İranın sabiq prezidenti Mahmud Əhmədinejad ABŞ rəhbəri Barak Obamaya məktub yazaraq təxminən 2 milyard dollar dəyərində İrana aid vəsaitin geri qaytarmasını istəyib.
Teleqraf.com xarici mediaya istinadla bildirir ki, sabiq prezident məktubunda Obamaya acizanə şəkildə nəsihət də verib: “İki ölkə tarixində bu qara ləkənin sizin adınıza yazılmasına imkan verməyin.
Xahiş edirəm ki, ölkəmizə aid vəsait dərhal tam şəkildə geri qaytarılsın və dəyən zərər ödənilsin”.
Əhmədinejad məktubunun heç bir siyasi anlam daşımadığını yazaraq özünü “İran xalqının xidmətçisi” adlandırıb.
Bu ilin aprel ayında ABŞ Ali Məhkəməsi İranın Amerika banklarında 2 milyard həcmində dondurulmuş aktivlərinin 1983-cü ildə Beyrutda partlayış zamanı ölən amerikalı ailələrə verilməsi barədə qarar qəbul edib.
1983-cü ildə Beyrutda ABŞ hərbi bazasında baş verən terror hücumunda 241 Amerika, 58 fransız hərbçisi həlak olub. ABŞ terror hücumunda İranı günahlandırır. Tehran birmənalı olaraq ittihamı rədd edir.
Mahmud Əhmədinejadın ABŞ Ali Məhkəməsinin bu qərarına bir neçə ay sonra münasibət bildirməsi də diqqəti cəlb edir. Bəziləri sabiq prezidentin bu addımını qarşıdan gələn prezident seçkisi öncəsi təbliğat xarakteri daşıdığını iddia edirlər.
Sevinc