6 Dekabr 2014 12:30
2 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brifinq”in qonağı Azərbaycanın xalq artisti Faiq Ağayevdir. Onunla çox müsahibələr olub. Bu üzdən tamaşaçıları, sevənləri onun 26 illik səhnə fəaliyyətinə yaxşı bələddir. Yeni yaradıcılıq dönəmi və doğum günü ərəfəsində olan söhbətimizdə “Qızıl Şlyager”lə keçdiyi sənət yoluna və digər maraqlı məqamlara toxunduq. Xalq artisti ilə söhbətə “Eurovision” təmsilçimiz Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasındakı çıxışı ilə başladıq. 100% F.A. hamı tərəfindən birmənalı qarşılanmayan bu səs-küylü çıxışa münasibətini bildirdi, qalmaqalların müğənnilərin həyatındakı rolundan, oxuduğu kitablardan danışdı. Ən əsası xalq artisti tamaşaçı sevgisini qazanmağın sirrini bölüşdü.

Nərgiz Ehlamqızı: Faiq bəy, bu həftənin gündəmi Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasındakı ifasıdır. Facebook-da və mediada çoxsaylı müzakirələr gedir. Sizin mövqeyinizi bilmək istərdik...
- Elnur Hüseynovla bağlı Facebook səhifəmdə status paylaşmışam. Məşhur bir deyim var: “Başına tac qoyan kütlə, başının kəsilməsini də alqışlayacaq. İnsanlar şounu sevir”. Biz Elnuru 2008-ci ildən tanıyırıq. Yaxşı, Elnuru bu gün tərifləyənlər, o, Bakı Caz Mərkəzində konsert verəndə, gedib bir bilet aldınızmı? Onun çıxış etdiyi digər məkanlara getdinizmi? 2008-ci ildən bu yana 6 il keçib, heç maraqlandınızmı Elnur haradadır? Təbii ki, hər bir azərbaycanlı həmyerlisinin uğurunu görəndə sevinir. Amma bu sevincin arxasında iddia durursa, Azərbaycan cəmiyyətinə, mədəniyyətinə, televiziyasına irad tutursunuzsa, “dilin varsa, dilçəyin də olsun” məsələsi ortaya çıxır. Bundan qabaq Elnur üçün nə etmişdin ki, bu gün onula bağlı cəmiyyətimizi ittiham edirsən? Nə oldu, 2008-də sizin bir çox həmkarlarınız olan jurnalistlər, mənim həmkarlarım müğənnilər, sosial şəbəkələrdəki insanlar Elnuru qınaq obyektinə çevirmişdilər, onu açıq-aydın baltalayırdılar. Həmin o insanlar bu gün ona əl çalırlar. Ey, vah... Ona görə Elnura bağlı bu statusu yazdım ki, növbəti baltalanmağlara hazır olsun.

N.Ehlamqızı: Elnur özü də təvazökar davranır, çox vaxt da tənbəllik edir. Murad Arif də dedi ki, biz onu dəfələrlə efirlərə dəvət edirdik, amma o, dəvətlərdən imtina edirdi.
- Məncə sənətdə olan insan təvazökarlığı qədərincə istifadə eləməlidir. Müğənni efirə çıxmırsa, günah özündədir.

N.Ehlamqızı: Deməli, tənbəldir?
- Deməzdim tənbəldir. Elnur özü müsahibələrinin birində söyləmişdi ki, Mən bu ölkənin musiqi formatı deyiləm. Musiqi sektorunda səslənən cərəyanlara tərsəm”.

Naibə Qurbanova: Sizcə, haqlı idi?
- Mənə elə gəlir ki, Elnurun daha çox Qərb musiqisinə yaxınlığını nəzərə almaq lazımdır. Özünüz bilirsiniz ki, hal-hazırda hansı “fiqurlar” giper “populyardır”. Bayağı musiqinin parlaq nümayəndələri milyonlarca baxış yığır internetdə. Ona görə Elnur söyləmək istəyir: “Bu musiqi qazanında yadam”. Elnur təbii ki, “O səs Türkiyə” yarışmasında çox keyfiyyətli oxudu. Oradakı münsiflər heyəti onun ifasından birmənalı şəkildə heyran qalmalı idilər. Biz belə keyfiyyətli musiqiyə alışmışıq. Türkiyədə isə belə keyfiyyətli müğənnilər çox azdır.

N.Qurbanova: Faiq Ağayev də 1988-ci ildə sənətə gələndə Qərb musiqisini ifa edirdi. Düzdür, müəyyən mərhələlər keçdiniz, amma tamaşaçılara kifayət qədər keyfiyyətli musiqilər təqdim etdiniz. Uğurunuzun formulu nə idi?
- O vaxt tamaşaçı başqa idi. Tamaşaçının zövqünə arxalanmaq olurdu. O zövqü nəzərə alıb, hansısa müasir yorumlu mahnılar ortaya çıxarmaq mümkün idi. İndi tamaşaçıların bir çox hissəsi zövq baxımından böhran içindədir. Ona görə də Elnur özünü musiqi bazarında olan zövqlərə uyğunlaşdıra bilmir. Mən səhnəyə gələndə tamaşaçının ən cavanı belə sovet dövründən keçmiş insan idi. İllərlə keyfiyyətli əsərlər dinləyirdilər, müəyyən musiqi zövqləri vardı. Xalqın zövqünü nəzərə alıb, “qərbçiliyimi” aranjemanda saxladım, amma oxuduğum mahnılar həmişə milli koloritdə olub. Zəmanə dəyişib, indi Elnur və ya başqası eynisini edə bilməz.

N.Qurbanova: Həmin dövrdə yetişən peşəkar müğənnilərimiz bu gün də sənətdədir. Amma Siz peşəkarlar bayağılığın qarşısını ala bilmədiniz...
- O, bizim işimiz deyil. Hərə öz fəaliyyəti ilə dediyiniz zövqsüzlüklə müharibə aparır. Mən - oxuduğum mahnılarla. Bayağı mahnı oxumuram ki.

“Elə mahnı oxumamışam ki, onu qaxınc kimi başıma çırpsınlar”

N.Qurbanova: Siz onlara meydan vermədiniz?
- Xeyr, tamaşaçı onlara alternativ bir meydan yaratdı. Tamaşaçı öz dəyişmiş zövqünə uyğun ifaçılar tapdı. Mən Mədəniyyət və İncəsənət Universitetində oxuyanda müəllimlərim söyləyirdi ki, əsl sənətkar kütlənin zövqünün dalınca gedən deyil, kütlənin zövqünü formalaşdırandır. Mən də çalışdığım qədər tamaşaçıda zövq formalaşdırıram. Elə bir mahnı oxumamışam ki, sabah onu qaxınc kimi başıma çırpsınlar. Məsuliyyəti bir az da tamaşaçının özündə görmək lazımdır.

Ruslan Bakiroğlu: Niyə bizdə prodüserlər potensialı olan gəncləri önə çəkmirlər?
- Azərbaycanda bir əlin barmaq sayı keyfiyyətli musiqi prodüserlərinin sayından çoxdur. Dünya musiqi bazarında “sound-produser”lər, yəni musiqi zövqünü rəndələyən, hansısa müğənnini müəyyən musiqi sektoruna daxil edən şəxslər var. İndiki keyfiyyətli “sound-prodüser”lərdən Murad Arifin adını çəkə bilərəm. Azərbaycan musiqi bazarını bir kənara qoyaq, ticarətə nəzərə salaq. İnanmıram ki, ölkəmizdə çoxlu yaşıl divan alan insan ola. Siz o divana nə qədər sərmayə buraxsanız, keyfiyyətli olsa da, reklam etsəniz belə ona tələbat yoxdur. Prodüserləri də suçlamaq düzgün deyil. Elnuru bu bazara gətirmək üçün sırf onun və ya sırf tamaşaçının istəyi ilə getmək olmaz. Ortaq, tarazlaşmış tərz seçmək lazımdır ki, prodüserlər təklif eləsin. Belələri də bizdə, əfsus ki, yoxdur.

R.Bakiroğlu: Justin Bieber və bu kimi dünya ulduzlarına prodüserlər dəstək olub tanıdıb. Bizdəsə belə dəstək demək olar ki, yox səviyyəsindədir.
- Justin Bieber Qərbdədir, orada o tip musiqi - normal bir şeydir, bizdəsə ekzotika kimi qəbul olunur. Elnur “O səs Türkiyə”də etdiyi boğazları “Eurovision” müsabiqəsindəki mahnısının girişində etmişdi. Nə oldu, nəyə görə bu gün həmin boğazlara valeh olan Azərbaycan tamaşaçısı Elnurdan tələb etmədi ki, ay Elnur, biz belə mahnılar istəyirik. Sadəcə, tamaşaçı o ifanı ekzotika kimi qəbul elədi. İnsanlar turist kimi ekzotik yerə - Tailanda, Baliya istirahət etməyə gedirlər və qayıdıb, Azərbaycanda yaşamlarına davam edirlər. O 5-10 günlük səfəri həyatında sadəcə bir naxış kimi qəbul edirlər. Elnuru da o cür qəbul edirlər. Sevib, can bağlamırlar. Budur həqiqət...

N.Qurbanova: Qınaqlardan biri də bu idi ki, niyə “Eurovision” təmsilçilərindən olan Hadisə münsiflər heyətində, Elnur isə səhnədə idi?
- Bu, Elnurun öz seçimidir. Elnur bilməli idi ki, o, “Eurovision”un 8-cisi idi. Həmin yarışmada 10-cu olmuş bir müğənninin qarşısına çıxmağı yəqin əvvəlcədən daxilində saf-çürük etmişdi.

“Hadisə münsiflərdə olmasaydı, başqa “mız” tapılacaqdı?”

Nərmin Muradova: Sizcə doğru addım idi?
- Onun hərəkətini qiymətləndirmək müqəddəratında deyiləm. Mən olsaydım getməzdim. Amma Elnur üçün bu, platformadır. O, Rusiyadakı “Qolos” müsabiqəsinə də gedə bilərdi. Dedi ki, İstanbulda olduğundan bu seçimi etdi. Münsiflərdə kimlərin oturması məsələsini isə boş verin. 60 milyonluq türk tamaşaçısı, türkdilli ölkələr ona baxır. Bu, daha vacib amildir. Hadisə münsiflərdə olmasaydı, başqa “mız” tapılmacaqdı bəyəm? “Mız” tapmaq çox yüngül işdir, ondan asan nə var ki? Amma Elnura uzaqdan-uzağa status və “like”larla yox, doğma Vətənində yiyə durmaq çətindir nədənsə.

“Faiq Ağayevin prodüseri elə özüdür”

N.Muradova: Bayaq prodüserlərdən danışdınız, Siz sənətə gələndə hələ prodüser anlayışı Azərbaycanda bir o qədər formalaşmamışdı. Bəlkə də prodüserin nə olduğunu heç kəs bilmirdi.
- Vaqif Gərayzadə kimi prodüser vardı. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya, Natəvana görə Vaqif Gərayzadəyə “çox sağ ol” deməliyik. Prodüser sözünün düzgün tərcüməsi “yaradan, istehsal edən” deməkdir. Sıfırdan bir müğənnini götürüb, onu formalaşdırırsan və tamaşaçıya təqdim edirsən. Faiq Ağayevin prodüseri - elə özüdür. Mənim menecerim var. Əvvəllər buna “impressario” və ya “inzibatçı” deyirdilər. Menecer sənin işlərini operativ olaraq idarə edən şəxsdir.

N.Muradova: Heç vaxt prodüserə ehtiyacınız olmayıb?
- Ehtiyacım olub, sadəcə olaraq, eləsini görmədiyimdən, özüm bu işlə məşğul olmuşam.

N.Qurbanova: Düşünürəm ki, xalq artisti titulu məsuliyyətdir. Bu titulu alandan sonra davranışlarınızda hansı korrektələr etdiniz? Bizim cəmiyyətdə xalq artistinin bir açıq-saçıq fotosu yayılan kimi dərhal insanlar müzakirəyə başlayır ki, baxın, bu da bizim xalq artisti...
- Təbii ki, bu fəxri adın daşıyan üçün müəyyən tələblər var. Daha çox məsuliyyətli olmalısan. Cavanlığın dəliqanlılığı, emosionallığı cilovlanmalıdır. Çünki insanlar, türklər demiş, söyləyəcəklər ki, “koskoca” bir ad almış şəxs gör necə davranır. Üstəgəl mən ən gənc əməkdar və xalq artistiyəm. Məndən qabaq bu yaşda həmin fəxri adları heç kəs almamışdı. Elə hərəkətlər var ki, insan özünə ar bilir və daha eləmir. Mənə elə gəlir ki, o adın ağırlığını və məsuliyyətini hiss edənlərdənəm. Həm də dünən salamlaşdığım insanlarla özünü “yuxarıdan” aparmaq düzgün deyil. Buna görməmişlik və tərbiyyəsizlik deyirlər.

N.Qurbanova: Olubmu öz-özünüzə deyəsiniz “bu sənə lazım idi?”
- Ən zəhləm gedən sual “dünyaya yenidən gəlsəydiniz, bu sənəti seçərdiniz?” sualıdır. Amma düşünürəm ki, seçimim olsaydı, yenə də bu sənətə gələrdim, bu ağırlığı çiyinlərimdə daşıyardım. Düzdür, daha ağıllı olardım. (gülür)

N.Muradova: Sənətdə səhvləriniz nə olub?
- Deməzdim ki, sənətdə səhvlərim olub. Amma insan kimi həyatda səhv etmişəm.

N.Muradova: Məsələn, qalmaqala səbəb olan açıqlamalarınıza görə sonra peşmançılıq çəkmisiniz?
- Səhnə fəaliyyətimin 26 illik bir vaxt kəsimində iştirak etdiyim qalmaqalları təhlil etsəniz, görərsiniz ki, kiməsə söz atıb özüm qalmaqal yaratmamışam. Sadəcə, cavab vermək məcburiyyətində qalmışam. Neyləyim, Allah-təala zəka verib, mənim cavabım o qədər güclü olub ki, ilk atılan söz yaddan çıxıb və qalmaqal artıq mənim adıma bağlanıb. İlk baxışdan mübahisəli bir şey deyəcəyəm. Bəzən qalmaqal yaxşı şeydir. Sənətinin bir mərhələsində Madonna “Madonna ilə çarpayıda” adlı açıq-saçıq, provokativ, lakin sənətlə bağlı film çəkdi. Səhnədə çıxış edən Madonna və özəl həyatındakı Madonna təsvir edilirdi. Filmin tamaşaçılara o qədər təsiri oldu ki, o dalğanın üzərində Madonna 1 illik əla, super keyfiyyətli, anşlaqlı bir konsert turu keçirdi. Bu, tamaşaçını silkələməkdir. Buna düzgün qalmaqal deyirəm. Sonda nəticəni sənətə bağlayır. Mənə elə gəlir ki, yalnız mahnısı, klipi olmayanlar, sənətdə çətinlik çəkənlər qalmaqala əl atırlar. Mənasız qalmaqal o yerdə yaranır ki, orada sənət yoxdur.

N.Muradova: Heç qarşılıqlı razılaşma əsasında kiminləsə qalmaqal yaratmısınız?
- (gülür) Hə, bir dəfə olub. Aygünlə evlənmək məsələsi. Aygün təklif elədi, mən də imza atdım. Yəqin Aygünü sevdiyimdən razılaşdım.

N.Muradova: Röya ilə yayılan videonuz çox müzakirələrə səbəb olmuşdu. Aranızdakı anlaşılmazlığın səbəbi nə idi? Çünki biz o klipi də sonradan görmədik...
- Röya mənim “Neyləyim” mahnıma çəkilən klipimdə tərəf müqabilim idi. Ssenariyə əsasən bizim həm də sevişmə səhnəmiz var idi. Röyanın klipimdə çəkildiyini də tam məxfi saxlayırdıq ki, yaxşı effekti olsun. Həmin səhnəni çəkdik, səhəri günü onu Youtube-də gördüm. Röyaya dedim ki, bununla bu layihə çərçivəsində işimiz bitdi. Amma buna baxmayaraq, aramıza küskünlük düşmədi. Maşallah hörmətimi saxlayır, gözəl münasibətdəyik. Yəni o hadisə münasibətimizi pozmadı, amma qalmaqal kimi gündəmə gəldi. Yaranmalı idi də. Baxın, Təhminə və Zaurun sevişmə səhnəsini Azərbaycan cəmiyyəti indiyədək müzakirə edir.

N.Qurbanova: Onu doğru dediniz, Sizin kliplərinizdə də cəsarətli səhnələr az deyil. Belə çıxır ki, cəmiyyətin reaksiyasına hazır idiniz.
- Təbii ki, cəmiyyətin bu mövzularla bağlı müəyyən “qorxaqlığı” vardı. Onu üstələmək çətin idi. Lakin mən onu elə bir şəkildə təqdim etdim ki, o iyrənc və vulqar deyildi. Bədii formada, kino formatında verdik o səhnələri.

N.Qurbanova: Cəmiyyətin müəyyən təbəqələrini qıcıqlandıran mövqeyiniz olsa da, 70 faizin 30 faiz nisbətində insanların Sizə sevgisi var. Bunu sosial şəbəkələrdə də müşahidə etmişəm.
- 70 faizdən çoxdur. Azərbaycanda cəmi 600 min internet istifadəçisi var. Bu rəqəm isə heç cəmiyyətimizin 10 faizini təşkil etmir, hardasa 7 faizdir. 7 faizin içində 70 faiz mənim tərəfimdədir. İnternetdə olmayan digər 93 faiz yadınızdan çıxır. Mən ünvanıma olan sevgini 95 faizin - 5 faiz nisbətində görürəm.

N.Qurbanova: İmicinizi saxlamağı necə bacarırsınız? 26 ildə elə həmin gurultulu konsertləri keçirirsiniz, görkəminiz, fanat ordunuz hamısı yerindədir. Bunun xüsusi formulu varmı?
- Bəli, düstur var: mahnı, klip, konsert, məhsuldarlıq, tərbiyyə, tamaşaçıya hörmət.

N.Qurbanova: Aygün Kazımova bir dəfə demişdi ki, mənim uğurumun səbəbi səmimiyyətdir. Sizə gələn təbrik mesajlarını, Facebook-dakı ismarışları cavabsız qoymadığınızı eşitmişəm. Bunlara necə vaxt çatdırırsınız?
- Yekəxanalıq kimi çıxmasın, boş-bekar adam deyiləm, işlərim var. Səhər yeməyini yeyəndə 40 dəqiqə və axşam 22.00-dan sonra buna 1-2 saat vaxt ayırıram, mütləq sosial şəbəkələrə baxıram, statusuma olan reaksiyalara nəzər salıram. Çünki bir çox insanlar üçün bu, sevdikləri müğənni ilə yeganə rabitə vasitəsidir. Məni onillərlə görmək imkanı olmayıb, bəlkə də olmayacaq, buradasa bilavasitə ünsiyyət qura bilirlər. İnsanın ürəyini qırmaq olmur axı. Düzdür, bütün yazılanlara da cavab vermirəm. Sadə “Salam” müraciətinə, yaxud “doğrudan özünüzsünüz?” kimi suallara cavab vermirəm. Amma elə yazılar olur ki, yan keçmək mümkün deyil. Bu yaxınlarda səhnə fəaliyyətimin 26 illiyini qeyd elədim. Bununla əlaqədar statusuma çox maraqlı bir rəy gəldi. Onu da deyim ki, “sən” müraciətini sevmirəm, o cür müraciət yalnız şəxsən tanış olduğum, aşırı səmimiyyət yaşadığım insana aid ola bilər. Bir istifadəçidən “sən” müraciəti gəldi, amma ürəyimə yağ kimi yaxıldı. Deyir: “Qardaş, bu gün səni televiziyada gördüm, 26 il deyirsən? Gülümsədim, soruş niyə? Dedim, sökür də bu qardaş. Sənətin məndən böyükdür, öpürəm sənətindən”. Təbii ki, aramızda olan yaş fərqinə işarə edirdi. Siz bir ifadəyə baxın, ona cavab verməyəsən, nə edəsən? Digər bir statusuma cavab olaraq yazıb ki, “milli estradamızın öndəri”. Çox böyük məsuliyyət və yükdür bu ifadə. Həmin insanın səhifəsindəki status və dərclərinə baxdım ki, bəlkə bu insanda belə tərifləri, ifadəmə görə üzr istəyirəm, kortəbii paylamaq xüsusiyyəti var. Gördüm - yox, çox ciddi insandır. Anladım ki, bu insan məni özü-özlüyündə seçdiyim sahədə nəinki birinci, birincilərin birincisi görüb. Buna necə reaksiya verməyəsən? Başqa biri yazdı ki, “Özünüzdən xoşum gəlmir, amma mahnılarınızı və nitqinizi çox sevirəm”. Mən də yazdım: “Bu sənətə özümü sevdirmək üçün gəlməmişəm ki. Qəlbimdəki olan hissiyyata, mahnılarıma, ruhuma həmdəm tapmaq üçün gəlmişəm. Odur ki, mahnılarımı, düşüncə tərzimi sevirsinizsə, qəbulsunuz mənə. Çox sağ olun ki, varsınız”. Opponentə də düzgün cavab vermək lazımdır. Sonra gördüm ki, həmin “özünüzü bəyənmirəm” kəlməsini yazan şəxsdən digər şəkillərim və statuslarıma 50-60 “like” gəldi. Tamaşaçını bax belə qazanmaq lazımdır.

N.Muradova: İndiyədək Facebook-dakı parolunuz oğurlanmayıb?
- Yox. Yəqin istəmirlər ki, mənim kimi istifadəçi “kayb olsun”. (gülür)

N.Ehlamqızı: Dekabrda konsertlərinizin olmasına tamaşaçılar öyrəşib. Bu il doğum gününüzdə konsert olmayacaq?
- Bu il yox, gələn il olacaq. Amma bu il çatdırsam, inşaAllah, dekabrın 29-u ad günümü jurnalistlərlə qeyd edəcəyəm. Sizi də dəvət edəcəyəm. Yeni işlərimin təqdimatını keçirməyi düşünürəm.

N.Qurbanova: Nədənsə nitqi səlis, maraqlı, hərtərəfli dünyagörüşü olan, savadlı insanı yuxarıda görmək istəyirik.
- Savadlını yuxarıda görmək yaxşı şeydir də.

N.Qurbanova: Tünzalə Ağayeva təzə-təzə səhnəyə gələndən sonra öz üzərində işlədi, təkmilləşdi, sonra “deputatlığa namizəd olacaq” deyə söz-söhbətlər yayıldı. Bir ara Faiq Ağayevlə bağlı da belə sözlər eşidirdik.
- Azərbaycan xalqının savadlı insanları deputat görmək istəməsi çox yaxşı haldır. Bu, xalqın içində olan istəkdir ki, “Məni Milli Məclisdə savadlı insan təmsil etsin”. Fərqi yoxdur, siyasət, elm, idman, musiqi, yaxud iqtisadiyyat sahəsi olsun, savadlı insan görəndə istəyirik ki, bizim sözümüzü parlamentdə o desin. Bu, normal bir şeydir. Çox yaxşıdır ki, bizim millət Milli Məclisdə elə insanları görmək istəyir. Amma planlarımda belə bir şey yoxdur.

“Faiq Ağayevi deputat görmək istəyində olmaq azdır, gərək bu yolda onunçün təşəbbüs göstərəsən”

N.Ehlamqızı: İnsanların Sizin deputat olmanız barədə istəyini niyə reallaşdırmırsınız?
- Yenidən söhbətimizin əvvəlinə qayıdırıq, Elnuru sevmək azdır, ona dəstək olmaq lazımdır. Eynən də Faiq Ağayevi deputat görmək istəyində olmaq azdır, gərək bu yolda onunçün təşəbbüs göstərəsən.

“Deputat kimi də məhsuldar ola bilərəm”

N.Qurbanova: Məncə, fanat ordunuz Sizi deputat etməyə qadirdir.
- Lovğalıq olmasın, bu həyatda gördüklərim yəqin mənə imkan verər ki, o məsləkdə də uğurlu olum. Azərbaycan xalqı mənə belə bir inam göstərsə, o işdə də məhsuldar ola bilərəm.

N.Muradova: Potensialınızı görürsünüz?
- Özünə inamla özündən razılıq arasında tük qədər fərq var. Mən özümdən razı deyiləm, amma özümə inanıram.

N.Qurbanova: Bu yaxınlarda Azərbaycan əsgərləri hava məkanımıza qanunsuz daxil olan Ermənistan helikopterini vurdu. Bu hadisəyə reaksiyanız necə oldu?
- Çox sevindim. Azərbaycan cəmiyyətini alqışlayıram ki, sıravinin “vur, komandir, vur!” sözünü sosial şəbəkələrdə “həştəq”ə çevirib, fəxarətlə paylaşımlara başladılar. Baxın, cəmiyyətimiz Qarabağ probleminin çözülməsinə necə acdır. Qızğın müharibə vaxtı onlarla düşmən hərbi texnikası məhv edilir, yüzlərlə insan tələf olur. Amma hətta belə perspektiv bizi qorxutmur. Görün, bir balaca nümunə Azərbaycan xalqının ruhunu nə qədər yüksəklərə qaldırdı. Azərbaycanlı yox, məsələn ukraynalı və ya qazaxıstanlı olsaydım, helikopterin içində adam ölməsinə də ürək yandırardım. Amma o, helikopteri bizim əsgərlərin üstünə düşməncəsinə yürütmüşdü, ona görə onun ölümünə də heyfslənmirəm. Qəsbkar ölməlidir! Ya mənzilində sakit yaşamalıdır, ya da evimə girirsə, başından qapaz alıb rədd olmalıdır. Üstümə silahla gəlirsə, ölməlidir. Birmənalı.

N.Muradova: İllərini bu sənətə vermiş insanlar gənclərə dəstək dururlar. Faiq Ağayev hansısa sənətçiyə dəstək durub?
- Lovğalıq olmasın, Azərbaycan estradasında bir çoxlarına dəstək olmuşam. Son olanlardan, məsələn, “Dostlar” qrupu. Bu gəncləri ATV-də müsabiqədə gördüm. Uduzacaqdılar, bütün münsiflər heyətini səfərbər etdim ki, bunlar sıradan biri deyillər. Onlar doğrudan da, səhnəyə sənət nümayiş etdirməyə gəliblər. Cavanlıqlarını, xırda qüsur və səhvlərini nəzərə alaq, amma potensiallarını, gələcəklərini görərək bunları dedim və qrupu münsiflərlə birgə birinci etdik. Bir il sonra isə onlarla duet oxudum. Uğurlu da alındı, yanılmamışdım yəni.

N.Muradova: Dəstək göstərdiklərinizin arasında dönük çıxan olmayıb ki?
- Düzdür, hər bir sahədə elələri var ki, nankordur, “əlimin duzu yoxdur” kəlməsi bir çox hallarda işləkdir, əfsus. Amma, vallah, kömək etdiyim şəxslərdən həmişə etina, hörmət görmüşəm. Min şükür ki, etdiklərimi danmırlar.

“Kitab təqdimatlarına müğənnilərdən təkcə mən gedirəm”

N.Qurbanova: Mütaliəni sevən insansınız. Hazırda hansı kitabı oxuyursunuz?
- Bir neçə gün öncə Nərminə Məmmədzadə adlı yazarımızın kitabının təqdimetmə mərasiminə qatılmışdım. Bu yazarımız rusca yazır, indi “Taroki” adlı kitabını oxuyuram. Məni heyfsləndirən odur ki, müğənni cəmiyyətimizdən kitabla bağlı tədbirlərə elə tək mən gedirəm.

N.Qurbanova: Məncə digər sənətçilər də dəvət olunsalar gələrlər.
- Yox, dəvət olunurlar, sadəcə getmirlər. Kitabı anlayan başa düşür ki, bu, tam ayrı aləmdir. Həyatında yaşaya bilməyəcəyin hadisələri kitablarda yaşayırsan, dərk edirsən dünyanı və nəticədə mükəmməlləşirsən.

“Həyatımda ilk dəfə idi ki, kitabı zibil vedrəsinə atdım”

N.Qurbanova: Məni hansı mövzularda kitabları oxuduğunuz maraqlandırır. Bukovskinin “Qadınlar” əsərini oxudum, məni depressiyaya saldı, o yazıçı təbii ehtiyacları adına qədər yazmışdı.
- Bizdə də əfsus ki, elələri var. Postmodernizm adı altında ağzına gələni yazırlar. Bizimkilərdən böyük zövqlə Çingiz Abdullayevi oxuyuram. Xaricilərdən Piter Ceymsi oxuyuram, Ustinovanı sevirəm, çünki beyinə rahatlıq verir, təzyiq altına salmır. Uşaqlıqdan tarixi romanları, dünya xalqlarının nağıllarını, fantastikanı çox xoşlayıram. Bir ara mənə çox maraqlı oldu, Murakamini, Koelyonu oxudum. Anladım ki, bu yazıçılar mənlik deyil, hansısa hissiyatımı qımıldatmadılar. Prinsipə Salman Rüşdinin “Gecəyarısının övladları” kitabını oxumağa başladım. Anlamaq istəyirdim ki, nəyə görə buna ölüm hökmü verilib. Başa düşdüm ki, buna önəm verdilər deyə belə populyar oldu. Onun ölümünə fitva verilməsəydi, inandırım sizi ki, nə Salman Rüşdi beynəlxalq mükafatları alacaqdı, nə də, üzr istəyirəm, adı it dəftərində olacaqdı. Bəzilərinə önəm verdikcə şişirdirik. O kitabı oxuya bilmədim... Həyatımda ilk dəfə idi ki, kitabı zibil vedrəsinə atdım.

N.Ehlamqızı: Sənət dostlarınız Röya və Aygün xanım kimi Türkiyədə çıxış etmək istəyərsiniz?
- Bir gün zarafatla dedim ki, Aygünlə Röya Türkiyə musiqi bazarına tam ciddiliklə daxil olmağa hazırlaşırlar, gözəl işlər görürlər. Yaxşı, bu ölkədə kimsə qalmalıdır ki, vəziyyətə baxsın da? Odur ki, buradakı vəziyyətə elə özüm baxacağam (gülür).

İnanmıram ki, hansısa xarici bir tamaşaçı, məsələn, 2015-ci ilin fevralında azərbaycanlı Faiq Ağayevi bir ifaçı kimi dərhal tanıyıb, sevəcək. Bunun üçün çox uzun zaman lazımdır. Sadəcə mahnı deyil axı. Bir mahnı ilə kimisə tanıyırlar, onun haqqında maraqlanmağa başlayırlar, bu, necə insandır, nə geyinir, nə yeyir, həyat fəlsəfəsi nədir. Tam tanınmaq üçün azı 3-5 il keçməlidir. Mənim də o vaxt 48 yaşım olacaq. Rus demişkən, “mne eto nado”?

N.Muradova: Hirslənəndə özünüzü necə sakitləşdirirsiniz?
- Məni hirsləndirmək çox çətindir, dözümlüyəm. Hirslənəndə çox emosional oluram, amma yenə də özümü cilovlamağa çalışıram. Sükan arxasında tərbiyəsiz sürücü görəndə emosiyalarıma qadağa qoya bilmirəm, ağzımdan ancaq küfür gəlir. Allah eləməsin, maşında kimsə oturubsa, vay halıma. Xüsusən də anamın maşında mənimlə getməsi ən böyük sınaqdır mənimçün, söyüş söyə bilmirəm axı.

N.Qurbanova: Pulu ən çox nəyə xərcləyirsiniz?
- Sənətimə. Normal insana 4 kostyum bir-iki ilə kifayət edir. Mən həftədə 4 verilişə çıxıramsa, hər dəfə yenisini geyinməliyəm. Geyimdən əlavə, aranjemana, klipə, səhhətimə pul xərcləyirəm. 26 illik səhnə fəaliyyətimdə heç bir bəstəkara, şairə pul verməmişəm, hansısa televiziyaya, radioya ödəniş etməmişəm ki, məni efirə buraxın.

N.Muradova: İlk dönəmlərdə də olmayıb?
- Heç vaxt. 1988-1989-cu illərdə kommersiya yox idi. 1995-ci ildə isə artıq super populyar idim. Müğənni ilə TV və radio arasında kommersiya əlaqələri sonradan əmələ gəldi. Konsertlərimə pul sərf edirəm. Axırıncı 4 günlük konsertimin sərmayəsi 250 min manat idi.

N.Muradova: Mayanı çıxara bildiniz?
- Təbii, üstəlik qazandım da. Edə bilmirəmsə, onda nə müğənniyəm ki?

N.Muradova: Amma deyirlər, əslində, müğənni konsertə xərclədiyi maliyyəni geri götürə bilmir.
- Düz deyirsiniz, əksəriyyət üçün o keçərlidir və belə də olur. Amma Azərbaycanda 3 nəfər müğənni var ki, onlara “kassa müğənnisi” deyirlər. Elə bil referendumdur, camaat gəlib sənə bülletenlə səs vermir, kassadan bilet almaqla, cibindəki pulla sənə səs verir. Bax mən o səsvermədə həmişə qalib çıxmışam, maşaallah. Həm qoyduğum sərmayəni qaytarmışam, üstündə də pul əldə etmişəm. “Aldım qoz, satdım qoz” nə deməkdi? Elələri var, yalan deyirlər, siz jurnalistlərin də başlarını tovlayırlar. Gedirsən, görürsən ki, zal doludur, bir boş yer yoxdur. Amma konsertdə satılan biletlərlə bağlı raport olur kassada. Həmin müğənnilərin raportunu çıxarsam, bomba effekti verər. Raportuna baxırsan ki, 2000-lik konsert salonuna 114, yaxud 86 bilet satıb, amma sinəsinə döyür ki, “Ay millət, anşlaqlı konsert keçirmişəm!” Mənim belə ucuz, saxta işlərlə qətiyyən aram yoxdur. İyrənirəm bu cür hoqqalardan. Gedin, bilet satışı raportlarımı götürün, baxın. Boş yer olmur.

N.Ehlamqızı: Hansı idman növünə marağınız var?
- Tamaşaçı kimi fiqurlu konkisürməyə, üzgüçülüyə baxmağı sevirəm. Futbola qarşı olduqca soyuqqanlıyam. Özüm fitneslə məşğulam. Mənə elə gəlir ki, 1992-ci ildə məni necə görmüsünüzsə, elə o formadayam. Bəlkə də bir az kökəlmişəm. Onda əcaib idim, 45 kiloqram çəkim vardı, külək vursaydı, uçub gedərdim (gülür). İndi mübarizə aparıram, çəkim 56.5 kiloqramdır. Halbuki, 53-54 olmalıdır.

N.Muradova: Kökələ bilmirsiniz?
- Əksinə, kökəlməyə meylliyəm. Həyatım izafi kilolarla mübarizə içində keçir. Gənc “balkonlu” müğənnilərə zarafatla deyirəm ki, “Sən elə bilirsən ki, mən də sənin kimi soyuducuda yaşamaq istəmirəm?”. Adam özünə “yox” deməyi bacarmalıdır. Yemək məsələsində iradəliliyim çox böyük itkilər bahasına gəlir. İstədiyim yeməyi görəndə özümə deyirəm ki, “olmaz!”

“Heç vaxt mühafizə xidmətinin arxasında gizlənməmişəm”

N.Ehlamqızı: 2010-cu ildə xoşagəlməz hadisə ilə qarşılaşdınız. Bıçaqlanma hadisəsindən sonra həyatınıza qarşı hər hansı təhlükə hiss etmisiniz, yoxsa mühafizənizi gücləndirmisiniz?
- Yaşıdlarım arasında ilk Azərbaycan müğənnisiyəm ki, 1992-ci ildən bəri həmişə yanımda mühafizəçi olub. O vaxt sirkdə çıxış edirdik, gündə 2-3 konsert olurdu bəzən. Sirkə gələnlərin hamısı kübar, tərbiyəli, özünü idarə edən insan deyil ki. Rayonlara açıq hava konsertlərinə gedirdik. Səhnədə çıxış üçün camaat arasından keçəndə sıranı özüm genişləndirə bilməzdim axı. Kimsə kömək edirdi. Heç vaxt mühafizə xidmətinin arxasında gizlənməmişəm. 1992-ci ildən mühafizəm olub, mətbuat katibim və səs rejissorum o vaxtdan bu vaxtadək eyni adamlardır. Deyim ki, suyu üfürə-üfürə içirəm - yox. Həmişə yanımdakı işçilər peşəkarlar olub, əlavə tədbirlər də görməmişəm.

“O hadisədən sonra həyatın dəyərini anladım”

N.Qurbanova: Yadımdadır, doğrudan da, Musa Nağıyev adına xəstəxananın qarşısında izdiham vardı. O hadisədən sonra həyatınızda nələr dəyişdi?
- Bu hadisə yadıma düşəndə təsirlənirəm. Xəstəxananın küçəsində sağalmağım üçün onlarla namaz qılanlar var idi. Allah heç kəsə elə sınaqdan keçib hansısa qənaətə gəlməyi göstərməsin. Anladım ki, məni sözdə yox, əməldə sevirlər. Özü də ki, sidqi ürəkdən, çox sevirlər. O hadisədən sonra həyatın dəyərini də, mənə olan məhəbbətin miqyasını da anladım.

Nərgiz Ehlamqızı
Foto: Elçin Murad


Müəllif: Nərgiz Ehlamqızı