23 Yanvar 2016 12:39
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brifinq”in qonağı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlidir. A.Qədirli ilə söhbətə dövlət qurumunun sözçüsü kimi jurnalistlərlə qurduğu əlaqələrdən başladıq. Ona mətbuat xidmətləri ilə bağlı jurnalistlərin gileyini çatdırdıq, o da öz növbəsində özünün qarşılaşdığı problemlərdən və maraqlı məqamlardan danışdı. Uzun illər Səhiyyə Nazirliyinin mətbuat xidməti vəzifəsində də çalışmış Anar Qədirliyə səhiyyə sektorunun içində olan şəxs kimi ümumi vəziyyət, cəmiyyət tərəfindən səslənən iradlar, narazılıqlar barədə də suallar ünvanladıq.

Naibə Qurbanova: Vəzifə dəyişikliyindən sonra sanki işinizdə bir qədər sakitlikdir, gərgin iş üçün darıxmırsınız?
- Düzü, darıxıram. Səhiyyə Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışanda elə olurdu ki, mobil telefonuma yüzə yaxın zəng gəlirdi. Səhiyyə elə sferadır ki, günün 24 saatı əhali ilə təmasdadır. Təbii ki, hansısa konfliktlər, narazılıqlar, problemlər olurdu, bunlar da ilk növbədə ümumi şöbə və mətbuat xidmətinə bildirilirdi. Bundan başqa jurnalistlərlə də görüşlər olurdu, özüm müsahibələr verirdim. Ona görə də iş gərgin idi. Gigiyena və Epidemiologiya Mərkəzində Səhiyyə Nazirliyindəki kimi gərginlik olmasa da, buranın spesifikası bir başqadır. Qrip, epidemiyalar, sanitariya, gigiyenik normalar ilə bağlı spesifika artıb. Mən bu mərkəzdə mətbuat xidmətinin rəhbəri olandan məhz epidemiologiyaya aid Ümumdünya Səhiyyə Təşkilatının treninqini keçmişik.

“Mediadan razı olan mətbuat xidməti istefaya getməlidir”

N.Qurbanova: Sizdən narazılar da vardı, razılar da. Səhiyyə ağır sahədir, media ilə bağlı təəssüratınız necədir?
- İdeal iş yoxdur, biz çalışmalıyıq ki, ideala çataq. Mediadan razı olan mətbuat xidməti istefaya getməlidir. Media rəngarəngdir, çoxdur, onların hamısı ilə təmas qurmaq mətbuat xidmətinin rəhbərinin işidir və bu, çox çətindir. Tənqidlər sırasında obyektivlər də, qeyri-obyektivlər də vardı. Qeyri-obyektiv iradlara heç fikir vermirdim. Bəzən olurdu ki, hansısa obyektiv faktorlara görə jurnalisti razı sala, yaxud sualını tam əhatə edə bilmirdik. Jurnalistlərin özünün də hərdən hazırlıq səviyyəsi aşağı olurdu. Səhiyyə elə sahədir ki, jurnalistdən hazırlıq tələb edir, mövzunu bilməlidir. Elə olurdu ki, jurnalist tam hazırlıqsız zəng edirdi. Səhiyyə Nazirliyi ilə daimi işləyən media qrupları vardı ki, səhiyyə strukturları onlara treninqlər keçirdi. Mətbuat xidmətinin rəhbəri olduğum 9 il ərzində jurnalist dostlar da qazandıq. Təbii ki, özüm bu sferadan gəlmişəm, jurnalistəm, jurnalist həmkarlarla bağlı təəssüratım çox yaxşıdır.

“Bu yaxınlarda media layihələrlə çıxış edəcəyəm”

Nərgiz Ehlamqızı: Özünüz jurnalistikanın içində olmusunuz, yenidən media layihələri barədə heç düşünmüsünüz?
- Jurnalistika xəstəlik kimi bir şeydir. Bir dəfə onu dadmısansa, o heç vaxt səni buraxmayacaq. Telejurnalistika daha ağır xəstəlikdir. Məktəbdən jurnalistikanı arzulamışam. Jurnalistikaya həvəs həmişə var, ola bilsin, bu yaxınlarda hansısa media layihələrlə çıxış edim. Həvəs, maraq və ehtiyac var.

Aqil Lətifov: Yəqin, jurnalistlər sırasında şəxsi istəklərlə bağlı çoxlu müraciətlər də olurdu, belə zənglərə nə dərəcədə kömək edə bilirdiniz?
- Başa düşürdüm ki, belə zənglər varsa, deməli, kömək etmək lazımdır. Maksimum dərəcədə kömək etməyə çalışırdım. Çox vaxt hər şey yaxşı olsa da, sadəcə, diqqət tələb olunurdu. Jurnalist və onun ailəsi, tanışı mətbuat xidmətinin rəhbərinə, bəzən, özünü sığortalamaq, kömək üçün müraciət edirdi. Bizdə “adamın adamı” məsələsi çox aktualdır. Bəzi obyektiv xahişlər olurdu. Görürdün ki, doğrudan da, haqqı pozulub, onu qoruyub tapşırmaq lazımdır. Bəzən də, sadəcə, hər şey qaydasında olarkən diqqət lazım olurdu. Xəstəxana elə strukturdur ki, heç kim yaxşılıqdan oraya müraciət etmir. Kimsə zəng edibsə, deməli, canı ağrıyır, yaxud yaxını pis vəziyyətdədir. Bu baxımdan ona kömək borcumuzdur.

“Sual çətin olanda cavab verməmək vəziyyəti daha da ağırlaşdırır”

Qurban Yaquboğlu: Son illərdə bir çox qurumlarda mətbuat xidmətləri yaradılıb, əlaqələndirici var. Əvvəllər birbaşa zənglər mümkün idi. Burada müsbət tərəflərlə yanaşı mənfi məqamlar da var. Məsələn, mətbuat xidməti cavab vermirsə, sən tam blokadadasan. Bəzən hansısa hallarda susurlar. Mətbuat xidmətinin rəhbəri hansı hallarda susur? Bu, onun öz təşəbbüsüdür, yoxsa problem dərin, suallar çətin olduğuna görədir?
- Ola bilər ki, hansısa mətbuat xidməti sual çətin olduğuna görə qaçır. Mənim təcrübəmdə elə bir şey yox idi. Sual çətin olanda cavab verməmək vəziyyəti daha da ağırlaşdırır, onsuz da bu, bir gün partlayacaq. Mətbuat xidmətlərinin prinsipləri də budur ki, sualı sülh vəziyyətində cavablandırmaq daha yaxşı olar. Elə olurdu ki, görüş, ezamiyyət, yaxud məzuniyyətdə olanda cavab verə bilmirdik. Jurnalistlər var ki, ancaq mətbuat xidmətinin rəhbərinin nömrəsini bilir. Amma tutaq ki, mən müsahibədəyəm, telefonuma gələn zəngə cavab verə, sonra həmin zəngin bəzilərinə geri dönə bilmirəm. Belə hallarda məni o jurnalistlər valeh edirdi ki, mətbuat xidmətinin başqa əməkdaşının nömrəsini tapırdılar. Bəzən, nazir köməkçisi zəng edirdi ki, sizi filan jurnalist axtarır. Olub ki, jurnalist tək mənim nömrəmlə qane olmayıb, qaynar xəttə də zəng vurub sonda hansısa yollarla mənimlə əlaqə yaradıb. Yeni nəsil jurnalistlərdə bunu müşahidə etmişəm, bir-iki dəfə zəng edib sonra deyirlər ki, cavab ala bilmədim. Ola bilər hansısa konfransda iştirak edir, kollegiyada çıxış edir, məhz həmin məqamda telefonum sönülü olurdu. Jurnalist bilməlidir ki, mətbuat xidmətinin başqa işçiləri və ya müvafiq şöbələrlə də əlaqə saxlamaq mümkündür. 1990-cı illərdə jurnalistlər birbaşa nazirə zəng vura bilirdi.

