24 Oktyabr 2015 14:14
2 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brifinq"in qonağı psixoloq, hərbi ekspert Azad İsazadədir. Söhbətə son günlər geniş müzakirələrə səbəb olan transformatordakı faciə ilə başladıq. Psixoloqun fikrincə, belə hadisələrə cəmiyyətin gənclərə qarşı sərgilədiyi mövqeyi ilə yanaşı savadsızlıq da səbəb olur. Kütlə aqressiyasının səbəblərinə toxunan qonağımız gələcəyin insanının psixoloji durumu barədə də proqnozlar verdi. O, psixoloqlara edilən müraciətlər haqda maraqlı faktlar açıqladı.

“İki nəfər bir-birini istəyirsə, cəmiyyətin qaydalarına riayət etməlidirlər”

Nərgiz Ehlamqızı: Gündəmin əsas mövzusu transformatorda iki gəncin ağır xəsarət alması ilə nəticələnən faciə ilə bağlıdır. Bu istiqamətdə çoxsaylı müzakirələr gedir, müxtəlif versiyalar irəli sürülür. Sizin hadisə ilə bağlı yanaşmanız necədir?
- Bu faciədə iki amil rol oynayıb. İki sevgili haradasa görüşmək üçün yer axtarıb, ikincisi isə gənclər təhlükəsizlik baxımından adi qaydaları bilməyiblər. Konkret bu hadisədə bugünkü gənclərin iki böyük problemi üst-üstə gəlib. Doğrudan da, bizim cəmiyyətdə gənclər görüşməyə çətinlik çəkirlər. Cəmiyyət onları qınayır, bəzən də haqlı olaraq. Namus-qeyrət, mənəvi dəyərlər məsələsi var. İki nəfər bir-birini istəyirsə, məcbur olub cəmiyyətin qaydalarına riayət etməlidir. Bu qaydaların düz, yaxud səhv olmasına toxunmuruq, biz bu qaydaların içində böyüyüb tərbiyə almışıq. Təbii ki, fizioloji tələbat da var. İki nəfər bir-birini sevir, onlar haradasa görüşməlidir. Hansısa çıxış yolu axtarmağa başlayırlar. O çıxış yollarının içərisində qeyri-qanunisi də olur. Hansısa otellərə, yaxud da belə bir təhlükəli yerlərə gedirlər. Buna oxşar hadisələr maşın saxlanılan qarajlarda olur. Soyuq vaxtı maşını xodlayırlar və insanlar dəm qazından ölür. Bu hadisələr tez-tez olmasa da, 2 ildən bir rastlaşırıq. İkinci amil isə təhlükəsizlik problemidir. Təhlükəsizlik haqqında savadımız azdır. Gənclərə bu barədə heç nə izah etmirlər. Üstəlik yeniyetmələr, gənclər maksimalistdirlər, heç nədən qorxmurlar. Düşünüblər "əşşi "tok"dur da, burdan girib oradan çıxacağıq". Nəticədə belə faciə baş verir.

Sevinc Fədai: Bu faciənin kökündə cəmiyyətin gənclərə münasibəti dayanır.
- Pisdir, yaxşıdır, amma cəmiyyətin qaydası belədir.

"Hansı qadın kişinin onu otelə aparmasına razı olar?"

S.Fədai: Bu düşüncəni sındırmaq lazım deyil? Nə qədər gənc ölməlidir?
- Nəyi sındırsaq, onun əvəzinə nə isə əyri bir şey bitəcək. Sümüyü sındırıb sonra birləşdirəndə əyri bitir. Haradasa bir az liberallıq olmalıdır. Hansı xanım kişinin onu otelə, şəxsi mənzilə aparmasına razı olar? Yəqin ki, razı olmazlar. Kişilərin özü qadını harasa aparmaq istəyər, amma bacımızın, qızımızın getməsini istəmərik. Deməli, o sınıq bizim içimizdən keçəcək və sonra birləşməyəcək. Bu gün Azərbaycanda QİÇS xəstəliyinin faizi nisbətən aşağıdır. Cinsi yolla yayılan infeksiyaların qarşısını almağa çalışırlar. Bizim əxlaq normalarımız 40-50 il əvvəlki kimi deyil. Stereotip sınmır, amma yavaş-yavaş dəyişir. Qızlar kafedə sərbəst siqaret çəkir. Bizim gənclik vaxtımızda belə hal yox idi. Qızlar restoranda sərbəst gedib nahar edir. Biz heç həyat yoldaşımızı da restorana aparmazdıq. Restorana girirdin, ancaq kişilər olardı. Cəmi 40-50 il keçib.

Aqil Lətifov: Dəyişilmə cəmiyyətimizin xeyrinədir?
- Mən qiymət vermək istəməzdim, çünki hər xeyirli işin içində ziyanlı tərəfi də olur. Biz gedən prosesləri müsbət, yaxud mənfi qiymətləndirməməliyik. Avtomobilin xeyirli və ya ziyanlı olduğunu demək çətindir. Çünki ən çox insan avtomobil qəzalarında ölür. Amma bu, o demək deyil ki, biz yenidən at, eşşəyə minib şəhərdə gəzməliyik. Bu, sivilizasiyanın bir addımıdır.

Qurban Yaquboğlu: Sosial şəbəkələrdə hesabınız var?
- Yox, psixoloq kimi gün ərzində insanlarla birbaşa o qədər ünsiyyətdə oluram ki, sosial şəbəkələrdə ünsiyyətə girməyə halım qalmır. Jurnalist kimi real suallarınız olacaq, amma 99 faiz insan məsləhət üçün müraciət edəcək, bütün gün onlara cavab yaza bilməyəcəyəm. Ona görə də sosial şəbəkələrə daxil olmuram.

"Qadınlar kişilərdən daha aqressivdir"

Q.Yaquboğlu: Sosial şəbəkələrin timsalında cəmiyyətin belə məsələlərə reaksiyasının tipinə görə bu sualı verdim. Bu hadisə baş verən gün şəbəkələrdə əsas müzakirə mövzusu nazirin işdən azad olunması ilə bağlı idi, transformator hadisəsindən sonra hamı bu hadisədən danışmağa başladı. Sanki hadisələr insanları yuyub aparır. Belə hal dəfələrlə təkrarlanır. Bu, cəmiyyətimizin anomaliyasıdır?
- Cəmiyyətimizdə aqressiya çoxalıb. Aqressiya vulkan kimi püskürməlidir, bu baxımdan hansısa qaynar xəbərlərə reaksiya verilir. Sosial şəbəkələrdəki yanaşmalarla tanış deyiləm, amma yəqin ki, daha çox neqativ reaksiya olub. Birincisi, bu, elə mövzudur ki, o haqda daha sərbəst danışa bilirsən, nəinki nazirin işdən azad olunması barədə. Transformator hadisəsi maraqlı və təhlükəsiz mövzu olduğuna görə şüuraltı hamı qılıncını çıxarıb meydan sulamağa başlayır. Bundan başqa cəmiyyətimiz vahid cəmiyyət deyil. Bu gün qadın cəmiyyəti daha aqressivdir. Kişilər isə daha neytraldır. Bir qadın başqa qadının davranışına, geyiminə, sözünə daha çox aqressiya göstərir, nəinki kişilər. Bunun kökü ondadır ki, kişi hansısa nəslin nümayəndəsi kimi ancaq öz nəslinin içindəki qadınların namus-qeyrətinə cavabdehdir. Hərəkətləri xoşuna gəlməsə də, ailəsinə aid olmayan qadınlara nisbətən neytral yanaşır. Qadın isə özünün edə bilmədiyini başqası edirsə, həmin qadının sərbəstliyini ona qarşı çevirir. Məişət zorakılığından danışanda reallıqda biz kişilər qadınlarımızı döyürük. Araşdıranda görürük ki, ya baldız, ya da qayınana ər evə gələndə qulağına nəsə deyir, həyat yoldaşından şikayət edir. Bunun kökündə də haradasa qadın aqressiyası dayanır.

"Kütlə aqressiyasının müsbət nümunəsi 1980-ci illərin mitinqləridir”

Q.Yaquboğlu: İnsanlarla təmasda olursunuz, Sizcə, aqressiyanın motivasiyası nədir? Dərin qatlarda hansı motivlər var? Cəmiyyətdə hərdən adi mübahisəyə görə insanlar bir-birini öldürür.
- Aqressiyanın yaranmasının bir neçə qatı var, hərəsində motivasiya bir qədər fərqlidir. Bünövrə fizioloji enerjinin yığılması məsələsidir. Gün ərzində enerji yığılır və bu, idman yaxud hansısa fəaliyyət formasında çıxmalıdır. Sözsüz ki, gün ərzində hərəkətsiz qalırıq, bədəndə enerji toplanır, onun üstünə də stress, işdə və ya evdə narazılığa görə mənfi emosional-psixoloji enerji gəlir. Bu enerji hansısa formada püskürməlidir. Axırıncı damcı qalır, qabağıma çay gətirəndə rahatamsa içəcəyəm. Məni bezdiriblərsə, aqressivəmsə, çay qaynardırsa deyəcəyəm, bu nədir ağzımı yandırmaq üçün gətirmisiniz, soyuqdursa, hamam suyu deyib durub gedəcəyəm. Mənə durub getmək üçün bəhanə lazımdır. Əsəbiləşəndə özümüzdən asılı olmayaraq əzələlər iş tələb edir, ona görə yumruğumuzu divara vururuq. Məsləhət görülür ki, əsəbiləşəndə insan idman etməlidir ki, enerji çıxsın. Aqressiya fərdi və kütləvi olur. Cəmiyyətdə kütləvi aqressiya ilə rastlaşırıq. Həmçinin etno-psixoloji adət-ənənələr formalaşır. Biz özümüzü Qafqaz etno-psixoloji qrupuna aid etməliyik. Bu qrupda aqressiya, aqressiv davranış müsbət qəbul olunur. Ömrü boyu silah daşımışıq, çünki kişinin rəmzi silah idi. Aqressiv davranış kişilik rəmzi idi, küçədə gəzəndə bir-birimizin üzünə baxanda kinodakı kimi "po bolşe zəhrimara" deyirik, hamımızın sifətindən zəhrimar yağır (gülür). Kiminsə üzü gülürsə, deməli, ya xaricidir, ya da havalanmış insandır. İki kişi xeylağı bir-birimizi tanımırıqsa, ünsiyyətə başlayanda bir-birimizə çox ehtiyatla baxırıq, şübhə ilə yanaşırıq. Deməli, aqressiya adət-ənənədə var. Kütlə aqressiyasında insanın tərbiyəsi, cinsi və etno-psixoloji kök bəzən ikinci plana keçir. Kütlə təsiri altında axın hara aparırsa, oraya gedirəm. Müqayisə edəndə Azərbaycan futbol azarkeşləri daha aqressiv olmalıdır, nəinki ingilislər. Fikirlərimin məntiqindən belə çıxır. Reallıqda isə tamam başqadır. Dünyada ən aqressiv futbol azarkeşləri ingilislərdir. Bu, kütlə aqressiyasıdır. Bunun uzunmüddətli, ya da yorulmaq təsiri də var. Kütlə yorulur və aqressiya birdən-birə sönür. Kütlə aqressiyasının müsbət nümunəsi 1988-89-cu illərin mitinqləridir. Topxanada 4-5 ağac qırılmışdı. İnsanlar Sovet hökumətinə qarşı öz aqressiyasını göstərdi. 2-3 il keçəndən sonra 7 rayon işğal edildi, o aqressiya yox idi, sönmüşdü. Kütlə aqressiyasını planlaşdırmaq, yaxud idarə etmək çox çətindir. Onu idarə edən liderlər kortəbii yaranır və lider taxtından çox tez düşür. Bu o demək deyil ki, lider kütləni idarə edir. Sadəcə, kütlə kimisə götürüb yuxarı qaldırır.

