23 İyun 2014 10:17
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerli güc strukturları əhalini terrorçularla birgə mübarizəyə çağırdı

Bu gün gecə Ukraynanın şərqində yerləşən Artyomovsk qəsəbəsində qiyamçılar hökumət qüvvələrinin tank ehtiyatları bazasına yenidən hücum ediblər. Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, separatçılar gün ərzində Ukrayna rəhbərliyi tərəfindən birtərəfli qaydada elan olunmuş atəşkəsi dəfələrlə pozublar.

Əhalini “canlı sipər”ə çevirən qiyamçılar hərbi hissənin ətrafında yerləşən binalarda mövqe tutmaqdan çəkinməyiblər. Ukrayna hərbçiləri dinc əhaliyə xəsarət yetirməmək üçün yaşayış massivinə atəş açmayıb.

Hadisədən sonra Ukraynanın güc strukturları yerli əhaliyə müraciət edərək, onları terrorçularla mübarizədə dövlətlə fəal həmrəylik nümayiş etdirməyə çağırıblar: “Gəlin, şəhərimizdə və regionumuzda terrorçulara qarşı birgə mübarizə aparaq. Qiyamçıları evinizə, mənzilinizə, yaxınlığınıza buraxmayın. Bu, yaşayışınızı, təhlükəsizliyinizi təmin etmək, həyatınızı qorumaq üçün vacibdir”.

Nail Cəlil


Müəllif: