə işi təşkil edib qurultayımızı keçirmək niyyətindəyik.

- Qurultay nümayəndələrinin sayı nə qədər olacaq?
- Ən azı 700 qurultay nümayəndəsinin iştirakı planlaşdırılır.

- Azərbaycan Demokrat Partiyasının və yaxud Vətəndaş Həmrəyliyi Partiyasının iclas salonunda qurultayınızı keçirmək mümkün deyilmi?
- Qeyd etdiyiniz ünvanlarda qurultay keçirmək problemdir. Həmin iclas salonlarında olan yerlərin sayı istəyimizə uyğun deyil. Çünki qurultay nümayəndələrinin hamısının yerləşməsinə imkan vermir.

- Niyə AXCP qurultayını keçirmək məsələsində problem yaşamadı, amma Müsavat Partiyası neçə aylardır ki, bu problemi yaşayır.
- Açığını deyim ki, bu, mənə də bəlli deyil. Ola bilsin ki, Müsavat Partiyasının təntənəli qurultay keçirməsini istəməyənlər var və onlar Müsavatın qurultayının keçirilməsində maraqlı deyillər. Qeyd edim ki, bir neçə il əvvəl Müsavat Partiyasına tədbir keçirmək üçün yer verilmişdi.

- Bəs Bakı Şəhər İcra Hakimiyyəti ilə başladığınız məhkəmə prosesinin sonunu necə görürsünüz?
- Hesab edirik ki, Bakı Şəhər İcra Hakimiyyəti ona edilən müraciətə hə və ya yox cavabını verməli idi. Yəni edilən müraciətə bütün hallarda cavab verilməlidir. Belə cavab verilmədiyi təqdirdə məhkəmə yolu ilə onun cavab verməsi məcburiyyətini yaratmaq mümkündür. Məhkəmənin bu məsələdə Bakı meriyasına cavab verməyə borclu olduğu məsələsini qoyacağı şübhə doğurmur.

- Müsavatın mitinqlə bağlı qərarı var idi, bəs bunun sonu necə oldu?
- Biz demişdik ki, mitinqi müxtəlif ictimai təşkilatlarla və siyasi partiyalarla birgə keçirmək daha yaxşı olar. Ona görə də, müəyyən danışıqlar aparılır. NİDA-çı gənclərlə bağlı məhkəmə prosesinin yekununu da gözləyirdik. Yaxın bir-iki gündə bu istiqamətdə aydınlıq olacaq.

- Milli Şura sizinlə birgə mitinq keçirməyə ehtiyac görmür...
- Bu məsələ bizim mitinq keçirmək istəyimizə hər hansı bir təsir göstərə bilməz.

- Ancaq siz özünüz də birgə mitinq keçirməkdən bəhs edirdiniz...
- Biz birgə mitinq keçirməyi vacib hesab edirik. Əgər onlar bunu vacib hesab etmirlərsə, bu da onların haqlarıdır. Daha biz onların dediklərini təftiş etmək niyyətində deyilik, əslində mövqelərinə hörmətlə yanaşırıq. Hesab edirəm ki, onların iştirak etməməsi bizim mitinq keçirmək istəyimizin qarşısını ala biləcək məsələ deyil.

- Milli Şura ilə münasibətləriniz nə yerdədir, Vidadi Mirkamal bildirib ki, Müsavatı keçirdikləri tədbirə dəvət etsələr də, sizlər Milli Şuranın tədbirinə qatılmamısınız?
- Mən Müsavatın hansısa tədbirə dəvət olunması haqda məlumatlı deyiləm. Bunun həqiqətəuyğun olub-olmadığı haqda da dəqiq bir söz deyə bilməyəcəyəm. Amma hər halda biz Cəmil Həsənlini Müsavatın keçirdiyi tədbirlərə dəvət etmişik, o da bu tədbirlərimizin bir hissəsində iştirak edib. Ona görə tədbirlər səviyyəsində münasibətlərimizin davam etməsini düşünürəm.

- Birgə müzakirələr varmı, yoxsa münasibətlər şəxsi müstəvidədir?
- Şəxsi münasibətlər ola bilər və bu normaldır. Amma son dövrlər təşkilati formatda müzakirələr aparmamışıq. Çünki buna ehtiyac yaranmayıb. Hesab edirəm ki, buna təbii yanaşmaq lazımdır.

- Demək, Milli Şura ilə münasibətləriniz haqda danışmağa dəyməz...
- Siyasətdə heç vaxt hər şeyə “yox” demirlər. Bu mənada sabah hər şey ola bilər.

