2015-ci ildə "Brifinq"in ilk qonağı gənc xanəndə, Opera və Balet teatrının solisti İlkin Əhmədov oldu. Qarlı-şaxtalı gündə "Gündəlik Teleqraf"çılarla isti və səmimi söhbət edən Birinci Respublika Muğam müsabiqəsinin laureatı musiqiçilərin müşayiəti olmadan səsi ilə redaksiyamızda hər kəsi feyziyab elədi. "Koroğlu" operasında oynamaq istədiyini dilə gətirən İ.Əhmədov səhnəmizin "Leyli" və "Məcnun"larından da söz açdı. Toy və operanın aurasından danışan gənc ifaçı gəncləri cəsarətli olmağa səslədi.
Nərgiz Ehlamqızı: 2015-ci ilə təzə başlamışıq. Bu ildə hansı planlarınız var?
- Açığı, qurduğum hansısa plan yoxdur. Şükürlər olsun, Allah elə düzüb-qoşub ki, planlarım artıq bir neçə il bundan öncədən qurulub. O planlar üzrə də hər il hərəkət edirəm. Artıq 5-ci ildir Opera və Balet Teatrının solisti, baş rolların ifaçısıyam. Bəzən paxıllıqla deyirlər: "İlkin Əhmədov iki dəqiqədən bir efirə çıxanda deyir baş rolları ifa edirəm, teatrda işləyirəm". Vallah, mən bunu deməsəm, onsuz da heç kəs deyən deyil. Niyə axı deməyim? Qulağıma çatan məlumatlara görə, bunu söyləyənlər də sənət dostlarımdır. O rolu oynamağı demirəm, bircə dəfə gəlib teatrda baxsınlar da. İki saatlıq tamaşaya baxmağı da bacarmırlar. Baxsalar, görərlər ki, o tamaşa nə qədər ağır, çətindir. Qan-tər tökürsən, həm səs göstərirsən, həm aktyorluq edirsən, hərəkətlərinlə tamaşaçını ələ alırsan. Gəlin görün nə qədər çətin işdir. Bunu niyə deməməliyəm?
Sevil Hilalqızı: "Məcnun" oldunuz?
- Bəli, "Məcnun" da, "Kərəm" də, "Qərib" də oldum. Neçə illərdir planımda var ki, "Koroğlu" tamaşasında oynayım.
Sevil Hilalqızı: "Məcnun"un tərəf müqabili kim oldu?
- "Leyli"lərin hamısı tərəf müqabilim olub. Fəxrlə deyə bilərəm ki, Gülüstan Əliyeva, Gülyaz Məmmədova, Nəzakət Bayramova, Aygün Bayramova ilə "Leyli və Məcnun"u oynamışıq.
"Hazırkı "Leyli"lərimizə teatrın ehtiyacı var"
Naibə Qurbanova: Qəribədir ki, "Məcnun"lar cavanlaşır, amma "Leyli"lər heç gəncləşmir...
- "Leyli"lər, maşallah, gəncdir, onlara nə olub? Opera və Balet Teatrı barədə bəzən şayiələr yayılır ki, guya qapalı vəziyyətdədir, hansısa kriteriyalar var. Kobud şəkildə hətta söylədilər ki, guya teatr mafiyadır. Amma elə deyil. Mənim nə mafiya, nə də hansısa təşkilatla əlaqəm var. Kiminləsə işim olmaz, arxamda duran elə güclü qüvvə də yoxdur. Səsimin gücünə operaya getmişəm, heç kəs də qabağımı kəsməyib. Milli Konservatoriyanın sonuncu kursunda gördülər ki, bu sahəyə marağım çoxdur, potensialım da buna imkan verir, məni dəvət elədilər, gəldim. Gənclər qorxurlar. Ona görə də Opera və Balet Teatrında işləyən hazırki, "Leyli"lərimizə ehtiyac var.
S.Hilalqızı: Gənclər nədən qorxurlar? Mühit yoxsa tələb ağırdır?
- Gənclər operaya gəlməkdən qorxurlar. Mühit ağır deyil. Sadəcə, iş və məsuliyyət çoxdur. Toydan, qazancdan, puldan qalırlar. Ona görə qorxurlar. Teatrda işləyənlər puldan keçib tab gətirib dözürlər, teatrda işləyirlər. Gənclərdən tərəf müqabilim Vüsalə Musayeva teatra gəlib. Kim onun qabağını kəsir? Teatrda "Leyli" də olub, "Əsli Kərəm"də də oynayıb, "Aşıq Qərib"də Gülsənəmi ifa edib. Heç kəsin qabağını kəsən yoxdur, gəlsin. İndi isə Arzu Əliyeva hazırlaşır. Çox gözəl də səsi var.
N.Ehlamqızı: Belə çıxır ki, qadınlar kişilərə nisbətən cəsarətsizdir, ona görə də "Leyli"ini orta yaşlı sənətçilərimiz canlandırır...
- Demirəm ki, tək qadınlar cəsarətsizdir, elə kişilər də cəsarətsizdir. Teatrımızın "Leyli"lərinə hələ ki yaşlı demək olmaz. Bunu bacarırlarsa, niyə də oynamasınlar? Səhnədə ayaq ki büdrədi, o saat məcbur olub çıxıb gedəcək. Şükürlər olsun, xanımlarımız necə lazımdır, oynayırlar. Gülyaz xanımla nəinki Azərbaycanda, Özbəkistanda da 2-3 il bundan qabaq "Leyli və Məcnun" tamaşamız oldu, yüksək səviyyədə qarşılandı. Haqq üçün demək lazımdır ki, bacaranlara şərait var. Onların nəyinə lazımdır, çıxıb pensiyaya pulunu alar da.
N.Qurbanova: Obrazlı desək, sənət məbədindən çıxıb toya gedirsiniz, başqa mühitə düşürsünüz. Nə qədər desək də, müğənni toyda püxtələşir, amma janr baxımından teatrda əsər ifa edirsiniz, toyda isə bütün janrlarda mahnılar olur. Bu, Sizə necə təsir edir?
- Heç bir təsiri yoxdur. Toy da bizimkidir, opera da. Toyun adamları birdən operaya gəlirlər. Bunun dəfələrlə şahidi olmuşam, toyunda ifa etdiyim adamlar 15-20 nəfər yığışıb tamaşama gəliblər. Bunun nəyi pisdir ki? Əlbəttə, toy ab-havası başqa mühitdir. Bacarıqdan çox şey asılıdır. Şükürlər olsun ki, bacarığım var, həm toy idarə edirəm, vokal da, oynaq mahnılar da, estrada mahnıları da oxuyuram, yeri gələndə türk mahnıları da olur.
S.Hilalqızı: Toylar da zəhmət tələb edir. Amma bu gün toylarla bağlı rəsmi dairələrdə müəyyən fikirlər səsləndirilir. Sizin müğənni olaraq toyların formalaşmasında nə rolunuz ola bilər? Məsələn, toylarda akustika ilə əlaqədar nə kimi təklifləriniz ola bilər?
- O, nə musiqiçilərin, nə də səs operatorunun günahıdır. Sadəcə restoranın tikilişindən, quruluşundan asılıdır. Mən ifa edirəm, arxada oturanlar səsimi eşitmirlər, deyirlər ki, heç nə eşitmirəm, mənə ləzzət eləmir. Yaxşı nə edək, buna "xod" verməyək? Elə restoranlar var ki, tikilişində səsin udulması üçün lazımi mexanizmlər nəzərə alınıb, oxumağım özümə də ləzzət edir, həm də dinləyicilərin hamısı səsimi normal eşidir.
Qurban Yaquboğlu: Şərtləriniz olur? Məsələn, kiçik toylara getmirəm və s.
- Qətiyyən. Heç bir şərtim yoxdur. Ad gününə də, toylara da gedirəm.
S.Hilalqızı: Amma bununla toyda səsiniz yüklənir, sonra da opera ifa edirsiniz.
- Mənə bəzi məlumatlar gəlir-çatır. Deyirlər ki, toy sənət, iş deyil. Onunla razı deyiləm. Onda heç kəs toy etməsin. Toy sözün həqiqi mənasında sənətdir, məktəbdir. O qədər görkəmli sənətkarlarımız var ki, hamısı toydan çıxıblar, orada püxtələşiblər.
"Toylardan heç vaxt imtina etmərəm"
Nərmin Muradova: Yaxşı qazanc yeriniz olsa, toylardan imtina edərsiniz?
- Heç vaxt imtina etmərəm. Toya getməsən, xalq, tamaşaçı tərəfindən necə sevilə bilərsən? Nadir hallarda olur ki, deyir bacarmıram, demir ha toya getmək istəmirəm. Dünya şöhrətli sənətkarımız Zeynəb Xanlarova deyir ki, mən toyda oturmağı, oxumağı bacarmıram, mənim səhhətim, beynim imkan vermir ki, bütün toyu oturub ifa edim. Alim Qasımov, Arif Babayev kimi sənətkarlarımız isə Bakı kəndlərindəki "palatka toyları"nı idarə edirlər. Saat 13.00-dan başlayıb gecə 3.00-dək davam edən toylarda oxuyurlar.
N.Qurbanova: Müəlliminiz Arif Babayevdir?
- Bəli.
N.Qurbanova: Tələbələrin çox vaxt özlərini ustadına oxşatmaları şərtdir?
- Olmalıdır, bunun əleyhinə deyiləm.
N.Qurbanova: Sizin səsinizdə də oxşarlıq var...
- Hə, mən bir vaxtlar daha çox oxşatmışdım.
N.Qurbanova: Bunu bilərəkdən edirdiniz, yoxsa səs özü sirayət edir?
- Arif müəllimin səsi bal səslərdən biridir. O qədər səsin sehrinə düşürsən ki, istər-istəməz səs səni özünə çəkir. Sonra yavaş-yavaş öz yolunu tapırsan. Baxıram ki, hələ indi özüm üçün nə isə cığır açmağa hazırlaşıram. Muğam sənəti çox çətin sənətdir. Bu sənətdə qalmaq, davam gətirmək, axıra kimi addımlamaq mürəkkəb bir gediş tələb edir. Mən də bu çətinliyi 10 ildir ki, görürəm. Şükürlər olsun, hər şeyimiz var. Amma 15 dəqiqə ifa edirik, o müddətdə elə bil bir maşın daşı əlimizlə boşaldırıq. Mütəmadi olaraq dövlət mərasimlərində, Heydər Əliyev Fondunun tədbirlərində iştirak edirik. Orada bircə dəfə çıxıb ifa etmək Allah bilir ki, bizə nə qədər ağır başa gəlir. Çox məsuliyyətli bir işdir, sən bütöv xalqını təmsil edirsən. Dünyanın 30-a yaxın ölkələrində çıxışlarım olub, muğamımızı təbliğ etmişəm. O çıxışlar çox məsuliyyət tələb edir. "Dindi yenə xatirələr" kimi misranı ifa etmək deyil ki, oxuyub keçib gedəsən. Əstəğfurullah, gözəl mahnıdır, onu pisləmək fikrində deyiləm. "Ey daad" deyib səs göstərirsən, təəccübləndirirsən, nə səsin var, ortalığa qoyursan. Xarici tamaşaçı onsuz da sənin dilini başa düşmür, gərək səsinin sehrinə salasan.
"Qardaşımın fenomen səsi vardı, dəyişdi"
N.Muradova: Səsinizi ilk dəfə kim kəşf edib?
- Atam. Bizim nəsildə səsi olanlar çoxdur. Ailəmizdə həm qardaşlarımın, bacılarımın, atamın, anamın, nənəmin, əmilərimin, dayılarımın səsi olub, hissiyyatla oxuyublar. Amma nəsildən çıxan bir mən oldum. Məndən qabaq da qardaşım oxuyurdu. Fenomen səsi vardı.
S.Hilalqızı: Qardaşınız oxumağı niyə dayandırdı?
- O, 7 yaşından oxumağa başladı. Sonra səsi dəyişdi. Bir balaca da məsuliyyətsizliyimiz oldu, gözləmədik. Hər bir gəncin keçid dövrü olur, səsi olan gəncin mutasiya dövründə ona hökmən nəzarət lazımdır. İndi də şirin səsi var, amma əvvəlki fenomen səs deyil.
N.Qurbanova: Qardaşınızın Sizin oxumağınıza münasibəti necədir? Bildiyimə görə, onun səsi lap güclü olub.
- Münasibəti çox yaxşıdır. Bu saat işi mənimkindən yaxşıdır. Dövlət İqtisadiyyat Universitetini bitirib, turizm şirkətində rəhbərdir, işi, şəraiti var. Mənim qədər heç stress keçirmir. Amma gözəl səsi vardı. Əlibaba Məmmədov bir müddət ona müəllimlik elədi. Qardaşım otağa daxil olanda Əlibaba müəllim deyirdi ki, mənim balaca Xan əmim gəlib. Qardaşım oxuyanda adam elə bilirdi ki, bülbül cəh-cəh edir. Heyf ki, səsini gözləmədik, günah özümüzdə oldu.
N.Qurbanova: Cəbrayılı, yəqin, görmüsünüz...
- Əlbəttə. Oradan çıxanda 8 yaşım vardı. Rayonumuzun özünü o dərəcədə xatırlamıram, əmim rayonumuzun baş həkimi idi, tez-tez xəstəxanada olurdum. Həmin xəstəxananın güllü-bağçalı həyəti yadımdadır.
"Xarı bülbül Qarabağın, çinar yarpağı Cəbrayılın atributudur"
N.Qurbanova: Ermənilər atanda biz xəstəxananın qarajında gizlənirdik.
- Hə, xəstəxananın həm zirzəmisi, həm də qarajı vardı. Çinar heç vaxt yadımdan çıxmaz. Çinar elə bir möhtəşəm ziyarətgah idi ki, yaddan çıxan varlıq deyil. Onun böyründən axıb gedən kəhrizi xatırlayıram. Öz kəndimiz Hovuslu üst tərəfdən dağla əhatə olunmuşdu, çox füsunkar mənzərəsi vardı. 3 il ibtidai təhsil aldığım məktəbimiz, o gözəl günlər heç vaxt yadımdan çıxmaz. Kənddən çıxanda dağlıqları, buz bulaqları, kəhrizləri unutmaram. Cəbrayılda çinar və kəhrizlər çox idi. Çox vaxt soruşurlar ki, qavalında çinar yarpaqlarından buta eləmisən, nəyə lazımdır? Deyirəm ki, çinar yarpaqlarından buta elətdirmişəm, birləşən yerində isə xarı bülbül qoymuşam. Xarı bülbül bütün Qarabağın, çinar yarpağı da Cəbrayılın atributudur. Cəbrayılda çinarlar çox möhtəşəm olurdu. Allah mənfur düşmənlərimizin üzünü qara eləsin, nəinki Cəbrayıl, Qarabağı, elə onların içindəki torpaqlarımız İrəvan da geri qayıtsın. Mən bir şeydən qorxuram. Mən görmüşəm, Naibə xanım Cəbrayılı görüb, amma bizdən sonra gələn kiçiklər görməyəcək, sadəcə eşidirlər. Orta məktəblərə gedəndə uşaqlarla təmasda oluram, onlara nə maraqlı olacaq? Bizim övladlarımız olsa da, onlar üçün maraqlı deyil. Görməyiblər axı. Haradasa bir az böyüyəndən sonra bir balaca qan çəkə bilər. Ona görə də Allah özü millətimizə kömək olsun. Uca yaradanımız hörmətli prezidentimizə dayaq olsun, çalışır, işləyir, inşallah, torpaqlarımız tezliklə geri qayıtsın, biz torpaqlarımıza övladlarımızla birgə gedək.
N.Qurbanova: Cəbrayılın bizdə olan Cocuq Mərcanlı kəndi var. Ora heç getmisiniz?
- Bəli, dəfələrlə getmişəm. Çox təəssüflər olsun ki, kəndə yaxınlaşmaq olmaz. Balaca kənddir, başında və ortada bizim postumuzdur, kəndin axırında Cəbrayıla tərəf erməninin postudur. Divar arxasında gizlənə-gizlənə dayanmaq olur. Postlarda cəsur hərbçilərimiz ürəklə qulluq edirlər. Cocuq Mərcanlı, Horadiz, Füzuli istiqamətində çox möhtəşəm ordumuz var. Bəzi yerlərdə bir vaxtlar məsuliyyətsizlik vardı. Şükürlər olsun, struktur dəyişdi. Hərbçilərlə görüşdüyümə, vəziyyətlə tanış olduğuma görə deyirəm. Gedəndə azdan-çoxdan gücüm çatanı alıb aparıram. Müdafiə nazirimiz Zakir Həsənov sağ olsun, hökmən onun xidmətini qeyd etmək lazımdır.
"Koroğlu"nu oynamaq istəyirəm"
N.Muradova: Bayaq dediniz ki, "Koroğlu"nu oynamaq istəyirsiniz. Bu, arzudur, yoxsa gerçəkləşdirəcəksiniz?
- İstəyirəm və mütləq gerçəkləşdirəcəyəm. Mən həm də pedoqoji fəaliyyətlə məşğulam, işlərim çoxdur deyə çatdıra bilmirəm. Opera və Balet Teatrının rəhbərliyinə təklif irəli sürmüşəm və yüksək səviyyədə qarşılanıb.
D.Əhməd: Bu il Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd olunacaq. Ümid edirik ki, istəyiniz bu il reallaşar...
- İnşallah. Planımda bu il ilk solo konsert proqramı ilə çıxış etmək durur. Bu yaxınlarda yeni diskim işıq üzü görəcək. Üzeyir Hacıbəylinin “Sevgili canan” əsəri, həm vokal, həm bəstəkar mahnıları, xalq mahnıları, muğamlarımızdan ibarət diskim çıxacaq. Allaha şükürlər olsun ki, başımız bu cür işlərə qarışıb. Dava-şava, qırğınla işimiz yoxdur (gülür).
S.Hilalqızı: Xatırlayıram ki, müsahibənizin birində demişdiniz ki, qadın müğənnilərlə bağlı fərqli düşüncələriniz var. İndi necə, bu fikirləriniz dəyişib?
- Fərqli düşüncə deyəndə nəyi deyirsiniz? Onda cavan olmuşam, indi yaşlaşmışam, bilmirəm, Allah bilir nə demişəm (gülür).
S.Hilalqızı: Söyləmişdiniz ki, qadın müğənnilərinin sənətdə olması ilə bağlı fikirləriniz sərt idi. Yaşla bağlı olub, bəlkə də...
- Səsi olan ifaçı ki var, istər qadın, istərsə də kişi olsun. öz səsi ilə qabağa gedəcək. Vay o səsi olmayan müğənninin halına.
N.Muradova: Səsi olmayanlar içərisində xanəndələr də var?
- Yox, şükürlər olsun, xanəndəlik sənəti elə sənətdir ki, insanın səsi yoxdursa, çox pis ifşa olunur. Olub ki, səsi olmayan ifaçı gəlib görüb baş çıxara bilməyəcək, ayrı istiqamətə keçib. Düzdür, geri qayıdıb ailə qurub öz işi ilə məşğul olmayıb, musiqinin başqa janrında ifa edib.
S.Hilalqızı: İlkin həyatda Məcnun olub?
- Yox (gülür).
S.Hilalqızı: Nə vaxt olacaq?
- Allah nə zaman qismət edəcəksə...
D.Əhməd: Çox ölkələrdə ifa etmisiniz, avropalı və amerikalı dinləyici muğamdakı boğazları necə qəbul edir? Bunu hansısa ölkənin folklor musiqisi, yoxsa bəşəri anlayış kimi qəbul edir?
- 3 il öncə ABŞ-ın Los-Anceles şəhərində oldum. Çox çıxışlarımız oldu. Bir məqamı demək istəyirəm, Vüsalə Musayeva ilə operanı oynayırdıq, dünyanın 16 ölkəsindən festivala düşmüş ölkələr içərisində biz də vardıq. 17 gün orada qaldıq. Bu müddət ərzində 4 möhtəşəm konsert verdik. 5 musiqiçi də bizimlə getmişdi. Onlar da 16 ölkənin dünyəvi musiqiçilərinə qarışmışdı, böyük orkestr yaranmışdı. 17 gün qalmağımızın səbəbi o idi ki, bütün musiqiçilər həm bizim, həm də digər ölkələrin operalarını notlarla əzbərləmişdilər, orkest şəklində hamı bir-birinin operasını ifa edə bilirdi. İtaliyalı və amerikalı musiqiçilər bizə deyirdilər ki, notla çalırıq, muğam hissədə sizin tarınız, kamançanız çalır, biz bilmirik ki, orada nə deyilir, amma özümüzdən asılı olmayaraq musiqi, səs bizi aparır, bir də ayılırıq ki, birimiz ağlayırıq, birimizin xəyalımız başqa yerləri dolaşır. Həmin tamaşa internetə yüklənib, yalan olmasın, operanı bitirəndə 2 dəqiqə tamaşamız alqışlandı. Tamaşaçılardan biri ağlayır, biri gülür, min nəfərdən çox adam vardı. Hərdən deyirlər ki, yəqin, azərbaycanlıları yığmısınız. Ay evin yıxılmasın, Los-Ancelesda, 14 min kilometr uzaqlıqda, okeanın o tərəfindən min nəfər azərbaycanlını necə toplamaq olar? Baxmırsan ki, tamaşaçının sifəti başdan-ayağa ingilisdi, niyə danışıb adamı yandırıb-tökürsünüz? Fransanın 8 şəhərində biz də daxil olmaqla milli rəqsimiz, vokal ifaçılığı oldu. Orada min nəfərlik kilsədə konsert vermək adət-ənənədir. İnsanlar musiqidən zövq alıb alqışlayır. Bu min nəfərin hamısı azərbaycanlı deyil ki. Maksimum 150 nəfəri ola-olmaya. Bunların hamısı əcnəbilərdir, bizim musiqimiz zəngindir, tutarlıdır, seviləndir. Rəqslərimiz götürək, "Cəngi" rəqsimizi xaricilər görəndə dayanmadan alqışlayırlar. Heyrətə gəlirlər.
N.Ehlamqızı: Belə fikirlər var ki, muğamı yaşa dolanda dərk etmək mümkündür. Gənclərin çoxu muğam, operaya elə də meyl eləmir. Xaricilərdə isə sənətə baxışın fərqli olduğu deyilir. Siz tamaşaçılarda bu fərqi hiss edirsiniz?
- Verilişlərin birində operalarımıza axının zəifliyi müzakirə edilirdi. Mən də söylədim ki, bəli, zəifdir, çünki bütün gün televiziyalarda bayağı verilişlər yayımlanır, boş-boş reklamlar gedir. Bir dəfə Opera və Balet Teatrının afişasını elan etmirlər.
N.Ehlamqızı: Reklamın teatra təsiri var?
- Əlbəttə, özü də böyük təsiri var. Niyə hansısa əcnəbi müğənni Bakıya gələndə aeroportdan çəkiliş başlayır ki, gəldi, paytaxta qədəm qoydu.
N.Muradova: Reklam məsələsi teatrın özündən də asılıdır.
- Teatr reklam verir. Afişanı yazır, verir ki, buyurun. Televiziya əməkdaşlığa gəlmir axı.
N.Ehlamqızı: Pul qarşılığında əməkdaşlıq mümkün olar.
- Orasına qarışa bilmərəm.
N.Muradova: Teatrın solisti Samir Cəfərov “Koroğlu”nu ifa edəndə piar işləri ilə özü məşğul olurdu.
- Pulu özü cibindən verirdi. Mənim pulum yoxdur, necə edim, 3 tamaşa oynayıram. Allah cibini dolu, canını sağ eləsin, imkanı var, özləri reklam edirlər. Amma mənim elə bir imkanım yoxdur.
R.Xəlil: Muğam vasitəsilə pul qazanırsınız, işinizə görə pul xərcləməlisiniz də.
- Qətiyyən. Bu, mənim borcum deyil. Mən özümə klip çəkdirib özümü onunla reklam edə bilərəm.
"Məsciddə azan vermişəm"
D.Əhməd: Bakıdakı alman kilsəsində tez-tez konsertlər keçirilir. Muğam ilahi musiqi sayılır. Məsciddə muğamın səsləndirilməsi halı olub?
- Yox, mən görməmişəm. Mən məsciddə azan vermişəm. Ramazan ayında iftar süfrələrində yoldaşların, ustadların təkidi ilə ifa etmişəm. Allaha qurban olum, məndə alınır, ürəyim Allaha yaxındır, ailəmizdə hər gün Allah adı çəkilir, ibadət olur. Amma məsciddə muğam ifaçılığına rast gəlməmişəm, cümə günləri namazda oluram.
Q.Yaquboğlu: Hansı məscidə gedirsiniz?
- “İlahiyyat” məscidinə gedirəm, əvvəllər “Şəhidlər” məscidində olurdum.
N.Muradova: Şou-biznes nümayəndələrindən kimin ifasına qulaq asmağı xoşlayırsınız?
- Çoxdur, hansı birinin adını çəkim?
N.Muradova: Qonaqlarımızın çoxu Röyanın adını çəkir.
- Röya şedevrdir. Amma tək Röya deyil ki. O qədər gözəl ifaçılarımız var. Ötən günlərdə Natəvan Həbibi xarici mahnı ifa elədi. Hətta mahnının öz ifaçısından daha gözəl oxudu.
N.Ehlamqızı: Müxalifət təmsilçilərinin toylarına dəvət alanda gedirsiniz?
- Heç müxalifət təmsilçiləri tərəfindən dəvət alıram ki? Bilmirəm necə toy edirlər. Onlar da bizimkilərdir də. Özüm Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bizim ulu öndərimiz Heydər Əliyev vətənimiz, millətimiz, Azərbaycan üçün əvəzsiz xidmətlər edib. Bunu heç kəs dana bilməz, heç kəsin də ixtiyarı yoxdur ki, dansın.
R.Xəlil: Heydər Əliyevlə bağlı muğam ifa etmisiniz?
- Bəli oxumuşam.
D.Əhməd: Siyasətə marağınız necədir?
- Siyasətlə işim yoxdur.
N.Ehlamqızı: Amma hakim partiyanın üzvüsünüz...
- Bəli, ona görə ki, ulu öndərimizin həddindən artıq dərəcədə vurğunu olmuşam və istəmişəm ki, məndə onun imzası olsun, o şəxsiyyətin imzası ilə vəsiqəni daşıyım.
"Anakonda dərisindən qavalı Azərbaycanda dəb saldım"
N.Ehlamqızı: Qavalınızı özünüz almısınız?
- Hədiyyədir. Dəyərli dostum Tofiq müəllim hədiyyə edib. O özü çinlilərlə işləyir. Bir dəfə bizi Çinin Urumçi şəhərinə dəvət etmişdi. Bilirsiniz ki, Urumçidə uyğur türkləri çoxdur, onlar da muğam ifa edirlər. Musiqi alətləri satılan yerdən keçəndə baxdım ki, ilan dərisindən qaval formasında əşya var, qavaldan bir az böyük idi. Yaxınlaşıb adını soruşdum, maraqlı ad dedilər, söylədilər ki, anakonda dərisindəndir.
N.Ehlamqızı: Yəqin, qiyməti bahalı olar.
- Yox, elə bahalı deyildi.
R.Xəlil: “Kitay” malıdır da.
- (Gülür), ilanlar da “kitayski” olubsa deyə bilmərəm. Qiyməti haradasa 150-200 dollar civarında idi. Ondan gətirəndən sonra Azərbaycanda dəb düşdü. Kimi görürsən, ilan dərisindən olan qavalla çıxıb oxuyur.
D.Əhməd: Muğamın arealı haranı əhatə edir? Əfqanıstan, Tacikistanda da var?
- Bəli, var. Ən çox Asiya ölkələrini əhatə edir.
R.Xəlil: Bu, ərəblərdən gəlmədir?
- Ustadlar deyir ki, bunun özəyinin hara gedib çıxdığını tam dəqiqləşdirə bilmirlər. İslama daha çox yaxındır. Bilmirəm, ərəblərdən, yoxsa əfqanlardan, farslardan gəlib.
R.Xəlil: Belə iddialar səslənir ki, muğam Azərbaycanın keçmişidir, onunla gələcəyə getmək, inkişaf etmək, modern dünyaya çıxmaq çətindir. Bununla Azərbaycanı geridə qalmış Şərq ölkəsi kimi dəyərləndirirlər.
- Bir balaca dərrakəsi olsa, fikirləşsə, adam o cür düşünməz. Hər ölkənin milli atributları var. Muğamın kökü hara gedib çıxır, bilinmir, amma şükürlər olsun ki, Azərbaycanda var. Azərbaycanda möhtəşəm olan qədər heç yanda möhtəşəm deyil. Ona görə də ən çox bizim ölkəmizə istinad edilir. Pakistan, Hindistan, İran, Türkiyədə və bir çox Asiya ölkələrində muğam var, amma füsunkarı, genişliyi Azərbaycandadır. Ən əsası, Azərbaycan muğamı yorucu deyil.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD