Bir müddət öncə Türkiyənin Moskvadakı səfiri Ümit Yardım ilə görüşərək iki ölkə arasındakı münasibətləri müzakirə edən Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski "Permskaya Tribuna" qəzetinə müsahibəsində görüşün mahiyyəti barədə danışıb.
Teleqraf.com xəbər verir ki, rusiyalı siyasətçi ötən il noyabrın 24-də Rusiya qırıcısının vurulmasından sonra iki ğlkə arasında pozulan münasibətlərin düzəldilməsi üçün səylər göstərdiyini bildirib.
"Əgər ölkələrimiz arasındakı münasibətləri düzəldə bilsəm bundan şərəf duyacam. Bu mənim üçün qürur mənbəyi olacaq", deyə Jirinovski bildirib.
Türkiyəli səfir Ümit Yardım qeyd edib ki, Jirinovski Rusiya parlamentində təmsil olunan üçüncü böyük partiyanın sədridir: "Rusiyada ictimai düşüncəyə təsir etmək gücündə olan bir partiyanın sədrinə Türkiyənin mövqeyini çatdırdıq".
Qeyd edək ki, Rusiyada Putinin sözçüsü Dmitri Peskov kimi, Jirinovski də türkoloqdur.
Jirinovski bu günə qədər Türkiyə əleyhinə “Türkiyənin yarısı ermənilərə verilməlidir”, “Boğazları bağlasa İstanbula atom bombası atarıq” və "Türkiyə işğal edilməlidir. Ermənilər və kürt qruplar şərqdən, bolqar və yunanlar isə qərbədn girməlidirlər. Türkiyə yox edilməlidir", kimi ifadələr işlədib.
Ayxan