Q.Yaquboğlu: Son illər cəmiyyətin aqressiyasında hansı amil daha aparıcıdır?
- İçəridə yığılan aqressiya o demək deyil ki, həmişə özünü aqressiv formada göstərir. Cəmiyyətdə aqressiya çoxalır, amma çıxış yolu olmayanda cəmiyyət apatik vəziyyətə düşür. Niyəsə elə hesab olunur ki, azərbaycanlılar qanuna tabe olmağı xoşlamır. Mən isə əksinə, sübut etməyə çalışıram ki, qanuna tabe olan və onu sevən millətlərdən biri azərbaycanlılardır. İşləyən qanunlara əməl edirik, intuitiv başa düşürük ki, hansı qanun işləyir. Apatik vəziyyətdə anlayırıq ki, aqressiya var, amma mitinqə çıxmaq mənasızdır. Apatiyanın təhlükəli məqamı ondadır ki, sel kimi kortəbii formada silib aparır, idarə olunmayan aqressiyaya çevrilir.

A.Lətifov: İctimai nəqliyyatda demək olar ki, hər gün aqressiya ilə rastlaşırıq. Sizin reaksiyanız necə olur?
- Adi, orta statistik azərbaycanlı kimi reaksiya verirəm. Maşın sürəndə avtobus sürücüsünü söyürəm, avtobusda gedəndə və görəndə ki, qaydanı pozsa da, sürətli sürür, deyirəm nə yaxşı (gülür). Nəqliyyat, doğrudan da, böyük psixoloji problemə çevrilib. Çünki sürücülər peşəkar deyillər. Bizim yuxudan real oyanmağımız avtobus, ya da metroda keçir. İşdən sonra yorulursan və real ilkin istirahətimizi nəqliyyatda etməyə başlayırıq. Bu iki məqamda aqressiya ilə rastlaşırıq. Belə anlarda sanki yaramız açıqdır, hər bir zərbə bizə çox tez toxunur. İşdə səfərbər oluruq, başımız ağrısa da, özümüzü yığıb işləyirik. Evdə hərəmizin öz işimiz və rolumuz var. Nəqliyyat bəlkə yeganə yerdir ki, yüngülləşirik, çünki düşünürük ki, təkbətəkəm, ətrafda olan heç kəs məni tanımır, oturub fikirləşirəm. Bu məqamda biz sərbəstləşirik, gün ərzində boksdakı kimi pozadayıq, zərbəni qəbul etməyə hazırıq, nəqliyyatda isə zərbə gözləmirik. O məqamda sürücüdən tutmuş bütün sərnişinlərə qədər hamı tappatap fəaliyyətə başlayır. Sürücü sevmədiyim mahnı oxudur, burnumun dibinə içinə sarımsaq, soğan paketi qoyurlar (gülür), mən də deyinməyə başlayıram.

N.Ehlamqızı: Bir vaxtlar insanların psixoloq yanına getmək kompleksi olurdu, hətta psixoloqa gedənləri dəli sayanlar da vardı. Kişilərdə bu kompleks hələ də var. Ümumilikdə, insanların psixoloqa müraciət üçün baxışı dəyişibmi?
- Tamamilə razıyam, kişilər psixoloq yanına çox çətinliklə gəlir. Ən çox uşaqları gətirirlər. Burada maddiyyatın da təsiri var. Dəb üçün gətirənlər də var, mənim uşağım psixoloq yanına gedir, hər şey yaxşıdır, sağ-salamatdır. Təkcə Azərbaycanda yox, psixoloqla psix eyniköklü söz olduğuna görə, post Sovet məkanında insanlar deyirdi ki, “mən psix deyiləm ki, psixoloqa aparasınız”. Sovet məkanında uzun müddət psixologiyanı ciddi qəbul etmirdilər. Azərbaycanda psixologiya fakültəsi 30 ildir yaranıb. Psixoloq nə zaman lazımdır? Mənim problemim yarananda. Psixoloqa müraciət adəti Avropada, ABŞ-da inkişaf edib. Burada bir psixoloji amil də var: ailə məsələsi. Qərbdə ailə deyəndə 2-3, maksimum 5 nəfər nəzərdə tutulur. Heç vaxt kimsə bir-birinin işinə qarışmaz, hamı öz işi ilə məşğuldur. Bizdə ailə deyəndə 20-30 nəfər yada düşür. Hər problem üçün böyük ailənin öz ekspertləri var. Qızla tanış olmaq üçün xalaqızıya deyəcəyəm ki, bu məktubu ona çatdır, kimisə döymək lazımdırsa, bibioğlunu çağıracağam, pul lazımdırsa, atamdan gizlin kiçik əmiyə, yaxud dayıya müraciət edəcəyəm. Ayağımı sındırsam, qohumlardan bir nəfər həkim tapılacaq. Problemlər şişmir, yerindəcə həllini tapır. Bir də var problemin həlli üçün kimə müraciət edəcəyini bilməmək. Risk edib qıza yaxınlaşana qədər görəcəyəm ki, artıq evlənib. Kimisə döyənə qədər məni artıq neçə dəfə döyəcəklər. Pul lazım olanda bankdan kredit götürüb altından çıxmayanda bu problemlər gün ərzində o qədər yığılacaq ki, depressiyaya düşəcəyəm. Özümüz fərqinə varmırıq, qohum-əqrəba bizim nə qədər xırda problemlərimizi həll edir. Xaricdə valideyn deyir ki, 18 yaşın ötüb, problemini özün həll elə. Problemlər yığılır və kompleksə düşürlər, psixoloqa ehtiyac duyurlar. Azərbaycanda insanların psixoloqun yanına necə gəldiklərini görmüsünüz? Bizdə otağa 3-4 nəfər girir, soruşuram kimə baxacağıq, göstərirlər, digərlərinin çıxmasını xahiş edirəm, qayıdırlar ki, xalaoğluyam, məndən gizlini yoxdur, təkbətək danışmağa utanacaq. Mən də məcbur olub gələnlərin böyüyü ilə danışıram, axırda pasiyenti çağırıram.

“Bakirə ola-ola uşaq doğan qadınlar var”

N.Ehlamqızı: Müşahidələrinizə əsasən azərbaycanlılar daha çox hansı problemlərlə psixoloqa müraciət edirlər?
- 10 il müddətində Qadın Krizis Mərkəzində çalışırdım deyə o zaman müraciətlərin çoxu ailə zorakılığı ilə bağlı idi. Depressiyalar getdikcə çoxalıb. Nə qədər təəccüblü səslənsə də, praktiki 3 nəfərdən ikisində cinsi problemlər öz təsirini göstərir. Bu baxımdan bizdə savad səviyyəsi çox aşağıdır. İnsanlar bunun problem olduğunu anlamır. Elə qadınlar var 2-3 il ərdədir, amma hələ də bakirədir. Təəccüblü səslənsə də, bakirə ola-ola uşaq doğan qadınlar var. Bu, seksual savadsızlığın göstəricisidir. Urbanizasiyanın təsiridir. Kənd yerində kiçik xala, bibi qızlara, oğlanlara isə dayı, əmi məsləhət verərdi. Savadsızlığı aradan götürürdülər. Bundan başqa kənd yerində hər şey, məsələn, heyvanların bir-biri ilə cinsi əlaqəyə girməsi göz qabağındadır, o da bir tədrisdir. Şəhər şəraitindəsə ən yaxşı halda televiziyada, yaxud internetdə eybəcər formada nəyisə görəcəyik. Tədris olmadığına görə böyük problemlərlə üzləşirik.

"Psixoloq problemi həll etmir, ona münasibəti dəyişir"

A.Lətifov: İnsan nə vaxt psixoloqa müraciət etməlidir?
- Psixoloq problemi həll etmir. Səndə yaranmış problemlər necə vardısa, elə də qalacaq. Psixoloq problemə münasibəti dəyişir ki, sənin üçün o problem böyük dərd olmasın, çıxış yolu tapasan. Bizim problemlərə münasibətimiz çox halda hazır deyil. Qəflətən zərbə vurulanda özümüzü itiririk, həmin məqamda problemə qarşı müqaviməti qaldırmaq üçün psixoloq insana kömək edə bilər. Problemin ürəyə təsirini, yuxu pozmasını, depressiyanı gözləməyin. Daxili təşviş hiss edirsənsə, heç olmasa 1 dəfə danışıb məsləhətləşmək olar.

“2 dəfə ciddi problemim olub, psixoloq dostuma müraciət etmişəm”

N.Muradova: Özünüzün psixoloqu olursunuz?
- Açığı, 2 dəfə çox çətin period yaşamışam. Özümə yardım göstərməyə risk eləmədim. Dostumun yanına getdim, baxıb güldü, soruşdu ki, neyləyəcəyini bilmirsən? Dedim ki, bilirəm, düzgün diaqnoz qoyacağıma risk etmədim. Tibb Universitetini bitirmişəm. Tələbəlikdən deyirdilər ki, ailə üzvlərinizi, qohumlarınızı müalicə etməyin. Əsasən cərrahlar emosiyaya görə səhv əməliyyat edə bilər. Yüngül problemləri həll edirəm, 2 dəfə ciddi problemim olub, onda yaxın dostlarıma müraciət etmişəm.

"Çox mürəkkəb hallarda pasiyentlə aramızda şam yandırıram"

A.Lətifov: İnsanların problemlərini dinləməklə mənfi enerjiyə yüklənmirsiniz? Sizi gərginliyə salmır?
- Bəli salır. Psixoloqlarda yanma sindromu anlayışı var. O periodik olaraq yaranır. Gənc həmkarlarıma ilk növbədə özlərini yanma sindromundan qorumağı öyrədirəm. Çünki mənim pasiyentə kömək edib-etməyəcəyim hələ bilinmir, amma özümə ziyan vuracağamsa, deməli, uzun müddət bu işdə qala bilmərəm. İstirahətdən və hansısa konfransdan qayıdanda uzun müddət pasiyent qəbul etməmişəm deyə qəribə tələbat yaranır. Narkoman kimi mənfi enerjiyə tələbatım var, kimisə dinləməliyəm, artıq öyrənmişəm. Özümü mənfi enerjidən qoruma üsullarım da var. Çox mürəkkəb hallarda pasiyentlə aramızda şam yandırıram və enerji alovdan keçir. Şam həm rəmzdir, həm də alov məni sakitləşdirir, bu özü mənə psixoloji yardımdır. Şam ətirlidir, görüntüsü mənə xoşdur, pasiyent icazə verirsə, yandırıram. Çox yüklənəndə qəbulu saxlaya da bilərəm. Lap 3 nəfər də oturub gözləsə, yaxınlaşıb deyirəm ki, istəyirsiniz sizi formal qəbul edim, amma bu gün real yardım edə bilməyəcəyəm. 1-2 gün işə çıxmıram, istirahət edib bərpa olunuram. Məni gərginlikdən xilas edən səfərlərdir. 2-3 günlük hansısa konfransa gedirəm, havamı dəyişirəm, darıxıb qayıdıram.

Q.Yaquboğlu: Psixologiyanın mistik qatı haqda istərdim danışasınız. Şam yandırdığınızı dediniz, psixologiyada mistik qat varmı?
- Var. O daha çox ekstrasensorika, bioenergetikaya aiddir. Suya və alova baxmaq insanı sakitləşdirir. Hesab edirəm ki, kökümdə atəşpərəstlər çox olub ki, məni daha çox alov cəlb edir. Bunun mistik olub-olmadığını demək çətindir. Amma sözsüz ki, nəsə var. İnsan çox cüzi problemlə gəlir, suyumu sıxıb gedir, halsız qalıram. Elə insan da gəlir ki, müsibət problemi var, mənim özüm problemə necə yaxınlaşacağımı bilmirəm, saatlarla müzakirə aparırıq, sonra rahatlaşıram. İslam elminin günah saydığı bu davranışlar realdır: adam öldürmək, spirtli içki qəbul etmək və donuz əti yemək. O cümlədən fala baxıb cadugərlik etmək də günah sayılır. Bu iki şeyin real olub-olmadığını bilmirik. Amma onu bilirik ki, İslam bunu qadağan edib. Olmayan şeyi qadağan etməzdi. Deməli, nə isə bir təsiri var. Falçılıq, cadugərlik də haradasa ekstrasensorika, bioenergetikadır. Bu gün sübut olunmayıb, ölçə bilmirik. Ekstrasensorikanı ölçən cihaz hələ ki yoxdur, bəlkə 30-50 ildən sonra yaranacaq.

