Türkiyə Nazirlər Kabinetinin qərarına əsasən qış vaxtına keçid aradan qaldırılır.
Teleqraf.com xəbər verir ki, hər il oktyabr ayında qış vaxtına keçməyin əvəzinə bundan sonra ilin 12 ayında yay vaxtı tətbiq ediləcək.
"Gün işığından daha çox istifadə etmək məqsədilə bütün ölkədə 27 mart 2016-cı ildə tətbiq edilmiş yay vaxtı hər il, bütün il boyu davam edəcək", Nazirlər Kabinetinin qərarında deyilir.
Koordinasiya edilmiş ümumdünya vaxtına (UTC) görə, qışda UTC +2, yazda UTC +3 olan Türkiyə, Şərqi Avropa vaxtından çıxaraq UTC+3-ü standart vaxt olaraq müəyyənləşdirilən ölkələr qrupuna daxil olur.
Azərbaycan isə bu ilin mart ayında qış vaxtında qalmaq barədə qərar verib.
Azərbaycan Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, bu ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub.