Tacikistanda mədrəsələrin əvəzinə, ölkə məktəblərində 9-cu sinifdə oxuyanlara "İslamın əsasları" fənni tədris ediləcək.
Teleqraf.com "Azadlıq.org"a istinadən xəbər verir ki, ölkənin ali məktəblərində isə bu ildən "Dinşünaslıq" fənni keçiləcək
Ötən həftə Tacikistanda sonuncu mədrəsələri də bağladılar.
Ölkədəki İslam tədris ocaqlarının qapadılması 7 il öncə başlanıb.
O zaman hökumət gənclərin ekstremist qruplaşmalara qoşulmasının önünü kəsmək üçün belə davrandığını açıqlamışdı.
Elə o vaxtdan bəri Tacikistan hökuməti yanında Dini İşlər Komitəsinin lisenziyası olmadan dini təhsil vermək yasaqlanmışdı. Qanunsuz təhsilə görə, 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulurdu.
Yaxın vaxtlaradək Tacikistanın Soqd vilayətində rəsmi qeydiyyatdan keçmiş 19 mədrəsə fəaliyyət göstərirdi. Tacikistanın din məsələləri eksperti Said Ahmadov-un sözlərinə görə, hətta "Əbu-Hənifə" mədrəsəsi də qapadılıb.
Dörd il əvvəl "Əbu-Hənifə" örnək mədrəsə kimi tanınmışdı. Buranın məzunları ölkənin pedaqoji ali məktəblərində təhsillərini davam etdirirdilər.
İndən belə mədrəsələrin əvəzinə, ölkə məktəblərində 9-cu sinifdə oxuyanlara "İslamın əsasları" fənni tədris ediləcək. Ölkənin ali məktəblərində isə bu ildən "Dinşünaslıq" fənni keçiləcək.
Ahmadov düşünmür ki, mədrəsələrin bağlanması gənclər arasında ekstremizmi azaldacaq. Onun sözlərinə görə, mədrəsələrin qapadılması şagirdlərin dini təhsil almayacağı demək deyil. O ehtimal edir ki, indi çoxları molla yanında gizli təhsil alacaqlar. Ahmadov xatırladır ki, hətta sovet vaxtı da Tacikistanın bütün rayonlarında "çayxanalar" vardı. Ölkədəki məscid və mədrəsələr bu ad altında gizlənirdi.