İranın dini lideri Əli Xamneyi avqustun 1-də ölkənin bir neçə əyalətindən gəlmiş əhali qarşısında çıxış edərək Tehranla Qərb arasında əldə edilmiş nüvə sazişinin səmərəsizliyindən və amerikalılara etimadsızlığın davam etməsindən danışıb.
Xamneyi deyib ki, Amerika, nüvə sazişinin şərtləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır: “Mən neçə ildir ki, amerikalılara etimadsızlıq mövzusundan danışır, bunu təkrar edirəm. Lakin bu gerçəkliyi qəbul etmək, bəziləri üçün çətin idi. Hazırda nüvə sazişinin icrasına başlanılmasından 6 ay keçir. Məgər belə belə vəd verilməmişdi ki, sazişin icrasına başlanmasından sonra ölkəyə qoyulan sanksiyalar aradan qaldırılacaq və bunun ölkə əhalisinin həyatına müsbət təsiri olacaq. Lakin indi sazişin icrasından altı ay keçsə də xalqın həyatında müsbətə doğru hər hansı bir dəyişiklik müşahidə olunmur.
İki il əvvəl demişdik ki, millət, nüvə danışıqlarına təcrübə gözü ilə baxaraq amerikalıların əməldə nə edəcəyini diqqət mərkəzində saxlayacaq. İndi isə bəlli olur ki, onlar verdikləri vədlərin əksinə olaraq yenə də bizə qarşı intriqa və təxribatla məşğuldurlar. Onlar deyirlər ki, gəlin bölgə məsələləri haqqında da danışıqlar aparaq. Nüvə sazişi təcrübəsi isə bizə deyir ki, bu addım, öldürücü bir zəhərdir və heç bir məsələdə amerikalıların sözünə inanmaq olmaz. Amerikalılar hər şeyi alıb, qarşılığında isə heç nə vermək istəmirlər. Elə buna görə də hesab edirəm ki, belə bir dövlətlə müzakirə aparmaq, ölkəni düzgün inkişaf yolundan yayındırmaqdan, qarşı tərəfə ardıcıl imtiyazlar verməkdən və onun zor gücünə tabe olmaqdan başqa bir şey deyil”.