N.Muradova: Bürclərə inanırsınız?
- Bürclərə yarızarafat yanaşıram. Amma özüm qız bürcündənəm, nə vaxt o haqda oxusam, yazılanlar mənim xarakterimlə üst-üstə düşür (gülür). Astrologiya vaxtilə elm idi, təəssüf ki, bu gün o elmin alimləri qalmayıb.

"Ordudakı psixoloji durum yaxşıdır"

A.Lətifov: Ordudakı psixoloji vəziyyət necədir?
- Ordudakı psixoloji vəziyyət yaxşıdır. Amma yaxşı psixoloji durum kortəbii yaranıb. Onu formalaşdırmayıblar, idarə olunmayıb. Bizdə hərbi-psixoloq institutu yoxdur. Hərbi psixoloji hazırlıq bir neçə mərhələdən ibarətdir. Birincisi, mülki şəxslərin hərbi psixoloji hazırlığıdır. Uşaqlar hərbi xidmətə yollanana qədər onlarla yanaşı anası, atası da bu hazırlığı keçməlidir. Çağırışçı əsgərliyə gedəndən sonra gənc əsgərin psixoloji hazırlığı olmalıdır. Gənc əsgər psixoloji hazırlıq periodunda praktiki olaraq birinci mərhələni keçməyə başlayır. Çünki əsgərliyə qədər heç bir psixoloji hazırlıq keçməyib. Hərbi psixoloji hazırlığın tərkibində döyüş psixoloji hazırlıq anlayışı var. Hərbi qulluğa hazırlıqla döyüş psixoloji hazırlığı fərqli anlayışlardır. Gənc əsgər periodundan sonra konkret döyüş psixoloji hazırlığı keçilməlidir. Döyüşdə qorxmamaq, adrenalini idarə etmək, yaxud qorxmaq barədə hazırlıq olur. Qorxmamaq da yaxşı deyil, ayaq üstə durub gülləyə məruz qala bilərsən. Hesab olunur ki, hərbi psixoloq hərbçilərdə qorxunu götürməyi öyrədir, amma əksinə qorxunu idarə etməyi izah edir. Qorxu olmasa, bütün əsgərlər qırılacaq. Əsas olan nəyin bahasına olur olsun döyüşdən sağ çıxmaqdır. Çünki sən döyüşdən çıxmısansa, deməli, təcrübə yığmısan, növbəti tapşırığa daha hazırsan. 4-cü mərhələ isə xüsusi hazırlıqdır. Təyyarəçilər, snayperlər, xüsusi təyinatlıların fərdi hazırlığıdır.

Q.Yaquboğlu: Gələcəyin insanını psixoloji varlıq olaraq necə təsəvvür edirsiniz?
- Düzü, gələcək insanın psixoloji durumu haqqında çox da düşünməmişəm. Sual verəndə tez fikirləşməyə başladım. İnsanlara keçmiş illərə daha müsbət baxmaq xasdır. Babamı, atamı yadıma saldım və özümü müqayisə edirəm ki, hansı formada inkişaf gedib. Onlar daha müdrik, təmkinli idilər. Amma bu, o demək deyil ki, gələcəkdə müdriklik olmayacaq. Birmənalıdır ki, depressiya çoxalır. Bu tendensiyanın qarşısını ala bilməmişiksə, deməli, gələcəkdə çoxalacaq. Keçən əsrin 70-ci illərində depressiya 3-cü yerdə idi. Ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər birinci və ikinci yeri tuturdu. 30 il sonra tibbi nailiyyətlərdən sonra bu xəstəliklərin ölümlə nəticələnməsi get-gedə azalıb, ilkin mərhələdə müalicə mümkündür. Bütün psixotrop dərmanlar buraxan farmakoloji firmalar ruhi xəstələr üçün hər 5 ildən bir təzə dərman istehsal edirlərsə, hər il 2-3 yeni anti-depressant çıxarırlar. Amma həllini hələ də tapa bilmirik. Çünki bu, sırf fizioloji problem deyil, sosial problemdir. Bu baxımdan gələcəyə bir az pessimist baxıram. Psixoloq nöqteyi-nəzərindən optimist yanaşıram, pasiyentlər çoxalacaq (gülür). Deməli, hər pis şeyin müsbət tərəfi olacaq.

Nərgiz Ehlamqızı

Foto: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər