Yaponiyada sabiq müdafiə naziri Yuriko Koike paytaxtın ilk qadın meri ola bilər, "exit poll" sorğularının nəticələri göstərir.
NHK ictimai televiziyası və digər KİV-in təxminlərinə əsasən, səsvermə bitdikdən sonra ilkin sorğu nəticələrinə görə xanım Koike "qalibdir".
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu təxminlər təsdiqini taparsa, yeni merin ilk həll edəcəyi problem Tokionu 2020 Olimpiya Oyunlarına hazırlamaq olacaq.
Bununla bağlı qalmaqallar keçmiş iki meri istefa verməyə məcbur edib. "Mən Tokio siyasətinə görünməmiş şəkildə, sizin hələ görmədiyiniz Tokioya liderlik edəcəyəm," 64 yaşlı xanım Koike deyib.
Bazar günü keçirilən seçkinin səbəbi, bundan əvvəlki mer Yoichi Masuzoe-nin keçən ay istefa verməsidir. O büdcəni tətilə, uşaqları üçün incəsənət və komik kitablar almağa xərcləməkdə ittiham olunub.
Cənab Masuzoe qanunu pozmadığını bildirsə də, xərcləmələri zamanı etik səhvlər etdiyini qəbul edib. Ondan əvvəlki mer, Naoki Inose də 2013-cü ildə maliyyə qalmaqalına görə istefa verib.