Azərbaycan boksçusu, birinci Avropa Oyunlarının qalibi, London Olimpiadasının mükafatçısı Teymur Məmmədovun “Rio-2016”da keçirdiyi ikinci görüşü idmançımızın qələbəsi ilə yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz səkkizdəbir final mərhələsində hollandiyalı Peter Müllenberqlə üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən Teymur Məmmədov dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Teymur Məmmədov Rio Olimpiadasına lisenziyanı Bakıda keçirilən boks üzrə dünya Olimpiya təsnifat turnirində təmin etmişdi.
Yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə yarışan Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (56 kq), Abdulqadir Abdullayev (91 kq) və Pərviz Bağırov mübarizəni dayandırıb. Olimpiadada keçirdikləri ilk görüşlərində qələbə qazanan Kamran Şahsuvarlı (75 kq), Albert Səlimov (60 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və Lorenso Sotomayor (64 kq) isə çıxışlarını davam etdirirlər.