İsveçin keçmiş baş naziri Karl Bildt Amerikayönümlü "Politico" saytına Türkiyədəki 15 iyul hadisələrindən bəhs edən yazı yazıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, "Avropa, Ərdoğanı müdafiə et" başlıqlı yazıda keçmiş baş nazir qitə ölkələrini Türkiyədə çevriliş cəhdinə laqeyd münasibətə görə tənqid edib.
Karl Bildt hesab edir ki, Avropa çevrilişi xüsusilə öz dəyərlərinə uyğun kontekstdə nəzərdən keçirməsə, əxlaqi avtoritetini itirmək riskiylə üzləşəcək: "Avropa Birliyinin 2013-cü il Misir çevrilişinə utancverici münasibəti də bu kimi məsələlərdə öz mövqeyini erroziyaya uğratmışdı".
Bildt çevriliş təşəbbüsündən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk görüşən Rusiya dövlət başçısı Vladimir Putinin olmasını Avropa üçün bir üzqarası hesab etdiyini vurğulayıb.
Demokratik dəyərlər üzərində qurulmuş bir bölgədə çevrilişə yer olmadığını qeyd edən Karl Bildt sual verir: "Brüssel mürgüləyirmi? Yoxsa sadəcə olanlardan xəbərsizidr?"
Keçmiş baş nazir hesab edir ki, Türkiyədəki 15 iyul hadisələrinə soyuq yanaşan Avropa liderləri bu suallara cavab verməlidirlər: "Üsyançı hərbi birliklərin və hərbi-siyasi xuntanın Türkiyədə dövlət gücünü və rəsmi strukturları ələ aldığını təsəvvür edək. Bu halda çevriliş güclərinin ona qarşı çıxanları geri oturtmaq üçün Ankara və İstanbul küçələrində böyük qətliamlar törətdiyinə şahid ola bilərdik. 2013-cü ildə Qahirədə yaşanan və ölümlərlə müşayiət olunan şiddət olaylarını xatırlayın. Türkiyədə uğurlu çevriliş böyük ehtimalla ölkəni daxili müharibəyə sürükləyər və bunun nəticələri çox ağır ola bilərdi".
Mahir