12 Dekabr 2015 13:09
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mehdi Gəncəli: “Əhməd Ağaoğlunun 33 məktubunu aşkar etdik”

Redaksiyamızın qonaqları "Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri" mövzusunda beynəlxalq konfransda iştirak üçün Azərbaycana səfər edən Türkiyə elm adamlarıdır. Mərmərə Universitetinin alimi Məsud Şənlə Mehdi Gəncəli səfər çərçivəsində vaxt darlığı olsa da, ofisimizə təşrif buyurdular.

Dilqəm Əhməd: Məsud bəy, istərdik, birinci Sizin fikrinizi öyrənək, Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda hansı mövzular ətrafında çıxış etdiniz?
Məsud Şən: "Dilçiyəm, əsasən, türk ləhcələrinin tarixini araşdırıram. Əski türkcə, qaraxanlı, çağatay, uyğur türkləri ilə bağlı tədqiqatlar aparıram. Mərmərə Universitetində çalışıram, "Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri" mövzusunda beynəlxalq konfransda iştirak üçün Azərbaycana gəlmişəm. Müasir ədəbiyyat mövzusu ətrafında çıxışım oldu. Qismən də olsa, Mehdi Gəncəlinin köməyi ilə Azərbaycan ədəbiyyatını izləyirəm. Hüseynbala Mirələmovun kitabları ilə tanış olmuşam, xüsusilə "Cəza" hekayəsində təbiətlə insan arasındakı mübarizə diqqətimi çəkib. Elə konfransda da cəza anlayışı ilə bağlı çıxış elədim. Hüseynbala müəllim hekayəsində vurğulayır ki, təbiət intiqam alır, məsələn, vaşaq yaşlı canavarı ovlayır, amma özü gənc canavarın ovu olur. Təbiətdə ovlamaq və ovlanmaq qanunu var. Bir sözlə, həyat mücadiləsi gedir. Bu gün birini ovlayan, səhəri gün başqası tərəfindən ovlana bilər. Çox gözəl hekayə idi, təbiətin qanunlarını pozan, ekologiyaya zərər yetirən varlıq - insan haqqında danışılır. Canavar və onun balalarının insanlarla mübarizəsindən bəhs edilir. Alleqorik üslubda yazılıb, çox həssas məqamlara toxunulub. Oxuyanda bəzən göz yaşlarımı saxlaya bilmədim. Bu hekayəni sevə-sevə oxudum və konfransda da cəza anlayışı barədə çıxış elədim, postmodern yanaşma sərgilədim.

Sevil Hilalqızı: Canavarın cəmiyyətlə ortaq cəhəti varmı?
- Hekayədə niyə başqa heyvan yox, canavar seçilib? Çünki canavarın xarakterində oğurluq yoxdur, qanlı göz yaşları ilə ağlaması türk mifologiyasını xatırlatdı. Türklər yas mərasimlərində gözlərinin altındakı dərini bıçaqla qanadıb ağlayardılar, "qanlı göz yaşı" deyimi bizə məhz o mərasimlərdən gəlib. Bu motivi "Cəza" hekayəsində də gördüm. Türk cəmiyyətləri eynilə canavarlar kimi azadlıq mücadiləsi edir, öz torpaqlarını qoruya bilmirlər. Hekayədə keçəl başlı insanlar necə ki canavarları qovmağa çalışır, eynilə türk yurdlarının irqçi insanlar, başqa xalqlar tərəfindən istilaya məruz qaldığını göstərməyə çalışdım. Məlumdur ki, Orta Asiya, eləcə də, Azərbaycanın özü torpaq itkisi problemini yaşayıb.

Nərgiz Ehlamqızı: Azərbaycana ilk səfərinizdir, bu barədə təəssüratlarınızı bilmək istərdik...
- Bəli, Bakıya ilk dəfə idi gəlirdim, paytaxtınızı çox bəyəndim. İstiqanlı insanlarla tanış oldum. Ölkəmdəki insanların izini gördüm. Küçədə gördüyüm hər insan sanki Türkiyədə rahatlıqla gördüyüm insan tipi idi. Türkiyə və Azərbaycan vətəndaşları bir-birinə çox bənzəyir. Bakının geniş küçələrini, prospektlərini Ankaradakılara oxşatdım. Xəzər dənizinin olması isə İstanbulu xatırlatdı. Şair Yəhya Kamal həm də millət vəkili imiş, Ankaradakı işləri qurtaran kimi dərhal İstanbula getmək istəyirmiş. Ondan soruşublar ki, Ankaranın nəyini xoşlayırsınız, o da deyib ki, İstanbula dönüşlərini sevirəm. Mən konfransda çıxışımda da söylədim ki, Bakının geniş küçələri, doğrudan da, Ankaraya bənzəyir, üstəlik, Bakıda dəniz də var. Paytaxtınızda İstanbulu da gördüm, ona görə də İstanbula qayıtmaya bilərəm (gülür). Ankara və İstanbulu mənə xatırlatdığı üçün ömrümün sonuna qədər Bakıda qala bilərəm.

"Türkiyə tələbələrinin Anar Rzayevi tanımasını istəyirəm"

Sevil Hilalqızı: Konfransda ortaq türk ədəbiyyatı məsələləri ətrafında müzakirələr də olub. Bu məsələdə nə kimi problemlər mövcuddur?
- Türk xalqlarının ədəbiyyatında tarixdən gələn və bugünümüzdə yaşayan problemlər var. Türk ədəbiyyatı deyəndə nə nəzərdə tutulur? Məhz bu sualın cavabı zamanı da problemlər olur. Məsələn, Göytürklər dönəmində yazılan əsərlər kimin ədəbiyyatıdır? Türkiyə, Azərbaycan, Qazaxıstan, yoxsa Özbəkistan türklərinindir, ya hamısının ədəbiyyatıdır? Təbii ki, bu, türk xalqlarının hamısının ədəbiyyatıdır. Bəs Qaraxanlıların "Qutadqu-bilik" əsəri hansı türk xalqının əsəridir? Qazaxlar bu əsərin dilinə əski qazax dili deyirlər. Əlişir Nəvainin əsərlərinin dilini əski özbəkcə adlandırırlar. Azərbaycan dilinin keçmişi çağataycadır. Əlyazmalar İnstitutu ilə bu istiqamətdə işbirliyimiz var. Çağatayca əslində Azərbaycan dilinin yazı dili idi. Dilinizin keçmişi çağataylara gedib çıxır. Məsələn, "Koroğlu" dastanı çağatay dilində yazılıb. Çağdaş dövrdə hər bir türk dövlətinin ədibi, şair və yazarları var. Biz bu yazarlardan istifadə etməliyikmi? Fikrimcə, türk ədəbiyyatını yüzillərə görə bölməliyik. Bizim yazılı qaynağımız VIII əsrdən başlayır. 8-ci yüzildən başlayaraq ortaq türk ədəbiyyatını öyrənək. 9-10-cu əsrlər uyğur, 11-ci əsr qaraxanlı dönəmini araşdıraq və davam edək. Məhəmməd Füzulinin Azərbaycan və Türkiyə ədəbiyyatında yeri var, istərdim özbəklərdə də yer alsın. Anar Rzayevin Türkiyədə türk ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbənin də öyrənməsini arzulayıram. Yaxud Özbək yazarlarının Azərbaycanda, Türkiyədə tədrisini istərdim. Mənim bu problemin həlli istiqamətində gördüyüm çıxış yolu budur. Biz alimlər çalışdığımız sahələrdə daha düzgün yol göstərməliyik. Bildiyim qədərilə, Azərbaycanda "Türk xalqları ədəbiyyatı" ixtisası tədris olunur. Bu, çox yaxşı haldır. Məsələn, Yəhya Kamalı azərbaycanlıların tanımasını, eyni zamanda, Azərbaycan yazarlarını da bizim tələbələrimizin tanımasını istərdim. Bəlkə də, bir özbək Yəhya Kamalı tanımır, amma fikrimcə, tanımalıdır. Məsələn biz Əlişir Nəvaidən başqa Özbəkistanda hansısa yazarı tanımırıq.

D.Əhməd: Mehdi bəy, bəs Sizin məruzəniz hansı mövzu ilə bağlı idi?
- Artıq 5-ci dəfədir ki, Azərbaycana gəlib elmi konfransda çıxış edirəm. Türkiyədə elmi toplantılarda iştirak edəndə çox rahat oluram, amma Azərbaycana gələndə həyəcanlanıram. Həmişə çalışıram ki, Vətənə yeni materialla, xüsusilə mühacirət ədəbiyyatı ilə bağlı təzə mövzu ilə gəlim. Bu dəfə Əhməd Ağaoğlunun "Malta məktubları" ilə bağlı çıxış etdim. Dilqəm bəy, Siz də bu işin içərisindəsiniz, gedib araşdırdıq. Türkiyədə Azərbaycan ədəbiyyatı sahəsinin yorulmaz tədqiqatçısı Yavuz Akpınar bir neçə il əvvəl görüşümüzdə demişdi ki, Əhməd Ağaoğlunun nəvələrindən birində babasından qalan materiallar var, amma xaraktercə qapalıdır, heç kəsə vermir. Bu faktı yadımda saxlamışdım, amma o ailəni tanımadığım üçün əlaqə qura bilmirdim. Bu məsələ ilə bağlı Azərbaycanda da maraqlanıblar. Nazirlər Kabinetində işləyən Abid Tahirli baş nazirin müavini Elçin Əfəndiyevin göstərişi ilə İstanbula gəlib, Təktaş Ağaoğlu ilə görüşmüşdü. Təktaş bəy Əhməd Ağaoğlunun həyatda qalan yeganə nəvəsidir. Özünün 83 yaşı var, məşhur rəssamdır. Oksford Universitetində oxuyub, rus yazıçılarının, o cümlədən Şoloxovun əsərlərini tərcümə edib. Abid Tahirli yüksək razısalma qabiliyyəti ilə Təktaş bəylə danışıb. Abid müəllim İstanbulda mənə Təktaş Ağaoğlundan aldığı materialları göstərdi. O materiallar içərisində məşhur "Hakimiyyəti-milliyyə" qəzetinin nüsxələri və 23 məktub vardı. O məktublar Əhməd Ağaoğlunun 1920-21-ci illərdə Maltada sürgündə olanda ailəsinə yazdığı məktublar idi. Bu məktubları transliterasiya etdim. Əvvəl çətin idi, sonra yavaş-yavaş onun üslubunu, imla tərzini oxudum. Məlum oldu ki, bu məktublardan yenə var, tam deyil.

Vəfa Babasoy: Bəs Əhməd Ağaoğluna ailəsi tərəfindən cavablar göndərilmişdi?
- Məktubları oxuyanda bəlli oldu ki, ailə də cavab məktubu göndərib. Amma Əhməd bəy sürgündə ikən o məktubları qoruyub saxlayıbmı, geri gətiribsə, bu gün qalıbmı kimi məsələlər sual altındadır. Könül istər ki, bunları da tapaq. Bunlar hamısı tarixi materiallardır. Dilqəm bəy, sizinlə söhbətdən sonra məlum oldu ki, "Qadın əsərləri" kitabxanası var, Əhməd Ağaoğlunun qızı Sürəyya Ağaoğlu öz materiallarını o kitabxanaya verib. Gedib oradakı materialları araşdıranda Əhməd bəyin başqa məktublarını tapdıq. Maltadan göndərilən məktublardan 10-u da oradan çıxdı. Ümumilikdə 33 məktub oldu. Ailənin ona yazdığı məktubların bir hissəsi-həyat yoldaşı, qızı Sürəyya və oğlu Səməd Ağaoğlunun cavablarından ibarət 10-15 məktub da o kitabxanada idi. Təbii ki, bu məktubların ümumilikdə neçə ədəd olduğu bəlli deyil. Azərbaycanda keçirilən "Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri" konfransında iştirak üçün 23 məktubla bağlı məruzəmi hazırlayacaqdım. Yeni 10 məktub üzə çıxdığı üçün bu iş yarımçıq qaldı. Ona görə də konfransa material göndərə bilmədim. 33 məktubun transliterasiyası bitdi, amma cavab məktubları hələ qalır, onları da yaxın zamanda oxuyub qurtaracağam, sonra orijinal mətnləri və oxunuş formasını kitab şəklində nəşr edəcəyik.

"7 min müəllim içərisində azərbaycanlı təkcə mənəm"

N.Ehlamqızı: Tələbələriniz içərisində azərbaycanlılar, yəqin ki var. Azərbaycanlı tələbələri digərlərindən fərqləndirən nədir?
Məsud Şən: Bizim fakültəmizdə cəmi 1 azərbaycanlı tələbə var.
Mehdi Gəncəli: Mərmərə Universiteti Türkiyənin ən böyük 3 universitetindən biridir. Bizdə 80 min tələbə təhsil alır, 7 min müəllim və texniki heyəti çalışır. Məncə, universitetdə 7 min müəllim içərisində azərbaycanlı müəllim təkcə mənəm. Azərbaycandan tələbələr xüsusən son dövrlərdə çox gəlir. Amma əsasən maliyyə, iqtisadiyyat və digər texniki sahələrdə təhsilə üstünlük verirlər. Dil, ədəbiyyat, tarix fənlərini seçənlər azlıq təşkil edir. Bizim tələbələrin humanitar elmlərə istiqamətlənməsi üçün təbliğat lazımdır. Tarix fakültəsində Cəfər adında bir oğlan təhsil alır. Pərvin Məmmədova ad-soyadlı tələbə tədris fakültəsindədir. Fənn-ədəbiyyatı ixtisasında təhsil alan azərbaycanlı tələbə yoxdur. Çox maraqlıdır, Gürcüstandan 3 tələbə var, mənim sinfimi seçiblər.

"Gürcülər son vaxtlar türk ədəbiyyatı və dili ilə çox maraqlanırlar"

S.Hilalqızı: Gürcüstandan olan tələbələr gürcüdür?
- Bəli, gürcülər azərbaycanlılardan daha çoxdur. Gürcülər son vaxtlar türk ədəbiyyatı və dili ilə çox maraqlanırlar.

S.Hilalqızı: Beynəlxalq Türk Akademiyasının fəaliyyəti ilə bağlı müzakirələr aktualdır. Bu akademiyanın fəaliyyət istiqamətləri nədən ibarət olacaq? Hansı sahələr təmsil olunacaq?
- Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın ortaq universitetinin qurulması ilə bağlı razılığa gəliblər. Universitetlərdə hansı fakültələr varsa, o istiqamətdə akademik sahələr olacaq.

S.Hilalqızı: Bəs mərkəzi hara olacaq?
- O haqda dəqiq qərar verilməyib. Amma bu məsələ ətrafında razılığa gəlinib.

N.Ehlamqızı: Neçə ildir Türkiyədə çalışırsınız?
- Orta məktəbi bitirəndən sonra Türkiyəyə getmişəm, ali təhsilimin bütün pillələrini - bakalavr, magistr, doktorantura təhsilimi Mərmərə Universitetində almışam.
Məsud Şən replika atır: Mehdi əslində bizim oğlandır (gülür).

V.Babasoy: Dissertasiya mövzunuz Məhəmməd Hadi ilə bağlı olub?
- Bəli. Universitetdə müasir türk ədəbiyyatı ixtisası üzrə dərs keçirəm. Magistraturada dissertasiya mövzum Məhəmməd Hadinin türk mətbuatındakı yazıları, şeirləri ilə bağlı olub. Bu məqalələr, şeirlər haqda Azərbaycanda bilgi yox idi. Bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyliyə təklif verdim, o da qəbul elədi, Hadinin türk mətbuatındakı yazılarını AMEA kitab kimi nəşr edəcək.
Məsut Şən: Mehdi Gəncəliyə Gələcəyin Əhməd Cəfəroğlusu gözü ilə baxırıq (gülür).

N.Ehlamqızı: Əbülfəz Elçibəyin Türkiyəyə təhsil almaq üçün göndərdiyi tələbələrindən deyilsiniz?
- Əbülfəz Elçibəy xüsusi təyinatla 50 tələbəni Türkiyəyə təhsil almağa göndərdi. Mən isə həmin təyinatdan sonra dövlət xətti ilə Türkiyəyə gedən tələbələrdənəm. O zaman deyirdilər ki, harada olursunuz olun, Azərbaycanı təmsil edin.

S.Hilalqızı: Türkiyə universitetlərində Azərbaycan ədəbiyyatından hansı yazıçı və şairlərimiz təbliğ olunur?
- Türkiyədə universitetlərdə türk dili və ədəbiyyatı, bəzi ali məktəblərdəsə çağdaş türk ləhcələri bölməsi var. Mən yeni türk ədəbiyyatı dərsi keçirəm. 1839-cu ildə elan olunmuş Tənzimat fərmanı var. Bu, Osmanlı dövlətinin qərbləşməsinin rəsmiləşdiyini göstərir. Sanki Osmanlı Qərbə aşiq olub, amma onu sözlə ifadə etməyib. Fərman Osmanlı dövlətinin eşqini elan etməsidir, bundan sonra türk ədəbiyyatında Qərb ədəbiyyatının təsiri görünməyə başlayır. 1860-cı ildən bu günə olan türk ədəbiyyatına Qərb təsirindəki türk ədəbiyyatı, modern türk ədəbiyyatı deyilir. Mənim uzmanlıq sahəm budur. Bizim universitetdə müasir türk dünyası dərsi də tədris olunurdu. Azərbaycanlı olduğumu nəzərə alıb bu dərsi mənə verdilər. Yeni türk ədəbiyyatı ilə yanaşı, o dərsləri də keçirəm. Türk dünyasından birinci mərhələdə Çingiz Aytmatovun, Çingiz Dağçının əsərlərini, Azərbaycandan Elçin Əfəndiyevin romanlarını, müstəqillik dövrü Azərbaycan ictimai həyatını əhatə etdiyi üçün Hüseynbala Mirələmovun əsərlərini məsləhət görürəm. Mirələmovun əsərləri Türkiyə üçün yeni bir şeydir. Çünki Türkiyədəki türk dünyasından tərcümə olunan əsərlərin böyük əksəriyyəti Sovet dövründə yazılan və o dövrdən bəhs edilən əsərlərdir. 25 ilə yaxındır ki, müstəqillik dövrü var. Bu dövrdə baş verən prosesləri görmək lazımdır. Şairlərdən Şəhriyarı, Bəxtiyar Vahabzadəni, türk dünyasından tatar şair Abdullah Tukayı tələbələr oxuyur.

V.Babasoy: Tənzimatın bitməsi ilə "Sərvəti-fünun" başladı və onun nümayəndələrindən biri də Hüseyn Cavid idi. O dönəmdə Türkiyədə çap olunan şeirlərinin bir araya toplanması üçün hər hansı bir iş görülübmü?
- Yaxın zamanda o işi tamamladım, "Türk kültürü incələmələri" dərgisi var, orada mənim "Osmanlı mətbuatında Hüseyn Cavid imzası və İstanbul məktubları" adlı məqaləm çıxdı. Bundan başqa, Cavidlə bağlı konfransda məruzə ilə çıxış etmişəm. İstanbulda olduğu müddətdə - 1906-1909-cu illər arasında Hüseyn Cavidin 3 şeiri nəşr olunub. Bu fakt məlum idi, Yavuz Akpınar öz məşhur kitabında bu haqda yazmışdı. Amma 1909-cu ildən 1923-cü ilədək olan dövrdə Osmanlı mətbuatında daha 5 şeiri nəşr olunub.

V.Babasoy: Həm də məlumdur ki, Azərbaycana qayıdandan sonra Osmanlı mətbuatına öz şeirlərini göndərib. Buna görə təqiblərə də məruz qalıb.
- 1911-ci ildə "İttihad" jurnalında çıxıb. Ya özü, ya da Əli bəy Hüseynzadə göndərib. Çünki Əli bəyin Abdullah Cevdətlə münasibətləri çox yaxşı idi. Hüseyn Cavid Sovet dövründə tədqiq edildiyi üçün "Cavid xatirələrdə" kitabında Əli bəy Hüseynzadə ilə münasibətləri barədə bir kəlmə belə yoxdur, amma onun Nəriman Nərimanovla münasibətlərindən xeyli bəhs edilib. Halbuki, Cavidin Əli bəyin qızının vəfatı ilə əlaqədar "Çiçək sevgisi" şeiri belə var. 1917-ci ildə bir jurnalda iki şeiri var. Krımın səfiri İstanbula səfər edəndə Bakıya gəlib buradan gedir. Burada Hüseyn Cavidin "Bahar şəbnəmləri" kitabını alır. Səfir kitabı İstanbulda Rza Tevfiqə verir. Rza bəy İstanbulda təhsil alarkən Cavidin müəllimi olur. Rza Tevfiq görüb ki, şeir Osmanlı türkcəsindədir, ada baxanda deyib ki, Hüseyn tələbəm olub. Hüseyn Cavidin bir şeiri də "Yeni Qafqaziyyə" jurnalında olub. O haqda məqaləmi Cavid muzeyinə də gətirib təhvil verdim.

"Ala gözlüm" mahnısını yüz dəfə dinləmişəm"

N.Ehlamqızı: Məsud bəy, heç Azərbaycan musiqilərindən dinləyirsiniz?
- Azərbaycan musiqilərini sevərək dinləyirəm. Gəncliyimdən bəri Zeynəb Xanlarovanı dinləyirəm. Akif İslamzadənin ifasında "Ala gözlüm" mahnısını, bəlkə də, yüz dəfə dinləmişəm. Azərbaycanlı tələbəm Azərbaycan mahnılarından ibarət disk gətirmişdi, "Payız gəldi" mahnısını ondan sonra kəşf etmişəm. Hər payız gələndə Xədicə Abbasovanın oxuduğu o mahnını Feysbukda paylaşıram. Muğamlarınıza çox qulaq asıram. Rəşid Behbudovu da sevərək dinləyirik. Oqtay Ağayevin "Qaytar eşqimi" ən çox sevdiyim musiqidir. Ailəlikcə, o musiqini əzbər bilirik.
M.Gəncəli: Mərmərə Universitetindəki tək azərbaycanlı müəllim mənəm. Çalışıram ki, orada azərbaycanlıların sayını çoxaldım, artıq Məsud hocanı azərbaycanlı eləmişəm (gülür).

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər