26 İyun 2014 20:06
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq böhranı Parisdə müzakirə edildi

ABŞ-ın dövlət katibi Con Kerri ilə onun fransız həmkarı Laurent Fabius bu gün Parisdə bir araya gələrək, İraq mövzusunu hərtərəfli şəkildə müzakirə ediblər. Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, Fabius görüşdən sonra səsləndirdiyi qısa bəyanatda “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı döyüşçülərinin hücumlarını şiddətlə qınadıqlarını bildirib.

Fransanın xarici işlər naziri vurğulayıb ki, baş verən hücumlar İraqın ərazi bütövlüyünü təhdid edir. İraqda ən qısa zamanda milli birlik hökumətinin qurulması tərəfdarı olduqlarını təkrarlayan Fabius baş verənlərin qonşu ölkələrin təhlükəsizliyinə də ciddi təhdidlər törətdiyini söyləyib: “İraqdakı vəziyyət bu ölkənin birliyi xaricində Suriya, İordaniya və müəyyən mənada, Türkiyə də daxil olmaqla, digər bölgə ölkələrinin də sabitliyini təhdid edir”.

Kerri isə ABŞ-ın İraqda ən qısa zamanda milli birlik hökuməti qurulmasına dəstək verdiyini diqqətə çatdırıb. O, görüşdə İraqda baş verənlərlə yanaşı, Suriya və İran məsələsinin də müzakirə mövzusu olduğunu söyləyib.

Nail Cəlil


Müəllif: