İstanbulda Atatürk Hava limanında törədilən terror aktı dünya liderlərinin sərt reaksiyasına səbəb olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel Atatürk Hava limanını hədəf alan terror hücumunu qınayıb: “Bütün türk xalqına terrorla mübarizədə Türkiyənin yanında olduğumuzu və bir-birimizi dəstəkləyəcəyimizi bildirmək istəyirəm”.
Fransa prezidenti Fransua Olland: “Bu mənfur hücumu hiddətlə qınayıram. Türkiyədə bir-birinin ardınca təşkil edilən hücumlardan kədərlənirik".
Fransanın Baş naziri Manuel Valls isə ölkəsinin terrorçuluğa qarşı mübarizədə Türkiyənin yanında olduğunu vurğulayıb.
İtaliya Baş naziri Matteo Renzi Tvitter hesabında fikirlərini bölüşüb: “İstanbuldan gələn faciəli xəbərlər qarşısında Türkiyə xalqının acısını paylaşırıq. Hər yerdə terrora qarşıyıq”.
Səudiyyə Ərəbistanı kralı Səlman Əbdüləziz Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünya dövlətlərini terrorçuluğa qarşı birgə mübarizə aparmağa çağırıb: “Terror çirkin üzünü bir daha ortaya qoydu. Terrorçuluğa qarşı birlikdə mübarizə aparmalıyıq”.
ABŞ prezidenti Barak Obama da hücumu qınayıb. Amerika Nümayəndələr Palatasının sədri Paul Ryan deyib ki, ABŞ bu xain hücumun qarşısında müttəfiqi Türkiyənin tərəfindədir.
İspaniyanın Baş naziri Mariano Racoy İstanbul terroru ilə əlaqədar Tvitter hesabından açıqlama verib: “İstanbuldakı qorxunc hücumu qınayıram və rədd edirəm”.
BMT-nin Baş katibi Pan Gi Mun da bu hadisəni qınayıb. O, terrorla mübarizədə beynəlxalq səylərin artırılmasının vacibliyini bildirib və türk xalqına başsağlığı verib.
Avropa Şurası Parlament Assambıleyasının sədri Pedro Aqramunt İstanbuldakı terrordan dəhşətə gəldiyini deyib. O, Türkiyə və türk xalqına başsağlığı verib və terroru qınadığını bildirib.
NATO-nun Baş katibi Yens Stoltenberq fikirlərini Tvitter-dən paylaşıb: “İstanbuldakı terroru şiddətlə qınayıram. Qəlbim qurbanların ailələrinin, yaralananların və bütün türk xalqının yanındadır”.
Qeyd edək ki, məlum hadisə zamanı 36 nəfər həyatını itirib, 147 nəfər yaralanıb.
Samir