Suriyanın Azes qəsəbəsində 4 dekabr 2014-cü ildə İŞİD tərəfindən qaçırılaraq həbsxanaya salınan Fadil Kenno Azad Suriya Ordusunda (ASO) komandir olan qardaşı Hasan Kenno tərəfindən ödənilən 30 min dollar və terrorçuların sərbəst buraxılması müqabilində 15 aydan sonra azadlığa çıxa bilib.
Teleqraf.com xəbər verir ki, Fadil Kenno başına gələn müsibətlər barədə Anadolu agentliyinin müxbirinə danışıb.
"Avtomobil təmiri sexində işləyirdim. Bizdə işçilərdən biri İŞİD-in təəssübkeşi idi. ASO-da çalışan qardaşım digər zabitə silah aparmağımı istədi. Mən də yanımda işləyən şəxsə bu barədə məlumat verdim. O, mənə təhlükəsiz yolla aparacağını dedi. Aziz qəsəbəsinin yaxınlığındakı Savranda İŞİD-in pusqusuna düşdüm. Məni yaxalayıb silahlarımı əlimdən aldılar. "Bunun qardaşı ASO-nun komandiri, İŞİD üzvlərini öldürür" deyərək mənə ağır işgəncələr verdilər. On gün ac-susuz saxladılar. Daha sonra məni Mınnaq hava limanına apardılar. Orada 7 nəfər mənə işgəncə verdi. Elektroşok verdilər, başımı suya salıb nəfəs almağa qoymurdular, ayaqlarıma vururdular. Mınnaqdan sonra Azezdə polis bölməsinə gətirdilər. 3 ay orada qaldım. Hər gün döyürdülər, durumum çox pis idi. Mənimlə birlikdə orada 160 nəfər saxlanılırdı. Gözümün önündə 30 nəfəri öldürdülər. Bizə kafir deyib döyürdülər. İŞİD-in hökmləri çox ağırdı. İŞİD üzvünü öldürənin başı bıçaqla kəsilirdi. ASO-ya yaxın adamları öldürürdülər. Qardaşımla danışıb girovların dəyişdirilməsini istədilər. Üstəlik pul da tələb etdilər. /sirləri alıb məni buraxmadılar. Məni edam edəcəkdilər. Edamdan iki gün öncə qardaşımdan 30 min dollar alıb məni sərbəst buraxdılar".
Fadil Kennonun qardaşı Hasan Kenno qardaşının sərbəst buraxılması üçün İŞİD-in 40 üzvünü terrorçulara sağ-salamat təhvil verdiyini, lakin qardaşına qovuşa bilmədiyini qeyd edib: "Məni aldatdılar. Daha sonra 30 min dollar istədilər. Pulu verəndən sonra qardaşımı buraxdılar. İŞİD, Əsəd ordusu və PYD bizə qarşı döyüşür. Torpaqları əlimizdən almağa çalışırlar. 5 qardaşımla birlikdə döyüşürük. Son damla qanımıza qədər müharibə aparacağıq".
Ayxan