5 Dekabr 2015 12:33
3 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brifinq"in qonağı IV Muğam Müsabiqəsində "Tamaşaçıların rəğbəti" mükafatına layiq görülən Ayşən Mehdiyevadır. Fəaliyyətini AzTV-nin Səsyazma Evində solist kimi davam etdirən gənc xanəndə özü və yarışmalarda keçdiyi sənət fəaliyyəti haqda danışdı. Ayşən xanımı müşayiət edən həyat yoldaşı Ramin bəy də arada suallarımızı cavablandırdı.

Taleh Şahsuvarlı: Redaksiyamıza gəlməzdən əvvəl layihəmiz haqqında nə qədər məlumatlı idiniz?
- Xalq artistləri Gülyanaq Məmmədova, Aygün Bayramova ilə keçirilən "Brifinq"ləri oxumuşdum.

Nərgiz Ehlamqızı: Ayşən xanım, niyə müsahibə vermirsiniz? Google axtarış sistemində demək olar ki, heç bir müsahibənizə rast gəlmədik. "Brifinq"ə hansı təəssüratla gəldiniz?
- Doğrudan da, çox müsahibə vermirəm. AzTV-nin solisti olduğum üçün media üçün bir az məhdudiyyət var. Redaksiyanıza gəldiyim üçün şad oldum.

Nəmin Muradova: O məhdudiyyətlər nədən ibarətdir?
- Hazırda müqaviləmiz tamamlanıb, indi mənim üçün heç bir məhdudiyyət yoxdur.

Sevil Hilalqızı: AzTV-də solistləri necə işə götürürlər?
- Ştatda işləyənlər və ictimai əsaslarla çalışanlar var. Kim necə işləyəcəyini özü təyin edir.

Aqil Lətifov: Siz hansı şərtlərlə işləyirdiniz?
- Mən ştatda işləyirdim.

T.Şahsuvarlı: Məhdudiyyətlərdən biri də toyla bağlıdır?
- Yox, elə bir məhdudiyyət yox idi, sadəcə özüm toya getmirəm. Elə toylar var ki, xanəndə ifa edəndə kiminsə əl qaldırıb oynamağı yaxşı çıxmır. Gələcəkdə toylara getsəm, yəqin, seçim edəcəyəm.

T.Şahsuvarlı: Niyə bizim sənətçilər daha çox toya getmək istəyir, nəinki sənət yaratmaq? Maddi məsələ anlaşılandır. Sənətlə pul qazanmaq uzun yol tələb edir, amma yaxşı sənətlə daha çox pul qazanmaq mümkündür, nəinki toylarla.
- Düzdür, sənətlə pul qazanmaq olur. Amma sənəti yaratmaq üçün də pul lazımdır. Ona görə də ifaçılar toylara gedir. Bir işimizin gözəl alınması üçün müəyyən vəsait lazımdır. Səsyazmada canlı alətlərdən istifadə olunmalıdır, studiyanın pulu ödənməlidir. Ona görə də sənət yaratmaq üçün toy lazım olur.

Sevil Hilalqızı: Ayşən Mehdiyeva özünü oxucularımıza necə təqdim edərdi?
- Sənət fəaliyyətim Muğam Müsabiqəsindən əvvəl də vardı. Musiqi təhsilimi nəzərə almasaq, demək olar ki, 5 ildir bu sənətdəyəm. Muğam Müsabiqəsindən öncə başqa yarışmalarda iştirak etmişəm. IV Muğam Müsabiqəsi tanınmağıma kömək oldu.

N.Muradova: Əvvəlcə "Xalq ulduzu" yarışmasına qatıldınız, sonra Muğam Müsabiqəsinə getdiniz. Bir az bu yolunuzdan danışın, müsabiqələrə qatılmanız kimin ideyası idi?
- Mən IV "Xalq ulduzu" yarışmasında iştirak etmişəm, amma ondan öncəki seçimlərdə kəsilmişdim. İkinci dəfə seçim turuna gedəndə valideynlərimə demədim, artıq o zaman Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbəsi idim. Heç kəsin xəbəri olmadan seçim turuna gəldim, düzü, ümidim yox idi, amma finala vəsiqə qazandım. 500 nəfərin içindən 16-lığa düşdüm. 2-ci "Xalq ulduzu" müsabiqəsində hansı mahnını ifa edib kəsilmişdimsə, elə həmin mahnını oxudum ki, görüm bu dəfə necə olacaq?

N.Muradova: Hansı mahnı idi?
- "İntizar" mahnısı idi. Ola bilər yaşım az idi, o qədər də püxtələşməmişdim, amma 2 il sonra müsabiqəyə gələndə inadına eyni mahnını oxudum.

"Məmmədbağır Bağırzadə səsimi bəyənmirdi"

T.Şahsuvarlı: Xalq artisti Gülyaz Məmmədova Sizi öz tələbəsi kimi təqdim edib. Sizə harada dərs deyib?
- Muğam Müsabiqəsində ustadım Gülyaz xanım olub. Allah rəhmət eləsin, Məmmədbağır Bağırzadə, Ağaxan Abdullayev, Qəzənfər Abbasov, Ruzi İbişov müəllimim olub.

N.Ehlamqızı: Haralısınız?
- Tovuzluyam.

T.Şahsuvarlı: Tovuz hara, muğam hara, aşıq yaradıcılığına nə əcəb meyllənməmisiniz?
- Əslində saz ifa edirdim, Fəzail Miskinlidən dərs almışdım. Amma çoxdandır ifa etmirəm. Tovuz rayonunda muğam ifaçısı çox deyil, amma mənim istiqamətim muğama oldu.

S.Hilalqızı: Bu sənətə gəlməyinizdə təşəbbüskar kim olub?
- Anamın gözəl səsi olub, o istəyib ki, oxuyum. Atam əvvəl razılıq vermirdi. Bakıda musiqi məktəbinə yazıldım. Fortepianoda ifa etmək istəyirdim, musiqi məktəbinin direktoru mənə qulaq asdı, dedi ki, bu qızın gözəl səsi olacaq. Sonra məni xanəndəliyə Məmmədbağır Bağırzadənin sinfinə yazdılar. İlk vaxtlar Məmmədbağır müəllim məni bəyənmirdi. Deyirdi ki, bu qız kimdir, bunu kim gətirib?

T.Şahsuvarlı: Məmmədbağır Bağırzadəni necə xatırlayırsınız?
- Çox sadə insan idi. 4 il mənə dərs keçdi, bu müddət ərzində görürdüm ki, məndə püxtələşmə gedir.

T.Şahsuvarlı: Sizin səsinizlə Nəzakət Məmmədovanın səsi oxşayır. "Heç küsməyin yeridirmi" mahnısını hər ikiniz ifa etmisiniz. Nəzakət xanımla özünüzü necə müqayisə edirsiniz?
- Düzünü desəm, Nəzakət Məmmədovaya nadir hallarda qulaq asıram. Şövkət Ələkbərova, Rübabə Muradovanı çox dinləyirəm. Almaz Orucova, Gülyaz və Gülyanaq Məmmədovalara qulaq asıram.

S.Hilalqızı: Sizi səsinizə görə başqa kimə bənzədirlər?
- Müsabiqədə Şövkət xanımın səsinə bənzədirdilər. Əlibaba Məmmədov həmişə vurğulayırdı ki, fərqli səsin var.

T.Şahsuvarlı: İfanızdakı "Bayatı-Şiraz" muğamında seçilmiş mətn çox fərqlidir...
- Əbülqasım Nəbatinin qəzəlidir. Birinci təsnifi, yaxud bəstəkar mahnısını seçirəm, mahnıya uyğun qəzəl seçməyə çalışıram. Elə olur, sevgiyə aid mahnı oxuyurlar, muğamı isə Vətən mövzusunda ifa edirlər. Bu da uyğun gəlmir. Ona görə çalışıram ki, mahnıda hansı sözlər varsa, qəzəldə də o sözlər olsun.

T.Şahsuvarlı: "Bayatı-Şirazı"ı ifa edəndə tamaşaçı ilə emosional rabitənin qurulması hansı hiss yaradır? Üzeyir Hacıbəyov deyirdi ki, bu muğam qəmgin təəssürat yaradır...
- "Bayatı-Şiraz" üstündə çox mahnılar var. Ritmik mahnıları qəmgin oxuya bilmərik. "Bayatı-Şiraz" üstündə "Qönçələrin rəqsi" mahnısı lirika ilə gedirdi, qəzəli də ona uyğun seçmişdim, çox zaman oxuyanda tamaşaçını unuduram, onları görmürəm. İfaçı gözünü açıb tamaşaçıya baxanda mənə elə gəlir ki, bir az da həyəcanlanır.

A.Lətifov: Həyat yoldaşınızla necə tanış olmusunuz?
- Həyat yoldaşım mənim tanımadığım qohumumdur.
Ayşən Məmmədovanın həyat yoldaşı Ramin bəy sözə başlayır: Ayşən xanımı 2011-ci ilə qədər tanımamışam. Təsadüf nəticəsində bir-birimizlə tanış olduq. Bir gün Ayşən xanımın atası Rəhman müəllimlə yol gəlirdik, dedi ki, necə qohumsan, heç bizə gəlib-getmirsən. Günlərin bir günü zəng elədim ki, təsadüfən həmin gün Ayşənin atasının ad günü imiş, bilmədən tort alıb getdim, gördüm ki, doğum günüdür. Orada Ayşən xanımı gördüm.

N.Muradova: Ayşən xanımı ekranda görməmişdiniz?
"Yox" cavabını verən həyat yoldaşının sözlərinə Ayşən Mehdiyeva davam edir: "Deyiblər ki, belə bir oxuyan var, o da qayıdıb ki, belə ifaçı tanımıram (gülür).
Şəxsi həyatla bağlı suallarımızın çoxunu elə xanəndənin həyat yoldaşına ünvanlayırıq

N.Muradova: Xanəndə olması Sizdə narahatlıq yaratmır ki?
- Xanəndə, müəllim, həkim, evdar xanım olsun, fərq etməz hər şey insanın xarakterindən asılıdır.

Rəqsanə Həsənova: Sənətlə bağlı hər hansı çərçivə qoymusunuz?
- Çərçivə qoymaq üçün bir səbəb yoxdur.

N.Muradova: Gülyanaq Məmmədova "Brifinq"də qonaq olanda onun həyat yoldaşı dedi ki, hansısa verilişə çıxmaq baxımından müəyyən çərçivələr olur...
- Toy tipli verilişə hansısa xalq artisti dəvət olunanda Ayşən xanım özü deyir ki, onun səviyyəsinə uyğun deyil, nahaq o verilişə gedib. O, özü seçim edə bilir, mənim nəsə deməyimə ehtiyac qalmır.

"Həyat yoldaşımın dinlədiyi musiqi janrını dəyişdirmişəm"

A.Lətifov: Həyat yoldaşınızın mahnılarına qulaq asırsınız?
Ayşən Mehdiyeva replika atır: Onun janrını mən dəyişdirmişəm (gülür). İndi hərdən məndə səhv tutmaq istəyir.
- Ayşən xanımı tanıyana qədər rus estradasına qulaq asırdım, indi o janrdan tamamilə kənarlaşmışam (gülür).

S.Hilalqızı Ayşən Mehdiyevadan həyat yoldaşının ona ifası ilə bağlı iradlarında haqlı olub-olmadığını soruşur:
- Hə, hərdən olur.

S.Hilalqızı: Ayşən xanım, bəzən bizdə muğama elə yanaşılır ki, sanki muğam qəmli notlar üzərində qurulub. Məsələn, Elnarə Abdullayevanın səsində mərsiyə elementi olduğuna görə xoş gəldiyi deyilir. Muğamda nikbin notlar varmı? Niyə muğama elə yanaşılır?

- Xanəndəyə çox vaxt deyirlər ki, bunu oxu. Ruh məsələsi var, gərək insan bədahətən ifa etmək istəsin. İfaçı ritmik mahnını da lirika kimi çatdıra bilər. Günün əhvalının, ruh halının təsiri var.

S.Hilalqızı: Sanki bizim ruh halımız qəmgin notlara köklənib. "Segah"ı çox sevirik...
- Mənə elə gəlir, bu, yaşla bağlıdır. Gənc nəsil ritmi xoşlayır.

S.Hilalqızı: Janr problemi varmı?
- Türkiyə tamaşaçısı bütün janrlara qulaq asır. Bizim tamaşaçı bir şeyi sevirsə, təkcə onu sevir. Aşıq saz çalsa, televizorun pultunu götürüb başqa kanala çevirəcək, qulaq asmayacaq. Amma onlar elə deyil, hər şeyə qulaq asırlar. "O səs Türkiyə" yarışmasında fikir verirsiniz, rok mahnı ifa edəni də, bağlama çalanı da eyni dərəcədə alqışlayırlar.

R.Həsənova: Hansısa mahnıya müraciət edəndə nələrə diqqət edirsiniz? Hansı özəllik Sizi daha çox maraqlandırır?
- Mənə elə gəlir ki, müğənni ən çox öz həyatına uyğun şeyləri, ruh halına uyğun ifa edir. Bu gün əhvalın yaxşıdırsa, ritmik mahnı oxuyacağam. Məsələn, ailə həyatı qurmazdan əvvəl başqa mövzuda oxuyurdumsa, indi tamam başqa bir şey oxuyuram. Son vaxtlar səsyazmalarıma fikir verirəm ki, çoxu ritmik mahnılardır. Həm də mətnləri başqadır.

S.Hilalqızı: Yəqin, axtardığınızı tapmısınız...
- Ola bilər (gülür).

N.Ehlamqızı: Mahnıdan başqa nə oxuyursunuz? Hansı kitablarla maraqlanırsınız?
- Sözün düzü, oğluma görə kitab oxumağa vaxt tapa bilmirəm. Ancaq muğamların qəzəlləri üzərində çalışıram. Onu da qeyd edim ki, heç vaxt eyni qəzəli oxumamışam. Çalışıram ki, mahnıya uyğun qəzəl tapım.

S.Hilalqızı: “Leyli” olmaq bütün xanəndələrin arzusudur. Opera və Balet Teatrı ilə əməkdaşlıq edirsiniz?
- Yox, təklif almamışam.

N.Muradova: Deyirlər, onlar təklif etmir, Siz təkliflə gedə bilərsiniz. Gülyanaq Məmmədova özü də “Leyli” üçün şəxsən müraciət edib...
- Gülyanaq xanım professional müğənnidir, müəllimədir. Mənə elə gəlir mən onun səviyyəsində oxuya bilmərəm, ona görə də hələ ki təklif edə bilmərəm.

"Hələ özümü "Leyli" obrazında görmürəm"

N.Muradova: Güllü Muradova gənc xanəndə kimi “Leyli” obrazını canlandırdı. Siz də gənc kimi belə bir təkliflə çıxış edə bilərsiniz...
- Mənə elə gəlir ki, hələ hazır deyiləm. İndi yaşım və təcrübəmlə özümü “Leyli” obrazında görmürəm. Oynasam da, Gülyanaq və ya Nəzakət xanımın verdiyi hissi verə bilmərəm.

N.Muradova: Amma Leyli cavan qız olub, tamaşaçı səhnədə də gənc “Leyli”ni görmək istəyir.
- Onlar artıq püxtələşiblər, tamaşaçıya o hissi vermək çox çətindir. Məşq üçün çağırsalar, gedərəm.

"Həyat yoldaşımın səsi olsaydı, "Leyli"ni onunla ifa edərdim"

N.Ehlamqızı: Səhnədə “Leyli”lər çoxdur. Onlar bu operanı Mənsum İbrahimovla ifa edirlər. İndi İlkin Əhmədov, Səbuhi İbayev də “Məcnun” rolunu canlandırır. Siz hansı tərəf müqabili ilə “Leyli və Məcnun”u ifa etmək istərdiniz?
- Həyat yoldaşımın səsi olsaydı, çox istərdim onunla ifa edim (gülür).

T.Şahsuvarlı: Niyə hamı “Leyli” olmaq istəyir, sınanmış rol oynamaq arzusundadır. Bəlkə, daha fərqli müəllif proyektləri düşünsünlər, şablonluqdan çıxsınlar? Məsələn, Uğur Işılak Osmanlı sultanlarının şeirini oxuyub bir albom buraxdı. Çox istəyəm ki, bir nəfər Şah İsmayılın şeirlərini oxusun. Bizimkilər ancaq Füzulinin qəzəllərini ifa edir...
- Muğam Müsabiqəsindən qabaq bir ictimai birliklə çalışırdıq, Mirhəmzə Nigarinin qəzəllərini oxuyurduq. Azərbaycanda çox tanınmayan qəzəlxandır, əslən Qarabağlıdır, Amasiyaya sürgün olunub. Muğam Müsabiqəsinin ilk həftəsində onun qəzəlindən ifa etmişdim, həmin qəzələ söz toplusu deyənlər oldu. Uğur Işılakı misal gətirdiniz, onun kimi edə bilərik, bəs ona tələbat varmı?

S.Hilalqızı: Müxtəliflik, rəngarənglik olsa və piarı yaxşı qurulsa uğur qazanacaq.
- Düzdür, ziyalı təbəqə diqqət göstərəcək, amma böyük əksəriyyət maraqlanmayacaq.

S.Hilalqızı: Sizin Ruhi Əliyeva ilə qohumluğunuz yoxdur?
- Çox adam soruşur, amma qohumluğum yoxdur.

N.Ehlamqızı: Səs tonunuz, üz quruluşunuz çox bənzəyir. Həm də yerlisiniz.
- Hə, çox adam oxşadır, amma qonşu kənddənik.

N.Muradova: Həyat yoldaşınız bayaq Sizinlə tanışlıq hekayəsini dedi, bəs Siz niyə onu seçdiniz?
- Yoldaşım tamam fərqli adamdır, mənim kimi adama dözürsə, böyük şeydir, yəqin, ona görə seçmişəm (gülür).

S.Hilalqızı: Çox kaprizlisiniz?
- Yox, deməzdim (gülür). Sənət bir az ağırdır, çox kişi onu qəbul eləmir.

N.Muradova: Qastrol səfərləri çox olur?
- Yox. İtaliya, Türkiyəyə getmişəm. O da evlilikdən öncə olub.

N.Ehlamqızı: Muğam Müsabiqəsindən sonra iştirakçılarla əlaqələriniz davam edir?
- Hə, bəziləri ilə AzTV-də bir yerdə işləyirik. Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Zabitə Alıyeva ilə münasibətlərimiz yaxşıdır.

S.Hilalqızı: Flora Kərimova, Mirzə Babayev mahnıların mətnlərinə çox fikir verirdi. Məsələn, Rübabə Muradovanın “Qaragilə” mahnısını zövqlə dinləyirəm, sanki ifaçı sözlərə fikir verməyib. Bilinmir, orada söhbət kişidən gedir, yoxsa qadından. Siz mahnının sözlərinə diqqət edirsiniz?
- Mahnıdakı mətn qadına aiddirsə, onu heç vaxt qadın oxuya bilməz, gərək onu kişi oxusun. Qəzəldə də eynən bu cür olmalıdır. Qəzəldə qadın vəsf olunursa, qadın özü, yaxud başqa qadın üçün oxuya bilməz. “Qaragilə” mahnısını mən də ifa etmişəm. Orada deyilir ki, “Nə sənə qız gərəkdir, nə mənə oğlan”. Birinci müraciət formasına görə, deməli, qız oğlana müraciət edir. Qadın ifa etməlidir.

T.Şahsuvarlı: Qaragilə balaca meyvədir, kişiyə necə qaragilə demək olar?
- Bu mahnının çox vaxt qadınlar ifa edir. Çünki deyilir ki, “Gəlmişəm otağına oyadam səni, qaragilə”. Mahnının sözləri qadına aid sözlər deyil.

S.Hilalqızı: Həm də müğənnilər sətiraltı mənalara diqqət yetirmir...
- Əlbəttə, fikir verilməlidir. Bəlli bir müddətdə qəzəlxanla işləmək lazımdır. Mahnılarda elə sözlər var ki, fars dilindədir, biz başa düşmürük. Həmin sözləri təhlil edəndə sətiraltı mənaya diqqət yetirmək lazımdır.

T.Şahsuvarlı: Müasir şairlərdən kimləri oxumağı xoşlayırsınız?
- Biz ən çox qəzəlxanlarla məşğul oluruq. Nüsrət Kəsəmənlinin şeirlərini oxuyuram.

T.Şahsuvarlı: Hansı tarixi yerləri ziyarət edirsiniz? Tarix olaraq nəyi görmək Sizin üçün xoşdur?
- Səyahətə gedəndə tarixi yerlərlə maraqlanırıq.
Söhbətə Ramin bəy qoşulur: Əslində harasa gedəndə tarixi abidələr, məkanlar maraqlandığımız yerlər sırasında olur. Tarixi yerlər az olanda əsəbiləşirik. Kinoteatr, restoranlar Bakımızda da var, amma getdiyimiz yerin tarixi abidələrini ziyarət daha maraqlıdır. Aldığımız təəssürat, bizdən əvvəlki insanların yaşayış tərzi bizə maraqlı gəlir.

T.Şahsuvarlı: Tarix adına yadda qalan nə var?
- Sumela monastrı çox maraqlı idi. Xristianlar biz müsəlmanlardan qorxublar, adam dəhşətə gəlir ki, insan necə çıxıb qayaların arasında özünə məskən salıb? İndi maşınla həmin monastıra getmək bir neçə saata başa gəlir. Atla, piyada necə çıxıblar? Avqust ayında dünya xristianları həmin qayalıqlara axışır. Dolmabaxça sarayını da bəyəndik. Orada böyük çilçıraq var. Tarixçəsini danışanda bələdçi dedi ki, vaxtilə o çilçırağı kreditlə alıblar.

N.Ehlamqızı: Özünüzün kreditlə aranız necədir? Müğənnilərin əksəriyyəti kreditdən əziyyət çəkir.
- Şükür, kreditimiz yoxdur. Heç kəsi qınamaq olmaz, nəyəsə ehtiyacı var, bəlli məbləğdə pulu yoxdursa, amma alıb kreditlə ödəmək istəyir.

A.Lətifov: Hazırda hansı mahnı üzərində işləyirsiniz?
- Oğlumun ad gününə mahnı yazmışam, hazırda aranjimandadır.

N.Ehlamqızı: İctimaiyyət üçün təqdim edəcəksiniz, yoxsa ailə üçün nəzərdə tutulub?
- Bəstə deməyim, quraşdırmışam, ilk təcrübəmdir, fikirləşdim ki, bəyənməzlər, bir neçə nəfər dinlədi, ən sonda Gülyaz xanım qulaq asdı. O, çox şeyə sonadək qulaq asan deyil. Oturub axıra qədər mahnıya qulaq asdı, sonda dedi “çox gözəldir”. Elə bir insan dedisə, deməli, nəsə var.

“Gülyaz Məmmədova ilə duet oxumaq istəyirəm”

R.Həsənova: Gülyaz Məmmədovanın tərəf müqabili bacısıdır. Onunla heç duet oxumaq istəmisiniz?
- Oxumamışam, amma istəyərəm. Gələn həftə tələbələrlə konsertimiz olacaq, inşallah, orada duet ifa edəcəyik.

A.Lətifov: Serial və ya film üçün Sizə təkliflər olub?
- Yox, olmayıb.

T.Şahsuvarlı: Artistisizm Sizdə nə qədərdir?
- Səhnəyə çıxıb oxuyuruq, amma xanəndədə aktyorluq bacarığı olmalıdır. Ən azı mahnının ruhuna girməyi bacarmalıdır.

A.Lətifov: Estradanı yox, muğamı seçdiyiniz üçün heç peşman olmusunuz?
- Əvvəllər klassik bəstəkar mahnıları oxumuşam, estrada janrında 2 mahnım olub. Muğamı niyə seçdim? Çünki bizi xarici səfərlərə çağıranda heç kəs bizdən estrada mahnıları istəmir. Hansı bizdən Azərbaycana uyğun xalq mahnısı, təsnif və ya muğam oxumağı xahiş edir. Estrada janrı xaricdə də var. Ona görə bu sənətə gəldim. Mənə elə gəlir ki, estrada janrında mahnı ifa etsəydim, yəqin, həyat yoldaşım da qəbul etməzdi.
Gənc ifaçının həyat yoldaşı söhbəti davam etdirir: Estrada janrında Ayşən xanım daha çox tanınardı, bu yol çətin yoldur. Burada pillə-pillə gedirsən, estrada janrında da isə sürət yüksək olur.

N.Ehlamqızı: Tovuzdan deputat seçilən Qənirə Paşayeva ilə əlaqəniz var?
- Tədbirlərdə birgə iştirak etmişik. Amma xüsusi münasibətimiz yoxdur.

“Ən bahalı geyimim 200-300 manatdır”

N.Muradova: Səhnə geyiminiz çox bahalı olur?
- Yox, çox da baha olmur. Amma yaraşıb-yaraşmamasına diqqət edirəm. Çox vaxt milli geyimdə efirə çıxıram. Ən bahalı geyimin 200-300 manatdır. Çox vaxt Türkiyədən alıram.

R.Həsənova: Sosial şəbəkələrdə aktivsiniz?
- Oğluma görə çox daxil ola bilmirəm. Anamla həyat yoldaşım mənim səhifəmi idarə edir (gülür). Profilimlə yanaşı, səhifəm də var, ona da Ramin bəy baxır.
Ramin bəy deyir ki, Ayşən Mehdiyevanın adına səhifəni Cənubi Azərbaycandan bir xanım açıbmış: “Gələn mesajlara Ayşən xanım özü baxır, sadəcə paylaşımları biz edirik”.
Ayşən Mehdiyeva hərdən statuslar yazdığını da bildirir: “Çox nadir hallarda olur ki, fikirlərimi sosial şəbəkələrdə paylaşıram. Hərdən əsəbiləşən kimi ürəyimi boşaldıram. Bir şey də var, nəsə yazan kimi jurnalistlər bunu tirajlayır”.

Nərgiz EHLAMQIZI

Foto: Rəşad ABBASOV


Müəllif:

Oxşar xəbərlər