Rusiyanın Kareliya Muxtar Respublikasının Pryajinsk rayonunun “Park-hotel Syamozero” sağlamlıq düşərgəsində baş verən faciə ilə bağlı 5 nəfər saxlanılıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya İstintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib:
"Saxlanılanlar düşərgənin direktoru Yelena Peşetova, direktor müavini Vadim Vinoqradov, təlimatçılar Regina İvanova və Lyudmila Vasileva, tərbiyəçi Valeri Krupoderşikovdur. Dindirilmə zamanı Krupoderşikov bildirib ki, 1-ci qayıq batdıqdan sonra onlar uşaqlarla ikinci qayığa doğru üzüb və ona qalxmaq istəyib. Bu zaman ikinci qayıq da çevrilib. Hazırda faktla bağlı istintaq davam edir".
Bu arada, Kareliya Muxtar Respublikasının rəhbəri Aleksandr Xudilaynen baş verən hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, rəhbərlik faciə zamanı ölənlərin ailələrinə kompensasiya verilməsi ilə bağlı qərar qəbul edib: "Faciə qurbanlarının ailələrinin hər birinə 1 milyon rubl kompensasiya veriləcək".
Qeyd edək ki, “Park-hotel Syamozero” sağlamlıq düşərgəsinə gedən 47 uşaq və 4 təlimçi Syamorzero gölünə gəzintiyə çıxıblar. Sahildən uzaqlaşdıqdan bir müddət sonra fırtınaya düşən qayıqlardan ikisi aşaraq batıb. Faciə zamanı yaşı 12-14 arasında olan 14 uşaq boğulub. Yalnız xilasetmə kəməri geyinən uşaqlar xilas ola biliblər.
Samir