25 İyul 2015 11:52
2 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media Təqib Mərkəzinin Azərbaycan üzrə baş direktoru, ilahiyyatçı Elşad Miri "Brifinq"in qonağıdır. Media ilə daim əməkdaşlıq edən ilahiyyatçı mərkəz açmasının səbəblərinə aydınlıq gətirdi. O, mediada dini maarifçiliyin zəifliyindən söhbət açdı, İslamdakı mübahisəli məqamlar haqda fikirlərini bildirdi. Elşad Miri Qurani-Kərimin tərcüməsindəki xətalar barədə də danışdı.

Aqil Lətifov: Elşad bəy, Media Təqib Mərkəzinin özəlliyi nədir?
- Televiziya və ya başqa mətbu orqanlarda çıxış edirdim, dostlar zəng edirdi ki, filan qəzetdə haqqında məlumat var. Bir xəbəri bir neçə sayt yayırdı. Təbii ki, mənim bunları izləmək, ardınca qaçmaq, bütün qəzetlərə baxmaq imkanım olmurdu. Ağlıma gəldi ki, dünyada belə bir şey olmamış olmaz. Maraqlandım, dedilər, Azərbaycanda var, amma məni qane etmədi. Dedim, bəlkə, bunu biznes olaraq fikirləşim. Qəribə gəlirdi ki, Azərbaycanda bu qədər as jurnalistlər var, texnologiyaya malik insanlarımız, inkişaf etmiş qurumlarımız var, nə əcəb belə şey yoxdur. Bir sözlə, özüm cəhd göstərdim. ABŞ-da, Avropada, Rusiyada, Türkiyədə olan dostlarımızla əlaqə saxladım. Qərara gəldik ki, hər nə qədər kənardan dəstək olsa da, bu sistem Azərbaycanın özündə qurulmalıdır. Nəticə etibarilə sistemi qurmağa qərar verdik. Türkiyədə bir şirkətlə münasibət yaratdıq, protokol imzalandı, beləliklə, işə başladıq. Bəzən soruşurlar rəqib varmı? Rəqibin olmasını çox istərdik, çünki rəqabət inkişafa aparan bir səbəbdir, amma bu sistemin qarşısında hələlik başqa sistem görə bilmirik. Qiymət strategiyamız standartdır, əsas meyarımız şəffaf çalışmaqdır.

A.Lətifov: Rəhbərlik etdiyiniz mərkəz konkret olaraq mediada nəyi təqib edir?
- Azərbaycanda nə qədər qəzet çap olunursa, jurnal çıxırsa, bütün bunlar bizim sistemdə avtomatlaşdırılır. 24 saatlıq iş rejimində çalışırıq, 3 növbəli qrafikimiz var. Gecə mətbəələrdən bütün qəzet və jurnallar alınır. Yaponiyadan gətirdiyimiz aparatlar vasitəsilə qəzetlərin hamısı sistemə yüklənir. 100 qəzet olsa belə, aparat onu 1 saat ərzində sistemə daxil edir. PDF versiya deyil, bütün sözlər mətnə çevrilir, hamısını tapır, müştərilərə göndərir. Hətta yeni sayt fəaliyyətə başlasa da, dərhal sistemimizə düşür. Televiziyalar və radiolar da həmçinin 24 saat sistemin yaddaşına köçürülür. Hər ehtimala qarşı bizdə problem olar deyə, Türkiyədə də yaddaşa köçürülür. İtkiyə gedən informasiya olmur. Hətta televiziyada kiminsə adı çəkilməyib, amma həmin şəxs kadrda görünübsə, o da sistemə daxil edilir. İstənilən adam haqda informasiya tapa bilirik. Mediada çıxan xəbərləri sistemə daxil edirik. Bundan başqa, analiz şöbəmiz var. Məsələn, bir qurum təklif edir ki, haqlarında çıxan mənfi, müsbət və neytral nə xəbər varsa hesablansın. Yaxud başqa qurumla müqayisəli şəkildə təhlil apara bilirik. Sosial şəbəkələrdə çıxan məlumatların da təhlilini aparırıq. Müştəri bilən kimi dərhal reaksiya verir. Sosial mediada axtarış mümkün olmayan bir şeydir.

Nərgiz Ehlamqızı: Müştəriləriniz kimlərdir? Daha çox məmurlardır, yoxsa sıravi vətəndaşlar da var?
- Əslində, buna dövlət qurumlarının özünün marağı olmalıdır. Bu, elə bir sahədir ki, elədiyimiz işi görməkdən ötrü ən azı 50-60 nəfərə ehtiyac var. Bir insan səhər saat 9-da qəzetləri alıb işə gəlir, məlumatı tapana qədər 3 saat keçir. Rapor hazırlayıb təqdim etmək uzun çəkən prosesdir. Gözdən qaçan informasiyalar da ola bilər. Biz onların işini asanlaşdırırıq. 50 yox, 1 nəfərə ödəyəcəyi maaşı bizə ödəməklə ona böyük ordunun edəcəyi xidmət təklif edirik. Ona görə də birinci növbədə şirkətlərdən yox, dövlət qurumlarından başladım. Müştərilərimiz sırasında nazirliklər, dövlət komitələri, millət vəkilləri, böyük şirkətlər var.

Ruslan Xəlil: Universitetlər əməkdaşlıq edirmi? Səhv etmirəmsə, Qafqaz Universiteti ilə müqaviləniz vardı.
- Yox, Qafqaz Universiteti ilə qiymətdə razılaşmadıq.

N.Ehlamqızı: Qiymətləriniz çox bahadır?
- Xeyr. Şəxs təkcə özü ilə bağlı informasiya istəyirsə, aylıq standart ödəyəcəyi vəsait 300 manatdır. Amma şirkət sadəcə özü və rəhbərliyi haqda məlumatlar istəyirsə, 600 manat ödəməlidir. Rəqibləri haqda informasiyalar üçün isə bu məbləğ 650 manatdan başlayır, 5 min manatadək qalxır. Məsələn, bir dövlət qurumu ABŞ-da onunla və ya Azərbaycanla bağlı xəbərləri istəyirsə, onu dərhal tapırıq. Amerikada çıxan qəzet 1 saat sonra bazamıza yüklənir.

Aqil Lətifov: Özünüz ilahiyyatçısınız, bu sahəyə marağınız haradan qaynaqlanır?
- İlahiyyatçı olmağım məni bu sahəyə gətirdi. Özüm haqda dərc olunan məlumatlardan xəbərdar olmaq istəyirdim, ancaq bu, mümkün olmurdu. Vaxtım da yox idi ki, bütün işimi atım, haqqımda yazılanları araşdırım. Bəzən yazılanlara fikir vermirdim. Ancaq görəndə ki, haqqımda kampaniya başladılırsa, məcbur olub buna cavab verməyə çalışırdım. Ona görə belə bir şey yarandı, biznesə çevirdik. Media və ilahiyyat məsələlərinin sintezi arzularımdan biri idi. Tələbə ikən mediada dindən yazmağa başlamışdım.

Bəxtiyar Məmmədli: Mərkəzlə müştəri arasında konfedensiallıqla bağlı razılaşma olurmu?
- Təbii ki. Elə bir qurum olur ki, araşdırma aparanda görməyimizi istəmirlər. 5 min manat dəyərində təklif irəli sürürük. Biz öz bazamızı onların xüsusi serverinə yükləyirik, o serverdən öz bazalarına yükləyirlər. Beləcə, biz onları görmürük.

