“Biz gülənçi şəbəkənin rəhbəri Fətullah Gülənin Türkiyəyə təslim edilməsi üçün materiallar göndərdik. Materiallar həm elektron, həm də məktub formasında ABŞ-a təqdim edildi. Bu mərhələdə Gülənin məhkəməyə çıxarılması və müvəqqəti həbsini istədik. Günəşin varlığını isbat etmək üçün dəlillər lazımdır? ABŞ rəsmiləri bu materialları əldə etdikdən sonra bizdən Fətullah Gülənin təcili həbsini tələb etməyimizin səbəbinə dair suallar verirlər. Biz onlara cavabımızı da göndərdik. Bunun ardınca Xarici İşlər Nazirliyinin vasitəsilə mənə bir məktub gəldi. Amerikalı mütəxəssislərin bu mövzuda araşdırma aparacağı qeyd edildi, həmçinin Türkiyədən də bir nümayəndə heyətinin gəlməsi təklif edildi. Biz də bunu dəyərləndirdik, təklif etdik ki, öncə sizdən bir mütəxəssis qrupu bura gəlsin, daha sonra Türkiyədən bir nümayəndə heyəti ora getsin”.
Teleqraf.com Türkiyə mediasına istinadən bildirir ki, bu fikirləri qardaş ölkənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
Nazir daha sonra qeyd edib ki, toplum bu canavarlaşmış terror şəbəkəsinə qarşı bütün imkanları ilə mübarizə aparıb: "Kəşfiyyat məktəbləri şəbəkəsi artıq ifşa olunub. Türkiyədə bu iş artıq bitib”.
Nazir söyləyib ki, ABŞ-dan Gülənin təslim edilməsi ilə bağlı hər hansı bir rəsmi mövqe yoxdur: “ABŞ rəsmilərinə bu məsələdə konkret olmalarını məsləhət görürəm. Əgər prezident Obama ailəsi ilə birgə istirahət edərkən sui-qəsdə məruz qalsaydı, Ağ Ev bombalansaydı, xalqın üzərinə tanklar sürülsəydi və bu işləri görən şəbəkənin başı Türkiyədə olsa və Ankara bu şəxslə bağlı “biz bir qədər düşünək desəydi, Amerika xalqı və hökuməti bundan məmnun olardımı? Əgər ABŞ Fətullah Güləni verməsə, Türkiyəni bir terrorçuya fəda etmiş olacaq”.
Cavad