23 İyun 2016 11:34
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Böyük Britaniyada ölkənin Avropa Birliyində qalıb-qalmaması ilə bağlı referendum keçirilir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, son günlər təşviqat kampaniyasında gərginlik maksimal həddə çatmışdı – Avropa Birliyinin tərəfdar və əleyhidarları bir-birlərini məsuliyyətsizlikdə və seçiciləri hədələməkdə ittiham edirdilər.

İngiltərə tarixində 3-cü dəfə referendum keçirilir. Bundan əvvəl Avropa İqtisadi Birliyinə (1975) daxil olmaq və seçki islahatı üzrə (2012) referendum keçirilib. Bu gün ölkə vətəndaşlarına bu suala cavab vermək lazım gələcək: "Birləşmiş Krallıq Avropa Birliyinin üzvü kimi qalmalı, yoxsa bu birliyi tərk etməlidir?".

Tərəfdar və əleyhidarlar

Referendumun keçirilməsi təşəbbüsü ilə Mühafizəkarlar partiyasının lideri Devid Kemeron çıxış edib. 2015-ci ildə parlament seçkilərində qələbə qazanan Kemeron ilk vaxtlar Avropa Birliyindən çıxma ilə bağlı fikirlər söyləməyə başlasa da, sonralar mövqeyini yumşaldaraq, birliyi tərk etmək deyil, üzvlük şərtlərinin dəyişdirilməsi təklifini irəli sürüb.

2016-cı ilin qışında Kemeron Avropa Birliyinin rəhbəri Donald Tuskla uzun müzakirələrdən sonra bəyan etdi ki, Londonun avropalı tərəfdaşları ilə bütün tələbləri (bəziləri tam, bəziləri isə qismən) razılaşdırılıb. Bundan sonra Britaniya hökuməti iki hissəyə bölündü: bəziləri, eləcə də baş nazi özü Avropa Birliyində qalmağı təklif etsələr də, digər qrup birliyi tərk etməyin vacibliyini bildiriblər.

Bu vəziyyətdə Londonun sabiq meri Boris Consonun İngiltərənin Avropa Birliyindən çıxmasını (Brexit) dəstəkləməsi gözlənilməz olub. Conson gələcəkdə baş nazir postuna real namizəd kimi göstərilib. Ekspertlərin fikrincə, referendumun istənilən nəticəsi onun gələcək siyasi kampaniyası üçün faydalı olacaq: Britaniyanın Avropa Birliyindən çıxması onu mütləq qalib edəcək, üzvlüyün salxanılması ona siyasi kampaniyanı davam etdirməyə və baş nazir seçildikdə bu məsələni yenidən qaldırmağa imkan yaradacaq.

Döyüşdən əvvəlki gecə

Qərargah rəhbərləri və siyasi liderlər referendum öncəsi son saatları təbliğat üçün istifadə ediblər. Kemeron və Leyboristlərin lideri Ceremi Korbin Bristol və Londondakı mitinqlərdə çıxışları zamanı bildiriblər ki, Avropa Birliyində qalmaq Britaniyanı güclü və təhlükəsiz ölkəyə çevirəcək.

Referendum ərəfəsində Kemeron xüsusi olaraq yaşlı britaniyalılara müraciət edərək, gələcək nəslə görə Avropa Birliyində qalmağa səs verməyə çağırıb.

Conson Londonda seçicilərlə görüşüb və deyib ki, Avropa Birliyindən çıxmaq Britaniyanı tam müstəqil edəcək. Onun sözlərinə görə, insanlar öz ölkələrinin gələcəyinə inanmalı və düzgün seçim etməlidirlər. Avropali digər ekspert, Böyük Britaniyanın Müstəqilliyi partiyasının lideri Naycel Farac sonuncu təşviqat mitinqində seçiciləri referendumda iştirak etməyə çağırıb: "Bu günün sonunda insanlar qərar verəcək ki, onlar hansı bayraq altında yaşamaq istəyirlər. Mən istəyirəm ki, biz Britaniya bayrağı altında yaşayaq".

Referendum öncəsi aparılan sorğuların nəticələrinə görə, Avropa Birliyindən çıxmağın tərəfdar və əleyhidarlarının sayı demək olar ki bərabər səviyyədədir. TSN təşkilatının apardığı sorğuya əsasən, 43 faiz britaniyalı üzvlüyün əleyhinə, 41 faiz isə lehinədir. Ancaq bəzi təşkilatların sorğuları isə bunun əksini göstərir.

Səsvermə prosesi

Referendum yerli vaxtla 07:00-da (Bakı vaxtı ilə 10:00-da) başlayıb. Böyük Britaniya üzrə 400 səsvermə mərkəzi yaradılıb. Britaniyalılar bu məntəqələrdə səs verməklə yanaşı, fikirlərini poçt və xüsusi nümayəndə vasitəsilə bildirə bilərlər. Ümumilikdə 46,5 milyon insanın səs verməsi gözlənilir.

Səslərin hesablanması məntəqlərin bağlanmasından dərhal sonra başlayacaq. Səsvermənin ilkin nəticələri saat 02:00-da (Bakı vaxtı ilə 05:00-da) açıqlanacaq. Tam nəticələr isə iyunun 24-ü səhər Mançestr şəhərindəki seçki qərargahında açıqlanacaq.

Referendumun ümumi dəyəri 142,4 milyon funt sterling təşkil edir.

Samir İsayev


Müəllif:

Oxşar xəbərlər