“Mətbuat xidmətinin rəhbəri birbaşa birinci şəxslə işləməlidir”

N.Qurbanova: Sanki mətbuat xidməti kömək, zəncirin halqası kimi yox, əksinə, maneə kimi yarandı. Müsahibə üçün ekspert dəvət etmək istəyirik, qurumların mətbuat xidmətinin icazəsi, tapşırığı olmadan gedə bilmirlər, gərək mətbuat xidmətinin rəhbəri həmin ekspertin tabe olduğu rəhbər şəxsdən icazə alsın. Bu qadağa nə zamandan tətbiq olunmağa başlayıb?
- Buna qadağa deməzdim. Əslində, əlaqələndirici qurum mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr şöbəsi olmalıdır. 1990-cı illərdə adlı-sanlı jurnalistin birbaşa nazirə zəng vurması jurnalistlər üçün yaxşı hal olsa da, bu, qeyri-normal haldır. Bundan başqa həmin vaxt mətbuat orqanları da çox deyildi. Bir neçə qəzet, 2-3 telekanal vardı. Yadımdadır, özüm baş redaktor olanda müxbirimi əlaqələndirmək üçün birbaşa nazirə zəng vururdum. İndi zaman dəyişib və bütün münasibətlər strukturlaşıb. Məsələnin başqa tərəfi də var ki, bu, köməkçi strukturdan başqa bir maneəyə də çevrilə bilir. Bu, qurumun, onun birinci şəxsinin informasiya siyasətindən, mətbuat xidmətinin rəhbərliyində olan şəxsin jurnalistlərlə münasibətindən asılıdır. Suallardan qaça da, passiv də, aktiv də ola, yaxud jurnalistləri cəlb edə bilər. Jurnalistlərdən qaçmağın indiki zamanda mənası yoxdur. 10 il bundan qabaq, bəlkə, qaçmaqla vaxt udmaq üçün nə isə əldə etmək olardı, indi qaçmağın mənası yoxdur.

“Elə qurumlar var ki, mətbuat xidmətinin rəhbəri nazirini ancaq televiziyada görür”

Q.Yaquboğlu: Təmsil etdiyiniz strukturlarla daim əlaqə yarada bilirsinizmi? Nazirlə görüşmək imkanınız olurdu? Hazırkı vəzifənizdə birinci şəxslə görüşdə problem yoxdur ki? Bəlkə mətbuat xidmətinin rəhbərinin özünün də xəbəri çatdırmaq imkanları böyük deyil?
- Nə indi, nə də əvvəlki işimdə elə bir problemim olmayıb. Oqtay müəllim o barədə açıqdır. Mətbuat xidmətinin rəhbəri istədiyi zaman sualla müraciət edə bilərdi. Həmçinin nazir müavinləri, bütün şöbənin əməkdaşları mətbuat xidmətinə açıq idi. İnformasiya almaq, mövqe bildirmək üçün problem yox idi. Obyektiv problemlər ola bilərdi, məsələn, hansısa rəhbər şəxs Bakıda olmayanda onunla əlaqə saxlamaq mümkün deyildi. Elə qurumlar var ki, mətbuat xidmətinin rəhbəri öz nazirini ancaq televiziyada görür. Hesab edirəm ki, mətbuat xidmətinin rəhbəri birbaşa birinci şəxslə işləməlidir. Başqa cür bunun effekti də olmaz. Bu, elə bir strukturdur ki, qurumun informasiya siyasətinə cavabdehdir. Gündəmdə olan məsələlər dəqiqələrlə sayılır. Ola bilər, 1-2 saat içində hansısa mövqelər lazım olsun. Ekspertlər tematika üzrə çıxış edir. Bunu da əsasən nazirliyin mətbuat xidmətinin rəhbəri müəyyən edir. Tutalım, “quş qripi” ilə bağlı bizdə 3 mütəxəssis çıxış edir.

Ruslan Xəlil: Bəs özünüz hansısa yazının dərc olunmaması üçün jurnalistdən xahişlər etmisiniz? Nazirliyin nüfuzuna ziyan yetirəcək yazıların qarşısını ala bilmisiniz?

- Olub. Mənə məlumat çatıb ki, nazirliyin mövqeyi olmadan hansısa mətbuat orqanında yazı hazırlanıb. Çalışmışam ki, mütləq bizim mövqe orada olsun. Mənə məlumat gəlib ki, yazı gedib, amma nazirliyin mövqeyi dərc edilməyib. Çalışmışam ki, onun qarşısını alım. Sonra həmin qurumun baş redaktoru da mənə öz minnətdarlığını bildirib. Elə olub ki, alınmayıb.

“Heç vaxt məmur ola bilmədim”

R.Xəlil: Bu yaxınlarda xəstəxanalardan birinin mühasibatının şəxsi həyatı ilə bağlı təxribat xarakterli məlumat yayılmışdı. Reket qəzetlərin hamısı dərc edirdi. Belə olan halda nə edirdiniz?
- Reket qəzetlər ayrıca mövzudur. Bu, jurnalistlərin özləri tərəfindən də qınanılır. Heç vaxt məmur ola bilməmişəm, həmişə jurnalist olaraq qalmışam, onunla da fəxr edirəm. Bu gün reket media orqanları çoxdur. Elə olub ki, Mətbuat Şurasına məktubla müraciət etmişik ki, yazı çıxarılsın, təkzib olunsun, çünki tam cəfəngiyyatdır. Elə də olub ki, heç bir reaksiya verməmişik. Hesab etmişik ki, nüfuzu, hörməti olmayan hansısa qurum nə isə yazıbsa, ona cavab verməyə dəyməz.

Aqil Lətifov: Xırda sahibkarlar aparılan yoxlamalardan tez-tez narazılıq edir. Bu yoxlamalar necə həyata keçirilir?
- Cənab Prezidentin qərarı əsasında sahibkarlıq subyektlərində bütün yoxlamalar dayandırılıb. Ancaq zəruri hallarda, qanunvericiliyin tələbi əsasında insan sağlamlığına təhlükə törədilən obyektlərdə aparıla bilər. Yaxud sahibkarın özünün müraciəti əsasında yoxlama həyata keçiriləcək. Çox adam sual verir ki, sahibkar necə soruşa bilər ki, gəl məni yoxla? Bilirsiniz ki, hansısa məhsulun satışa çıxarılması üçün gigiyenik sertifikat alınmalıdır. Həmin sertifikatların alınması üçün müraciətlər olurdu. İndi o sertifikatların alınması da azalıb. Belə qərar var ki, yoxlamalar dayandırılsın, mərkəz də buna riayət edir. Neqativ halların qabağında aciz qalmaq olmaz. Mütləq zəng etmək lazımdır, qaynar xətt, mətbuat xidməti, rəhbərlik var. İnsanlar özlərini aciz göstərməyəndə məsələ də həllini tapır.

N.Qurbanova: Zəruri hallarda yoxlamanın olacağı bildirilir. Yoxlamaların dayandırılması fonunda istehlakçılar risklərdən necə qoruna bilər?
- İnsanlar diqqətli və ayıq olmalıdır. Məsələn, hepatitin yayıldığı stomatoloji və kosmetoloji kabinetlərdə diqqətli olmaq lazımdır. 3-4 il bundan qabaq jurnalistlərlə treninq keçirəndə soruşdum ki, hansınız son 5 ay ərzində həkim müayinəsindən keçmisiniz. Üç-dörd nəfər əlini qaldırdı. Soruşdum ki, bəs neçəniz müayinədən əvvəl həkimdən əllərini yumağı tələb etmisiniz? Heç kəs əlini qaldırmadı. İnsan faktoruna buraxdıqda nəzarət nə qədər güclü olsa da, lap Səhiyyə Nazirliyinin kamerası olsa da, vəziyyət öz sözünü deyir.

Nərgiz Ehlamqızı: “Donuz qripi” təhlükəsi ilə əlaqədar müraciətlərin heç birində bu virus aşkar olunmayıb. Bəs yayılan virusun adı nədir?
- Təbii ki, qrip və kəskin respirator xəstəliklərin mövsümüdür. Əvvəllər insanlar xəstələnsələr də, müraciət etməzdilər. İldən-ilə müraciətlərin sayında artım var. İnsanlar qorxurlar və bunu pozitiv hal sayıram ki, poliklinikalara müraciət olunur. Bu da normal haldır. Səhiyyə Nazirliyinin qurumları da insanlara müraciət edir ki, qonşu ölkələrlə get-gəl olduğuna görə, hansısa əlamətləri özünüzdə müşahidə edirsinizsə, hər ehtimala qarşı müraciət edin. İnsan “donuz qripi”, “quş qripi” olmasa da, özünü pis hiss edirsə, mütləq həkimə müraciət etməlidir. Çünki bizdə təəssüf ki, özünümüalicə çox geniş yayılıb. Bu, normal hal deyil. Mütləq həkimə müraciət olunmalıdır. Ebola təhlükəsi zamanı da müraciətlər vardı. Artıq taun əleyhinə stansiya nəzdində tam təchiz olunmuş laboratoriyalarımız var, bütün analizlər aparılır. Edilən müraciətlər əsasında insanlar müayinə edilib, qan analizləri aparılıb, aşkar olub ki, qrip, yaxud soyuqdəymədir. Azərbaycanda nə heyvanlarda, nə də insanlarda “donuz qripi” müşahidə olunmayıb.

N.Qurbanova: Çox yaxın ölkələrdə bu xəstəliklər geniş yayılır, azərbaycanlılar yoluxmur. Bu nə ilə bağlıdır immunitetimiz möhkəmdir?
- 2006-2008-ci illərdə bizdə “quş qripi”ndən həlak olanlar vardı. Ondan sonra profilaktik tədbirlər çox gücləndi. İnsanların arasında da hazırlıqlar oldu. 2010-cu ildən etibarən insanlarda maska taxmağı müşahidə etdim. İndi də avtobusda, metroda maska taxanları görürəm.

N.Qurbanova: Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanla bağlı göstəricilərində etiraz doğuracaq bir məqam olmur. Onlar vəziyyəti yerindəcə araşdırırlarmı? Əlaqələr necə qurulub?
- Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələr çox yaxındır. Təşkilatın sədri 10 ildə üç dəfə Azərbaycana gəlib. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun 61-ci sessiyası Bakıda keçirilib. Əlaqələr çox genişdir, Azərbaycanın səhiyyə sistemində tətbiq olunan standartlardan çox razıdırlar. Nazir Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının icra strukturlarına daxil olub. Treninq və mütəxəssis baxımından bu təşkilat çox kömək edir. Əlaqələr onlayn vəziyyətdədir. Epidemiologiyalarla əlaqədar elə bir sistem var ki, bütün fövqəladə hallar, viruslarla bağlı monitorinq aparılır. Səhiyyə Nazirliyində fövqəladə hallar üçün xüsusi otaq var ki, orada Ümumdünya Səhiyyə Təşkilatı ilə birbaşa video-əlaqə saxlamaq olur. Həmin otaq daim işlək vəziyyətdə olur.

“Həkimlər var idi ki, latın qrafikasını oxuya bilmirdilər”

N.Ehlamqızı: Ölüm halları, səhv diaqnozlarla bağlı çoxsaylı iradlar yəqin özünüzə də edilib. Bu kimi problemlər nələrdən doğur?
- Problem çox geniş və dərindir. Həkimlik bir başqa sferadır. Burada içdən gələn çox şey olmalıdır. Sən həkimliyi seçəndə onun sosial baxımdan hansısa müsbət tərəflərini yox, həkimliyin özünün insanlara xidmət olduğuna diqqət yetirməlisən. Həkimlik elə peşədir ki, özünü daim o proseslərin içində saxlamalısan. İnternet, kitablar vasitəsilə, konfranslarda iştirak etməklə özünü daim inkişaf etdirməlisən. Səhiyyə Nazirliyi kadr təkmilləşdirilməsi məsələsində sertifikasiya imtahanları tətbiq elədi. Xeyli həkim vardı ki, imtahanı keçə bilmədi. Bilirsiniz, orada imtahan iki mərhələdə aparılır. İki mərhələdə şans verilir, iki şansdan sonra kənarlaşdırılırsan. Amma orada elə həkimlər var idi ki, verilən sualları oxuya bilmirdilər. Latın qrafikasında bir söz belə oxumağı bacarmırdılar. Bu, o deməkdir ki, həmin şəxs 15 il ərzində heç bir kitab üzü açmayıb, dünyadan xəbəri yoxdur. Hazırda tibdə inkişaf sürətlə gedir, təzə diaqnostika metodları tətbiq olunur. Təbii ki, bunu həkim özü başa düşməli, dəyişikliklərin içində olmalıdır. Olmasa, kənarda qalacaq və insanların sağlamlığı üçün təhlükə yaradacaq. Səhiyyə ilə məşğul olan qurumlar da buna nəzarət etməlidir. Həm də hazırda işə qəbul sistemi tam dəyişib. Həkim səhlənkarlığı və həkim səhvi yolverilməzdir.

N.Qurbanova: Özünüz həkim səhlənkarlığı ilə üzləşmisiniz?
- Bəli, belə hallarla üzləşmişəm, amma savadlı həkimlərimiz də kifayət qədərdir. Şükür Allaha Azərbaycandan kənar heç yerdə müalicə olunmamışam.

Dilqəm Əhməd: Aşura mərasimi zamanı qanvermə aksiyasında 200-dən çox insanda hepatit virusu aşkar olundu. Bu elə virusdur ki, insan müayinə olunmazsa, uzun illər xəbəri olmaya bilər və yoluxdura da bilər. Bunun üçün hansı addım atılmalıdır?
- Bir neçə il bundan qabaq cənab Prezident tibb müəssisəsinin açılışı zamanı belə fikir söylədi ki, mən istəyirəm, Azərbaycanda əhali ildə 2 dəfə, heç olmazsa, 1 dəfə tam müayinədən keçsin. Bu, doğrudan da, impuls oldu. Bununla da ümumi müayinələrə başlanıldı, İnanmırdıq ki, kimsə gələcək, amma 3 milyona yaxın adam “check- up” müayinələrdən keçdi. Sanki insanlar başa düşdü ki, xəstələnmək iqtisadi nöqteyi-nəzərdən problemdir. Ona görə əvvəldən müraciət etməyə başladılar.

A.Lətifov: Bizdə hansı epidemioloji xəstəliklər xarakterikdir və təhlükəli həddə qədər çatıb?
- Bizdə əsas epidemioloji xəstəliklər sıfır həddədir. Qızılca, məxmərək son zamanlar yayılmışdı, amma əsas infeksiyaların - malyariya, göy öskürək, palimitlərin qarşısı tamam alınıb. Sanitariya gigiyenik xidmət çox ciddi işləyir. Vaxtilə ulu öndərin ən birinci qərarlardan biri vaksinasiya və imunizasiya kampaniyalarının başlanması oldu. Bu, prioritet məsələ kimi qarşıya qoyulmuşdu, nəticədə bir çox infeksion xəstəliklərin qarşısı alınmışdı.

Nərgiz Ehlamqızı

Foto Elçin Murad


Müəllif:

Oxşar xəbərlər