Naibə Qurbanova: Mediada yetişdiniz. Dini yazılarınızı xatırlayıram. Bir neçə gün öncə milli mətbuatımızın 140 illiyi qeyd olundu. Siz medianın vəziyyəti barədə nə deyə bilərsiniz? Mediada dini məqalələr ürəkaçan səviyyədədir?
- Dünya mediası fonunda bizim mətbuatda da ixtisaslaşma, peşəkarlıq tərəfdarıyam. Fəxri adlarla bağlı 800 nəfərin müraciət etməsinə təəccübləndim. Bizim xəbər saytımız da var, insanları işə götürəndə onları yoxlayırıq və çox əziyyət çəkirik. Hər klaviaturada yazmaq istəyən şəxs jurnalist olmaq istəyir. Bu, təəssüfverici haldır. Dinlə bağlı yazan jurnalistin aldığı müsahibədə terminləri təkrar düzəltmək məcburiyyətində qalıram. Ona görə də peşəkarlığın artmasının tərəfdarıyam. Bu gün yazılı mətbuatın yerinin internet mediasına keçdiyini görürük. Bum yaşanır. Bir vaxtlar olan reket qəzetləri internet mediasında müşahidə eləmək olur. Müsbət məqam odur ki, gözəl saytlar var, gündəlik olaraq məlumatlara baxa bilirik. Televiziyalarda vəziyyət ürəkaçan deyil. Məsələn, mənim özümlə bağlı televiziyalarda qadağa var. Kiminsə xoşuna gəlmək üçün nə isə danışmıram. Mənim üçün yeganə meyar Allahımızın bizə bildirdiyini insanlara olduğu kimi çatdırmaqdır. Bu gün bizə elə bir İslam uydurublar ki, olduqca biabırçılıqdır.

N.Qurbanova: Tok-şoulardakı müzakirələrdə həmişə tək qalırsınız, dini sahədən yazan yetirmənizin olmasını istəməzsiniz? İslamı bizə mükəmməl şəkildə çatdıracaq ilahiyyatçıya ehtiyac var...
- İllərlə universitetlərdə dərs demişəm, 4 kitabımı BMT-nin Əhali Fondu çap edib, pulsuz paylayıb. Peyğəmbərimiz də təkbaşına idi, biz peyğəmbərimizin çəkdiyi əziyyətin mində birini çəkmirik.

"Quranın tərcüməsini 3 dəfə oxuyan insan tanıyıram, ateist olub"

N.Qurbanova: Bu gün ən çox müzakirə olunan geyim və aksesuarlardır. Müzakirələr adamı qıcıqlandırır. Artıq XXI əsrdir, din də təkmilləşməlidir.
- Deputat Fazil Mustafanın bir fikri var, çox xoşuma gəlir. Söyləyir ki, Allahın endirdiyi və insanların uydurduğu din var. Ətrafımızda din adına gördüyümüz din insanların uydurduğu dindir. Allahın endirdiyi kitabı bizə elə şəkildə təqdim ediblər ki... Qurani-Kərimin tərcüməsini 3 dəfə oxuyan insan tanıyıram, ateist olub. Mən bu dini bilməsəydim, əsaslarından xəbərdar olmasaydım, daha qatı ateist olardım. Dindarlar içərisində mənə cavab verəcək insan olmazdı. İlahiyyatla bağlı təhsilim 1980-ci illərin axırına gedir. Mollaya gedib pul verirdim ki, məni öyrətsin. İmkanlı ailə olduğumuzu bilirdi, 28 hərflik əlifbanı 500 hərfə qədər artırmışdı. Dərslərin sayını artırırdı ki, çox pul ödəyim. Amma özüm əlifbanı yaşlı bir insana cəmi 5 günə öyrətdim. 5 gündən sonra Quran oxumağa başladı. Mədrəsə oxudum, sonra türklərin İlahiyyat kollecində təhsil aldım. Azərbaycanda ən gənc elm adamı olmaq istəyirdim, magistraturanı qurtarandan sonra bildim ki, buraya qədərmiş. AMEA-da iki professoru elmi rəhbər təyin etmişdilər, biri dedi ki, dindən heç nə bilmirəm, sənə necə elmi rəhbərlik edim, digəri isə söylədi ki, XVII əsrdən o yana gedə bilmərəm. Dinlər tarixi ilə bağlı çox ciddi araşdırma aparmaq istəyirdim, məsələni saxladım. Bir neçə il əvvəl hansısa məscidin axundu kimi təqdim olunan şəxsləri, mollaları bu gün ilahiyyatçı adı altından daha modern formada insanlara sırıyırlar.

Ruslan Xəlil: İlahiyyatçı bütün dinlərə eyni tərzdə yanaşmalıdır?
- Mən müsəlmanam, İslamın haqq olduğunu bilib onu qəbul etmişəm. Tövratda deyilir ki, Lut peyğəmbərin qızı atasını içirib onunla birlikdə olur, sonra ikinci qızı bunu edir və onlardan bir tayfa doğulur. Bunu necə haqq olaraq qəbul edə bilərəm?

R.Xəlil: Bu yanaşma artıq ilahiyyatçı yanaşması olmadı axı.
- Bir vətəndaş olaraq bunu necə qəbul edirsiniz?

R.Xəlil: Allahın kitabıdır, necə şübhə edək?
- Allahın kitabı deyil. İncil kitabı İsa peyğəmbərə gəlib, o, ivrit dilində danışıb. Məntiqi olaraq İncil onun danışdığı dildə olmalı idi, amma əlimizdəki İncil yunan dilindədir.

Nihat Cəbrayıl: İncilin Quranın tərkib hissəsi olduğunu iddia edənlər var. İslam fanatları hesab edirlər ki, İslamdan başqa heç bir din, Qurani-Kərimdən başqa heç bir kitab yoxdur. Sizin fikriniz necədir?
- Allah Quranda da bildirir ki, din olaraq yeganə din İslamdır. Bu gün gördüyümüz xristianlıq İsa peyğəmbərin vaxtındakı xristianlıq deyil. Yəhudi dinin adı deyil, millətin adıdır. Buddizm millətin və ya dinin adı deyil. Siddhartha Qautamaya verilən "Budda" adındandır. Daosizm Daonun adı ilə əlaqələndirilən dindir. Hinduizm ingilislərin Hindu çayı ətrafında yaşayan insanların dinlərinə verdikləri addır. Başqa bir din adı yoxdur. Amma Allah bütün peyğəmbərlərə, elçilərinə kitab göndərib.

N.Cəbrayıl: O zaman göndərilən kitablar, din adları uydurulan adlardır?
- Dinlər tarixində 3 cür din var: milli, ümumbəşəri və qəbilə dinləri. Yaponiyada, Afrikada müxtəlif dinlər var.

N.Cəbrayıl: Ümumiləşdirmək istərdim, İncil İslam dininin tərkib hissəsidir?
- Xeyr, universal dinlərdən biri xristianlıq, hinduizm, buddizm və İslamdır.

"ABŞ-ın 36 ştatında ölüm hökmü var"

N.Cəbrayıl: Qan, ölümlə gündəmə gələn, qadın azadlığını məhdudlaşdıran dinə din kimi baxmaq mümkün deyil.
- Demokratiyanın beşiyi ABŞ-ın 36 ştatında ölüm hökmü var. Əgər Xocalıda faciə törədən insanlara qarşı humanizm prinsipi ilə yanaşırsınızsa, o humanizmi mən qəbul etmirəm. Əgər bir insan mənim atamı durduğum yerdə öldürürsə, mənim yetim böyüməyimə səbəb olursa, həmin şəxsin bu cəmiyyətdə əli-qolu rahat gəzməyinə necə razı ola bilərəm? Ötən gün özünü ateist adlandıran insanlarla birlikdə müzakirə aparırdıq, anladım ki, bu insanların din anlayışı ətraflarında gördükləri insanlar nəticəsində formalaşır. Allah Quranda ağlını işlətməyən insanları murdar kimi təqdim edir. Avropada, ABŞ-da deistlər, aqnostiklərlə görüşlərdə çox müzakirələr aparmışam. Gəldiyimiz nəticə o idi ki, bu insanların din anlayışının formalaşması İŞİD, Əl-Qaidə, Suriya və ətraflarında gördükləri din xadimləri ilə bağlıdır. Quranı açıb oxuya bilmədiklərinə görə o insanlar buna cavab verə bilmir.

“Din adı altında din biznesi, iyrəncliklər var”

N.Qurbanova: Ramazan ərəfəsində ateistlər, deistlər çox aktivləşmişdi. Belə məqamlarda reaksiyanız necə olur?
- Bir professor vardı, ailə üzvləri dosentdir, onunla çox ciddi söhbətimiz oldu. Dedim ki, siz söhbətimizdən sonra özünüzü yenə ateist adlandırırsınız? Dedi, yox, sadəcə, din adı altında bildiyi səhv idi. Dini araşdırmadan bu insanlara baxıb İslamla tanış olsaydım, nəinki deist, ateist olardım. Din adı altında din biznesi, dini iyrəncliklər var.

N.Ehlamqızı: Dostlar sırasında ateistlər var?
- Ateistə dost deməmişəm, dostum azdır. Ailəvi gediş-gəlişimiz olan insanlar az saydadır. Amma münasibətdə olduğum insanlar çoxdur. Bu gün bir ateistin İslamı qəbul etmək şansı daha çoxdur. Çünki İslamda ilk ifadə inkarla başlayır: Lə iləhə, Tanrı yoxdur. Sonra isə qeyd edilir ki, illəllah yəni, Tanrı yoxdur, Allahdan başqa. Peyğəmbərimiz dövründə heç kəs Allahı inkar etmirdi. İnsanlar Allahla yanaşı, digər tanrılar qəbul etmişdilər. Deyirdilər ki, biz günahkar insanlarıq, tanrıların vasitəsilə tək Allaha çatmağa çalışırıq. Əslində, dinlərin hamısının gəliş məqsədi Allahla dinlər arasında vasitələri aradan qaldırmaqdır. Quranı açan kimi ilk surəsində deyilir ki, Allaha ibadət edirik və ancaq səndən istəyirik. Yəni nə peyğəmbər, nə də hansısa seyiddən, ağadan, pirdən istəyirik...

A.Lətifov: Sizin pirləri ziyarətin doğru olmadığı barədə fikirləriniz birmənalı qarşılanmır. Belə çıxır ki, Həcc ziyarətinə də getmək olmaz?
- Bu bir biznesdir, ona görə də fikirlərim qəbul olunmur. Həcc ziyarətinə gəlincə, orada bəyəm pir var? Bütün pirlərdə ölən, orada yatan insanlar var. Bəs, Kəbədə kim var? Biznes qurmaqdan ötrü bir nəfərin məzarı üzərinə bəzək, düzək qoyurlar, nağılvari məsələlər uydurulur. Ali məktəbə qəbul olmaq, qızını ərə vermək, maşınını dəyişmək istəyənlər gətirib nəzir atır. Yığılan pulun mincə manatını uşaqlar evinə aparırsan, reklam edib piarını qurursan, insanları daha çox cəlb edirsən.

“İnsanlar var ki, ona ”Hacı filankəs" desinlər deyə həccə gedir"

Səxavət Həmid: Həcc ziyarətinə gedəndə yol məsrəfi, qalmaq, otel xərcləri olur, qurban kəsilir. Milyonlarla müsəlmanın Kəbə ziyarəti Səudiyyə Ərəbistanına inkişafına xeyli kömək edir. Şeytan ancaq Əraf düzündədir ki?
- Birincisi, Kəbənin Səudiyyə Ərəbistanında olmağı İslamın gətirdiyi anlayış deyildi. Bu, ilk insanla bağlı məsələdir. Azərbaycana xaricdən qohumum gəlirsə, burada oteldə qalır, nə isə alıb xərcləyir. Onda Kəbə ziyarətinə gedənin də qarşısını alaq ki, pul xərcləyirsən? Bu o demək deyil ki, Məkkəyə gedənin pasportuna cənnət vizası vurulur, 6 min manat ödəyən kimi cənnətlik olursan. İslamda belə bir anlayış yoxdur. Adamlar var Həccə gedir, həccin “h” hərfini anlamır, sadəcə pulu var, deyir, başqa yerləri gəzmişəm, buranı da görməyə gəlmişəm. Əlini açıb dua edənlər var ki, bura gəlmişəm ki, qayıdanda “Hacı filankəs” desinlər. Mən ötən ay Ümrəyə getmişdim, ziyarət üçün bizə təqdim olunan rəqəmlər küllü miqdardadır. Amma elə deyil, adamlar var, heç oteldə qalmır, mərmərin üstündə yatır, su və xurma ilə qidalanır, yeməyə pul xərcləmir. Üstəlik, Səudiyyə Ərəbistanı dünyada ən böyük neft ehtiyatı olan ölkədir. Peyğəmbərimiz orada yaşadığı halda ömründə bircə dəfə Həccə gedib.

A.Lətifov: Peyğəmbərin xatirinə ziyarət edib Allaha dua etmək, ondan nəsə istəmək olmaz?
- Peyğəmbərin xatirinə nə istəyə bilərsən? Bu, dinə ziddir axı.

“Özümü heç bir məzhəbin nümayəndəsi saymıram”

A.Lətifov: İnsan öldüsə, onu basdırmaq kifayətdir və ziyarəti qəbul etməmək vəhhabi təriqətinə daha yaxın deyilmi?
- Özümü heç bir məzhəbin nümayəndəsi saymıram, bir çox məzhəbin içində olub görmüşəm. Allah Quranda bizi müsəlman adlandırır. Nə şiəliyi, nə sünniliyi qəbul edirəm.

A.Lətifov: Axirətə inanırsınız?
- Axirəti necə inkar etmək olar? Bir müsəlman axirətə inanmırsa, kafir olur. İslamda müqəddəs insan, yer, kitab anlayışı yoxdur. Müqəddəs ancaq Allahdır. Bill Klintonun dövründə DNT şifrəsinin açılması ilə bağlı araşdırma vardı, professor deyir ki, araşdırmaya ateist olaraq girdim, tanrını qəbul edərək çıxdım.

S.Həmid: Dinlər olmasaydı, nə dəyişərdi? Oturduğumuz otaqdakı işıq, kondisionerdə dinin hansı rolu var?
- Mən fəlsəfəni oxuyaraq dinə gəlmişəm. Filosoflar bir-birini təkzib edir, amma peyğəmbərlər bir-birini təsdiq edir. İslam texnologiyaya qarışmır, bu din insana qarışır.

S.Həmid: Humanist olmaq üçün mütləq dindarmı olmalıyıq? Bir insana yaxşılıq etmək üçün dindar olmağa ehtiyac yoxdur axı, o qədər qəddar olan dindarlar var ki.
- Qəddar olan ateistlər də var. Pislik etmək və ya yaxşılıq etməyi dinlə əlaqələndirmək doğru deyil. Dinsiz cəmiyyət misal göstərə bilərsinizmi?

S.Həmid: Avropanın Skandinaviya ölkələrində ateistlərin sayı 80 faizə qədər çatır. Yaponiyanı da misal çəkərəm.
- Yaponlar sintoizm adlandırılan dinə mənsubdurlar. Onlar deyir ki, biz yapon olaraq doğuluruq, sintoist kimi yaşayırıq və buddist olaraq ölürük. Həmçinin bu gün Yaponiyada İslam dinini qəbul edən yaponlar var. Müsəlman yaponlarla görüşmüşəm, onlar dinin dinsizlikdən daha yaxşı olduğunu bildirirlər. Heç nəyə inanmamaq insanı xilas eləmir. İnancsız cəmiyyət yoxdur.

S.Həmid: Necə əmin olmaq olaq ki, Qurandakı ayələr Allahdan göndərilib? Fakt, sübut varmı?
- Adı olub özü olmamaq mümkündür?

S.Həmid: Uydurmaq mümkündür.
- Allahı necə uydurmaq olar? Adı varsa, özü mütləq var. Məni dinə daha da bağlayan ailə həyatı qurandan sonra övladlarımın dünyaya gəlməsi oldu. Bir insanın dünyaya gəlməsi, aciz olması, ağlaması, qidalanması, oxuduğu kitablar vasitəsilə Allaha inana bilmədiyini söyləməsinə təəccüblənirəm. İslam Allahı insana inandırmaq üçün gəlməyib. Heç bir ayədə deyə bilməzsiniz ki, "Allah var" ifadəsi işlənir. Həmişə deyilir ki, Allahdan başqa yaradan yoxdur. İnsanlar heç bir zaman inancsız olmayıb. Kafir sözü insanın içində olan haqqı örtənə deyirlər.

A.Lətifov: Azərbaycan cəmiyyətində gerçək İslam barədə məlumatları haradan almalıyıq?
- Qurani-Kərimdən.

"Quran o qədər bağlı qalır ki, oksigen girmir və buna görə yanmır"

N.Ehlamqızı: Tərcümələr barədə də fikirlər birmənalı deyil.
- Tərcümələrdə xətalar var. Bunun üzərində işləyirəm. Quranın düzgün, izahlı tərcüməsini hazırlayıram. Quran tərcümələri elə cılız şəkildə təqdim olunur ki... Adam tərcüməni oxuyur, anlamır ki, bunun mənə nə aidiyyətə var? Qurani-Kərim hər dövrə uyğun anlaşılır şəkildə izah edilməsə, bu kitabı VII əsrə məhkum etmiş olacağıq. Quranın yanmamasını möcüzə hesab edirlər. Quran o qədər bağlı qalır ki, oksigen girmir, yanmır da. Mən 13 milyon Quran kitabının çap olunduğu yerdə idim, çap zamanı səhvlər olanda yandırılır. Buddistin, xristianın istehsal etdiyi kağıza necə müqəddəs deyə bilərsən? Həmin kağıza ərəb əlifbasını tökəndə bu, müqəddəs olmur axı.

A.Lətifov: Sizi qəbul etməyən insanlar çoxdur. Niyə qəbul etmirlər? Bu, Sizi narahat etmir?
- Çıxışlarımın təsiri oldu. Ətrafımdan dağılışan insanlar oldu. Bütün bunları nəzərə alaraq çıxış edirəm. Peyğəmbərimiz gələndə ətrafına insan yığmaq üçün yox, haqqı çatdırmaq üçün gəlirdi. Peyğəmbərin həyatı bizim üçün nümunədir, məni qəbul etməyən, maneələr, qadağalar olacaq, amma nəticə olacaq. Axundlar məni necə sevsin ki, deyirəm, axundlar mollaların üst səviyyəsidir, mollalar daha ucuz yas məclis aparırlar, bunlar daha bahalı aparırlar. Deyirəm ki, ölüyə Quran oxumaq doğru deyil, Qurani-Kərim ölülər üçün yox, dirilər üçün gəlib. Quran eyni zamanda insanın həyat kitabıdır, onlar pul qazanır, məni necə qəbul edərlər?

S.Həmid: Elşad bəy, çox emosionalsınız, danışığınız, çıxışınızla dinin bizə təqdim etdiyi münasibət üst-üstə düşmür. Danışığınız insanda bir qədər qıcıq yaradır.
- Gəlib elə rahat danışaram ki, yaxşı insan obrazı yaradaram. İki tip var, biri molla tipidir, gəlib oturur, pulunu alır, yaxşı insan obrazı yaradır, fonda musiqi qoyub danışır. Din mənə bunu təqdim eləmir, din deyir ki, kimsə sənə hücum etsə, cavabını verməlisən. Elə danışa bilərəm ki, düşünərsiniz, nə təmiz, nə gözəl insandır. Bu gün sakit tərzdə danışan dindarlardan qazancını soruşun. Mənim biznesim rəsmidir, vergimi də ödəyirəm.

Nərgiz EHLAMQIZI

Foto: İsmi ŞAHZADƏ


Müəllif:

Oxşar xəbərlər