Hərbi çevriliş cəhdə görə Türkiyədə daha bir neçə vəzifəli şəxs saxlanılıb. Adanada tutulan 12 nəfər arasında İncirlik Hərbi Bazasının türk komandiri general Bəkir Ercan Van da var. Ondan başqa 10 hərbçi və 1 polis rəisi də saxlanılıb.
Həbs edilən digər şəxslər isə bunlardır: Qərargah polkovniki Halil Çəlik, leytenant Qani Çətintaş, leytenant Faruk Savaş, leytenant Mustafa Haşim Boynuəyri, baş leytenant Hasan Şahna, minbaşı Osman Tunahan Berk, pilot, qərargah mayoru Devrim Əyriağaç, pilot, baş leytenant Fatih Ağbulud, Təyyarə təmir stajiyeri baş çavuş Bülənt Toyqar, pilot, baş leytenant Hızır Özyuva və polis rəisi Haluk Pamukçudur.
Tutulan bütün şəxslərin hərbi rütbələri əllərindən alınıb. Onlar dindirildikdən sonra barələrində həbs qətimkan tədbiri seçilib.
Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra həyata keçirilən əməliyyatlar zamanı saxlanılanların sayı 6 minə çatıb. Bu barədə ölkənin ədliyyə naziri Bəkir Bozdağ açıqlama verib. Onun sözlərinə əməliyyatlar hazırda da davam etdirilir.
"Hazırda "təmizləmə" əməliyyatları davam edir. Saxlananların sayı 6 mini də keçəcək. Bütün bu baş verən çeviriliş cəhdləri ilə bağlı hüquqi proseslər davam etdiriləcək".
Hərbi çevrilişə cəhddən sonra bütün ölkəni əhatə edən əməliyyatlar zamanı minlərlə hakim, prokuror və hərbçi saxlanılıb. Barələrində saxlanılma qərarı olan hakim ve prokuror ər-arvad isə ölkədən qaçarkən hava limanında tutulublar. Təkcə İstanbulda 110 hakim və prokuror haqqında saxlanma qərarı verilib.
Təxminən bir neçə saat əvvəl isə Hatay vilayətində 10 hərbçi, 3 polis və 18 hakim saxlanılaraq istintaqa cəlb ediliblər.
İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.