- Hazırda Müsavatın müttəfiqləri kimlərdir?
- Müsavat Partiyası indiyə qədər əməkdaşlıq etdiyi partiyalarla hazırda da əməkdaşlıq edir. Əgər hansısa məsələlərdə müzakirəsi lazım olursa, bu halda biz müttəfiqlərimizlə bunu edirik.

- Vəhdət Partiyasının sədri Tahir Kərimli deyir ki, Müsavat mitinq keçirməyəcək. Sadəcə “biz varıq və mövcuduq” mesajını vermək məqsədilə mitinq keçirmək haqda qərar verilib...
- Tahir Kərimlinin özü cəmiyyətdə dəstəyini itirib və öz mövcudluğunu ifadə etmək məqsədilə bu üsullara əl atır. Müsavat Partiyası özünü təsdiq edən bir təşkilatdır və verdiyi qərarı da ölçüb-biçərək verir. Yəni Tahir Kərimlinin təbirincə desək, bizim öz mövcudluğumuzu bu yolla təsdiq etmək niyyətindən çox uzağıq.

- Tahir Kərimli həm də deyir ki, Azərbaycanda mətbuat müxalifətçiliyi mövcuddur, partiyaların siyasi müxalifətçiliyi mövcud deyil, çünki müxalifət öz aşının sonuna gəlib çatıb...
- Tahir Kərimlinin danışdığı ilə hakim partiyanın funksionerlərinin açıqlamaları arasında ciddi fərqlər olmur. Odur ki, Tahir Kərimli yaxşı olardı ki, öz işi ilə məşğul olsun.

- İctimai Palatanı dağıdıb yerində “Düşüncə Mərkəzi” yaratdığınızı elan etmişdiniz. Bu qurumun fəaliyyəti və taleyi necə oldu?
- Məncə, jurnalistlər bir qədər yanlışlığa yol verirlər. İş ondadır ki, “Düşüncə Mərkəzi”nin yaranması haqda hər hansı bir açıqlama və ya bəyanat verilməyib. Şəxsən mən belə bir açıqlama ilə rastlaşmamışam. Müsavat Partiyası olaraq da bizim belə qurum yaratdığımızı elan etməmişik. Sadəcə olaraq bu adda bir qurumun yaranması haqda təkliflər var və hazırda bu məsələlər müzakirə edilir.

- İndi yeni konfiqurasiyaya ehtiyac varmı?
- Bu mərkəzin yaradılmasını istəyənlər belə bir düşüncəyə malikdirlər. Bu səbəbdən də təşəbbüs irəli sürüblər. Amma bunun nə ilə nəticələnəcəyini gələcək göstərəcək. Mən bu haqda qəti fikir söyləməyi düzgün saymıram. Gələcək özü bu məsələyə aydınlıq gətirəcək.

- Müsavat Partiyası ilə “El” Hərəkatı arasında müşahidə olunan yaxınlığı müttəfiqlik kimi qiymətləndirmək olarmı?
- El” Hərəkatı ilə Müsavat Partiyası arasında əməkdaşlıq sazişi hazırlanır. Yaxın günlərdə bu saziş imzalanacaq. Mən sazişi hazırlayan komissiyada təmsil olunmuram. Amma ola bilsin ki, bir və ya iki həftə ərzində tərəflər bu sənədə hörmətlərini nümayiş etdirsinlər.

- Müxalifətin apatiya vəziyyətindən çıxması üçün hansı addımlar atılmalıdır?
- Müsavat Partiyası lazımi addımlarını atır. Bu gün çoxları mətbuatda deyirlər ki, müxalifət apatiya vəziyyətindədir. Əslində, bunu deyənlərin özündən soruşmaq lazımdır ki, nə ediblər və bundan sonra nələr etməyi düşünürlər. Onlar bəzən elə bilirlər ki, bütün məsələlər haqqında ancaq Müsavat Partiyası düşünməli, təkliflər irəli sürməli və bu problemləri həll etməlidir. Müsavat Partiyası öz-özlüyündə bu haqda düşünür, çalışır və mümkün olanını da həyata keçirir.

- Sizə elə gəlmirmi ki, sağ mərkəzçi partiyalar yerlərini sol partiyalara verməyə hazırlaşırlar?
- Xeyr. Azərbaycanda rusmeylli qüvvələrin aktivləşməsi müşahidə olunur. Onlar Azərbaycanın mənafeyinə zidd bəyanatlar verir, çıxışlar edirlər. Fikrimcə, hüquq-mühafizə orqanları bu məsələləri araşdırmalıdır. Hesab edirəm ki, bu məsələdə gecikmək olmaz. Azərbaycanın dövlətçiliyinə zidd olan bəyanatlar verən qüvvələr qanunauyğun formada cəzalandırılmalıdır.

Nemət Hüseynli


Müəllif: