ABŞ-ın Mərkəzi Qüvvələr komandanı (Centcom) general Jozef Votel avqustun 30-da jurnalistlərə açıqlamasında İran körfəzində “Sepah” qayıqlarının Amerikanın hərbi gəmilərinə qarşı təhrikçi hərəkətlərindən danışıb.
General Jozef Votel deyib ki, “Sepah”ın “Qüds” qanadının hərbi qayıqları İran körfəzində Amerikanın hərbi gəmiləri ətrafında təhrikçi manevrlər etməyi dayandırmalıdır: “Bu təhrikçi hərəkətlərin 90 faizini İran ordusunun dəniz qüvvələri yox, məhz “Sepah”ın “Qüds” qanadı qüvvələrinin hərbi qayıqları edir. Bu isə təhrikçi və qeyri- peşəkar bir rəftardır.
Mən təhrikçi davranan “Sepah”ın “Qüds” qüvvələrinin özbaşına komandirlərindən və onların düşünülməmiş addımlarından narahatam. Onlar bu qeyri-peşəkar rəftarları ilə bizi və bizim dözümümüzü yoxlamaq istəyirlər. Onların bu rəftarı təhlükəli olduğu halda həm də narahatlığa səbəb olur. Bu rəftar, xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bir sözlə, bu kimi hərəkətlərin davam etdirilməsi vəziyyəti elə bir yerə çatdıra bilər ki, biz baş verə biləcək hər hansı bir olayın və ya çaxnaşmanın qarşısını vaxtında ala bilmərik. Ümid edirik ki, bundan sonra İranın dəniz qüvvələrinin daha peşəkar rəftarının şahidi olacağıq”.
Son günlər “Sepah”ın hərbi qayıqlarının Amerikanın körfəzdəki hərbi gəmilərinə yaxınlaşaraq təhrikçi manevrlər etməsi və Amerika hərbçilərinin buna reaksiyası haqda məlumatlar yayılıb. (gunaz.tv)