Ermənistanda post-patrul alayının binasına hücum etmiş silahlı qrupa dəstək mitinqləri davam edir.
Aksiyalar zamanı zorakılığa məruz qalan jurnalistlər də nümayiş iştirakçılarına qoşulublar. İyirmi gündən çoxdur ki, Ermənistanda davam edən ictimai-siyasi vəziyyətin gərginliyi pik həddə çatıb. Xüsusilə axşam saatlarında Yerevanın küçələrində istefa şüaları səslənir. Post-patrul alayının binasına hücum etmiş üsyançılara dəstək nümayiş etdirən mitinq iştirakçıları silahlı qrupun üzvlərinin azadlığa buraxılmasını tələb edirlər. Aksiyaçılara qoşulan jurnalistlər pozulmuş hüquqlarının bərpasını istəyirlər.
İyulun 17-dən başlayan mitinqlər zamanı polislərin zorakılığına məruz qaldıqlarını bildirən jurnalistlər onlara qarşı güc tətbiq edənlərin həbsini tələb edirlər. Söz azadlığı adı altında yayılan bəyanatda deyilir ki, iyulun 29-dan 30-na keçən gecə Yerevanda Ermənistan xüsusi xidmət idarəsinin əməkdaşları bir qrup jurnalisti döyüb. İyirmiyə yaxın KİV nümayəndəsinin toplandığı əraziyə səs qumbaraları atılıb. Jurnalistlərin arasında yaralananlar var. Zərərçəkənlər ədalət bərpa olunanadək bütün lazımi vasitələrə əl atacaqlarını deyiblər.