Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya dövlət başçısı Vladimir Putinlə olan görüşünü dəyərləndirib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ikitərəfli görüşün son dərəcə uğurlu keçdiyini deyən Çavuşoğlu Rusiya ilə münasibətlərin daha da yaxşılaşacağını bildirib:
“Təyyarə olayından sonra əlaqələrimiz sarsılmışdı. Biz səbrli olduq, istəmədiyimiz və haqlı olduğumuz bir hadisəydi. Bundan Rusiya əleyhinə istifadə etmədik. Rusiya da emosional idi, təyyarəsi vurulmuşdu. Buna görə də münaisbətlərin qaydasına düşməsi üçün biz cəhd etdik.
Bundan sonra atacağımız addımlarla daha da irəli gedəcəyik”.
Nazir iki prezidentin görüşü zamanı verilmiş qərarları həyata keçirməyə başladıqlarını söyləyib: “Münasibətlərin pozulması nəticəsində iqtisadi geriləmə yaşadıq. Bunu dirçəltmək lazımdır. Putin türk məhsullarına qoyulan bütün qadağaları ləğv edəcəyini dedi. Bizdən də bir xahişi oldu. Rusiyanın embarqo qoyduğu ölkələrin bizim üzərimizdən keçməməsi üçün tədbir görməyimizi istədi. Biz onsuz da buna imkan vermirik”.
Mövlud Çavuşoğlunun sözlərinə görə, Türkiyə iş adamlarına qoyulan məhdudiyyətlər aradan qaldırılacaq.
Sevinc