21 İyun 2014 11:58
4 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Sosial-siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev “Brifinq”in qonağıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Musa müəllim AYB-yə sədr seçkisindən danışıb. “Urud” təxəllüsündən, Uruda etdiyi səfərlərdən bəhs edən M.Quliyev sadə ermənilərin Azərbaycana münasibətinə toxunub. Uruddakı evlərini ziyarət edən deputat evlərindəki xalçanı pulla ermənidən ala bilməməsinin səbəbini söyləyib.

- Taleh Şahsuvarlı: Musa müəllim, təxəllüsünüzdən başlayaq...
- “Urud” təxəllüsünün çox qəribə tarixi və taleyi var. Mən Zəngəzurun Sisyan rayonunun Urud kəndində anadan olmuşam. İlk şeirlərimi Musa Quliyev imzası ilə yazmışam. Kənd yerində təxəllüs bilmirdik, hərəyə bir ayama qoyardılar. Amma düşünmürdük ki, şairlərin də ayaması olar. Hesab edirdik ki, təxəllüs daha hörmətli bir şeydir. Orta məktəbdə oxuyanda “Azərbaycan pioneri” qəzeti və “Pioner” jurnalı ilə əməkdaşlıq etmişəm. Tibb İnstitutunun “Tibb kadrları uğrunda” qəzeti vardı, orada da məqalələrim, şeirlərim çıxırdı. 1984-cü ildə böyük şairimiz Məmməd Araz mənə “Uğurlu yol” yazdı. İlk dəfə onunla geniş auditoriyaya çıxdım, onda da ilk mətbu şeirlərim Musa Quliyev imzası ilə getdi.

“80 yaşlı Valod məni görüb ağladı”

- Qurban Yaquboğlu: İlk şeirləriniz harada çıxdı?
- “Azərbaycan gəncləri” qəzetində. Orada da maraqlı situasiya oldu. Rəhmətlik Məmməd əmi Tibb İnstitutuna tələbələrlə görüşə gəlmişdi. Orada həm tələbələr, həm də gənc müəllimlər-Paşa Qəlbinur təzə müdafiə edib gəlmişdi, o da, mən də şeirlərimizi oxuduq. Bizim hərbi kafedranın müdiri Ramiz Duyğun yetkin şair idi, bu görüşü də o təşkil etmişdi. Nəsə mənim şeirlərim Məmməd əminin xoşuna gəldi, dedi ki, “Azərbaycan təbiəti” jurnalının redaktoruyam, 20 şeirini gətirərsən baxaram. Mən də şeirlərimi aparıb verdim, 20 gündən sonra dedi ki, bəs şeirlər xoşuma gəlib, 2 şeir seçmişəm, “Uğurlu yol” yazmışam, “Azərbaycan gəncləri” qəzetində Tofiq Mütəllibova ver. Onda Tofiq Mütəllibov da poeziya şöbəsinin müdiri idi. Mən də “papka” qoltuğumda sevinə-sevinə getdim, elə bilirdim ki, daha Azərbaycanın yarısını qurmuşam, yarısını da Tofiq Mütəllibovun otağından çıxandan sonra quracağam. Redaksiyanı axtarıb tapdım, Məmməd Arazın seçdiyi iki şeiri və “Uğurlu yol”u stolun üstünə qoydum. Məmməd Araz da zəng vurub demişdi. Tofiq Mütəllibov şeirlərə baxdı, ikisi də sevgi şeiri idi. Dedi gəncsən, birini sevgi şeiri, birini də patetik şeir verək. Düzü, bilmədim patetik şeir nədir, özümü də sındırmadım, çünki Azərbaycanın yarısını mən “yaratmışdım”. Elə “papka”nı üstünə tulladım, dedim hansını istəyirsən, seç. O da ora-bura baxdı, qayıtdı ki, burada patetik şeir yoxdur. Ondan sonra kəndimizlə bağlı şeir vardı, o, da həmin dövrün ab-havası idi, birinci onu, sonra da sevgi şeirini verdi və Musa Quliyev imzası ilə getdi. 1983-cü ildə Zori Balayanın “Ocaq” kitabı çap olundu və o kitab rus dilində böyük tirajla yayıldı. Mən 1984-cü ilin yayında kəndə getmişdim, oxudum, gördüm ki, orada bütün erməni kəndlərinin hamısının adları var, Azərbaycan kəndləri barədə bir kəlmə belə yazmayıb. Ondan sonra bizdə müəyyən səviyyədə açıq etirazlar oldu. O vaxt rəhmətlik Eldar Baxış yaxşı şeir yazmışdı. Onda beynimə sövq-təbii bir şey gəldi, öz kəndimiz haqqında “Özgə umacağım yoxdur bu kənddən” adlı şeir yazdım. Bu şeiri də başqa şeirlərimlə bir yerdə “Sovet Ermənistanı” qəzetinə göndərdim. Oraya redaktora zəng edib soruşanda dedilər ki, yalnız bir şeirini bəyənmişik, amma bunu bir az redaktə edəcəyik. Mən də söylədim ki, nə edirsiniz, edin, təki mənim imzam olan bir şeir getsin. Şeir çap olunub gəldi, onda Gəncədə “həkim-interna” işləyirdim. Şeir Sisyana getdi, oradan da Uruda. Uruddan da qəzeti ərməğan kimi mənə göndərdilər. Baxdım ki, şeirin axırıncı bəndini çıxarıblar. Əslində o şeir də axırıncı bəndin xətrinə yazılmışdı. Mən də redaksiyaya zəng edib soruşdum ki, niyə son bəndi çıxarmısınız? Dedilər ki, senzor bu bəndi buraxmadı. Onda anladım ki, erməni senzoru istəmir ki, qədim türk torpağı olan Urud kəndindən o torpağın yetişdirməsi olan Musa Quliyevə bir qarış torpaq qalsın. Kəndin adını özümə qoşdum, o vaxtdan imzamı dəyişdim, Musa Urud oldu. Urud dağılanda utanan bir şeirim oldu:
Səcdənə gələrsə, oğlum yaşasın,
Gəlməzsə, mənimtək mağmın yaşasın,
Adımı adına qoşdum yaşasın,
Səndən çox yaşadım, Urud, bağışla...

“Heydər Əliyevin şəklini yenidən yapışdırırdıq”

- T.Şahsuvarlı: Kitabınızda bir fikir vardı, Qafqaz Albaniyasının tarixinin açarı Urduddadır...
- O sözü rəhmətlik Ziya Bünyadov demişdi ki, Qafqaz Albaniyasının tarixini Urud, Vağud, Ağud üçbucağında axtarmaq lazımdır. 1990-cı ildə Urud haqqında kitab yazmağa başladım, publisistik və bir az da bədii araşdırma idi, məğz isə Urudun qədim tarixi abidələrini göstərmək idi. 7 nəsil şəcərəni mən bərpa etdim. Kitab yazan vaxtı Yeni Azərbaycan Partiyası təzə yaranırdı, Ziya müəllim də partiyanın sədr müavini kimi fəallarla görüşürdü. Ziya müəllimə bir dəfə yaxınlaşıb dedim ki, belə bir kitab yazmaq fikrim var. Onu da deyim ki, Urud qəbiristanlığını ilk tədqiq edən Ziya müəllim olub. Ziya müəllim o fikri söylədi, getdi. Fikirləşdim ki, Urud var, bəs Vağud, Ağud nədir? Birdən yadıma düşdü ki, bizim yanaşı olan qonşu kəndlərdən birinə Vağadi, o birisinə Ağudi deyirik. Görünür, qədim mənbələrdə Vağud və Ağud şəklində gedib. Bu kəndlərin hər üçünün sonunun “ud” şəklində olmasını isə Ziya müəllim qədimdə Uz tayfaları ilə yanaşı, Ud tayfalarının olması ilə izah edir.

- T.Şahsuvarlı: Albanşünaslıq baxımından Urud kəndi və həmin üçbucaq yetərincə araşdırılıbmı?
- Təəssüflər olsun ki, nəinki albanşünaslıq, bizim ümumiyyətlə, tariximiz yetərincə araşdırılmayıb. Biz heç vaxt öz tariximizi yazmamışıq. Tariximizi qədim yunan, fars-ərəb və mənbə demək olarsa, erməni mənbələrindən oxuyuruq. Onların da hamısı erməni istisna olmaqla bura işğalçı kimi gəliblər. Erməni vassal kimi idi, işğalçı ola bilməzdi, çünki özü bir ovuc idi. Hər mənbənin öz ideoloji və siyasi, işğalçılıq siyasətinə bəraət qazandıran maraqları olub. Mən “Zəngəzur” kitabını yazanda Babək dövrünü araşdırdım, o dövrü tanıyan alimlərin hamısı ilə görüşüb məsləhətləşdim, İrandan, Türkiyədən mənbələr gətirdik. Babəklə bağlı birmənalı heç bir şey yoxdur. Həmin dövrdə Səhl İbn Sumbatın erməni olduğunu özümüz yazmışıq. Hamı yazır alban çarı. Səhl Sisyanın yanında Şəki kəndi var, oradandır.

“O problemin həllinə nə siyasət, nə də din qarışmalıdır"

- T.Şahsuvarlı: Siz həkim idiniz, şeirlər yazırdınız, yəqin ki, Yazıçılar Birliyinin üzvü idiniz. Necə oldu ki, YAP yarananda ora gedib siyasətlə məşğul olmağa başladınız?
- Əgər Sovet hökuməti qalsaydı, Qarabağ konflikti ortaya çıxmasaydı, müstəqillik söhbətləri olmasaydı, mənim kimi insanların çoxunun heç siyasətdə olmaq fikri və marağı, perspektivi də olmazdı. O dövrdə arzum həkim olmaq idi. Həkim oldum, paralel olaraq yazılarımı da yazdım. 1980-ci illərin nəslinin nümayəndəsi kimi mətbuatda çap olunan, imzası bəyənilən gənc qələm sahiblərindən biri idim. Amma o da mənim hobbim idi, özümü həkim kimi görürdüm. Amma Qarabağ konfliktinin başlanması, onunla əlaqədar bizim Qərbi Azərbaycandakı torpaqların itirilməsi, 263 yaşayış məntəqəsinin boşalması, 200 minə yaxın soydaşımın, o cümlədən ailəmin, qohumlarımın deportasiyaya uğraması və çox ağır sosial-iqtisadi çətinliklərə düşməsi, Azərbaycanda 20 Yanvar faciəsi, dalbadal uğursuzluqlar Şuşa, Laçın, Xocalının itirilməsi, ölkəmizin müstəqilliyinin ilk illərində çox ümidsiz vəziyyətimizin olması, Ayaz Mütəllibovun Moskvadan qopa bilməməsi, Elçibəy hakimiyyətinin siyasi idarəçilik təcrübəsinin, hakimiyyəti saxlamaq qabiliyyətlərinin olmaması bizi çox ağır duruma saldı. Uşaq vaxtından sövq-təbii ümummilli liderin fanatlarından biri olmuşam. Biz kənddə 8-ci sinifdə oxuyanda Heydər Əliyevin siyasi büroda üzvlüyə namizəd kimi rayon mərkəzində şəkli vardı. Biz həftəsonu avtobusla kənddən rayon mərkəzinə gedərdik. Kimisi gəzməyə, bir başqası kənddən meyvəsini satmağa aparardı, yaxud əyin-baş almağa gedərdi. Bizim ilk işimiz avtovağzalın binasında asılmış Siyasi büro üzvlərinin şəkillərinə baxmaq idi. Baxırdıq görək Heydər Əliyevin fotosu burada qalıb, yoxsa qalmayıb. Erməni uşaqları hər həftə onu cırırdılar, azərbaycanlılar olaraq yerinə yapışdırırdıq. O dövrdə şəkillər də çox deyildi. Biz də jurnaldan, qəzetdən ağ-qara şəkilləri kəsib cibimizə hazır qoyub aparırdıq. Görürdüksə şəkli ermənilər cırıb, yaxud qaralayıb, onu təzələyirdik. Buna görə də dalaşırdıq. Sonra gəlib institutda oxuyan illərdə Heydər Əliyevi paradlarda gördük. Artıq YAP yarananda hər kəs istəyirdi ki, özünün müəyyən situasiyalarda töhfəsini versin. Yəni mən bu Vətən və dövlət üçün nə edə bilərəm? O mənada seçimimizi elədik. YAP-a daxil olduq, partiyanın birinci qurultayında Siyasi Şuranın üzvü seçildim. Sonralar ümummilli liderin özünün tövsiyəsi ilə partiyanın proporsional siyahısında 13-cü adam olaraq millət vəkili seçildim. Ondan sonrakı iki dönəmdə də Konstitusiya dəyişikliyi olduğuna görə proporsional sistem ləğv olundu. Mən də Gəncə ilə bağlı insan olduğuma görə, - yəni institutu qurtarandan sonra təyinat üzrə orada 6 il yaşamışam və işləmişəm, həkim və yaradıcı adam kimi məni tanıyan toplum var idi- partiya tövsiyə etdi ki, Gəncədən deputatlığa namizədliyimi verim və iki dönəm də oradan seçilmişəm.

- Nərgiz Ehlamqızı: AYB qurultayını keçirdi və yeni sədr seçdi. Siz də qurultay iştirakçısı idiniz...
- Bakıda olmadığıma görə iştirak edə bilmədim, amma 80 illik yubiley tədbirinə qatıldım.

- N.Ehlamqızı: Anardan yeni sədrliyi dövründə gözləntiləriniz nədir?
- Köhnə dövrdə nə gözləmişəmsə, yenə də onu gözləyirəm.

- Dilqəm Əhməd: Gənclər Anarın 27 ildir sədr olmasını tənqid edirlər. Sizin yanaşmanız necədir?
- Gənclər həmişə maksimalist olublar. Həmişə gənclərə tövsiyə edirəm ki, özünüz nə isə yaradın. Anar, deyək ki, pis rəhbərdir, narazısan, başqa qurum yarat və ondan daha gözəl şey ortaya qoy. Artıq tənqid edən gənclərin üçüncü nəslini görürəm. Əvvəlki iki nəsil ortaya heç nə qoya bilmədi. Müxtəlif adda müəyyən təşkilatlar yaratdılar, üç-dörd nəfər bir yerə yığışdı, nə ortaya bədii mətn qoya bildilər, nə də ki qurum kimi yazıçıları ətraflarında birləşdirdilər. Əgər özün heç nə yarada bilmirsənsə, yaradanın yaratdıqlarına şükür elə.

“Son NATO tədbirləri də göstərdi ki, ermənilər dialoqa hazır deyil”

- Səxavət Həmid: Bu hadisələrdən sonra Uruda neçə dəfə getmisiniz?
- Uruda 2 dəfə getmişəm. Bununla bağlı da kitab yazmışam. Sonuncu dəfə 2013-cü ildə olmuşam. O səfərdə tamam başqa münasibət vardı. 2006-cı ildəki səfərimdə demək olar ki, indiki Ermənistanı diaqonal boyunca gəzə bildim. 2006-cı ildə onların siyasəti bir az fərqli idi. Ki, xalq diplomatiyasını inkişaf etdirək, Azərbaycandan gələnlərə xoş münasibət bildirək, onlar da gedib desinlər ki, barışıq lazımdır. Amma gördülər ki, o siyasət özünü doğrultmadı, sərt münasibətə keçdilər. Amma səmimi bir söz demək istəyirəm, 2006-cı ildə sadə ermənilərin, doğrudan da, bizə olan səmimi hisslərini gördüm. Öz kəndimizə getməzdən əvvəl rayon mərkəzində 50-ci illərdə əmimlə yoldaşlıq etmiş yaşlı erməni ilə rastlaşdıq. Ona qardaşı deyəndə ki, “qonağı tanıdınmı, Uruddandır, İsanın oğludur”, heç bir təəccüb eləmədi, dedi ki, “xoş gəlmisən”. Görüşdü, əmimi soruşdu.

- Q.Yaquboğlu: Onunla hansı dildə danışırdınız?
- Azərbaycan dilində danışdıq. Mənimlə orada ermənicə heç kəs danışmadı. Ondan soruşdum ki, məni burda görəndə hamı təəccüblənir, siz niyə təəccüblənmədiniz? O da qayıtdı ki, niyə təəccüblənməliyəm ki? Siz gedən gündən bilirdim ki, bir gün qayıdacaqsınız, indi sən gəlmisən, sonra da o birilər gələcək. Bir də Valod adında erməni var idi, Vağadi kəndi qarışıq kənd idi, Şam qəsəbəsində su-elektrik stansiyası tikilirdi, orada fəhlə daşıyırdı. Bizim kənddən də fəhlələr aparırdı. Geri qayıdanda imkan düşəndə onun maşınında geri qayıdardıq. Valod yeyib-içən adam idi, kimin evinin qabağında maşın saxlasaydı, düşüb pendir çörəklə yüz qram araq içib gedərdi. Hamıya da xeyirxahlıq edirdi. Şən adam olduğuna görə azərbaycanlılar ona kefli Valod deyərdi, ermənilər də “f” hərfini deyə bilmirdi deyə ona “kepli” Valod deyirdi, sonra dəyişib “Kepçil” Valod söylədilər. Mən Uruda gedəndə müşayiət edən deputat qonşu kənddən idi, atası uzun illər kolxoz sədri olmuşdu. Qədim alban kilsəsi vardı, ermənilər ona Vəng deyirdi, təbii ki, XI əsrə aid türklərə məxsus olub. Kilsəni görmək istəyirdim. Aşağıda gördüm çayın döşü ilə gözəl ərik və gilas bağları salınıb. Soruşdum ki, axı bunlar yox idi, burda, köhnə kolxozun alma bağları vardı. Dedi ki, buranın hamısını özüm özəlləşdirib gilas bağı salmışam, amma baxan yoxdur. Dedi camaata denən də qayıdıb gəlsinlər, özüm qarşılayaram, gəlsinlər işləsinlər. Gilas da təzə yetişən vaxtı idi, dedi gilas yığaq, yemək vaxtı rayonda yeyərik. Bir də gördüm yaşlı kişi əlində bel oraları sulayır. Birdən deputat qayıtdı ki, Valod, bəri gəl. Dərhal yadıma “kepçil” Valod düşdü, qayıtdım ki, bir “kepçil” Valod vardı, o necə oldu? Dedi elə bu elə həminki Valoddu, bir az qocalıb. Valod da bizim evdə çox olub, xidmət eləyib, dayım da o kənddə müəllim işləyib, dost idilər. Yaxınlaşıb dedim “Valod, salam”. Əlindəki beli atıb üzümə baxıb qayıtdı ki, “qadan alım Uruddusan?”. Dedim hə, atamın, dayımın adını çəkəndə 80 yaşlı Valod məni qucaqlayıb ağladı. Yəni, onu süni şəkildə etmək mümkün deyil. Hətta İrəvan parlamentində bir gəlin bizə yaxınlaşdı, indiki Göygöl rayonunda yaşayıb, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun 2-ci kursunda oxuyubmuş. O parlamentdə maşinist imiş, deputatların siyahıları yazılanda Asəf Hacıyevin bioqrafiyasında Gəncə şəhərində doğulduğu yazılıb. Asəf də foyeyə çıxmışdı, mən də içəridə idim. Gəldi ki, Gəncədən olan deputat sizsiniz? Dedim hə, axı Gəncə rayonundan deputat seçilmişəm. Rusca soruşmuşdu. Birdən məni qucaqladı, qayıtdı ki, “qadan alım, Gəncədən gəlmisən”. Elə bildim təxribatdır, cavan gəlin, məni qucaqlayıb, kameralar da qurulub. Dedim, əşşi kimsən, məni boğdun öldürdün (gülür). O da dedi, vallah, bağışlayın, başa düşdü ki, artıq hərəkət edib. Dedi, vallah, biz Xanlardan gələndən bəri anam hər gün “Xanlar” deyib ağlayır. Deyir ki, ağzımızın dadı da, günümüzün şənliyi də, nəyimiz vardı orda qaldı. Sonra Asəf içəridən gəldi, söhbət elədi, dedi ki, qızımın 16 yaşı var, mahnı müsabiqələrində iştirak edib həmişə qalib gəlir. Asəf də dedi ki, yəqin istedadlı uşaqdır ona görə. Dedi yox, təkcə onunla bağlı deyil, biz Azərbaycan estrada müğənnilərinin, Aygün Kazımova, Brilliant, Faiq Ağayev və Zülfiyyə Xanbabayevanın mahnılarını radioda tutub o ritmə uyğun ermənicə mahnı yazırıq. Onunla gedib qalib gəlir. Mən də qayıtdım ki, bu, sizin köhnə peşənizdir, təzə bir şey deyil ki (gülür). Nikoyan familiyalı bir erməni vardı, bir ara Ermənistan parlamentinin spikeri olmuşdu. Mən Sisyana gedəndə Sarkisyanın yaxın adamı olduğuna görə guya məni müşayiət edirdi, amma əslində nəzarətçi kimi qoymuşdular. Yolda qayıdanda Nikoyan mənə bir söz dedi. Həm tut arağı içmişdi, həm də yol onu yormuşdu. Qayıtdı ki, bu gün Qarabağı qaytarıb sizə versək və desək ki, Qarabağ bizə lazım deyil, buradakı erməniləri də köçürüb aparırıq, siz Qarabağı ala bilməyəcəksiniz. Əgər siz desəniz ki, daha istəmirik Qarabağı, verdik sizə əl çəkin. Biz yenə Qarabağı ala bilməyəcəyik. Çünki bu nə sizin, nə də bizim işimiz deyil. Bu gün artıq Qarabağ konflikti beynəlxalq güclərin haradasa mübarizə mərkəzidir. Biz o güclərin adını bilirik, bizə aydındır ki, onların məqsədi heç də Qafqazda sülhü təmin etmək deyil. Qafqazda sülh olsa, onların burda nə işi var?

“Qarabağ xalçadır, bu gün o xalçanın üstündə erməni əsgəri oturub”

- T.Şahsuvarlı: İllərdir Qarabağdan yazılır. Mənə təsir edən 2-3 yazı olub. Onlardan biri öz evinizdəki asılan xalçanın üstündə şəkil olduğuna görə ala bilməməyiniz olub...O, necə olub?
- Hər bir Azərbaycan kişisi dərk etməlidir ki, bu gün Qarabağ bir xalçadır, bu gün o xalçanın üstündə erməni əsgəri oturub, o xalçanı pulla ala bilmərik, yalnız qan töküb almalıyıq. Evimizə gələndə gördüm ki, anamın vannası, vedrəsi, nə qoymuşuqsa, hamısı qalır. Qırıq stulumuz vardı, o da yadımda idi, gördüm ki bir kənardadır. Dərhal qalxdım ikinci mərtəbəyə, baxdım ki, divarda anamın xalçası durur. Xalçanı da 1906-cı ildə nənəmin anası toxuyub. Nənəmə cehiz verib, nənəm də 1946-cı ildə anama cehiz verib. Birinci ağlıma gəldi ki, xalçanı alım. Evimizdə yaşayan kişinin oğlu Qarabağda ölüb, özü kordu, gəlini ilə nəvəsi də təzə kartof çıxarmağa getmişdi. Ona dedim ki, orada xalça var, mənim anam da yaşlıdır, ağlayır. Burda nə var, saxlayın, puluyla verin. Kordu, kölgəmi görür, qayıtdı ki, “yox, ara bəs o şəkli nə edim?”. Xalçanın da üstündə bunun oğlunun şəkli var imiş. Oğlunun da toyu bizim həyətdə olub, oradan da əsgər aparıblar, güllələnib ölüb. Şəklini də böyüdüb xalçanın üstünə asıb. Nəvəsi də oğlunu görməyib. Belə götürəndə onların da faciəsi var. Fikirləşdim ki, bunları yazmaq lazımdır. Əslində, bizim məğlubiyyətdir bir az. Get nənənin xalçasını gətirmə, adını da qoy ki, kişiyəm. İkinci tərəfdən də, bu, bir görkdür.

“Nənəmin xalçasını pulla ala bilmərəm, yalnız qan töküb almalıyıq"

- Dilqəm Əhməd: Hökumətdə gənclərin, orada doğulanların gedib-gəlməsi ilə bağlı bir layihə varmı? Mən özüm İrəvandan 3 yaşında çıxmışam, heç nə xatırlamıram...Amma görmək istəyirəm.
- Hökumətin elə bir layihəsi yoxdur. Hesab edirəm ki, bundan sonra hətta rəsmi və diplomatik səviyyədə də beynəlxalq tədbirlərə bizim gedib-gəlməyimizin lüzumu yoxdur. Son NATO tədbirləri də göstərdi ki, ermənilər dialoqa, heç bir kompramisə hazır deyillər.

- Q.Yaquboğlu: “Repreduktiv sağlamlıq haqqında” qanun layihəsi nə yerdə qaldı?
- O qanunun qəbul olunmasına Azərbaycanda çox ciddi ehtiyac var. Demoqrafik proseslər bizdə hələlik müsbət istiqamətdə getsə də, yəni doğum ölümü üstələsə də, yavaş-yavaş bir nəsildən sonra onun problemlərini görəcəyik. Sonsuzluq, təəssüflər olsun ki, Azərbaycanda da artmaqdadır. Üstəgəl, gənclərin cinsi tərbiyəsi çox vacib məsələdir. Yeni qurulan ailələrin dağılmasının 15 faizə qədər səbəbi sonsuzluqla bağlıdır. Bunun həlli üçün “Repreduktiv sağlamlıq haqqında” qanun qəbul olunmalıdır. Bir çox ölkələrdə bu qanun var. Biz də bu layihəni hazırladıq. Milli Məclisdə bunu geniş müzakirə etdik. O zaman çox ciddi problemlə üzləşdik. Orada “surroqat ana” məsələsi vardı, onu ümumi razılaşıb oradan çıxardıq. Digər məsələ cinsi hüceyrə donorluğu ilə bağlıdır. Bu məsələnin də hələlik həll yolunu tapa bilməmişik. Bəzi deputatlarımız söyləyirlər ki, bu, İslam dininin qanunlarına uyğun deyil. Cinsi hüceyrə donorundan doğulanlar guya ki, sonra bacı-qardaş ola bilərlər. O, çox ciddi arqument deyil. Hər halda deyirlər ki. biz müsəlman ölkəsiyik, İslam dini bunu qəbul etmir. Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı çox sərt mövqeyi var. Hətta parlamentə məktub göndəriblər. Şeyxin özü müdrik adamdır, üstüörtülü şəkildə deyib ki, bizə uyğun deyil. Layihənin müəlliflərindən biri mən olsam da, onu anlayıram. Amma eyni zamanda başqa bir məsələ də var. Əks arqument kimi söyləyirəm ki. birincisi, Azərbaycan əhalisinin hamısı inanclı deyil, üstəgəl, əhalinin hamısı müsəlman deyil. Üçüncüsü, bu qanun heç kəsi məcbur etmir ki, reproduktiv texnologiya tətbiq elə, dünyaya uşaq gətir. Seçim ailəyə verilməlidir. Bu, iki nəfərin - ər-arvadın problemidir. O problemin həllinə nə elm, nə siyasət, nə də din qarışmalıdır. İnsan haqqı hər bir haqdan üstün tutulmalıdır. Əgər donorluğa 100 nəfərin də ehtiyacı varsa, sənin vətəndaşının problemidir. Sən o qanunla ona baryer yaratmalı deyilsən, o problemin həllinə imkan yaratmalısan.

Nərgiz Ehlamqızı

Foto: Elçin Murad


Müəllif: