Türkiyə hakimiyyəti ölkənin cənubunda yerləşən İncirlik aviabazasında axtarışları həyata keçirir.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ABŞ bazadan Suriyadakı ekstremistlərə hava zərbələri endirmək üçün istifadə edir.
Bundan əvvəl çevrilişə cəhddə iştirak etməkdə şübhəli bilinən briqada generalı İncirlikdə saxlanılıb, Türkiyənin dövlət xəbər agentliyi olan Anadolu xəbər verir.
Şənbə günü yayılmış xəbərlərə görə, Türkiyə hərbiyyəsi İncirlik aviabazasını bir neçə saatlıq bağlayıb.
Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı hərbçilərin və səlahiyyətli şəxslərin həbsi davam edir. Türkiyə hökuməti təxminən 9000 polis işçisini işdən azad edib və 100-dən çox yüksək rütbəli hərbçini həbs edib.
Mətbuatın bildirdiyinə görə, 27 general və admiral Ankarada məhkəmə önünə çıxarılır. Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirmişdi ki, parlament ölüm hökmünün yenidən qaytarılmasına baxacaq. Buna qədər Almaniya hökumətinin rəsmi təmsilçisi Steffen Seibert bəyan edib ki, Türkiyə ölüm hökmünü qaytararsa, Aİ-ə qəbul olunmayacaq.