Türkiyədə iyulun 15-də Türk Silahlı Qüvvələrinin bir qrup zabit və əsgər heyətinin dövlət çevrilişinə cəhd etməsinə reaksiyalar gəlməkdə davam edir.
Teleqraf.com xəbər verir ki, Türkiyə Ordusunun sabiq baş qərargah rəisi, təqaüddə olan general Necdət Özəl də baş verənlərlə bağlı açıqlama ilə çıxış edib.
General deyib ki, çevriliş cəhdini planladığı iddia olunan Türkiyə Silahlı Qüvvələrinin şura üzvü Akın Öztürk onlarda heç vaxt şübhə oyatmayıb: “General Akın Öztürkün belə bir niyyəti var idisə, niyə bunu Hava Qüvvələrinin komandanı olarkən etmədi? O zaman bütün hava qüvvələri general Öztürkün əmrində idi…”
Necdət Özəl hesab edir ki, bütün bunlar cavabı verilməsi lazım olan vacib suallardır: “Akın Öztürkdən dövlət əleyhinə belə bir hərəkəti heç zaman gözləmirdik. Əgər şübhəmiz olsaydı, onu heç vaxt yanımızda saxlamazdıq. Silahlı Qüvvələrdəki dostlarımızın bu mərhələni uğurla keçəcəyinə inanıram. Yaraların sağalması zaman alacaq, amma dostlarımız bunu başaracaq.
Sabiq Baş Qərargah rəisi sıravi əsgərlərin linç edilməsi haqda da fikirlərini açıqlayıb: “Televiziyalardan və internet resurslarından izlədiyim mənzərə çox dəhşətli idi. Bu mənzərə ürəyimi yandırdı. Çox şükürlər olsun ki, cümhuriyyət dönəmində bir istila görmədik, bir düşmən ölkəmizə ayağını basmadı. O görüntülərin ölkəmizdə yaşanmasını heç istəməzdik, o mənzərəni görmək ürəyimizi dağladı. Olmamalıyıdı”.
Sonda peşəkar general Türk Silahlı Qüvvələrini idarə edən həmkarlarına tövsiyə edib: “Orduda yüksək vəzifə tutan yoldaşlarıma bunu söyləmək istərdim. Ən qısa müddətdə Türkiyə Silahlı Qüvvələrini toparlayın. Yaşadığımız bölgədə situasiya hələ də isti və mürəkkəbdir”.
Nemət