Misir polisi bu gün ölkənin sabiq prezidenti Məhəmməd Mursinin qardaşı Səid Mursi və kiçik oğlunu həbs edib.
APA-nın “Əl-Yaum as-Sabia” nəşrinə istinadən verdiyi məlumata görə, M.Mursinin qardaşı və oğlu insanları iğtişaşa və etiraz aksiyalarına təhrik etməkdə günahlandırılırlar.
Qeyd edək ki, 2013-cü ilin iyulunda Misir ordusu hakimiyyətdə olan Müsəlman Qardaşları Hərəkatının təmsilçilərini və prezident Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdırıb, ölkədə keçid dövrü elan edib. Məhəmməd Mursinin tərəfdarları kütləvi aksiyalar keçirib və onun hakimiyyətə qaytarılmasını tələb ediblər. Toqquşmalar zamanı yüzlərlə misirli ölüb.
Bu ilin iyununda Misir məhkəməsi M.Mursini və onun iki tərəfdarını Qətərə casusluqda ittiham edərək ömürlük həbs cəzasına məhkum edib. Bu, sabiq prezident barəsində çıxarılan artıq üçüncü hökmdür. Bundan əvvəl keçən ilin iyununda Qahirə məhkəməsi M.Mursini 2011-ci ildə Vadi an-Natrun həbsxanasından məhbusların qaçışını təşkil etməkdə ittiham edərək haqqında ölüm hökmü çıxarıb. Casusluqla bağlı başqa bir cinayət işinə görə də M.Mursi ömürlük həbs cəzasına məhkum olunub.