Almaniyanın dpa agentliyinin bu gün verdiyi məlumata görə, AFR-in daxili işlər naziri Tomas de Mezyer ölkədə təhlükəsizlik səviyyəsinin artırılmasına şərait yaradan bəyannamə imzalanmasına nail olmaq niyyətindədir. Konkret tədbirlər barədə təkliflər XDİ və XSİ partiyalarının nümayəndələrinin başçılıq etdiyi federal əyalətlərin DİN rəhbərləri tərəfindən təqdim ediləcək.
Bəyannamənin qaralama variantı Almaniya KİV-lərinə daxil olub. Həmin variantda niqab və çarşabın qadağan edilməsi, miqrantların deportasiyasının sürətləndirilməsi, 2020-ci ilə qədər polislərin sayının 15 min nəfər artırılması və onların silahlarının təkmilləşdirilməsi, 14 yaşlı yeniyetmələr barəsində təhqiqat aparılmasının mümkünlüyü, terror aktları zamanı ölkə daxilində aparılan əməliyyatlarda silahlı qüvvələrin iştirakı və ikili vətəndaşlığın ləğv edilməsi kimi maddələr vardır. Sənəddə deyilir: “Biz bu cür ikiqat loyallığı qəbul etməyəcəyik. Xarici dövlətlərin siyasətində iştirak etmək istəyənlərə təklifimiz budur ki, onlar Almaniyanı tərk etsinlər”.
Həkim sirri rejiminin zəiflədilməsi imkanı da müzakirə edilir: həkimlərə bir vəzifə kimi tapşırmaq istəyirlər ki, cinayət törətmək niyyətində olmasından danışan pasiyentlər barədə hüquq-mühafizə orqanlarına məlumat versinlər. (Azərtac)