İranın Həcc və ziyarət təşkilatının rəhbəri Səid Ohədi ölkəsi ilə Səudiyyə Ərəbistanı arasındakı anlaşılmazlıqlarda Fransanın vasitəçi olacağını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İranın İSNA agentliyinə danışan Səid Ohədi ötənilki həcc ziyarəti zamanı Mina dağındakı izdihamda həyatını itirən iranlı zəvvarlarla bağlı təzminat tələbinə Fransanın vasitəçilik edəcəyini bildirib.
Səid Ohədi qeyd edib ki, Səudiyyə Ərəbistanı hökuməti bu mövzuda müzakirələrdən yayınsa da, bu yaxınlarda İran Xarici İşlər Nazirliyindən bir heyət bu məsələləri çözmək məqsəd ilə Fransaya yola düşəcək: "Mina şəhidlərinin ölümünün ildönümünə qədər bu müzakirələrdən nəticə hasil olacağına ümidliliyik".
İran ötən il həcc ziyarəti zamanı Məkkədə yaşanan qəza və Minadakı izdihamda həyatını itirənlər üçün Səudiyyə Ərəbistanından təzminat və qan pulu istəyir.
2015-ci il sentyabrın 11-də Məkkədə yaşanan faciədə 107 adam həyatını itirib. Daha sonra sentyabrın 24-də Minada şeytan daşlama mərasimində yaşanan izdihamda, Səudiyyə Ərəbistanı rəsmlərinə görə, 769 zəvvar həlak olub. İran isə 465 vətəndaşının həlak olduğunu bildirir.
Digər tərəfdən, iki ölkə arasında anlaşılmazlıq səbəbindən İran bu il həcc ziyarətinə zəvvar göndərməyib.
İlhamə ƏBÜLFƏT