Bu həftə Fətullah Gülənin təhvil verilməsi tələbiylə bağlı Ankarada mühüm görüşlər keçiriləcək.
Teleqraf.com-un "Haber7" saytına istinadla verdiyi xəbərə görə, Gülənin təhvil verilməsiylə bağlı bu günə kimi ABŞ-a 4 sənəd göndərilib. Xəbərdə bu sənədlərdə iki detalın daha vacib olduğu vurğulanır. Bunlardan birincisi, Türkiyənin Güləni həbs etmə tələbi, digəri isə təhvil müqaviləsində dövlət başçısına sui-qəsd cəhdiylə bağlı yer alan hökm və bu hökmün beynəlxalq hüquq müstəvisində ifadə etdiyi mənadır.
Amerikalı general Cozef Danford avqustun 1-də Ankara ziyarətindən sonra Türkiyənin Gülənin təhvil verilməsi ilə bağlı tələbini Amerika rəhbərliyinə çatdırmışdı. Türkiyə parlamentinin Xarici İşlər Komissiyası üzvlərindən ibarət olan heyət isə Amerika səfəri əsnasında FETÖ-nün çevriliş cəhdindən bəhs etmişdi.
Daha sonra ABŞ-ın xarici işlər naziri Con Kerrinin avqustun 24-25 tarixində Ankaraya səfəri planlaşdırılmışdı. Ancaq Gülənin təhvil tələbi məsələsində Türkiyə ictimaiyyəti, hökumət və müxalif qüvvələrin qəti qərarı səfər proqramında dəyişikliyə səbəb oldu. Belə ki, Kerri özündən əvvəl Ankaraya Obamanın köməkçisi Co Baydeni göndərmək qərarı verib. Co Bayden Türkiyədə baş nazir Binali Yıldırımla görüşəcək. Onun prezident Rəcəb Tayyib Ərdoğanla da görüşəcəyi gözlənilir.
Sevinc