4 İyul 2016 16:20
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hava Təşkilatı Universitetinin rektoru, Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan “İncirlik” hərbi hava bazasından Rusiyanın da istifadə etməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.


General K.Atılgan Publika.az-a eksklüziv açıqlamasında deyib ki, "İncirlik" hərbi hava bazasında Türkiyənin müttəfiqi olan dövlətlərin döyüş təyyarələri var. Onun sözlərinə görə, həmin təyyarələr vasitəsilə Suriya və İraqdakı İŞİD mövqelərinə zərbələr vurulur:


“Əgər Suriya məsələsi ilə bağlı Rusiya ilə NATO arasında ciddi anlaşma əldə olunarsa və Rusiyanın Suriyada İŞİD-ə qarşı mübarizədə NATO ilə birgə hərəkət etməsi barədə razılığa gəlinərsə, o zaman İncirlik bazasından istifadəyə icazə verilə bilər. Bilirsiniz ki, hazırda Rusiya Suriyada təkbaşına mübarizə aparır. Bu mübarizə zamanı Rusiya hərbiçiləri Suriyada müxalif insanlara, xüsusilə də türkmən əhalisinə böyük ziyan vurur. Bütün bunların əvəzində isə Rusiya İŞİD-ə qarşı mübarizə apardığını bəyan edir. Ancaq Rusiya İŞİD-ə qarşı hərbi əməliyyatlar zamanı Bəşər Əsədə müxalif olan minlərlə günahsız insanın həyatına son qoyur”.

K.Atılgan qeyd edib ki, Rusiyanın bütün bu kimi hərəkətlərinin qarşısını almaq üçün Türkiyə Rusiyaya İncirlik hərbi bazasından istifadə etməyi təklif edir: “Yəni, Türkiyə və onun müttəfiqləri olan dövlətlər Rusiyaya İŞİD-ə qarşı mübarizədə bərabər hərəkət etmək şərtini irəli sürə bilərlər. Yalnız bu şərt daxilində Rusiyanın İncirlik bazasından istifadəsinə icazə verilə bilər. Əgər bu çərçivədə razılıq əldə olunarsa, o zaman Rusiya da 4-5 təyyarəsi ilə İncirlik hava bazasından istifadə edə bilər”.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı ilə görüşdə müzakirə edilən məsələləri açıqlayıb. O, Türkiyənin “İncirlik” bazasını İŞİD-ə qarşı mübarizədə Rusiyanın istifadəsinə verməyə hazır olduqlarını diqqətə çatdırıb.


Vasif Həsənli


Müəllif:

Oxşar xəbərlər