Dərman vasitələrinin qiymətlərinin bahalaşması faktı yoxdur, dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi (75%-i) hazırda təsdiq edilmiş qiymətlərlə satışdadır. Bu barədə Trend-ə Tarif (qiymət) Şurasından daxil olan məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilmiş qiymətləri isə cari ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək. Sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir.
Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minmiş dərman vasitələrinin qiymətlərində Şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyildir.
Qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilmişdir (keçid: http://tariff.gov.az/documents/DVA.pdf) qeyd olunub.